14 Mart 2025

Cümə, 10:59

NEFT NAMİNƏ TƏRƏFDAŞLIQ

Bp azərbaycandakı layihələr üzrə öhdəliklərinin yerinə yetiriləcəyini vəd edir

Müəllif:

01.11.2012

Prezident İlham Əliyevin uzun illərdir Azərbaycanın iri neft-qaz yataqlarını işləyən bp neft şirkətinə ünvanladığı sərt ittihamlar ətrafında yaranmış səs-küy sakitləşməkdədir. Xatırladaq ki, dövlət başçısı "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan neft hasilatının azalmasının bp-nin fəaliyyətindəki nöqsanların nəticəsi olduğunu bəyan etmişdi. O, məhz bu səbəbdən son illər sözügedən yataqlarda neft hasilatının kəskin şəkildə aşağı düşdüyünü bildirmişdi. Bununla yanahı, İlham Əliyev azalmanın AÇG-də neft hasilatının pik həddə çatması və təbii azalma prosesinin başlaması ilə əlaqədar olmadığını vurğulayıb. "Söhbət proqnozlara əməl olunmamasından gedir", - deyə dövlət başçısı qeyd edib. Prezidentin sözlərinə görə, 2009-2012-ci illərdə proqnozlara əməl olunmaması üzündən Azərbaycan 8,1 milyard dollarlıq gəlirdən məhrum olub.

Gözlənildiyi kimi, Britaniyanın neft nəhəngi bu ittihamlardan sonra heç də ölkəni tərk etmədi: BP vəziyyəti düzəldəcəyinə and-aman edərək, Dövlət Neft Şirkəti (SOCAR) və ölkə rəhbərliyi  ilə razılığa gəldi. Şirkət bu istiqamətdə ilk addımları artıq atıb. Xəbərdarlığın ciddiliyini nəzərə alan bp bu dəfə neft hasilatına dair proqnozların doğrulması üçün mümkün olan və olmayan hər şeyi edəcək.

 

18 illik hörmət

Bununla yanaşı, əvvəlcə bəzi dairələr "bp & Co." məsələsini Azərbaycanın cəlb olunduğu siyasi proseslərlə əlaqələndirməyə çalışdı. Bu üzdən Milli Məclisin spikeri Oqtay Əsədov də qurumun iclasında məsələyə münasibət bildirməli oldu: "Azərbaycan prezidenti "Azəri" və "Çıraq" yataqlarındakı hasilatdan danışıb. Proqnozlar yerinə yetirilməlidir və bu elementardır. Amma artıq 3 ildir ki, proqnozlar və öhdəliklərə əməl olunmur. Bundan şou düzəltmək, məsələni siyasiləşdirmək heç kimə şərəf gətirməz. bp Azərbaycanda neft hasilatına dair öhdəliklərini yerinə yetirəcək, çünki ona son xəbərdarlıq edilib".

 

Spikerin hiddəti tamamilə başadüşüləndir: bp ətrafında yaranmış vəziyyətlə bağlı ən cəfəng və absurd ehtimallar, proqnozlar səsləndirilməyə başlanmışdı. Vəziyyət o həddə çatmışdı ki, Ermənistan prezidenti Serj Sarqsyan bp-nin Azərbaycandan mümkün gedişini Dağlıq Qarabağ münaqişəsi ətrafında qüvvələr nisbətinin Ermənistanın xeyrinə dəyişməsi  ilə əlaqələndirməyə çalışırdı. "Doğrudur, neftin əhəmiyyəti prosesə Bakının xeyrinə təsir göstərə bilər. Amma bu ipotekanın digərlərindən üstün olacağına bu qədərmi əminik? Son məlumatlara görə, azərbaycanlılar "British Petroleum" şirkətinin ölkədə fəaliyyətinə qarşıdır. Onlar düşünürlər ki, ingilislərsiz də keçinə bilərlər: balans dəyişə bilər", - deyə S.Sarqsyan bildirib.

Bu, sadəcə "mehriban" qonşuların Azərbaycanın neft strategiyasının iflasa uğraması arzusunu nümayiş etdirir. Güman ki, qonşu dövlətin başçısı demək istəyib ki, Britaniya şirkətinin Azərbaycandan gedişindən sonra burada neft hasilatı dayanacaq, bütün enerji resursları tükənəcək və bütün xarici şirkətlər ölkəni tərk edəcəklər.

Amma Sarqsyanın növbəti "dahiyanə" mülahizəsini bir kənara qoyaraq qeyd edək ki, bp heç yerə getməyəcək, Azərbaycanda neft hasilatı azalmayacaq, xarici şirkətlər razılaşmalara sadiq və fəaliyyətlərində ardıcıl olarlarsa, rahat şəkildə işlərini davam etdirə bilərlər.

Bu yerdə onu da qeyd etmək yerinə düşərdi ki, Azərbaycan hüquqi baxımdan AÇQ yataqlar blokunun operatorunu dəyişə bilər. Amma "SOCAR" prezidenti Rövnəq Abdullayev hələ ki, bunun zamanı olmadığını düşünür: ""Əsrin müqaviləsi"nin imzalanmasından 18 il keçir. Azərbaycan bu müqaviləyə hörmətlə yanaşır, onun iştirakçılarının fəaliyyəti üçün yaxşı şərait yaradır".

Sənaye və energetika naziri Natiq Əliyev isə jurnalistlərə açıqlamasında bildirib ki, "Azərbaycan prezidentinin bp şirkəti haqda dedikləri xarici neft şirkətləri üçün heç bir təhlükə yaratmır. Şirkətlərlə müqavilələrin pozulacağına dair heç bir təhlükə yoxdur. Söhbət "Azəri-Çıraq-Günəşli"də neft hasilatının sabitləşdirilməsi üçün görülməsi vacib olan tədbirlərdən gedir", - deyə N.Əliyev qeyd edib. Onun sözlərinə görə, AÇG-də son iki ildə neft hasilatının kəskin şəkildə aşağı düşməsi "ciddi şəkildə əsaslandırılmalıdır, amma bu da heç kimi qorxutmamalıdır": "Azərbaycan vaxtilə ildə 51 milyon ton neft hasil edib. AÇG blokunun ehtiyatının 511 milyon ton olduğu proqnozlaşdırıldığından güman edilirdi ki, uzun illər ərzində bu yataqlar blokundan sabit şəkildə ildə 35 milyon ton neft hasil oluna bilər. Ehtiyatların həcminin qeyd olunandan daha çox olduğu açıqlandıqda isə AÇG-dan illik hasilatın 65 milyon tona çatdırılması planlaşdırılırdı".

N.Əliyev bildirib ki, AÇG-nin işlənməsi hər il hazırlanan illik proqram əsasında həyata keçirilir. Həmin proqramda bütün lazımi tədbirlər öz əksini tapır: "Amma bütün bu tədbirlər əsaslandırılmalıdır. Planlaşdırılan rəqəmlərlə real rəqəmlərin ciddi şəkildə fərqləndiyini gördüyümüz zaman aydın olur ki, ya proqram düzgün hazırlanmayıb, ya da sabit neft hasilatının təmini üçün həyata keçirilən tədbirlər kifayət etməyib". 

Nazir hazırkı vəziyyətdən çıxmaq üçün görülməli olan tədbirlərin hazırlanması prosesinə daha çox sayda alimlərin cəlb edilməsinin vacibliyini də vurğulayıb.

 

Canavardan qorxursansa, meşəyə getmə

Güman ki, vəziyyətdən çıxış yolunun axtarılması prosesinə alimlər cəlb olunacaq və ümid etmək olar ki, bu dəfə Azərbaycan mütəxəssislərinin mövqeyi də nəzərə alınacaq. Bununla yanaşı, artıq "bp-Azerbaijan" şirkətinin top-menecmentində dəyişikliklərin olduğu məlumdur: noyabrın 15-dən şirkətdə quyular üzrə yeni vitse-prezident Cim Kaui, 2013-cü il aprelin 1-dən isə terminal və boru xətti əməliyyatları üzrə yeni vitse-prezident Kreyq Viqqz fəaliyyətə başlayacaq. Cim Kaui "bp-Azerbaijan" şirkətində  300 nəfərdən ibarət mütəxəssis qrupuna rəhbərlik edəcək. Bundan başqa, bp-nin Azərbaycandakı quyular üzrə mühəndislər qrupuna əvvəllər şirkətin Alyaska, Şimali Amerika, Şimal dənizi, Anqola və Misirdəki layihələrində çalışmış 10 yeni mütəxəssis də qoşulacaq.

K.Viqqz isə öz növbəsində Səngəçal terminalının təhlükəsizliyinə dair əməliyyatlara, həmçinin Azərbaycandan Türkiyə və Gürcüstana çəkilmiş bütün ixrac boru xətlərinə cavabdeh olacaq. Azərbaycanda o, 2 mindən artıq işçisi olan qrupa rəhbərlik edəcək.

Şirkətdən isə iddia edirlər ki, bütün bu dəyişikliklər əvvəlcədən nəzərdə tutulubmuş və baş verənlər sadəcə uğurlu təsadüfdür. Hər halda, görünən odur ki, bp nöqsanları aradan qaldırmaq üçün ciddi işə başlayıb. Yeri gəlmişkən, "SOCAR" prezidenti R.Abdullayev bunu "müəyyən texniki məsələlər və bp-nin risklərdən tam qaçması" adlandırıb. Onun sözlərinə görə, 2008-ci ildə bp-nin Meksika körfəzindəki platformasında baş vermiş böyük qəzadan sonra "Azəri-Çıraq-Günəşli"də təbii qaz sızması baş vermişdi. Nəticədə sızmanın səbəblərinin öyrənilməsi məqsədilə "Mərkəzi Azəri" platformasında işlər bir neçə ay müddətinə dayandırılmış, bu üzdən də bp qeyd olunan ildə neft hasilatına dair proqnoza əməl edə bilməmişdi.

"Bundan başqa, Meksika körfəzindəki qəzadan sonra bp riskləri idarə etmək əvəzinə, onlardan tam qaçmaq yolunu seçdi. Halbuki, hasilat sənayesində risklərin olması təbiidir. Canavardan qorxursansa, onda meşəyə getmə. Risklərdən qorxacaqsansa, hasilat da olmayacaq", - deyə R.Abdullayev bildirib. Məhz bu üzdən hasilatın artırılması üzrə yeni proqramda risklərin idarə olunması məsələsi də öz əksini tapacaq.

Hasilatın məqsədli şəkildə azaldılması versiyasını şərh edən Rövnəq Abdullayev bu fikirlərin əsassız olduğunu söyləyib: "bp-nin hasilatı məqsədli şəkildə azaltması ehtimalı yoxdur. Biz prosesə nəzarət edirik. Əsas səbəblər, dediyim kimi, texniki məsələlər və bp-nin risklərdən qaçması ilə bağlıdır". "SOCAR" rəhbəri hasilatın azalmasının yataqda ehtiyatların azalması ilə əlaqədar olduğuna dair fikirləri də qəti şəkildə rədd edib: "Yataq böyükdür və orada nəhəng neft ehtiyatı var. Onun tükənmək üzrə olduğu haqda deyilənlər və digər iddialar tamamilə əsassızdır. Hazırda "Azəri-Sıraq-Günəşli" platformasındakı quyuların heç 50%-i istifadə olunmayıb".

Qeyd edək ki, tərəflər arasındakı fikir ayrılığının aradan qaldırılması üçün  Londonda R. Abdullayevlə bp-nin nümayəndə heyəti və icraçı direktoru Robert Dadli, həmçinin Britaniya şirkətinin axtarış-kəşfiyyat qrupu arasında görüş keçirilib. Görüşdən sonra bp tərəfindən bir neçə maraqlı bəyanat səsləndirilib. Məsələn, R.Dadli bildirib ki, "bp Azərbaycana və dünyanın ən nəhəng yataqlarından biri - AÇG kompleksinin effektiv idarə olunmasına tam sadiqdir".

Londonda keçirilmiş görüşün davamı olaraq şirkətin hasilat, işlənmə, strategiya və inteqrasiya şöbələrini təmsil edən yüksək rütbəli şəxslər Bakıya gəlib. Azərbaycanda aparılan danışıqların sonunda bp-nin hasilat üzrə icraçı vitse-prezidenti Bob Frayar bildirib ki, AÇG blokunda hasilatın artırılması üçün şirkət dünyadakı ən yaxşı resurslarını bu işə cəlb etmək niyyətindədir. Onun sözlərinə görə, Bakıda keçirilən görüş AÇG yatağından hasilatla bağlı məsələnin həlli üçün kursun müəyyənləşdirilməsinə yönəldilib. Frayar təmsil etdiyi qurumla Azərbaycan arasındakı 18 illik əməkdaşlığı uğurlu adlandırıb: "İndi bizim qarşımızda həlli olan bir məsələ dayanır. Biz, "SOCAR" və tərəfdaşlarımız bu məsələnin həllində inadkarlıq  göstrəcəyik".

bp-nin işlənmələr üzrə icraçı vitse-prezidenti Bernard Luni isə qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi üçün bu görüşlərin hər birinin əhəmiyyətli olduğunu söyləyib: "Mən "SOCAR" rəhbərliyinə əməkdaşlığa, AÇG-dən hasilatla bağlı məsələlərin həllində bizimlə işləmək niyyətinə görə təşəkkür edirəm. Əlbəttə ki, o da bizim işlərimizin uğurlu getməsini istəyir və biz Azərbaycanda dünya səviyyəsində biznesin davam etdirilməsi üçün tədbirlər görəcəyik".

 

Hasilatın sabitləşdirilməsi

Bu görüşlər və qərarların nəticəsi necə olacaq? Rövnəq Abdullayevin dediyinə görə, AÇG üzrə tərəfdaşlar yataqda 2013-2014 və 2014-2024-cü illərdə hasilatın həyata keçirilməsi üçün proqram hazırlayır. 2013-cü ildə yataqdan 33 milyon ton həcmində sahit neft hasilatı proqnozlaşdırılır. 2014-cü ildə onun 35 milyon ton, 2014-2024-cü illərdə isə 33 milyon ton olması (sutkada 700 min barrel) proqnozlaşdırılır.

Bundan başqa, bp şirkətindən verilən açıqlamada bildirilir ki, 2013-cü ilin əvvəllərində "Chirag oil project" (AÇG blokunda neft hasilatının artırılması) üçün dənizə yeni "Qərbi Çıraq" platformasının dayaq blokunun göndərilməsi də nəzərdə tutulub. "Belə böyük və əsas işin başa çatdırılması bizi 2013-cü ilin dördüncü rübündə "Chirag oil project"dən ilk neftin alınması planına daha da yaxınlaşdırıb", - deyə bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional direktoru Rəşid Cavanşir bildirib. O deyib ki, dayaq blokunun barja uğurlu və təhlükəsiz şəkildə yüklənməsi 2013-cü ildə "Chirag oil project" çərçivəsində digər işlərin, həmçinin "Qərbi Çıraq" platformasındakı işlərin də uğurla başa çatdırılacağına əminlik yaradır. "AÇE-nin işlənməsi tarixində ilk dəfə olaraq bütün qurmda işləri yerli ehtiyatlardan istifadə olunmaqla Azərbaycanda aparılıb"", - deyə R.Cavanşir qeyd edib: "Bu bizim Azərbaycanda layihənin istehsalat xəttinin yaradılması və qorunub-saxlanması öhdəliklərinə sadiqliyimizi göstərir. Əminik ki, "Chirag oil project" "Çıraq" və "Günəşli" platformaları arasında neft hasilatını maksimuma çatdırmağa üömək edəcək".

R.Cavanşirin sözlərinə görə, "Chirag oil project"ədək AÇG-də dünya səviyyəsində 6 platforma tikilib və onlar bu günədək effektiv və təhlükəsiz işləyir, Azərbaycan xalqına və layihədəki tərəfdaşlara gəlir gətirir. Ümumilikdə layihə çərçivəsində (AÇG üzrə müqavilənin müddəti 2024-cü ildə başa çatır) 300 milyon barreldən artıq neftin hasil olunması planlaşdırılır.

Beləliklə, Azərbaycanda neft hasilatının səviyyəsinin sabitləşəcəyinə ümidlər tam real xarakter almaqdadır və gələn il hasilatın, karbohidrogenlərin ixracının azalma tendensiyası (2012-ci ilin yanvar-sentyabr aylarında 26,8 milyon ton neft ixrac olunub və bu, ötən ilin analoji dövrü ilə müqayisədə 10,3% azdır) köklü şəkildə dəyişiləcək.


MƏSLƏHƏT GÖR:

585