26 Dekabr 2024

Cümə axşamı, 09:04

ÜMİDLƏNDİRƏN GƏNCLƏR

Azərbaycan pəhləvanları güləş üzrə gənclər arasında Avropa Çempionatında dörd qızıl medal qazanıb

Müəllif:

01.07.2014

Polşanın Katovitse şəhərində güləş üzrə gənclər arasında Avropa Çempionatında Azərbaycan millisi, ümumilikdə, 4 qızıl, 2 gümüş və 2 bürünc medala sahib oldu.

İlk olaraq, çempionatda mübarizəyə başlayan sərbəst güləşçilərimiz 1qızıl və 1 gümüş medal əldə etdi. Nurməhəmməd Hacıyev (84 kq) bütün rəqiblərindən üstün olub və qızıl medal qazandı. Murad Süleymanov (66 kq) isə gümüş medalla kifayətləndi. Yığmamız komanda hesabında 5-ci sırada qərarlaşdı. 

Nurməhəmməd Hacıyevin çıxışı alqışa layiqdir. Qızıl medala gedən yolda rəqib tanımayan pəhləvanımız yüksək texnika və dözümlülük nümayiş etdirdi. Gənc yaşlarından diqqəti özünə cəlb edən Hacıyevin gələcəkdə əsas yığmada təmsil olunacağı şübhəsizdir. Final görüşündə arxayınlaşmayan, əksinə rəqibə qarşı daha əzmkar mübarizə sərgiləyən Nurməhəmməd Hacıyev Qitə Birinciliyində iştirak edən bütün ölkələrin rəğbətini qazandı. Murad Süleymanova gəlincə onun qazandığı gümüş medal finaldakı səhvinin nəticəsi oldu. Həlledici görüşdə daha diqqətli olsaydı, Vətənə qızıl medalla qayıdacaqdı. 

Gənc qızlardan ibarət yığma komandamızın üzvləri çempionatda 1 gümüş və 2 bürünc medal qazanıb. Elmira Qəmbərova (63 kq) yalnız final görüşündə uduzub və gümüş medala sahib olub. Türkan Nəsirova (44 kq) və Raqnetta Qurbanzadə (67 kq) isə bürünc medal qazanıb. Bu nəticə ilə, yığmamız komanda hesabında 5-ci yerdə qərarlaşıb.

Çempionatın son iki günündə mübarizəyə qoşulan yunan-Roma güləşi üzrə yığma komandamızın üzvləri 3 qızıl medal əldə edib. İbrahim Nurullayev (50 kq), Murad Məmmədov (55 kq) və İslam Abbasov (84 kq) bütün rəqiblərindən üstün olub və fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. Ümumilikdə, 45 xal toplayan yığmamız komanda hesabında Rusiya və Gürcüstandan sonra 3-cü olub.

Həmişə olduğu kimi, Avropa Çempionatında ölkəmizi ən yaxşı yunan-Roma güləşçiləri təmsil etdi. Murad Məmmədovla İslam Abbasovdan qızıl medal gözlənildiyi halda İbrahim Nurullayev məşqçiləri yaxşı mənada təəccübləndirdi. Nurullayev finala gedən yolda 3 güclü rəqibini üstələdi və bununla, qızıl medala layiq olduğunu sübut etdi. Rusiya güləşçilərinin qızıl medala qazana bilmədiyi Qitə Birinciliyində yunan-Roma güləşçilərinin 3 dəfə himnimizi səsləndirməsi xüsusilə qeyd olunmalıdır. Məşqçilər korpusunun Avropa Çempionatına düzgün heyət müəyyənləşdirməsi bu baxımdan vacib amil sayıla bilər. Qitə Birinciliyinə tituluna güvənən deyil, yaxşı formada olan idmançıların aparılması sonda nəticədə də özünü göstərdi.  

Çempionatda güləşçilərimizin çıxışını təhlil edən yığma komandanın böyük məşqçisi Şaban Donat, ümumilikdə, nəticədən razı qaldığını bildirib: "Federasiya rəhbərliyi tərəfindən hazırlıq üçün maksimum şərait yaradılıb. Hər bir yarışda çalışırıq ki, bizə göstərilən etimadı ən yüksək səviyyədə doğruldaq. Bu dəfə daha ciddi yarış idi. Avropa Çempionatında zəif rəqiblər olmur. Sevindirici məqam odur ki, ən güclü rəqibimiz olan Rusiya yığması bir qızıl medal belə qazana bilmədi, ancaq bizim 3 qızıl medalımız oldu. Təbii ki, medallarımızın sayı daha çox ola bilərdi. Bəzi güləşçilərimiz öz səhvləri, bəzi güləşçilərimiz isə, hakim ədalətsizliyi ucbatından medalsız qaldı. Qarşıdan Dünya Çempionatı gəlir. Çalışacağıq ki, o yarışda da Azərbaycanın bayrağını yüksəklərdə dalğalandıraq".

Avropa Çempionatını qızıl medalla başa vuran İslam Abbasov yarış haqqında təəssüratlarını bölüşərkən ən gərgin görüşün final qarşılaşması olduğunu deyib: "Finala qədər bütün rəqiblərimi rahatlıqla məğlub etdim. Yarımfinalda yerli idmançı ilə qarşılaşmışdım. Güclü azarkeş dəstəyinə baxmayaraq onu böyük hesabla məğlub etdim. Final görüşüm isə çox gərgin keçdi. Almaniya güləşçisinə xal hesabı ilə qalib gəldim. Çempion olduğum, ölkəmizin bayrağını yüksəltdiyim, himnimizi səsləndirdiyim üçün çox xoşbəxtəm. Çalışacağam ki, qarşıdan gələn Dünya Çempionatında da eyni uğuru təkrarlayım. Hər bir yarışdan əvvəl güclü hazırlıq keçirik. Yaradılan bütün şəraitə görə Federasiyamıza öz təşəkkürümü bildirirəm".

Gənc pəhləvanlarımızın Avropa Çempionatında qazandığı nəticə gələcəyə nikbin baxmağa imkan verir. Gələn il bu komanda Bakıda keçiriləcək Avropa Oyunlarında çıxış etmək imkanı qazana bilər. Üstəlik, qızıl medalçılar tez bir zamanda əsas yığmanın hazırlığa cəlb olunmaq şansı əldə edəcək. Federasiya karyerasını başa vurmaq istəyən güləşçilərin yerinin boş qalacağı üçün narahat olmamalıdır. Gənclərin yığmasında istedadlı pəhləvanların yetişməsi əsas komandada davamlı rəqabətin olacağına kömək edəcək. 

Qeyd edək ki, Avropa Çempionatında iştirak edən komanda 1 həftəlik istirahətdən sonra yenidən məşqlərə başlayacaq. Yığma üzvlərinin avqustda bir sıra beynəlxalq turnirlərdə iştirakı planlaşdırılır. 

 



MƏSLƏHƏT GÖR:

598