13 Mart 2025

Cümə axşamı, 20:09

"XÜLYALARLA YAŞAMAQ ŞİRİN OLSA DA, FAYDASIZDIR"

Müəllif:

01.11.2012

Azərbaycan və Ermənistan XİN başçılarının son görüşündən, yəqin ki, heç kəs ciddi nəticə gözləmirdi. Elmar Məmmədyarovla Edvard Nalbandyan ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə oktyabrın 28-də Parisdə bir araya gəldilər. ATƏT-dən verilən açıqlamaya görə, həmsədrlər görüşdə tərəflərə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair ideyalarını təqdim ediblər. Nazirlər isə öz növbələrində dinc yolla sülhə nail olmaq üçün vasitəçilərlə işləməyə davam etmək niyyətində olduqlarını təsdiqləyiblər. Nazirlər və həmsədrlər vasitəçilərin regiona noyabrda nəzərdə tutulmuş səfəri zamanı bu ideyaların müzakirəsini davam etdirməyə razılaşıblar.

Beləliklə, son görüşün əsas nəticəsi yalnız XİN başçılarının bir araya gəlməsi faktıdır. Azərbaycan zabiti Ramil Səfərovun Macarıstandan vətənə ekstradisiyası və burada prezident İlham Əliyev tərəfindən əfv olunmasından sonra Ermənistan tərəfinin qaldırdığı səs-küy üzündən çoxları Bakı ilə İrəvan arasında danışıqların dondurula biləcəyini düşünürdü. Amma göründüyü kimi, bu olmadı - son görüşdə heç bir irəliləyişin baş vermədiyi kimi.

Ermənistanın vasitəçilərin ləng fəaliyyəti  ilə müşayiət olunan destruktiv mövqeyi danışıqlarda irəliləyişə nail olmağa imkan vermir. BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən 4 qətnaməsi, həmçinin digər beynəlxalq qurumların çoxlu sayda sənədləri var. Odur ki, əsas konstruktivlik apriori Ermənistanın işğaldan qeyd-şərtsiz imtinası sayılmalıdır. Təcavüzkarı bu konstruktivliyə meyilləndirmək və bununla da nizamlanma prosesinin irəli aparılmasına kömək etmək isə vasitəçilərin vəzifəsidir. Onlar isə bunun əvəzində təcavüzkarla zərərçəkən tərəfi eyniləşdirməyə çalışır.

Bundan başqa, ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlər Ermənistan prezidenti Serj Sarqsyanın beynəlxalq hüquqa zidd olaraq Azərbaycanın işğal olunmuş ərazilərində keçirilən irimiqyaslı hərbi təlimlərdə iştirakını da tam sakit şəkildə izləyib. Üstəlik bu, iki ölkənin XİN başçılarının görüşü ərəfəsində və bilavasitə ATƏT-in təmsas xəttində monitorinq keçirdiyi günlərdə baş verib. Məhz bu təlimlərdən sonra isə nəinki Azərbaycana, həm də onun transmilli layihələrdəki tərəfdaşlarına, eyni zamanda vasitəçi ölkələrə qarşı da  hədələr səsləndirilir.

"Hərbi əməliyyatlar başlanacağı təqdirdə Ermənistan Azərbaycanın neft-qaz infrastrukturuna zərbələr endirmək iqtidarındadır. Yenicə başa çatmış təlimlərdə məhz bu ssenari üzərində işlənilib", - deyə Ermənistan silahlı qüvvələri baş qərargahının operativ idarəsinin rəisi, general-mayor Artak Davtyan təlimlərin yekununa dair keçirilən mətbuat konfransında bu barədə bildirib.

Əlbəttə, Azərbaycan Ermənistan tərəfindən gələ biləcək mümkün təhlükələrdən təkbaşına müdafiə olunmaq iqtidarındadır və Bakının İrəvandan iqtisadi və hərbi cəhətdən dəfələrlə üstün olduğunu bir daha xatırlatmaq artıq olardı. Görəsən, həqiqətənmi Ermənistanda İrəvanın dünyanın məşhur şirkətlərinin istismar etdiyi obyektlərə hücum edə biləcəyinə, bununla da nəhəng dövlətlərin maraqlarına toxunacağına inanan generallar var? Belə bəyanatların ilk növbədə daxili auditoriya üçün nəzərdə tutulduğuna heç bir şübhə yoxdur. Bu gün Ermənistan rəhbərliyinin bu təbliğata həmişəkindən qat-qat çox ehtiyacı var.

Ermənistan növbəti prezident seçkisinin bir addımlığındadır və Serj Sarqsyan imicini yüksəltmək üçün ən müxtəlif variantlara əl atır. Amma o, bunu daha çox Ermənistan reallığında onsuz da o qədər çox şey həll etməyən sadə vətəndaşlar qarşısında etməyə çalışmır. Hazırda vacib olanı Azərbaycanın ünvanına silahla hədə-qorxu gəlməyə aludə olmuş və Ermənistanda hakimiyyəti dövründə xeyli varlanmış cinayətkar Qarabağ klanının dəstəyini qazanmaqdır.  S. Sarqsyan onu dəstəkləyənlərə hakimiyyətdə möhkəmlənərək qala biləcəyinə zəmanət verməlidir. Bu isə böyük ölçüdə Qarabağdakı hazırkı status-kvonun uğurla uzadılmasından və bununla bağlı xarici siyasətdən asılıdır. Məhz bu üzdən hazırda erməni diplomatiyası strateji və uzunmüddətli mənfəətə yox, bir anlıq dividendlərə üstünlük verir. Çünki seçkiöncəsi xalqa məhz onları xarici siyasətdəki uğur kimi qələmə vermək olar.

Bu konteksdə erməni siyasətçilər və analitiklər Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın Latın Amerikası, Afrika və Okeaniya ölkələrinə turnesinə diqqət çəkir. "Xarici işlər nazirinin səfər coğrafiyası ətrafımızda baş verənlərə tam ziddir", - deyə Ermənistanın sabiq XİN başçısı Vardan Oskanyan bildirir: "Azərbaycanlılar macarlarla Səfərovun ekstradisiyasına hazırlığı başa vuran zaman xarici işlər naziri Yeni Zelandiyada, bu yaxınlarımızda regionumuzda səs-küylü hadisələr yaşanan zaman isə Afrikada idi. İndi isə Latın Amerikasındadır".

Amma Nalbandyan da sakit oturmur - erməni diplomatiyası  S. Sarqsyanın seçkiqabağı daxılına atmağa nəsə tapır. Jurnalımız çapa hazırlanan zaman Ermənistan KİV-də guya Avstraliyanın Yeni Cənubi Uels ştatının Dağlıq Qarabağın müstəqilliyini tanıdığına dair xəbər geniş surətdə yayılırdı. "Kimin bu fakta necə yanaşmasından asılı olmayaraq, bu, səhv, hətta absurddur", - "Regnum" agentliyinin məlumatına görə, qafqazşünas ekspert Andrey Yepifantsev məsələyə öz münasibətini  bildirərkən belə deyib. Onun sözlərinə görə, müasir dövlətçilik və beynəlxalq hüquq sistemində subyektin müstəqilliyi hər hansı dövlətin subyekti tərəfindən yox, yalnız tam dövlət tərəfindən tanına bilər. Avstraliyanın ştatı da Uruqvay kimi, belə bir qətnamə qəbul etməyib. "Asanlıqla əmin olmaq olar ki, Avstraliya ştatının qətnaməsi Dağlıq Qarabağın suverenliyinin tanınması aktı deyil", - deyə Yeni Cənubi Uels ştatına məxsus parlamentin elektron saytına istinad edən rusiyalı ekspert bildirir.

Sidneydə qəbul edilmiş sənəddə sadəcə deyilir ki, ştat rəhbərliyi bütün xalqların öz müqəddəratını təyinetmə hüququnu tanıyır və Avstraliya hökumətini Dağlıq Qarabağın müstəqilliyini tanımağa çağırır.

Əlbəttə ki, biz Ermənistan hökumətinə öz xalqını aldatmaq, arzularını reallıq kimi təqdim etmək ənənəsini tərgitdirmək niyyətindən uzağıq. Amma Andrey Yepifantsevin dediyi kimi, "xəyallara əsaslanan həyat şirin olsa da, faydasızdır. Gəlin reallığa qayıdaq".


MƏSLƏHƏT GÖR:

498