
FUTBOL BAYRAMI
Azərbaycan məşqçiləri "R+"la DÇ-2014 barədə öz fikirlərini bölüşüblər
Müəllif: Sənan ŞƏFİZADƏ Bakı
Braziliya stadionlarında futbol üzrə iyirminci dünya çempionatının oyunları 32 finalçı komandanın hər biri haqqında az-çox təsəvvür yaratmağa imkan verir. Bu görüşlər bəzi hallarda hakimlərin şübhəli qərarları, imkanları heç də yüksək qiymətləndirilməyən komandaların gözlənilməz qələbələri və əksinə, medallara əsas namizədlərin uğursuzluğu, xüsusən də İspaniya, İngiltərə kimi komandaların fiaskosuyla yadda qalıb.
Maraqlı məqamdır, birinci turun 16 oyunundan təkcə ikisində "sülh" qeydə alınıb (İran-Nigeriya-0:0, Rusiya-Cənubi Koreya-1:1). Müxtəlif illərdə dünya çempionu adını qazanan komandalardan üçünün indiki birinciliyin hələ start turunda məğlubiyyətlə barışması da diqqətdən kənarda qala bilməz. Sonuncu dünya və Avropa çempionu İspaniyanın Hollandiya qarşısında açıq-aşkar aciz qalıb ağlagəlməz hesabla (1:5) məğlubiyyəti bütün dünyanı şoka saldı. FİFA kubokunu iki dəfə (1930 və1950-ci illərdə) başları üzərinə qaldıran Uruqvay futbolçuları dünya çempionatlarının bütün 84 illik tarixi ərzində elə bir ciddi uğuru olmamış Kosta-Rikaya vurduqları bir topun əvəzində öz qapılarında gördükləri üç qola məəttəl qaldılar (1:3). Dördqat dünya çempionu İtaliyanın 1966-cı ilin qəhrəmanı İngiltərəyə qalib gəlməsində isə təəccüblü və məğlub komandaya irad tutula biləcək bir şey yoxdur. Bir-birinə layiq rəqiblərin azarkeşləri əvvəldən-axıradək gərgin vəziyyətdə saxlayan görüşündə bir top fərqlə qələbə qeydə alınıb - 2:1.
Ötən illərin dünya çempionlarından Braziliyanın Xorvatiya üzərində qələbəsini (3:1), Fransanın çətinlik çəkmədən Hondurasın qapısına üç cavabsız top vurmasını, Lionel Messi və onun Argentina komandasından olan oyundaşlarının isə əksinə, Bosniya-Herseqovina yığması ilə görüşdə çətin qələbəsini ( 2:1) də yada salmaq olar.
Qrup mərhələsinin birinci turunda dünya çempionlarından sonuncu olaraq meydana Almaniya çıxdı. Üçqat çempionun Kriştianu Ronaldosu olan Portuqaliya ilə böyük maraqla gözlənilən görüşünün nəticəsi, əslində, artıq birinci 45 dəqiqədə həll olundu, fasiləyədək üç top vuran almanlar ikinci hissədə daha bir dəfə fərqlənib hesabı 4:0-a çatdırdılar. Layiqli qələbəni birbaşa stadionun tribunasından Almaniya kansleri Angela Merkelin də alqışladığı görüşün qəhrəmanı isə üç qolun və ya indiki mundialda ilk "het-trik"in müəllifi Tomas Müller oldu.
Almaniya ilə Portuqaliyanın daxil olduğu "G" qrupunda Qana-ABŞ görüşü də keçirildi. Azərbaycan millisinin baş məşqçisi Berti Foqtsun ABŞ yığmasının "sükançısı" almaniyalı həmvətəni Yurgen Klinsmanın müşaviri rolunda debütü uğurlu alındı. Amerikalılar gərgin oyunda 2:1 hesabı ilə qələbə qazanıb pley-off mərhələsinə aparan yolda inamlı addım atdılar, afrikalıların isə bu məqsəd uğrunda mübarizədə işini çox çətinləşdirdilər.
İkinci turun ilk oyunları İspaniya və İngiltərə milliləri üçün əsl faciəyə çevrildi. Onlar Çili və Uruqvay komandalarına uduzublar. "B" grupunda artıq pley-offa çıxan iki komanda da müəyyənləşib - bunlar Hollandiya və Çili milliləridir. İspaniya isə elə qrup mərhələsində mundialla vidalaşdı. Kosta-Rika isə İtaliya üzərində 1:0 qələbə qazanmaqla ilk turdakı Uruqvay üzərində qələbənin təsadüf olmadığını təsdiqləyib və pley-offa vəsiqəni əldə edib. Bu oyunun nəticəsi İngiltərəyə qrupdan çıxmağa imkan vermədi.
Fransa millisi də öz qələbə yürüşünü davam etdirir. İkinci turda fransızlar qrupdakı birinci rəqibləri İsveçrə millisini 5:2 hesabı ilə məğlub edib.
Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov "R+"a açıqlamasında Braziliyada keçirilən dünya çempionatı ilə bağlı fikirlərini bölüşüb: "Futbolun nə dərəcədə inkişaf etdiyi dünya çempionatı zamanı bilinir. Hər Avropa və dünya çempionatından sonra məşqçilər özləri üçün müəyyən nəticə çıxarır. Məncə, builki yarış əvvəlkilərdən maraqlı olacaq. İlk növbədə ona görə ki, mundial Braziliyada keçiriləcək. Orada futbolu sevirlər. Təşadüfi deyil ki, ən çox futbol stadionu olan ölkə Braziliyadır. Cənubi Amerikadan Braziliya, Argentina və Uruqvay yığmalarını şanslı görürəm. Avropadan isə Hollandiya və Almaniyanın adını qeyd edə bilərəm. Fransa millisi üçün bir qədər ağır olacaq. Çünki heyətində ulduz futbolçular yoxdur. Belə komandalar üçün yüksək nailiyyət əldə etmək çətindir. İngiltərənin də yaxşı nəticə qazanacağı məlum idi. Fikir verin, Premyer Liqada ingilis futbolçuların sayı çox azdır. Allah qismət eləsin, Azərbaycan millisini gələcəkdə mundialda görək. İlk öncə, Avropa çempionatına vəsiqə qazanmaq lazımdır. Bundan sonra dünya çempionatı haqda düşünmək olar".
Milli komandamızın sabiq baş məqşçisi Şahin Diniyev DÇ-2014-ün geridə qalan oyunlarını dəyərləndirib, mundialla bağlı öz proqnozunu verib: "Bu çempionatda adapdasiya məsələsi özünü göstərir. Fikir verin, Cənubi Amerika ölkələrinin komandaları daha yaxşı təsir bağışlayır, nəinki Avropa komandaları. Bir müddətdən sonra Avropa komandaları da sürət yığacaqlar. Birinci turdan sonra Almaniya, Hollandiya, Meksika, Argentina və Kosta-Rikanın yaxşı oyununu qeyd edə bilərəm. Braziliya Xorvatiyaya qalib gəlsə də, çempionluğa layiq oyun göstərmədi. Uruqvayın Kosta-Rikaya uduzması gözlənilməz oldu. Uruqvay neçə illərdir ki, eyni heyətlə oynayır. Futbolçuların yaş həddi çox olduğu üçün gənclərdən təşkil olunmuş Kosta-Rika ilə bacarmadılar. İspaniyanın uduzmasını gözləyirdim. Ancaq qapısından beş qol buraxacağını, əlbəttə ki, heç kim gözləmirdi. Artıq İspaniya 12 ilə yaxındır ki, eyni heyətlə çıxış edir. Bu komandaya təzə qan lazımdır. İspaniyanın zəif çıxış etməsinin başlıca səbəblərindən biri futbolçuların yorğun olmasıdır. Komandanın əksər oyunçuları "Real" və "Barselona"nın futbolçularıdır və ötən mövsüm çox gərgin oyunlar keçirib. Cənubi Amerika komandaları sensasiya edəcək. Meksika, Kolumbiya və Kosta-Rika sürpriz komandalar olacaq. Məncə, onlar yarımfinala qədər irəliləyə bilər".
Azərbaycanın tanınmış futbol mütəxəssisi Yunis Hüseynov "R+"a açıqlamasında 4 favorit komandanın adını çəkib: "Həmişə Braziliyaya azarkeşlik etmişəm, istəmişəm ki, Braziliya çempion olsun. Ancaq indi onların oyunu xoşuma gəlmir. Baxırsan ki, əvvəlki komandadan əsər-əlamət qalmayıb. Buna baxmayaraq, Braziliyaya yenə azarkeşlik edirəm. Ancaq inanmıram ki, bu oyunla onlar çempion olsun. Hollandiya, Almaniya, Braziliya və İtaliyanı mundialın favoritləri hesab edirəm. Düşünürəm ki, bu komandalardan ikisi finala çıxacaq".
Azarkeşlər üçün isə bu futbol bayramı davam edir. Çoxları bu dünya çempionatını son 20 ilin ən maraqlı yarışı hesab edir. Qeyd edək ki, dünya çempionatının final görüşü iyulun 13-də keçiriləcək.
MƏSLƏHƏT GÖR: