Müəllif: Sənan ŞƏFİZADƏ Bakı
Braziliyada futbol üzrə Dünya Çempionatının keçirildiyi bir vaxtda Avropada avrokubokların püşkü atıldı. Fikrimizcə, Azərbaycan azarkeşləri üçün avrokubokların püşkatması mundialın oyunlarından önəmlidir. Çünki Braziliyada biz yoxuq, ancaq avrokuboklarda olacağıq.
Hər zaman olduğu kimi, bu dəfə də azarkeşlər və jurnalistlər klublarımızın, heç olmasa, pley-off mərhələsinə qədər irəliləyəcəyini düşünür. Əksəriyyət püşkdən razı qalsa da, klublarımız ehtiyatlı danışmağa üstünlük verirlər. Bəlkə də, onlar arxayınlaşmaq istəmirlər. Hər halda ötən mövsümün "acı zarafatı" hələ unudulmayıb. Avropa Liqasının qrup mərhələsində oynayan "Neftçi" heyəti və büdcəsinə görə üstələdiyi Albaniyanın "Skenderbeu" klubuna uduzmaqla şok effekti yaratmışdı.
"Qarabağ"
Azərbaycan çempionu "Qarabağ" cari mövsüm Çempionlar Liqasına ikinci təsnifat mərhələsindən qoşulacaq. Rəqib Maltanın "Valletta" klubu olacaq. Sözsüz ki, Ağdam təmsilçisi duelin favoritidir. Baş məşqçi Qurban Qurbanov ehtiyatı əldən verməsə də, "Qarabağ"ın rəqibdən güclü olması hamıya məlumdur. "R+"a açıqlamasında Qurban Qurbanov püşk haqda belə danışıb: "Çempionlar Liqasının bu mərhələlərində ancaq ölkələrinin çempionları çıxış edir. İlkin rəqiblərimiz müəyyənləşən zaman apardığımız araşdırma zamanı gördük ki, hər birinin avrokubok təcrübəsi var. Malta millisində bir neçə futbolçusu çıxış edir. Azərbaycan millisiylə qarşılaşdığı zaman mübarizə aparan, sonadək döyüşən xarakterlərinin olduğunu görmüşdük. Heç kim indidən deyə bilməz ki, biz mərhələni keçmişik. İlk oyuna qədər yetərincə vaxtımız var. Çalışacağıq ki, rəqib haqqında məlumat toplayaq. İstənilən rəqibə hörmətlə yanaşırıq. Futbol artıq elə bir dönəmə gəlib ki, zəif-güclü anlayışı yoxdur. Biz hər zaman meydana qələbə üçün çıxırıq. Amma rəqibə hörmətlə yanaşmalı və ciddi hazırlaşmalıyıq."
"Qarabağ"ın rəqibi Maltanın "Valletta" klubunun əsası 1943-cü ildə qoyulub. Komanda ev oyunlarını 18 min tamaşaçı tutumuna malik "Ta'Qali" stadionunda keçirir. "Valletta" 3 klubun - "Valletta Prestons", "Valletta Sent-Pouls" və II Dünya müharibəsindən əvvəl 2 dəfə ölkə çempionu olan "Valletta Yunayted" komandalarının birləşməsi nəticəsində formalaşıb. Komandanın ölkə çempionatında böyük uğuru nəzərə çarpır. Tarixi ərzində 22 dəfə ölkə çempionluğu yaşayan klubu hazırda Cilbet Aqius çalışdırır. Ölkə kubokunu 13 dəfə qazanan "Qarabağ"ın rəqibi 10 dəfə superkuboka sahib çıxıb. Komanda Avropada ən yaxşı halda ikinci təsnifat mərhələsinə qədər irəliləyə bilib. "Valletta" həm Çempionlar Liqası, həm də Avroliqada II təsnifat mərhələsində mübarizəni dayandırıb. Ötən mövsüm Avroliqada mübarizə aparan klub Belarus "Minsk"inə məğlub olub (1:1, 0:2). "Valletta" və "Qarabağ" komandaları arasında ilk oyun 15-16 iyul tarixlərində Maltada, cavab qarşılaşması isə bir həftə sonra Bakıda keçiriləcək.
Azərbaycan millisinin sabiq futbolçusu, 15 yaşlılardan ibarət yığmanın baş məşqçisi Aslan Kərimov hesab edir ki, "Valletta" "Qarabağ"a ciddi müqavimət göstərə bilər.
"Valletta"nın adını eşitmişəm və bilirəm ki, Maltanın daim avrokuboklara çıxış edən klubudur. Səhv etmirəmsə, Maltanın öndə gedən klubudur və "flaqman"ı sayılır. Hətta bir ara Malta millisinin bütün futbolçuları həmin komandada cəmlənmişdi. Həm də milli baxımından bu komandaya daha çox diqqət yetirirdilər. Buna görə də hesab edirəm ki, zəif komanda deyil. "Qarabağ"a əməlli-başlı müqavimət göstərəcək. Amma "Qarabağ"ın heyətini bildiyimə görə deyim ki, Ağdam təmsilçisi üstün olacaq. Təmsilçimizin şanslarını yüksək dəyərləndirirəm", - deyə A.Kərimov "R+"a bildirib.
"Qəbələ"
Tarixində ilk dəfə avrokuboklarda iştirak edəcək "Qəbələ"dən uğur gözləmək çətindir. Azərbaycan Kubokunun finalçısı ölkəmizi Avropa Liqasının ilk təsnifat mərhələsində təmsil edəcək. Komandanın əsas problemi baş məşqçi dəyişikliyi və heyətin əksər üzvlərinin klubdan göndərilməsidir. Yuri Syominin gedişindən sonra "Qəbələ" rumın Daniel Muntyanuya tapşırılsa da yeni məşqçidən tez bir zamanda uğur gözləmək ağılsızlıq olar. İbrahim Niasse və Daniel Subotiç kimi futbolçularla yollarını ayıran Qəbələ şəhərinin təmsilçisi millinin müdafiəçisi Ruslan Abışovla gücləndi. "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov komandasının ilk mərhələni keçəcəyinə inandığını deyib: "Yeni baş məşqçimizlə söhbətimiz oldu. Muntyanu bildirdi ki, komandamız oyuna qədər hazır olacaq. Biz onlardan zəif deyilik. Öz oyunumuzu göstərməklə ilk mərhələni keçə bilərik. Futbolçularımıza inamımız böyükdür."
"Qəbələ"nin ilk mərhələdə rəqibi Bosniya və Herseqovinanın "Şiroki Briyeq" komandası olacaq. Şiroki Briyeq şəhərini təmsil edən komanda 1948-ci ildə yaradılıb. Ev oyunlarını "Pekara" stadionunda keçirən klub göy və ağ rəngli formalardan istifadə edir. Stadion 8 min tamaşaçı tutumuna malikdir. Əsasən yerli futbolçulardan ibarət olan komandanı Slaven Musa çalışdırır. Tarixi ərzində iki dəfə ölkə çempionluğu sevinci yaşayan (2003/2004, 2005/2006) "Şiroki Briyeq" klubu iki dəfə də ölkə kubokuna (2007, 2013) sahib çıxıb.
Bosniya və Herseqovina təmsilçisi daha öncə avrokuboklarda Azərbaycanın "Neftçi" klubu ilə qarşılaşıb. 2004/2005 mövsümündə Çempionlar Liqasının I təsnifat mərhələsində "Neftçi" ilə üz-üzə gələn komanda (2:1, 0:1) iki oyunun nəticəsinə görə mübarizəni dayandırıb.
A.Kərimovun fikrincə, "Qəbələ"nin cıxışı yeni baş məşqçidən asılıdır: "Hansı futbolçularla, hansı oyun üslubunda oynayacağı hələ məlum deyil. Oyun üslubunu qısa müddətdə komandaya aşılaya biləcəyi də sual altındadır. Bu, vaxt alan məsələdir. Mənim fikrimcə, qısa müddətdə bir az çətinliklər olacaq. Hələ bilinmir ki, taktiki cəhətdən sistem dəyişikliyi olacaq, ya yox. Olacaqsa, sözsüz ki, çətinlik yaranacaq. Belə olan halda "Qəbələ"nin qələbə qazanmaq şansları azalacaq. Onu da nəzərə almaq lazımdır ki, "Qəbələ" avrokuboklara ilk dəfədir qatılır. Bu da onlara çətinlik yarada bilər".
"İnter"
Kaxaber Sxadadzenin başçılıq etdiyi "İnter" Moldovanın "Tiraspol" klubu ilə üz-üzə gələcək. "Tiraspol"un Avropada ciddi uğuru olmasa da, unutmayaq ki, Moldova klubları həmişə azərbaycanlılar üçün sədd olublar. Bu dəfə hadisələrin necə inkişaf edəcəyini zaman göstərəcək. "İnter"in prezidenti Georgi Nikolov "R+"a açıqlamasında komandasının ilk mərhələni keçməyə məcbur olduğunu söyləyib: "Gəlin, real danışaq. Komandam ən azı iki mərhələ keçməlidir. Amma bunu bacaracayıqmı? Rəqib zəif deyil. Moldova klubları hər zaman Azərbaycan təmsilçiləri üçün problem yaradıb. Ona görə ehtiyatlı olmaq gərəkdir. İlk oyuna qədər hücumçu problemi həll olunmalıdır."
"İnter"in rəqibi barədə danışarkən onu deməliyik ki, 1992-ci ildə yaradılıb. Ancaq komanda əvvəl paytaxt Kişinyovu "Konstruktorul" adı ilə təmsil edib. Bu klub bu adla 1996 və 2000-ci illərdə Moldova Kubokunu qazanıb. 2001-ci ilin iyulunda klub Kişinyovdan Çobruçiyə, bir il sonra isə Tiraspola köçüb. Məhz 2002-ci ildən bu komandaya təmsil etdiyi şəhərin adı verilib. 1996-cı ildə yeganə ölkə çempionluğunu da qazanan klub Moldovanı tarixində ilk dəfə Çempionlar Liqasında təmsil edib. Ancaq Belarusun "Slaviya" klubunu ümumi hesabda keçmək mümkün olmayıb - 3:4. 2006-cı ildə bürünc mükafatçı kimi "İntertoto" Kubokunda "MKT-Araz" və "Lex"i keçən "Tiraspol"u Avstriyanın "Rid" klubu dayandırıb.
Komanda 2013-cü ildə 3-cü Moldova Kubokunu baş məşqçi Vlad Qoyanın rəhbərliyi altında qazanıb. Moldova təmsilçisində çoxlu sayda legionerlər çıxış edirlər. Bunlar ispaniyalı Erik Barroso, bolqarıstanlılar - Dimitar Petkov, Georgi Karaneyçev, Georgi Georgiyev, ukraynalılar - Yevgeni Zariçnyuk, Sergey Şapoval, rumıniyalılar - Boqdan Hauşi və sair.
Ötən mövsüm 2-ci dəfə gümüş medalları qazanan "Tiraspol" ev oyunlarını təmsil etdiyi şəhərin digər komandası olan "Şerif"in stadionunda keçirir. Bu stadion 13 min 300 tamaşaçı tutumuna malikdir.
"Neftçİ"
Azərbaycan Kubokunun qalibi kimi Avropa Liqasına ikinci təsnifat mərhələsindən başlayacaq "Neftçi" gözləmə mövqeyində olacaq. Böyükağa Hacıyevin komandası "Koper" (Sloveniya) - "Çelik" (Monteneqro) cütünün qalibi ilə üz-üzə gələcək. "Neftçi"nin rəqibinin hansı komanda olacağı iyulun 10-da müəyyənləşəcək. Amma rəqibin kimliyinin Böyükağa Hacıyev üçün heç bir əhəmiyyəti yoxdur: "Bu, püşkatmadır, Allahın qismətidir. Yəni buna biz heç bir narazılıq edə bilmərik. Komandalardan hansının bizə rəqib olacağını hələ dəqiq bilmirik. Buna iyulun 10-da aydınlıq gələcək. Şəxsən özüm ya iyulun 3-də, ya da 10-da Sloveniya və ya Çernoqoriyada keçiriləcək görüşlərdən birini izləməyə, oyuna əyani baxmağa hazırlaşıram. İzləyəcəyim görüşdən sonra komandalar haqda tam təsəvvürüm olacaq. Məhz, bundan sonra fikir yürütmək mümkündür. Kimin bizə düşməsinin fərqi yoxdur. Biz yenə oyuna yüksək əhvali-ruhiyyədə, qələbə əzmi və mərhələ keçmək istəyi ilə çıxacağıq. Açıq deyim, bu gün bizim az da olsa, rəqibdən nə qorxacaq, nə də çəkinəcək yerimiz var. Hər şeydən əvvəl özümüzü fikirləşməli, komandanı oyunlara düzgün hazırlamalıyıq. Bu yöndə də artıq Boluda işlərimiz başlayıb və sona yetmək üzrədir. Yəqin ki, Avstriya toplanışı zamanı bütün bu məsələlərin hamısına yekun vurulacaq".
"Neftçi" ilk görüşünü evdə keçirəcək. Ancaq Hacıyev bunun onun üçün böyük önəm kəsb etmədiyini izah edib: "İlk oyunu evdə və ya səfərdə keçirməyimizin fərqi yoxdur. Vuranla vurulanın yerini dəyişdikdə hasil dəyişməz. Onsuz da, bu 2 oyun keçiriləcək. Əgər Avropada oynayırsa, bu, zəif rəqib ola bilməz. Deməli, bu komandalar ölkələrində ən yaxşı klublardır. Rəqibləri qiymətləndiririk və hörmətlə yanaşırıq. Bu matçlara çox ciddi hazırlaşacağıq". Qeyd edək ki, "Neftçi" ev oyununu iyulun 17-də, cavab matçını isə həmin ayın 24-də keçirəcək.
A.Kərimov hesab edir ki, "Neftçi"nin rəqibi Sloveniya təmsilçisi olacaq: "Sloveniya futbolunda son dövrlərdə baş verən dəyişikliklər göz qabağındadır. Amma "Neftçi"nin də işi asan olmayacaq. Çünki heyətdə dəyişikliklər olub və Rəşad Sadiqov artıq gedib. Onsuz da, ötən mövsüm çempionatda enişli-yoxuşlu yol keçmişdilər. Avrokuboklara stabil çıxmayanda uğur əldə etmək çətin olur. Stabil heyət olanda, avrokuboklarda tanımadığın bir rəqibə qarşı oynayanda, bu amil çox kömək edir. Amma yeni yığılan heyət çətinlik çəkir. Çünki rəqiblər də boş dayanmırlar".
Beləliklə, 1 il gözlədiyimiz an yetişdi. Azərbaycan klublarının Avropa macərası başlayır. 4 klubdan heç olmasa 1-i qrup mərhələsinə vəsiqə qazanmalıdır. Heç olmasa, ikisi pley-off həyəcanı yaşamalıdır. Unutmayaq ki, Azərbaycan çempionatının səviyyəsi və futbolumuzun inkişafı klublarımızın avrokuboklardakı çıxışında özünü göstərir.
MƏSLƏHƏT GÖR: