Müəllif: Valentina REZNİKOVA Bakı
Ətraf aləm və özünün "MƏN"i ilə münasibətlərini insanlar gələcək nəsillərə sonsuzluğa ismarış kimi incəsənət əsərlərində kodlaşdırmağa çoxdan öyrəniblər. Aydın Rəcəbovun incəsənəti rəssam üçün kifayət qədər qeyri-adidir. Kişilər nadir hallarda bədii incəsənətdə bu yolu seçirlər. Bu cür münasibət arxasında qadınlara məxsus peşə kimi xalça sənətinə olan stereotip bağlılığı durur. Nəsildən-nəslə ötürülən, ölkənin müxtəlif regionlarında yaşayan əcdadlarımız haqqında məlumat daşıyan və müvafiq olaraq həyatı ilə münasibətləri müxtəlif tərzdə kodlaşdıran milli sənətin simvolu kimi: güllü həndəsi ornamentlər və müxtəlif rənglər vasitəsilə. Xalça təkcə məişət obyekti deyildi. Bu, həmçinin harmoniyanın, bədii düşüncənin, fantaziyanın, ətrafdakı təbiətin rəng qammasının estetikasını özündə təcəssüm etdirirdi.
Azərbaycanın xalça sənətinin tarixi kökləri bürünc dövrünə qədər gedir. Tarix Muzeyində bunun təsdiqini asanlıqla tapmaq olar. Məsələn, yunan filosof Ksenofontun işlərində deyilir ki, iranlılar xalçaları hazırlamaq və onları istifadə etmək adətini azərbaycanlıların əcdadlarından götürüblər.
Qədim tarixçi Herodot isə Qafqazda böyük möhkəmliyə və gözəl rəng çalarlarına malik təbii rənglərin hazırlanması haqqında dəlillər ortaya çıxarıb. Xalça ornamentinin hər bir detalı simvol olub və müəyyən rəngdə olan iplə özü və yaşayıb-çalışdığı torpaq haqqında məlumat hörən sənətkarın fikrini əks etdirirdi.
Aydın Rəcəbovun irəlidəki nəsillərin tapmalı olacağı öz kodu var. Görünür ki, onun indiki müasirlərinə xalçaların rəsmdə gizlənən intellektual tapmacaların cavablarını axtarmasına vaxtı yoxdur.
Biz demək olar ki, həyatımızı ayaqüstdə, qaçhaqaçda keçiririk. Həmişə harasa elə hey tələsirik. Sanki əlahəzrət Zaman bizi kürəyimizin arxasından itələyərək hansısa ehtimal xoşbəxtliyə çatmağa sövq edir. Qısası, çox mümkündür ki, bütün bunlar baş verənlərin yalnız görünən tərəfləridir.
Taleyüklü görüş
O, Ə. Əzimzadə adına Rəssamlıq Məktəbini 1966-cı ildə bitirib və Texniki Universitetin memarlıq fakültəsinə daxil olub. Lakin artıq 1967-ci ildə memarlığın onun sənəti olmadığını anlayaraq, fakültəsini atır və M. Əliyev adına İncəsənət İnstitutunun təsviri incəsənət fakültəsinə daxil olur. Və burada onunla, romanlarda olduğu kimi, taleyüklü görüş baş verir. Taleyinə isə həqiqətən lazım idi ki, onun müəllimi azərbaycanlı xalçaçı, öz əməyi ilə təkcə Azərbaycan xalçaçılığına deyil, həmçinin incəsənətin digər sahələrinə də töhfə verən Lətif Kərimov olsun. Bu andan başlayaraq və ömürlük tələbə Aydın Rəcəbov xalçanın bədii obrazına vurulur. Məhz obrazına. Çünki obraz nəinki yaradılma və inkişafı, həmçinin dünyanın dərk edilməsini nəzərdə tutur. Görünür ki, məhz xalça hər bir rəssamın çatmaq istədiyi, lakin hər dəfə ona çata bilmədiyi bədii özünüifadə azadlığının hissini verirdi. Rəcəbovda hər şey əksinədir. O, ənənəvi formadan başlayaraq, öz ölkəsinin ənənəvi incəsənətini ümumittifaq, sonradan isə xalçaçılığın beynəlxalq sərgilərində nümayiş etdirirdi.
Lakin bir qayda olaraq, rəssama adət edilmiş, işlənmiş üslub və forma çərçivələr yetərli geniş imkanlar verə bilmir. O, özünü ifadə etmək üçün yeni yollar və formalar axtarır, müasirləri və sonrakı nəsillərlə yeni ünsiyyət dili yaradır. Aydın Rəcəbov ənənəvi ornamentlikdən, zəriflikdən, süjet kompozisiyasından başlayaraq, konseptual incəsənətlə bitirir və hər şeyi sınayaraq şəxsi kodunu mürəkkəbləşdirmək yolunu tutmuş bir yaradıcılıqla məşğul olur. İsmarış kodu. Proqram kodu. Yəni, məcazların və simvolların xüsusi dilində rəssamın fəlsəfi və tarixi məna, şəxsi dərketmə, onun zaman əlaqəsi anlayışını daşıyır. Lakin bu kodu başa düşmək üçün, biliklərə sahib olmaq lazımdır. Son vaxtlar rəssam Rəcəbovun xalçalarında peyda olan işarələr və simvollar bizə təkcə ənənəvi, sufilərdən və digər şərq fəlsəfəsindən aydın olan işarə və rəmzlər deyil. Bu, həmçinin onun rəssam kimi sonsuzluğa ünvanlanan ismarışı, şəxsi rəmzlərdir.
"Qurbanlıq qoç"
Bütün kompozisiya həndəsi elementlərdən ibarətdir. Onun mərkəzində səkkizüzlü fiqurdur. Yuxarıdan və aşağıdan kompozisiyanı üçbucaqlar əhatə edir. Sadə insanın nöqteyi-nəzərindən bu, sadəcə, xoş görünən çalarlardan hazırlanmış gözəl rəngli kompozisiyadır. Üstəlik, sonsuzluğa qədər fantaziyanı inkişaf etdirməyə imkan verən süjetdir. İstəkdən asılı olaraq, ayı, ağacları, otları, insanları və qurbanlıq ocağın alovunu görmək mümkündür. Amma bütün bunlar səthidir. Səkkizüzlü fiqurlar, dördbucaqlar, üçbucaqlar, düzbucaqlar elə rəsm yaradırlar ki, onun mənası daha dərinlikdə gizlənib. Onu yalnız Rəcəbovun kodunu açmaqla anlamaq olur.
"Günəşi gəzdirən ağ dəvə"
Ağ dəvə... O, İslamda böyük hörmətə malikdir, çünki Məhəmməd Peyğəmbər Məkkədən Mədinəyə məhz dəvə üzərində köçüb. Xristianlıqda isə dəvə milad rəmzidir. Üç maq - Kaspar, Baltazar və Melhior Milad ulduzu arxasında dəvə üzərində gedərək Betlehəmə gəliblər. Dəvə dözümlülüyü ifadə edir və bu səbəbdən onu səhranın gəmisi adlandırırlar. Bir sıra Şərq ölkələrində dəvə hakimiyyət simvolu kimi təqdim olunur. Zərdüşt tipologiyasında hər şey ağ rəngdən - yaratma və yaradıcılıqdan başlayır. Qara rəng nəzərdən keçirilmir, çünki bu, dağıtma rəngidir... Bu barədə fikirləşərək, həmin kodun açması barədə düşünürsən. Hələlik uğursuz olaraq...
"Qızıl balıq haqqında nağıl"
O, heç bir rəng çalmır və parlamır. Təəssüf ki, balıq haqda demək olmaz ki, o, xəyallara dalır. O, sadəcə, doğma su mühitində qalıb. Halbuki, bu da düz deyil. Sehrli balıq harasa irəli getməyə çalışır. Sürüşmə göz üçün çətinliklə sezilir, amma biz dəqiq bilirik ki, o, yalnız ona məlum olan hədəfə doğru irəli gedir. Bu, rifah və maddi firavanlıq barədə şövqlü arzudur. Bax, bu, çox yaxındır, əlini uzat və nağıl reallığa çevriləcək! Lakin necə deyərlər, işləməyən dişləməz! Balıq işarəsi onun təbiətinin həm mənəvi, həm də maddi tərəfdən əhəmiyyətli aspektlərini əks etdirən bir çox mənaları bildirir. O, həmçinin qurbanlıq simvolu idi. Balığa yerlə-göy arasında vasitəçi kimi, müqəddəs "yer quşu" kimi müxtəlif ənənələrdə hörmət bəslənilirdi. Bir çox Asiya xalqlarında balıq - mənəvi məhsuldarlıq, dərinləşdirilmiş daxili həyatın simvolu, həyati gücləri artıran işarə kimi qəbul olunur və həyatın yaradıcı aspektini bildirir. Rəssamın burada hansı sirri gizlənir?
"Dincələn qoca"
Xoş isti rənglər göz oxşayır və ruhu nəşələndirir. Rahatlıq, sakitlik və insan ruhunun ətraf aləmlə birləşməsi... Harmoniya. Həyatın günortası və ya qürubu? Məsələ bunda deyil. Məsələ tamaşaçı üzərinə harmoniyanı yağdıran təkrarolunmaz mühiti yaratmaqla, təbiətlə insanın ruhu arasında ahəng doğuran andadır. Real həyatda nə yubadılması, nə də uzadılması mümkün olan an. Məhz buna görə də o, gözəldir. Bəlkə də sirr buradadır?
"Şahın elçiliyi"
Nizamidən süjetdir. Ən yaxşı milli ənənələrdə olan miniatür. İşinin dəqiq incəliyi, miniatür süjetdə əks olunan personajların və xalçanın ornament hissəsinin elementlərini yaradan və rənglərini dəyişdirən sapların hər millimetrinin addımı! Sanki hər şey bu qədər sadə və aydındır! Budur, atın üzərində gələn şah və dayə yanında olan gəlin. Süjet məlumdur. Eynən minatürun üslubu kimi. Lakin rəssamın sirli kodu haqda fikir rahatlığı vermir. Onun sirri nədədir?
"Oğuzların işarələri"
Üç fiqur. İkisi qadın və mərkəzdə - kişi.
- Bu rəsmi görürsünüz? Bu, qayaüstü incəsənətdən götürülüb. İki qadın: Günəş və Ay. Və onların hər biri üç oğula həyat verib. Hər övladdan dünyada təkcə Cənubi Qafqazda deyil, həmçinin Altayda və Sırdərya çayında məskunlaşan oğuzların 24 tayfası yaranıb.
Ayın, Günəşin, qızılın, qeyri-adi quşların simvolları... Quşlar çoxdur. Onlar vaxt çərçivəsində transformasiyaya uğrayırlar. Burada, əjdahaya, simurqa, qartala bənzəyən quş var. Bir çox xalqlarda quşların təsviri yerlə göy arasında əlaqənin saxlanılmasının simvoludur. Quş daha yüksək şüur səviyyəsinə malik canlıdır və insanla Tanrı arasında olan vasitəçidir. O, həmçinin ruhun və qəlbin simvolu kimi də xidmət edir. Quşlar səcdəgah təcəssümü kimi dünyanın yaradılması barədə miflərdə əhəmiyyətli rolunu oynayırlar. Demiurq - quş, quş obrazında olan kosmik ruhdur. Çox vaxt quşları ildırım, külək, təbiət qüvvələrinin tanrıları ilə eyniləşdirirdilər. Bir çox miflərdə onlar insanların dərrakəli tərəfdaşı və rəhbəri kimi hesab olunur.
Eyni zamanda quşların ilk əcdadları, tayfaların totemi ya da cinsi totemlər olduğu barədə miflər yayılıb. Rəssam Aydın Rəcəbovun ismarışı nə haqdadır? Özü və öz genetik kökləri barədə daha çox məlumat əldə etmək istəyən nabələd insanlar üçün intellektual tapmacadır. Və nəinki sadəcə bilmək, eyni zamanda səni istisnalı olmasa da, xüsusi edən irsi əqli xüsusiyyətlərin uzun keçməsini anlamaq. Dünya üzərində qalxmayan, lakin onun ayrılmaz və təbii hissəsi olan. Hər kəs onun kodlaşdırılmış ismarışlardan izah edə biləcəyini görə bilər. Bu, həm zəka, həm də ruh üçün işdir.
MƏSLƏHƏT GÖR: