
YENİ-KÖHNƏ KNESSET
İsrail növbədənkənar parlament seçkisinə hazırlaşır
Müəllif: Natiq NAZİMOĞLU Bakı
İsraildə siyasi aləm yenidən qaynayır. Amma bu dəfə o, bitmək bilməyən Yaxın Şərq münaqişəsi ilə bağlı yox, daxili siyasi dəyişikliklərlə bağlıdır. Gələn ilin yanvarında İsraildə növbədənkənar parlament seçkisi keçiriləcək. Onun nəticəsi yalnız israillilərin yaxın gələcəyi üçün yox, bütünlükdə regionun taleyi baxımından vacibdir.
"Milli maraqlar partiya maraqlarından üstündür"
Knessetin buraxılmasının formal səbəbi onun 2013-cü ilin dövlət büdcəsini qəbul edə bilməməsidir. "Hazırda büdcənin qəbulu mümkün deyil. Seçkiqabağı kampaniya ərəfəsindəyik və təəssüf ki, bir çox hallarda olduğu kimi, bu dəfə də partiyalar üçün milli maraqları partiya maraqlarından üstün tutmaq asan deyil", - deyə baş nazir Benyamin Netanyahu bildirib.
Nə qədər paradoksal olsa da, İsrail hökumətinin başçısı "mili maraqları öz maraqlarından yüksək tutmaq iqtidarında olmayan partiyalar" dedikdə, "Likud"un rəhbərlik etdiyi koalisiyadakı tərəfdaşlarını, daha konkret desək, klerikal ŞAS və keçmiş SSRİ-dən mühacir olmuş şəxslərin yaratdığı "Bizim evimiz İsrail" partiyalarını nəzərdə tutur. "Koalisiyadakı tərəfdaşların tələbləri nəticəsində iqtisadi çərçivələr pozula, nəticədə ciddi defisit yarana bilər. Nəticədə biz Avropanın müxtəlif ölkələrinin qarşılaşdığı ağır iqtisadi durumla üzləşə bilərik. Mən buna imkan verə bilmərəm. Bizə aiddiyyəti olan iki vacib nöqteyi-nəzərdən - iqtisadi və təhlükəsizlik sahələri - mən baş nazir kimi, milli maraqları hər şeydən yüksəyə qoymağa borcluyam", - deyə Netanyahu bildirib.
Parlamentin özünü buraxmaq qərarından sonra verdiyi açıqlamada Netanyahu bildirib ki, "Tezliklə İsrailin ən sabit hökumətinin 4 illik fəaliyyət müddəti başa çatır". Rəhbərlik etdiyi koalisiyaya bu qədər yüksək qiymət verən baş nazir çıxışını belə davam etdirib: "Mən artıq 3 ay sonra növbədənkənar parlament seçkisinin keçirilməsinə qərar vermişəm və İsrail vətəndaşlarından mənə bundan əvvəl nümayiş etdirdikləri inamı təkrarlamalarını xahiş edirəm".
Netanyahu hesab edir ki, israillilərin belə seçim etmələri üçün kifayət qədər əsas var: qlobal böhranın fonunda iqtisadi artımın qorunub-saxlanılması və sosial öhdəliklərin yerinə yetirilməsi, İsraildə çoxlarının əsas kriminogen faktor saydığı Afrikadan qeyri-leqal miqrasiyanın 90% azaldılması. Bununla yanaşı, o, hesab edir ki, ən əsası "İsrailin lazımsız müharibələrə, eyni zamanda ümumiyyətlə, heç bir müharibəyə qarışmamasıdır". "7 ildə və 2 kadesiyada baş nazir postundakı fəaliyyətim dövründə müharibə olmayıb və terror aktları azalıb. Təxminən, iki ay sonra İsrail xalqı onu irəli kimin aparacağını, dövlətimizin qurulduğu andan üz-üzə qaldığı çətin sınaqlar qarşısında ona kimin rəhbərlik edəcəyini özü müəyyən edəcək", - deyə Netanyahu bildirib.
Beləliklə, Netanyahu öz seçkiqabağı təbliğatının prioritetlərini ortaya qoyub. Amma Knessetə növbədənkənar seçkilərin motivlərindən biri kimi özünü göstərən iqtisadi motiv, B. Netanyahunun atdığı addımların məqsədəuyğunluğunun kökündə duran yeganə amil deyil. Məsələ heç də bundan əvvəlki hökumətlərin gözlənilməz şəkildə dəyişməsi ənənəsində deyil - əvvəllər İsraildə ciddi siyasi dəyişikliklər yalnız baş nazirlərin qeyri-adi vəziyyətlə üzləşməsi üzündən baş verib. Məsələn, 1995-ci ildə İçkah Rabinin qətli, 2005-ci ildə Ariel Şaronun xəstəliyi və ya 2008-ci ildə Ehud Olmertə qarşı cinayət işinin açılması kimi.
İran "hədəf"i
İsrailin siyasətində əsas faktor əvvəllər olduğu kimi, yenə də təhlükəsizlikdir. Baş nazir Netanyahunun parlamentin buraxılmasının əsas səbəbi kimi diqqəti iqtisadi məqama çəkməsinə rəğmən hökumətin bundan sonrakı fəaliyyətinin əsas istiqamətləri kimi İranın nüvə təhlükəsinin önlənməsi, Misir və İordaniya ilə sülh razılaşmalarının qorunub saxlanması, fələstinlilərlə sülh prosesinin bərpasını göstərməsi heç də təsadüfi deyil. İranla bağlı məsələ isə getdikcə israillilər üçün "olum və ya ölüm" məsələsinə çevrilir.
"Biz İranın nüvə silahı əldə etməyəcəyinə zəmanət verməliyik", - deyə baş nazir Netanyahu bildirib. O deyib ki, bu məqsədə çatmaq üçün İsrail diplomatik səyləri artıraraq, Qərbi əsas məqama inandırmağa çalışacaq: Netanyahunun bu yaxınlarda BMT Baş Assambleyasındakı çıxışında da bəyan etdiyi kimi, Qərbin problemi diplomatik yolla çözmək üçün yazadək vaxtı qalıb. Şübhəsiz ki, Netanyahu bunları lazımi anda, yəni, məsələn, 2013-cü ilin yazında İsrail hökumətinə özünün rəhbərlik edəcəyini düşünərək deyib.
Qeyd etmək lazımdır ki, Netanyahu və "Likud"un İran mövzusuna verdikləri önəm, həm də seçkiqabağı vəziyyətlə əlaqəlidir. İsraildə aparılan çoxsaylı sosioloji sorğular göstərir ki, Netanyahuya seçicilərin gözündə əlavə populyarlığı məhz İran mövzusu qazandırır. Bu problemin real həlli yolu necə olursa-olsun - diplomatik, yaxud hərbi - məhz onun mövcudluğu, daha doğrusu, bu məsələnin İsrailin mövcudluğuna təhlükə yaratması "Likud"a mövqelərini möhkəmləndirmək imkanı yaradacaq.
Məhz buna görə israilli politoloqların əksəriyyəti bu fikirdədir ki, Netanyahu hökumətinin növbədənkənar seçkilər haqda qəbul etdiyi məcburi addım, əslində, onun siyasi perspektivləri üçün çox əlverişli qərardır. Bu addımın sərfəli olduğunu hökumət başçısı hələ avqustda - 70 gün yaşaya bilən "milli birlik hökuməti"ni əsas müxalifət partiyası olan sol-mərkəzçi "Kadima"nın tərk etdiyi zaman anlamışdı.
Sosioloji sorğular göstərir ki, növbədənkənar seçkidə "Kadima" hazırkı 28 mandatın əvəzinə 4-7 mandat qazanacaq. Onun seçiciləri hesabına leyboristlərin "Avoda" və ultrasolçuların "Merets" partiyasının güclənəcəyi gözlənilir. Amma bu, sağçı qüvvələri tamamilə üstələyəcək böyük solçu düşərgənin yaranacağı anlamına gəlmir.
Artıq buraxılmış Knessetdə 27 deputatla təmsil olunmuş "Likud" isə güman ki, seçkidə ən azı 28 mandat qazanacaq. Onun hakim koalisiyadakı tərəfdaşı - xarici işlər naziri Aviqdor Libermanın rəhbərlik etdiyi sağ-mərkəzçi "Bizim evimiz İsrail" partiyasının da mövqelərini möhkəmləndirəcəyi gözlənilir. Artıq buraxılmış parlamentdə bu partiya 15 deputatla təmsil olunurdu. Güman edilir ki, tradisionalist ŞAS partiyası yenidən hakim koalisiyaya qayıdacaq.
Belə çıxır ki, yanvar seçkisindən sonra İsraildə siyasi qüvvələrin ümumi bölgüsü dəyişməyəcək. O zaman ortaya sual çıxır: Netanyahu parlamenti buraxmaq qərarını nə məqsədlə qəbul edib? Məsələ ondadır ki, onun üçün müasir İsraildə "Likud"un aparıcı partiya mövqeyini təsdiqlətmək vacibdir. Yeni seçki ona belə perspektiv vəd edir. Sağçıların mövqeyinin güclənməsi daha çox Netanyahuya lazım olan büdcənin təsdiqlənməsi üçün yox, demək olar ki, bütün israillilərin həyati əhəmiyyətli məsələ saydığı başqa bir məqama dair həlledici qərar üçün onun kart-blanş əldə etməsi baxımından vacibdir. Başqa sözlə, Netanyahu və partiyasına İran probleminin mümkün həlli ərəfəsində əhalinin əksəriyyəti tərəfindən verilmiş güclü inam krediti lazımdır. Bu problemin isə İsrailin İranın nüvə obyektlərinə önləyici zərbələr endirməsi ilə çözüləcəyi istisna olunmur.
Netanyahu və iki intriqa
Beləliklə, İsraildə qarşıdan gələn növbədənkənar seçkinin nəticəsi sanki indidən aydındır. Amma onu iki intriqa müşayiət edəcək. İsraildə seçkiqabağı proseslərin inkişafına böyük maraq çəkən həmin məqamlar artıq indidən özünü göstərməkdədir.
Onlardan birincisi hazırkı müdafiə naziri Ehud Barakla bağlıdır. O, bu yaxınlaradək faktiki olaraq, Netanyahu ilə vahid mövqedən çıxış edirdi. Amma bir müddət əvvəl özünün "Atsmaut" fraksiyasını yaradan Barak bununla şəxsi siyasi oyununu oynaya biləcəyini göstərib. Barak Netanyahuya real rəqiblərdən biri sayılır. Bu, heç də yalnız onun vaxtilə İsrail hökumətinə başçılıq etməsilə əlaqədar deyil. Baş nazir Ehud Barakı özünü Birləşmiş Ştatlara "qırğı" imicli "Likud" liderinə mülayim alternativ kimi təqdim etməyə çalışmaqda günahlandırır: bu, ən azı hələlik İran probleminin diplomatik yollarla həllinə üstünlük verən Barak Obama administrasiyasının maraqlarına cavab verir. Ehud Barak parlament seçkisinə minimal baryeri aşmaq şansına malik olan öz partiyası ilə qatılmaq qərarı verərsə, Netanyahunun müdafiə naziri postuna yeni namizəd axtarmalı olacağı dəqiqdir. Amma Netanyahu ilə Barakın hazırkı və ya yeni koalisiyada öz maraqlarını təmin etmək məqsədilə razılığa gələcəklərini də istisna etmək olmaz.
Netanyahunun digər siyasətçi, daha bir sabiq baş nazir Ehud Olmertlə razılığa gəlmə ehtimalı daha azdır. Qeyd edək ki, Olmertin İsrailin siyasi arenasına dönəcəyi ilə bağlı məsələ hazırda ölkədə ən geniş müzakirə olunan mövzulardandır.
Məlumdur ki, Olmert artıq hüquqşünaslarla məsləhətləşib və onlar sabiq baş nazirin siyasətə qayıtmasına hüquqi maneənin olmadığını bildiriblər. Hüquqşünasların sözlərinə görə, Olmertin adının hallandığı korrupsiya qalmaqalı ilə bağlı məhkəmə prosesi davam etsə də, bu, eks-baş nazirin siyasətə qayıtmasına maneə deyil.
Maraqlıdır ki, "Kadima" partiyasındakı bəzi dairələr də Olmertin siyasətə dönməsinə böyük ümidlər bəsləyir. Onlar hesab edir ki, Olmert İsraildə sol-mərkəzçi koalisiya yarada biləcək yeganə siyasətçidir.
İsrail KİV sabiq baş nazirin artıq "Kadima"nın eks-lideri Tsipi Livni və hazırki rəhbəri Şaul Mafozla danışıqlara başladığını yazır. Olmertin Netanyahuya qarşı elə onun öz silahından istifadə etməyə hazırlaşdığı istisna deyil: 2009-cu ildə "Kadima" parlamentdə "Likud"dan daha çox yer qazanmış, lakin seçkidən sonra hazırkı baş nazir Livninin partiyasını kənarda qoyaraq, onun tərəfdarları ilə koalisiya razılaşmasına getmişdi.
Bundan başqa, deyilənə görə, hətta ŞAS partiyasının rəhbəri Eli İşan və "Bizim evimiz İsrail"in lideri Aviqdor Liberman Olmertin rəhbərlik edəcəyi kabinetdə təmsil olunmağa hazır olduqlarını bildiriblər. Xüsusilə Olmertlə işləmiş İşay sabiq baş nazirin qərarlar qəbul etmək bacarığını, idarəçilik istedadını yüksək qiymətləndirir, bu istedadların hazırkı baş nazirdə olmadığını bildirir.
Amma bütün bunlara rəğmən, Olmert potensial olaraq Netanyahunun yeganə alternativi olsa da, imici onun ciddi uğur qazanmasına şans qoymur. İsrail daxilindəki hazırki qüvvələr nisbəti fonunda Netanyahunun mövqeləri daha üstün görünür. Onun və partiyasının növbədənkənar seçki qərarı verməsi də məhz bununla izah olunur. Netanyahu seçkidə inamlı qələbə qazanacağına əmin olmasaydı, bu addımı atmazdı. Hər halda, onun həm daxili, həm də xarici siyasətdə "məsuliyyətli addımlar" atması üçün belə qələbəyə çox ehtiyacı var.
MƏSLƏHƏT GÖR: