
QARA, AĞ, QIRMIZI…
Azərbaycanda nəsillərin müqəddəs ağacı və uzunömürlülük meyvəsi - tut
Müəllif: Məhərrəm ZEYNAL Bakı
Xalq arasında hesab edirlər ki, ən dadlı tut bazardan və ya mağazadan alınan yox, üstünü toz basmış, yayın qızmar günəşi altında isinən və insanların budaqdan öz əllərilə dərdikləri tutdur. Uşaqlıqda hər yay barmaqlarımızda və üz-gözümüzdəki tut ləkələrini, ağacdan düşəndə cızılmış dizlərimizi necə unuda bilərik?
Yayın dəyişməz mərasimi isə hamının ağacın altında yığışması, uşaqların orada torba açmaları, böyüklərdən birinin isə böyük bir taxta ilə üstü tutla dolu budağı çırpmasıdır: onun zərbəsindən göydən qara və ya ağ tut yağır, sənə yalnız onu yığıb ağıza ötürmək qalır...
Tut ağacının hökmranlığı
Qədim zamanlardan Şərqdə tut ağacının xüsusi - şahanə bir statusu olub. Bu ağaca hər zaman hörmətlə yanaşılıb və ailələr məhz onun altında əyləşiblər. Amma bunun səbəblərindən biri də ağacdan gələn faydadır: insanları qızmar Abşeron gün şüalarından böyük qol-budağa malik tut ağacından yaxşı nə qoruya bilər? Bu ağacın ömrü də uzundur - o, bir neçə əsr yaşaya, bir neçə nəsli öz kölgəsi altına toplayayıb böyüdə bilər. Tutun vətəni Çin hesab olunur. Ondan yalnız meyvəçilik deyil, ipəkçilik məqsədilə də istifadə edilib. İpəyin hazırlanmasında tut baramasından istifadə olunub.
Bu ağacın odunu da çox qiymətlidir. Tut ağacı nə qədər yaşlı olarsa, onun odunu o qədər də qiymətli sayılır. Onun ağırlığından, çalarlarından və parıltısından mebellərin, məişət və bəzək əşyalarının hazırlanmasında istifadə olunur. Qara tutun meyvəsi isə təbii boyaların hazırlanmasında istifadə edilir.
Abşeronda tut ağacı müqəddəs sayılır. Bu, xüsusilə ömrü uzadan qan-qırmızı xar tuta aiddir. Tarixən hesab olunub ki, xartutu yalnız yaşlı, şan-şöhrətli və ləyaqətli həyat sürmüş hörmətli adam əkə bilər. İnanca görə, tut əkən şəxs ona öz ruhunu verir və tut ağacı onu əkən insanın ömrünü ala bilər. Bu üzdən də, xartutu çox vaxt adi tut ağacına qələm etməklə alırdılar. Maraqlıdır ki, bizim həvəskar aqronomlarımız daha çox tut ağacı ilə eksperiment aparırlar. Ağ tutla qara tutu calamaq ağac həvəskarları üçün adi işə çevrilib. Masallı rayonundakı tut ağacı bütün Azərbaycanda məşhurdur. Ağacın sahibi Əkrəm Cabbarov ona 23 növdə meyvə və tərəvəz calaq edib! Əncir, armud, heyva, limon, üzüm, gilas, nar və bir çox digər meyvələr bu ağacda bitir! Bundan başqa, ağac sahibinin sözlərinə görə, həmin tut ağacında bir neçə növ tərəvəz və hətta qızılgül də var. Artıq bir neçə ildir ki, ağacın "yeni sakinləri" məhsul verməyə başlayıb, bu da təbii ki, ağac sahibini sevindirməyə, bizi isə heyran etməyə bilməz. Tutun meyvəsinə gəlincə, onun bitdiyi regionlarda yaşayanları xoşbəxt saymaq olar. Çünki qeyri-adi dərəcədə sulu olan bu meyvə bir andaca əzilir və uzun məsafəyə aparıldıqda görünüşünü dəyişir.
Azərbaycanda tut hələ ta qədimdən qiymətli bitki kimi yetişdirilib. Ölkə ərazisində 3 tut növünə rast gəlmək mümkündür: ağ, qara və qırmızı. Onlardan ağ və qara tut daha çox yayılıb. Ağ tut yabanı şəkildə Samur-Dəvəçi zonasındakı Tuqay meşələrdə (çay sahillərində kiçik meşədə) bitir. O, Kür-Araz, Alazan-Əyriçay ovalıqlarında da yayılıb. Bundan başqa, tut ölkənin əksər rayonlarında da yetişir. Qara tut düzəngahlarda və dağətəyi ərazilərdə də bar verə bilər. Xartut kimi tanınan qara tut da Abşeronda geniş yayılıb. Tut növlərindən məhz xartut ən dəyərli və faydalı hesab olunur. Onun tərkibində 9% şəkər, 2,3% üzvi turşular, 2% zülal və 0,55% pektin maddələr var. İyun-iyul aylarında yetişən ağ tutdan fərqli olaraq, qara tut iyul-avqust aylarında yetişir. Tədricən sulanan tut 40 gün ərzində tam dəyir.
Yeri gəlmişkən, xartutla yanaşı, qara tutun başqa növləri də var. Amma onların əksəriyyəti onun kimi dadlı deyil və turşdur.
Hər şeyə faydalı
Ağ tutun meyvəsi yetişdikdə özü qoparaq yerə tökülür. Bu üzdən, onu hər 2-3 gündən bir çırpırlar. Xartutun saplağı isə kifayət qədər möhkəm olur və onu budaqdan qoparmaq lazım gəlir. Xartutu şüşə və ya minalanmış qabda saxlamaq daha yaxşıdır.
Biologiya elmləri doktoru, publisist Nübar Həkimova tutun faydası haqda deyir: "Tut ağacının hündürlüyü 15-20 metrə çata bilər. Onun qabığı boz-qəhvəyi olur. Cavan budaqlar sarımtıl-bozumtul rəngə çalır. Qırmızı tutun ağacı çox qiymətlidir. Onun yumurta formalı yarpaqlarından boyaq və tərlədici kimi istifadə olunur; tut kökünün həlimi bağırsaq parazitlərini təmizləyir".
Tutun meyvəsindən spirt, sirkə, şərab, kompot, sirop, müxtəlif şirələr, mürəbbə, cem, marmelad, şərbət hazırlanır. Həddindən artıq şirin olan bu meyvədə şəkərin miqdarı 22%-ə çatır. Digər növlərlə müqayisədə, qırmızı tut o qədər də geniş yayılmayıb. O, Naxçıvanda, Şəkidə, Şamaxıda, Ağsuda və Göyçayda bitir.
Tutun yarpaqlarının müalicəvi əhəmiyyəti qədim zamanlardan məlumdur. Onu çay kimi dəmləyərək şəkərli diabetdən əziyyət çəkən insanlara, ürək xəstəlikləri olanlara içirdirdilər. Tutdan hazırlanan doşab xüsusilə qiymətlidir (Azərbaycanın bəzi regionlarında onu "bəhməz" də adlandırırlar). Heç bir şəkər əlavəsi olmayan bu qaynadılmış şirə orqanizmə çox faydalıdır. Bəhməzi qarpız, üzüm, yemiş və s. meyvə və tərəvəzdən hazırlayırlar. Amma tutdan hazırlanmış bəhməz onların hamısından faydalıdır. O, yalnız ağ tutdan hazırlanır. Doşab təbii şirinləşdirici kimi həm un məhsullarına vurulur, həm də ondan desert kimi istifadə olunur. Çünki həddindən artıq şirin olsa da, qlikemik indeksi çox aşağıdır. Odur ki, tut orqanizmdə asanlıqla həzm olunur və qanda şəkərin miqdarının kəskin artımına gətirib çıxarmır. Ümumilikdə, xalq təbabətində doşabdan qankəsici, soyuqdəymənin önləyicisi kimi istifadə olunur. O, qaraciyərin, mədənin, ürək-damar sisteminin müalicəsində, o cümlədən qan azlığından əziyyət çəkən insanlar üçün də faydalıdır.
Boğaz ağrılarında, onkoloji xəstəliklər zamanı, mədə ağrılarında tut şirəsi əsl dərmandır. Tut yarpaqlarından dəmlənmiş çay qəbizliyə, soyuqdəyməyə əlac sayılır. Tərlədici və qızdırmanı salma özəlliyilə yanaşı, bu çay epilepsiyanın müalicəsi üçün də qəbul edilir. Mədədə və on iki barmaq bağırsaqda yara varsa, ağ tutun meyvəsindən dərman kimi istifadə edilə bilər.
Tut yarpağında 0,75% üzvi turşu, 50-60 mq askorbin turşusu, meyvəsində isə 24% qlükoza, 70-80 mq askorbin turşusu, 4% limon turşusu və bir sıra pektin var. Bundan başqa, tutda bir sıra amin turşusuna (alanin, valin, qlyutamin, asparagin, fenilalanin və s.), efir yağına, karotinə, B, B2, C və PP vitaminlərinə də rast gəlinir. Ağ tutun yarpaqlarından alınan tinktura (spirtli maye) ürək-damar xəstəliklərinin müalicəsində müsbət nəticə verir.
AĞ TUTDAN DOŞAB
Yetişmiş meyvə suyunu buraxanadək bişirilir. Sonra meyvənin suyu sıxılır və süzülür. Təmiz şirə zəif alov üzərində lazımi konsistensiyayadək qaynadılır (bu zaman şirənin rəngi qaralmalıdır). Doşabın tam hazır olduğunu isə onu qaşıqla boşqab üzərinə damızdırmaqla yoxlamaq olar, əgər doşab sap kimi süzülərək boşqaba damcılayırsa, deməli artıq hazırdır.
AĞ TUT MÜRƏBBƏSİ
1 kiloqram ağ tut, 1,2 kiloqram şəkər, 2 qram limon turşusu. Seçilmiş tutun üzərinə şəkərli şərbət tökülür və o, zəif alovda 5 dəqiqə qaynadılır. Bundan sonra qaynadılmış meyvə soyudulmalıdır. İkinci dəfə onu 8-10 dəqiqə qaynatmaq, yenidən soyutmaq və üçüncü dəfə tam hazır olanadək qaynatmaq lazımdır. Mürəbbə tam hazır olana yaxın ona lumu turşusu tökülür.
XARTUT MÜRƏBBƏSİ
Həm ağ, həm də qara tutdan mürəbbə bişirmək mümkündür. Xartutun ən iri meyvələri seçilir, şəkər tozuna qoyularaq 8-10 saat saxlanılır. Sonra meyvənin üzərinə qaynar su tökülür. Mürəbbə zəif alov üzərində 2-3 dəfə qaynadılır. Onların arasında 8 saatlıq fasilə olmalıdır.
MƏSLƏHƏT GÖR: