
"ƏBƏDİ MAHNININ NOTLARI ARASINDA PAUZA"
Ərdoğan türkiyənin hakim partiyasının rəhbəri postunda yoluna davam edir
Müəllif: Vəfa HÜSEYNQIZI Bakı
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan üçüncü - sonuncu dəfə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (ƏİP) sədri seçilib. Ona görə sonuncu ki partiyanın nizamnaməsi üzvlərinə partiyada ranqından asılı olmayaraq, hər hansı posta üç dəfədən artıq seçilməyə icazə vermir. Ərdoğanın həyat yolu və siyasi karyerası seçilmiş hədəflərə, tərəfdarları arasında ciddi dəstəyə, rəqiblərinin isə sərt müqavimətinə səbəb olan siyasi ideyaların reallaşdırılmasına meyli özündə əks etdirir. Bəlkə də Türkiyənin Baş naziri və onun yaratdığı liberal islamçı yönümlü partiya tarixində 4 hərbi çevrilişin olduğu ölkədə hakimiyyətini məhz bu səbəbdən əldə saxlaya və möhkəmləndirə bilib.
Doğrudur, onun sələfi də ümumi baxdıqda islamçı olub. Söhbət 1997-1998-ci illərdə Türkiyənin baş naziri postunu tutmuş Nəcməddin Ərbəkandan gedir. Amma türkiyəli analitiklərin fikrincə, o, ciddi strateji səhvə yol verdi - Ərbəkan ölkənin əsas hakimiyyəti olan hərbçilərin gücünü və cəmiyyətin əksər hissəsinin əqidəsinin dünyəvi xarakterli olduğunu nəzərə almamışdı. Məhz bu səbəbdən o, cəmi bir il sonra hakimiyyəti itirməli oldu. 2002-ci ildə Ərdoğanın rəhbərlik etdiyi ƏİP seçkidə qələbə qazanan zaman əksər ekspertlər eyni səbəbdən onun da hakimiyyətdə möhkəmlənəcəyinə şübhə edirdilər. Amma onlar bu zaman bir vacib məqamı nəzərə almamışdılar - Ərdoğanın partiyası böyük üstünlüklə qələbə qazanmış və son 16 ildə ilk dəfə təkpartiyalı hökumət formalaşdırmaq hüququ qazanmışdı. O zaman Türkiyənin iqtisadi və siyasi həyatında çətin dövr yaşanırdı. Həmin dövrün əsas partiyaları olan "Doğru Yol" və "Ana Vətən" arasında bitmək bilməyən barışmaz mübarizə, inflyasiya, bank və maliyyə böhranı, "kürd məsələsi", ölkənin beynəlxalq arenada nüfuzunu itirməsi o dövrün mənzərəsi idi. Bəs ƏİP-in Türkiyəyə onillik rəhbərliyi, Rəcəb Tayyib Ərdoğanın Baş nazirliyi ölkəyə nə verdi?
İqtisadiyyat
2002-ci ildə start verilmiş qənaətcil maliyyə siyasəti və nəhəng struktur islahatları ilə birgə tətbiq olunan doğru makroiqtisadi strategiya Türkiyəni nəinki böhrandan çıxardı, onu dayanıqlı inkişaf edən iqtisadiyyata malik ölkəyə çevirdi. İndi Türkiyə dünyanın ən nəhəng iqtisadiyyatları arasında 16-cı, Aİ ölkələrilə müqayisədə isə 5-ci pillədədir.
Əksər ekspert və analitkilərin diqqətdənkənar qoyduğu daha bir məqamı qeyd edək. Azərbaycanla iqtisadi əməkdaşlığın genişləndirilməsi hesabına Türkiyə bir sıra qlobal əhəmiyyətli layihələr də həyata keçirdi, bundan iqtisadiyyatının güclənməsi üçün ciddi dividentlər götürdü, öz enerji təhlükəsizliyini təmin etdi, hazırda bütün Avropanı bürümüş maliyyə böhranından qaça bildi.
Daxili siyasət
Ölkədə iqtisadi islahatlar artan templərlə gedir və ciddi nəticələr verirsə, deməli ƏİP-in siyasi islahatları heç də asan baş tutmayıb. Ərdoğan hakimiyyətə gəldikdən bir qədər sonra onun partiyası və hökumət Türkiyə Respublikasının dünyəvi əsaslarına açıq təhlükə kimi qəbul olunmağa başlamışdı. Ordu və hərbi elita ƏİP-in Türkiyənin maraqlarına uyğun fəaliyyət göstərdiyinə, ölkəni islam respublikasına çevirmək planları qurmadığına kifayət qədər şübhə ortaya qoyurdu. Halbuki, Rəcəb Tayyib Ərdoğan hökumət başçısı kimi fəaliyyətə başladığı ilk günlərdən müasir dövlətçiliyin əsasını təşkil edən dünyavilik prinsiplərindən uzaqlaşmaq niyyətində olmadığını dəfələrlə bəyan etmişdi.
Bu şəraitdə hakim partiya və onun liderləri qarşısında bir tərəfdən hakimiyyətə sahib olmaq hüququ, daha geniş mənada isə, indi və gələcəkdə siyasətdə qalmaq haqqını ortaya qoymaq kimi çətin vəzifə dururdu. ƏİP-də yaxşı anlayırdılar ki, əldə edilmiş hakimiyyətin legitimliyilə bağlı məsələni gündəmdən bir dəfəlik çıxarmaq üçün sosial sahədə konkret uğurların əldə edilməsi və qanunun, həmçinin "xalqın iradəsi"nin (və deməli, seçki vasitəsilə hakimiyyətə gəlmiş qüvvələrin legitimliyinin) birbaşa xalqın iradəsi ilə formalaşdırılmamış institutlar (ordu, dövlət apparatı və s.) üzərində üstünlüyü tezisinin möhkəmlənməsi vacibdir. Son bir neçə ildə generalların qalmaqallı ifşası ilə yadda qalması heç də təsadüf deyil. Bu, Türkiyədə ənənəvi olaraq böyük nüfuz sahibi olan, ictimaiyyətin inandığı ordunun daxili siyasi nüfuzuna ciddi zərbə vurdu. Ordu ilə Ərdoğan hökumətinin qarşıdurmasında hüquqi müstəvidə hökumətin əsas uğurlarından biri hərbçilərin mülki məhkəmələr qarşısında hüquqi və inzibati məsuliyyət daşımasına nail olunmasıdır. 2008-ci ildə hökumət əleyhinə fəaliyyətdə təqsirləndirilən yüksək rütbəli məmurların həbsi, bir müddət sonra isə ikinci və daha ciddi həbs dalğası başlandıqda Baş Qərargahın "özününkülər" in tərəfini tutmaması məşhur türkiyəli siyasi şərhçi Əli Birandın da dediyi kimi, "əvvəlki dövrün daha arxada qaldığını" tam aydın göstərdi. Bununla yanaşı, bir sıra türkiyəli analitiklər hesab edir ki, yüksək rütbəli hərbçilərin həbsi Türkiyə ordusunun döyüş qabiliyyətinə mənfi təsir göstərib və bu, terrorçulara qarşı keçirilən son əməliyyatlarda da özünü büruzə verir.
Xarici siyasət
Türkiyənin hazırkı hökumətinin xarici siyasi təşəbbüsləri heç də həmişə uğurla nəticələnməyib. Ərdoğan hökumətinin ölkədə rəhbərliyə başladığı ilk dövrlərdəcə "qərbpərəst siyasət" əsas istiqamət kimi götürülüb və Avropa İttifaqına üzvlük prioritet elan olunub. 2000-ci illərin əvvəllərində Türkiyə ictimaiyyəti arasında Aİ-yə züvlük məsələsi çox populyar idi. Ankara birliyə üzvlüklə bağlı ərizəni çoxdan yazsa da, Ankara-Brüssel danışıqlarına yalnız 2005-ci ildə başlanılıb. Amma danışıqlar elə başlayan kimi də dalana dirənib. Avropada Türkiyənin birliyə qəbulu heç də hamının ürəyincə deyil. Onun əleyhdarları arasında əsas oyunçular isə Fransa ilə Almaniyadır. Artıq qeyd etdiyimiz kimi, hazırda Türkiyənin iqtisadi və siyasi vəziyyəti kifayət qədər yüksək və sabit vəziyyətdədir. Bu isə Aİ-nin layiqli üzvü olmaq üçün vacib şərtdir. Amma hər şeyə Avorpa İttifaqının bəzi üzvlərinin tələbləri mane olur, Ankara isə onları qəbuledilməz sayır. Bu məsələlər arasında Kiprin Türkiyə Respublikasına münasibəti, "erməni soyqırımı"nın tanınması, "kürd məsələsi" və nəhəng müsəlman ölkəsi qarşısında aşkar qorxu var. Bununla yanaşı, son illər Ankaranın özünün bu sahədə fəallığı xeyli azalıb. Türkiyə əvvəlkitək Aİ-yə üzv olmaq üçün səylərin davam etdiriləcəyini bildirsə də, avrozonadakı borc və maliyyə böhranı, bununla əlaqədar birliyin daxilində baş qaldırmış fikir ayrılıqları Türkiyə cəmiyyəti üçün bu ideyanın cəlbediciliyini azaldıb. Bu baxımdan Ərdoğanın partiyasının son qurultayında Aİ ilə əməkdaşlıq və ya Türkiyənin Avropa ailəsinə inteqrasiyası haqda heç nə danışmaması, yalnız Avropanın islama qarşı yürütdüyü siyasəti tənqid etməklə kifayətlənməsi yetərincə maraqlıdır.
Bu gün Ankaranın xarici siyasi təşəbbüslərində əsas hədəf açıq-aydın hiss olunur - regionun liderinə çevrilmək. Türkiyə "ərəb baharı"nın yaşandığı ölkələrdə, demək olar ki, dərhal xalqın tərəfini tutdu. Bütünlükdə Yaxın Şərqə münasibətdə o, siyasi, diplomatik, iqtisadi, hətta mənəvi rol oynamağa çalışır. Əksər ekspertlər artıq açıq şəkildə "neoosmanizm" terminindən istifadə edir. Tanınmış analitik Coşua Voker nüfuzlu Foreign Polisy jurnalında yazır ki, Osmanlı İmperiyasının süqutundan sonra artıq XXI əsrdə Türkiyə yenidən Yaxın Şərqə qayıtmağa və regional fövqəldövlətə çevrilməyə çalışır. Ərdoğan isə deyilənləri təkzib edir: "Bizim regionda qardaşlıq və qarşılıqlı əməkdaşlıqdan başqa heç bir niyyətimiz yoxdur".
İstənilən hşalda, Türkiyə hökumətinin "qonşularla sıfır problem" siyasəti realda gözlənilən nəticəni vermədi. Bu yaxınlaradək strateji müttəfiq olan Türkiyə ilə İsrail arasında açıq qarşıdurma yaşanır, İranla əsas regional məsələlərdə fikir ayrılıqları var.
Türkiyə ilə Ermənistan arasında Sürix protokollarının imzalanmasına aparıb çıxarmış "futbol diplomatiyası" da apriori iflasa uğrayıb. Türkiyə hökumətinin bu addımı ona qarşı həm qardaş Azərbaycanda, həm də Türkiyə cəmiyyətinin özündə ciddi inamsızlıq yaratmışdı. Vəziyyət yalnız Ankaranın Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətindən, həmçinin Türkiyəyə qarşı iddialarından əl çəkməyəcəyi təqdirdə məsələnin protokollardan o tərəfə keçməyəcəyini bəyan etməsindən sonra düzəldi. "Biz heç zaman Azərbaycanın mili maraqlarına zidd addım atmayacağıq. Azərbaycan ərazilərinin işğalına son qoyulmadan münasibətlərin normallaşdırılması mümkün deyil", - deyə Ərdoğan Bakıdakı çıxışında bildirmişdi.
Bununla yanaşı, Türkiyə hökumətinin opponentləri Ərdoğan hakimiyyətini xarici siyasətdə ardıcıllığın olmamasında, müstəqil kursdan imtinada günahlandırır, radikal müxalifət isə ƏİP-i hətta ABŞ-ın regiondakı əlaltısı adlandırır.
İstənilən halda, ƏİP-in 4-cü qurultayında Rəcəb Tayyib Ərdoğan ardıcıl olaraq üçüncü dəfə partiyasının sədri seçildi. Hakimiyyətə gətirdiyi və 10 ildir ölkəni onun vasitəsilə idarə etdiyi partiyanın qurultayında çıxış edən Ərdoğan deyib: "Bu, vida yox, fasilə, əbədi mahnının notları arasında pauzadır. Mən əvvəllər də olduğu kimi, partiyanın qarşıya qoyduğu vəzifələr əsasında eyni ruhla xalqın maraqlarına xidmət edəcə-yəm". Ərdoğan qurultayda Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi qeyd olunacaq 2023-cü ilədək partiyasının qarşısında duran vəzifələri açıqlayıb.
MƏSLƏHƏT GÖR: