
“HEÇ KİMƏ GÜZƏŞT OLUNMAYACAQ”
Cüdo üzrə Azərbaycan yığmasının yeni baş məşqçisi Peter Zayzenbaher komandanın səviyyəsini necə yüksəldəcəyini «R+»a danışdı
Müəllif: Sənan ŞƏFİZADƏ Bakı
London Yay Olimpiya Oyunlarında uğursuz çıxış edən cüdo üzrə milli komandada dəyişiklik mütləq olmalı idi. Sadəcə planetin ən mötəbər yarışında medal qazana bilməyən yığmamızda hansı dəyişiklik olacağı sual doğururdu. Gözlənildiyi kimi, dəyişikliklər baş məşqçidən başladı. Azərbaycan Cüdo Federasiyası 19 il yığmaya başçılıq edən Ağayar Axundzadə ilə müqaviləni artırmadı və komanda növbəti 4 il müddətinə Avstriyadan olan mütəxəssis Peter Zayzenbaherə tapşırıldı.
Əslində, Ağayar Axundzadənin istefaya göndərilməsi barədə hələ Pekin Olimpiadası ərəfəsində danışılırdı. O zaman olimpiadada Elnur Məmmədlinin qızıl, Mövlud Mirəliyevin bürünc medal qazanması Federasiyanı qərarını dəyişməyə məcbur etdi. Təcrübəli Axundzadənin cüdomuzun inkişafında böyük işlər gördüyü danılmazdır. Məhz onun rəhbərliyi altında idman tarixində rekord sayda - 8 cüdoçumuzun olimpiadada iştirak etdiyini vurğulamalıyıq. Özü də Axundzadənin komandasında legioner olmayıb. Lakin hər bir komandada müəyyən zamandan sonra dəyişikliyə ehtiyac var. Bu mənada federasiyanın qərarını başa düşmək olar.
Ağayar Axundzadənin əsas problemi kimi isə millidə intizamın aşağı olmasını göstərmək lazımdır. Sirr deyil ki, azərbaycanlı məşqçilər titullu yetirmələrinə qarşı sərt davrana bilmir. Nəticədə idman rejimi pozulur və titullu idmançı mötəbər yarışlarda medal qazana bilmir.
Digər tərəfdən legioner məşqçinin gətirilməsi də böyük riskdir. Yaxınlarda boks üzrə millimiz kubalı məşqçiyə tapşırıldı. Nəticədə kubalıların Azərbaycanda işi 6 ay davam etdi. Onlar heç bir nəticə əldə edə bilməyərək istefaya göndərildi. Adətən əcnəbi məşqçilər tez bir zamanda uğur əldə etmək üçün milliləşdirmə yolunu tutur. Güclü legionerlər dəvət etməklə komandanı gücləndirir. Amma indidən Zayzenbaherlər bağlı fikir bildirmək düz olmaz. Yeni baş məşqçinin dönəmində nələr olacağını zaman göstərəcək.
Peter Zayzenbaherlə dörd il müddətinə bağlanan müqaviləyə əsasən, o, cüdo üzrə Azərbaycan milli komandasını 2016-cı ildə Rio de Janeyroda keçiriləcək olimpiya oyunlarına hazırlayacaq. Zayzenbaher Azərbaycanın kişilərdən komandasının gücləndirilməsi ilə yanaşı, yeniyetmə və gənclərdən milli yığmaların formalaşdırılmasına da cavabdehlik daşıyacaq. Eyni zamanda, Zayzenbaher qadın cüdo məktəbinin inkişaf etdirilməsi, peşəkar məşqçi və hakim heyətinin hazırlanması prosesinin təkmilləşdirilməsi sahəsində də fəaliyyət göstərəcək. Avstriyalı məşhur cüdoçu ölkənin müxtəlif regionlarından istedadlı yeniyetmə və gəncləri seçərək, onların peşəkar idmançı kimi yetişdirilməsi, həmçinin respublikada cüdo idman növünün kütləvi xarakter alması üçün görülən işlərdə də iştirak edəcək. 52 yaşlı mütəxəssis idmançı karyerasında dünya, Avropa və 2 dəfə olimpiya çempionu olub. Məşqçi kimi son iş yeri Gürcüstan millisi olub. Zayzenbaherin rəhbərlik etdiyi Gürcüstan millisi London Olimpiadasında 1 qızıl medal qazanıb.
Cüdo üzrə millimizin yeni baş məşqçisiylə İsmayıllıda görüşdük. Azərbaycan Cüdo Federasiyası orada milli üçün baza rolunu oynayacaq yeni idman mərkəzinin inşasını planlaşdırır. Cüdo mərkəzinin təməlqoyma mərasimində iştirak edən Zayzenbaher mərasimdən sonra suallarımıza cavab verməyə razılaşdı.
- Azərbaycana xoş gəlmisiniz. Özünüzü yeni vəzifədə necə hiss edirsiniz?
- Artıq Azərbaycan millisinin baş məşqçisiyəm. Bu vəzifə mənə özgə deyil. Son illər Gürcüstan komandasında işləmişəm. İndi isə həmin işi burada yerinə yetirəcəm. Cüdonun inkişafına kompleksli yanaşmaq lazımdır. Yəni yeniyetmələrdan başlayaraq əsas komandaya qədər bütün idmançıların çıxışını nəzarətdə saxlayacam.
- Belə olan halda sizə köməkçilər lazım olacaq. Artıq kiminlə işləyəcəyini dəqiqləşdirmisiniz?
- Bu barədə danışmaq hələ tezdi. Hazırda mən idmançılarla tanış olmalıyam. Daha sonra məşqçilər barədə düşünəcəm. İlk olaraq Azərbaycan məşqçiləriylə tanış olacam. Onların bilikləri məni qane etsə yerli məşqçilərlə çalışacam. Azərbaycanlı mütəxəssislərlə işləməyi çox istərdim.
- Azərbaycan idmanı haqda məlumatınız varmı?
- Azərbaycanda idman yüksək sürətlə inkişaf edir. Bu inkişafın əsasında dövlətin idmana və idmançılara diqqət va qayğısı dayanır. Ölkənizdə çoxlu sayda mötəbər yarışların keçirildiyini bilirəm. Ən böyük maraq olimpiya idman növlərinədi.
- Yəqin, cüdoçularımızın çıxışını izləmisiniz?
- Dediyim kimi, son illər Gürcüstan millisinin baş məşqçisi olmuşam. Gürcüstanla Azərbaycan qonşu ölkələr olduğu üçün idmançılarınızın nailiyyətlərindən xəbərim var. Müxtəlif turnirlərdə görüşmüşük. Azərbaycan millisi böyük potensiala malikdir. Qarşıdakı günlərdə idmançılar haqda daha geniş məlumat toplayacam.
- Maraqlıdır, Azərbaycan Cüdo Federasiyasına müqavilə üçün hansı tələbləri irəli sürmüsüniz?
-Bu barədə danışmaq istəməzdim. Sadəcə millinin bazasının olmasını istəmişdim. Federasiya rəhbərliyi də yaxın illərdə bazanın inşasına başlayacağını bildirdi. Mən 4 illik plan üzrə işləyəcəm. Hazırda idmançılar və infrastruktur barədə məlumat toplayıram. Sonra hazırlıq planını müzakirə edəcəyik.
- Millinin heyətində dəyişiklik gözlənilirmi?
- Oktyabrın 30-da Azərbaycan çempionatı keçiriləcək. Federasiyadan bütün idmançıların həmin yarışda çıxış etməsinə şərait yaratmasını xahiş etmişəm. Orada perspektivli gənclərə diqqət edəcəyik. Milli səviyyəsində olan idmançılar təlim- məşqə dəvət olunacaq. Istərdim yığmada yeni adlar olsun. Rəqabət olmalıdı. Əgər rəqabət yoxdursa deməli inkişaf olmayacaq. Hər bir idmançı bilməlidir ki, zəif hazırlaşsa onun yerinə yarışa başqa idmançı yollana bilər. Bu halda millinin səviyyəsini yüksəltmək olar. Bütün cüdoçular ölkə çempionatında iştirak etsə hamının bacarığını görmüş olarıq.
- Yəni soruşmaq istərdim, titullu idmançılara güzəşt olacaqmı?
- Heç kimə güzəşt olmayacaq. İdmanda güzəşt olmur. Məgər yarış zamanı rəqib güzəşt edir. Hər bir idmançı titullundan asılı olmayaraq yarışa hazır olmalıdı. Mənim üçün titullar vacib deyil. Yarışa yalnız hazır idmançılar yollanacaq.
- Azərbaycan millisi London olimpiadasında medal qazana bilmədi. Sizcə problem nə ilə bağlı idi?
- Bu suala cavab verə bilməyəcəm. O vaxt Azərbaycan millisində işləmirdim. Ona görə şərh vermək istəməzdim. Komandaya indi təyin olunmuşam. Məni maraqlandıran bundan sonrakı dövrdür. Azərbaycan cüdoçularının uğur qazanması üçün əlimdən gələni edəcəm.
MƏSLƏHƏT GÖR: