24 Noyabr 2024

Bazar, 11:22

PEYVƏNDƏ "HƏ", YA "YOX"?

Azərbaycanda uşaqları təhlükəli infeksion xəstəliklərə qarşı peyvənd etmək barədə mübahisələr bitmək bilmir

Müəllif:

01.11.2012

Bakının Xətai rayonunda yerləşən 245 saylı orta məktəb şagirdlərinin durumunun "Mantu" sınağından sonra pisləşməsi barədə xəbər çox sayda valideyndə təbii olaraq narahatlıq və sual doğurdu: "Uşaqları peyvənd təhlükələri ilə üz-üzə qoymağa dəyərmi?". Açığı, hazırda bu sual çox adamı düşündürür və valideynlər bu məsələ barədə iki barışmaz düşərgəyə bölünüblər. Əhalinin planlı şəkildə immunitetləşdirilməsinə qarşı çıxanlar sanırlar ki, bu, yalnız müdafiə etməklə qalmır, həm də xəstəliklərə səbəb olur; özü də belə xəstəliklər çox vaxt naməlum olur. Peyvəndlər insanın immun sistemini zədələyir və çeşidli peyvənd spektri qəbul etdikdən sonra, aşılanmış insan indiyə kimi tutulmadığı xəstəliklərin girdabına düşür. Ona görə də peyvəndləşdirmə insan orqanizmini zəiflədir, xüsusilə  də həyatıboyu çox peyvəndə məruz qalınarsa, zəifləmə daha güclü olur. 

 

Allergiyaya səbəb olan sınaq 

Peyvənd tərəfdarları sanırlar ki, peyvəndləri pediatr tərəfindən təyin edilmiş müddətdə aparmaq lazımdır və valideynlər bu məsələdə nə qədər dəqiqdirlərsə, onların profilaktiki effekti bir o qədər yüksəkdir. Bu prosesdən imtina edən 7 valideyn öz uşaqlarını təhlükə qarşısında qoyub. 

"Mantu" peyvənd deyil. "Mantu" sınağı insanın vərəmə qarşı immunitetinin fəallığının yoxlanmasıdır. O, uşağın orqanlarının vərəm xəstəliyinə yoluxub-yoluxmadığını ortaya çıxarır. Bəllidir ki, vərəm yalnız ağ ciyərləri yoluxdurmaqla kifayətlənmir. "Ancaq bir sıra valideynlər "Mantu" sınağını peyvəndlə qarışıq salırlar. Məsələ bundadır ki, məktəb yaşlı  uşaqlara peyvənd etmirlər. Amma valideynlər "Mantu" sınağından imtina edə bilərlər. Ancaq bu halda da bu sınağı qoyan həkim və tibb bacısı valideynlərə və uşaqlara bu prosedurun önəmi barədə məlumat verməlidirlər. Axı uşağın həyatı bu zaman böyük risk təhlükəsi altında ola bilər. Hər bir valideyn isə öz uşağının gələcək rifahının qayğısına qalmalıdır. İstənilən xəstəliyi onun ilkin çağlarında sağaltmaq daha asandır", - deyə baş verənlərdən sonra KİV-ə Səhiyyə Nazirliyinin baş pediatrı, Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev bildirib. 

"Mantu" sınağının keçirilmə texnikası müayinə olunan insanın dəri qalınlığında  dağıdılmış vərəm çöplərindən alınmış xüsusi maddənin - tuberkulinin daxil edilməsi ilə gerçəkləşdirilir. Tuberkulin insanın immun sistemi tərəfindən tanınır. Əgər insan orqanizminə vərəm infeksiyası tanışdırsa, onda tuberkulinin daxil edildiyi yerdə suluqlama şəklində xəstəlik ocağı yaranır. "İnfeksion və  toksikoloji baxımdan tuberkulin təhlükəsiz maddədir. Amma yüksək səviyyədə allergen olması baxımından, tuberkulin allergiyalara səbəb ola bilər. Şişin ölçüsü vərəm əleyhinə immunitetin  fəallığından xəbər verir", - deyə N.Quliyev vurğulayır. Uyğun olaraq, "Mantu" sınağının uşaqlarda yaratdığı narahatlıq da elə allergiya reaksiyası olub. 

 

"Peyvəndlərə yox!"  

Bu, hər iki halda düşərgə təmsilçiləri arasında növbəti münaqişəyə səbəb olub. İki uşaq anası olan qadın "R+"un müxbiri ilə söhbətində aşağıdakıları deyib. Onun böyük qızının  5,  kiçik qızının isə 2 yaşı var. 

"Mən peyvəndin əleyhinəyəm. Düşünürəm ki, peyvəndin bəşəriyyəti təhlükəli infeksion xəstəliklərdən tam xilas etməsi ilə bağlı heç bir sübut yoxdur. Əminəm ki, aşılama uşağın əleyhinə peyvənd edildiyi xəstəliyə tutulmamasına tam zəmanət vermir. Heç bir peyvənd yoluxmadan tam qorunmaq imkanında deyil. Mən öz qızımı peyvənd etdirəndən sonra, hər dəfə onun temperaturu qalxır, halı pisləşirdi. Buna görə də qərara gəldim ki, kiçik qızımı bu cür təhlükə ilə üz-üzə qoymayım. Kiçik qızımın artıq iki yaşı var. Ona doğum evində peyvənd ediblər. Amma uşağı poliklinikaya aparıb ayrı heç bir peyvənd etdirməmişəm və bundan heç bir peşmançılıq hissi də duymuram", - deyə o vurğulayıb. 

Elmi ictimaiyyətdə də bu cür mövqelər yer alır. Belə ki, tanınmış Rusiya homeopatı, "Amansız immunlaşdırma" kitabının müəllifi Aleksandr Kotov sanır ki, zərdablaşma immun sistemini dağıdır. Peyvənddən sonra uşaq elə xəstəliklərə tutulur ki, bəlkə də reyvənd olunmasa idi, onlara tutulmazdı. Peyvənd insana anadangəlmə verilmiş təbii immuniteti məhv edir. Onun fikrincə, bir sıra infeksiyaların təhlükəsi həddindən çox şişirdilib. Uyğun olaraq,  uşaq suçiçəyi və qızılca ilə özü xəstələnməlidir və onlara qarşı ömürlük immunitet qazanmalıdır. 

Peyvənd bu xəstəliklərdən ömürlük xilas etmir - təkrar peyvənd lazımdır ki, bunun da hər dəfəsi fəsadlaşma riski ilə bağlıdır. Uşağa süd verən zaman ananın immuniteti uşağa keçir. Buna görə də peyvənd üçün tələsməyin mənası yoxdur. Uşağın immun sisteminin yetişmədiyi bir yaşına qədər onun sağlamlığı ilə risk etməyə dəyməz və onun yad zülallarla üzləşməsindən qaçmaq lazımdır. Bundan başqa, hər bir peyvəndin tərkibində kimyəvi konservantlar (civə duzları, alüminium hidroksid, formalin) var ki, onlar da orqanizm üçün zəhərlidir, mərkəzi sinir sisteminə, qaraciyərlərə, böyrəklərə məhvedici təsir göstərirlər. Tam təhlükəsiz peyvənd yoxdur - istənilən uşağın sağlamlığında pozuntulara və hətta ölümə səbəb olacaq ağır fəsadlar mümkündür.     A. Kotov sanır ki, peyvəndlərdən hərtərəfli imtina sağlam insanlar nəsli yetişdirməyə imkan yaradar. 

 

Cahillik, yoxsa ağılsızlıq? 

Elm aləminin böyük bölümü isə bu cür fikirləri tam absurd və cahillik sayır. Bu fikirlərə tərəfdar olan insanları isə öz uşaqlarını riskə atan savadsız adamlar hesab edirlər. Onların fikrincə, peyvənd bütünlükdə uşağın immunitetini qısa müddətə zəiflədir, amma ümumilikdə isə onu gücləndirir. İnsanın ağır infeksiyaların törədicilərinə qarşı yönəlmiş təbii immuniteti yoxdur. Peyvəndlər onlardan qorunmağın yeganə yoludur. Həm də qismən müdafiə  belə tam müdafiəsizlikdən yaxşıdır.

Peyvəndlənmiş uşaqlar, hətta xəstələnsə belə, xəstəlik daha yüngül formada keçir və az mürəkkəbləşmələr verir. Amma uşaq infeksiyaları adlanan xəstəliklər ciddi fəsadlara səbəb ola bilər. Özü də uşaq vaxtı peyvənd edilməmiş və ya xəstələnməmiş böyüklərdə ağır olur; məsələn, hamilə qadınlarda qızılca bəzən eybəcərləşmiş uşağın doğulmasına gətirir. Döş südü ilə verilən ana anticisminin kiçik həcmi hava-damla infeksiyalarından müdafiə etmir, uşaq kiçik olduqca onun infeksion xəstəlikləri də bir o qədər təhlükəli olur. Çağdaş peyvəndlərdə toksik maddələrin konsentrasiyası minimuma endirilib. Qəbul edilən antibiotiklər peyvənd edilməmiş uşaq xəstələnən zaman uşaq orqanizminə az yox, daha böyük zərər vura bilər. Peyvəndlərin təsirindən qoruduğu xəstəliklər əlilliyə və ölümə səbəb ola bilər, bu cür nəticə ehtimalı mümkün peyvəndsonrası ağırlaşmalardan yüz dəfə yüksəkdir. Bundan başqa, peyvəndlərdə hərtərəfli imtina təhlükəli xəstəliklərin epidemiyalarına səbəb ola bilər. 

Buna görə də uşağı mütləq peyvənd etdirmək lazımdır. Amma hər şeydən öncə uşağı buna hazırlamaq zəruridi. Axı peyvənddən sonra yaranmış ağırlaşma səbəblərindən biri aşılama prosesinə düzgün hazırlaşmamaqdır. Əgər uşaq allergikdirsə, mütləq antigistamin preparatlarının qəbulu vacibdir: peyvənddən  2 gün öncə və peyvənddən  2 gün sonra. Adsorbsiya edilmiş göyöskürək, difteriya, tetanus (AGDT) peyvəndindən aşılmadan öncə sidik və qan analizi aparmaq, nevropatoloqla məsləhətləşmək də olar. Peyvəndə hazırlaşan zaman parasetamolla istiliksalan vasitələr əldə etmək olar (ən yaxşısı şamdır). Aspirindən istifadə etmək məsləhət deyil - ağırlaşma verə bilər. Peyvənddən öncə valideynlər mütləq peyvəndin təlimatı ilə tanış olmalıdırlar, əks-təsirlər siyahısına və  peyvəndin yararlılıq müddətinə diqqət yetirməlidirlər. Peyvənd günü uşağın qida rasionuna yeni məhsullar əlavə etmək olmaz (əgər uşaq südlə qidalanırsa, onu ananın qidasını qatmaq olmaz). Bu qadağan peyvənd günündən 3 gün sonra da (bir sıra həkimlərin fikrincə, 7-10 gün sonra da) keçərlidir. 

Peyvənddən öncə mütləq həkimlə birlikdə uşağın temperaturunun olub-olmamasını yoxlamaq lazımdır. Əgər belə bir şey varsa, həmin gün peyvəndi təxirə salmaq məsləhətdir. Uşağın normal durumda olmasına və ya peyvəndin özü ilə bağlı şübhələr yaranırsa, valideynlər peyvənddən imtina barədə tərəddüd etməməlidirlər. Bundan başqa, aşılama kabinetində allergik reaksiya yaranan zaman yardım üçün vasitələrin olub-olmadığını mütləq müəyyən etmək lazımdır. 

Peyvənddən sonra yarım saat-bir saat ərzində həkimin kabinetindən getmək lazım deyil, çünki peyvəndə təcili allergik reaksiyalar yarana bilər. Peyvənd günü uşağı çimizdirməmək məsləhətdir. Daha 2-3 həftə də, xüsusilə də 3-cü, 5-ci və 10-11-ci sutkalarda uşağın durumunu nəzarətdə saxlamaq lazımdır - həmin dövrlərdə gecikmiş allergiya yarana bilər. 

 

Harada peyvənd daha yaxşıdır? 

Yeri gəlmişkən, Azərbaycanda peyvəndin xeyrinə qərar vermiş valideynlərin çoxu düşünür ki, Avropa peyvəndləri poliklinikalarda verilən Hindistan peyvəndlərindən daha yaxşıdır, çünki yan effektləri az olur. Xüsusilə də AGDT peyvəndi seçərkən diqqətli olmağı tövsiyə edirlər. Hind variantında onun tərkibini, adətən, tam hüceyrəli göyöskürək komponenti daxil olur ki, bir çox həkimlərin fikrincə, reaksiyaların çoxunu - iynə yerinin şişməsini, temperaturun yüksəlməsini, titrəmələri o yaradır. Əksər xarici ölkələrin peyvəndlərində isə onlar asellyulyar və ya hüceyrəsiz adlanır - göyöskürək komponenti təmizlənmiş olur və daha az reaksiyaya səbəb olur. Bəziləri sanır ki, müxtəlif xəstəliklərdən peyvəndləri, ümumiyyətlə ayrı-ayrılıqda etdirmək lazımdır - orqanizmə daha az yük düşəcək. Başqaları isə iddia edirlər ki, kombinə edilmiş peyvəndlər daha yaxşıdır, çünki iki ayrı-ayrı iynədən, bir iynə daha əlverişlidir, çünki toksik konservantın dozası iki dəfə aşağı olacaq. İstənilən halda, bu məsələlərlə bağlı pediatrla məsləhətləşmək lazımdır ki, uşağa hansı variantın uyğun gəlməsini müəyyənləşdirsin. 

Hind peyvəndlərinə qarşı çıxanlara isə bunları deyirik. Bir çox özəl klinikalarda sizi əmin edirlər ki, uşağa Belçika istehsalı olan peyvənd vurulur, amma bu prosedur xeyli baha başa gələcək. Amma yerli poliklinikalardan birinin sahə həkimi bildirir ki, özəl klinikalarda başqa istehsala məxsus peyvənd ola bilməz, çünki onların sifarişi və alınması dövlət səviyyəsində baş verir. Əgər Səhiyyə Nazirilyi səviyyəsində Hindistanda istehsal olan peyvəndin alınmasına qərar verilibsə, onda Azərbaycanın tibb müəssisələrində onlar hind istehsalı olacaq. "Əgər həkimlər tərsini söyləyirlərsə, deməli, sadəcə sizi aldadırlar", - deyə həkim vurğulayır. 

Özəl klinikanın təmsilçisi isə bu fikirlə razı deyil, söyləyir ki, "Hər bir özəl klinikanın lazım bildiyi ölkədən preparat, peyvənd və tibbi avadanlıq almağa ixtiyarı var, özəl tibb müəssisələrində müalicənin qiymətində olan fərq də buradan qaynanqlanır. Əgər siz öz uşağınızı təhlükəsiz peyvəndlə aşılamaq istəyirsinizsə, onda onu Avropa istehsalı olan preparatlara üstünlük verən klinikalarda etməyiniz məsləhətdir".

 

Peyvənd etdirmək lazımdır!

Necə olsun, kimə inanaq?!  Sizin özəl və ya dövlət klinikalarını seçməyinizdən asılı olmayaraq, tibb işçilərinin əksəriyyəti uşaqların mütləq peyvənd edilməsinin tərəfdarı kimi çıxış edir. Ölkənin baş pediatrı, professor Nəsib Quliyevin sözlərinə görə, dünyada peyvəndin alternativi yoxdur. Peyvəndlərin keyfiyyətinə gəldikdə isə, onlar yüksək texnologiyalarla hazırlanır və dünyanın bütün ölkələri immunitetləşməyə qoşulub: "Peyvəndləşmədən imtina edən valideynlər uşaqlarını böyük risk altına salırlar. Peyvənd edilməmiş uşaq istənilən zaman təhlükəli yoluxucu xəstəliyə tutula bilər". N.Quliyev bildirir: "ABŞ-ın xəstəliklərlə mübarizə təşkilatının araşdırmalarına görə, dünyada hər il peyvənd hesabına 3 milyon uşaq xilas edilir".

 N. Quliyev bildirib ki, Azərbaycanda körpələr 10 infeksion xəstəliyə qarşı peyvənd edilir. Son peyvəndin tətbiqi ötən ilin iyun ayından başlayıb: "O, "Haemophilus influenza" çöplərinə qarşıdır. Bu çöplər uşaqlarda pnevmoniya, meningit kimi xəstəliklər yaratmağa qadirdir. Bununla da Azərbaycanda peyvənd təqvimi dünyanın inkişaf etmiş dövlətləri ilə eyni səviyyəyə qalxıb".

2012-ci ilin aprel ayında Azərbaycan immunitetləşdirmə həftəsi keçirilib. Avropa immunitetləşdirmə həftəsi təşəbbüsünün məqsədi əhalinin immunitetləşdirmə imkanları ilə tanış edilməsi olub. Bir həftə ərzində Azərbaycanda peyvəndləşdirmə ilə bağlı problemlərin olduğu regionlar aşkar edilib və bu problemlərə baxılacaq. Məqsəd immunitetləşdirmə zonalarının maksimuma çatdırılmasıdır. 

Bakı Şəhər Baş Səhiyyə İdarəsinin baş həkiminin müavini Rauf Nağıyevin sözlərinə görə, Azərbaycana daxil olan hər bir dərman preparatı Dərman Prepartalarının Analitik Ekspertiza Mərkəzində yoxlanılır. R. Nağıyev bildirib ki, aşılamadan sonra uşaqların cüzi reaksiya verməsi təbiidir: "Bu. orqanizmin cavab reaksiyasıdır. Peyvənddən sonra uşaqda temperaturun yüngül qalxması, yüngül narahatlıq hiss edilə bilər ki, bu da normaldır. Sanki uşaq peyvənddən sonra bu xəstəliyi yüngül formada keçirir". Səhiyyə Nazirliyi, həmçinin əhalini peyvəndlər haqqında on-line vasitəsilə məlumatlandırır və elektron şəkildə peyvəndlər təqvimi yerləşdirilir. Bu, tamamilə avtomatlaşdırılmış xidmətdir və aşağıdakı internet-ünvanda təqdim edilir: http://sehiyye.gov.az/im-munoprofilaktika_uzre_veb_resurs.html.


MƏSLƏHƏT GÖR:

699