
ARZULARLA YAŞAMAQ VAXTI DEYİL
Gürcüstan müxalifəti hakimiyyətin sükanı arxasına keçir
Müəllif: Ceyhun NƏCƏFOV Bakı
"R+" jurnalının Gürcüstan Parlamentinin "Gürcü arzusu" koalisiyasından olan deputatı Vaxtanq Xmaladze ilə müsahibəsi
- Son illərdə Gürcüstanın xarici siyasətində əsas istiqamət Qərbə inteqrasiyadır. Bu siyasətə yenidən baxılacağını gözləmək olarmı?
- Koalisiyamız seçkidən xeyli əvvəl bəyan edib ki, biz Gürcüstanın Avropa strukturlarına inteqrasiyasına çalışacaq, buna yönəlik siyasət yürüdəcəyik. Bu, seçki platformamızda da əksini tapmışdı.
- "Gürcü arzusu" koalisiyası ilə prezident Saakaşvilinin xarici siyasi baxışları arasında hansı prinsipial fərqlər var?
- Rəsmi olaraq Qərblə münasibətdə prinsipial fərq yoxdur. Amma biz hesab edirik ki, Mixail Saakaşvili administrasiyası tam ardıcıl siyasət yürütməyib. O, əməkdaşlığın daha intiensiv olması üçün lazımi işləri görməyib, Aİ-də qəbul olunmuş və Gürcüstanda həyata keçirilməsi vacib şərtlərə əməl edilməyib. Yəni, rəsmən elan edilən variantda hər şey qaydasında idi. Amma realda lazımi işlərin hamısı görülməyib.
- Rusiya ilə münasibətlər necə inkişaf etdiriləcək?
- Rusiya ilə bağlı vəziyyət çətindir. Moskva Gürcüstan ərazilərinin bir hissəsini işğal edib və bu, yalnız Gürcüstana deyil, həm də Rusiya ilə münasibətlərə ciddi problem yaradır. Biz Rusiyanın qonşumuz olduğunu, onun Cənubi Qafqazdakı maraqlarını, Moskvanın nəhəng beynəlxalq siyasi oyunçu olduğunu anlayırıq və münasibətlərimizi qaydaya salmağa çalışmalıyıq. Amma bu zaman Gürcüstan dövlətinin maraqlarına zərər gəlməməlidir. İstənilən halda, biz bugünkü çox gərgin münasibətin yaxşılaşdırılmasına çalışacağıq. Bu istiqamətdə hərəkət etmək asan olmayacaq. Biz qarşılıqlı maraq doğuran sahələrdə danışıqlara başlamağa hazırıq. Məsələn, iqtisadiyyat sahəsində, həmçinin Rusiyada yaşayan gürcülərlə bağlı danışıqlara başlamaq olar. Koalisiyamız ən azı bu istiqamətlərdə Rusiya ilə hazırkından daha sivil münasibətlər qurmaq istəyir.
- Gürcüstanın NATO-ya üzvlüyü məsələsi gündəmdə qalırmı?
- Əlbəttə.
- Prezidentlə parlament arasındakı ziddiyyətin arzuolunmaz nəticələr verəcək qarşıdurmaya çevrilməsi mümkündürmü?
- Nəzəri baxımdan mümkündür. Gürcüstanın hazırkı konstitusion düzəninə əsaslansaq, parlamentlə prezident arasında ciddi fikir ayrılıqları olarsa, sabitliyin pozulması mümkündür. Amma inanmaq istərdik ki, prezident və Təhlükəsizlik Şurasının katibi tərəfindən verilən vədlərə əməl olunacaq. Onlar "Gürcü arzusu"nun qələbəsini etiraf etdiklərini, müxalifətə keçdiklərini, parlamentdəki çoxluğa hökuməti sərbəst şəkildə formalaşdırmaq imkanının yaradılacağını bəyan ediblər. Biz də öz növbəmizdə əməkdaşlığa hazır olduğumuzu elan etmişik. Bütün bunlara əməl olunarsa, böhran yaşanması riski çox cüzi olacaq.
Qeyd etmək istəyirəm ki, sabitliyin olacağı təqdirdə Azərbaycan-Gürcüstan münasibətləri üçün heç bir təhlükə yoxdur. Koalisiyamız Gürcüstanla Azərbaycan arasında münasibətlərin dərinləşməsindən yalnız məmnun olar.
- Gürcüstanda yaşayan milli azlıqlar, xüsusilə azərbaycanlılar yeni hökumətdən nə gözləyə bilər?
- Bu məsələdə iki istiqamətdə irəliləmək vacibdir. Birincisi, milli azlıqların cəmiyyətə daha dərin inteqrasiyası təşkil olunmalıdır. Onların ən böyüyü azərbaycanlılarla ermənilərdir. Milli azlıqların gürcü dilini öyrənməsinə kömək edəcək dövlət proqramının hazırlanması və həyata keçirilməsi vacibdir. Regional medianın inkişafı üçün şərait yaradılmalı, onlara tam azadlıq verilməli, yerlərdə real özünüidarə formalaşdırılmalıdır. Özünüidarə sistemində köklü islahatların aparılması vacibdir. Bu gün yerli özünüidarə orqanlarının səlahiyyətləri və maliyyə imkanları o qədər məhtuddur ki, onlar hətta səlahiyyətlərində olan cüzi işləri də görə bilmir. Onları özünü idarə edən icmalar adlandırmaq mümkün deyil. Bu sistemdə islahatlar həyata keçirməyi planlaşdırırıq. Real özünüidarə regionun inkişafı üçün imkanlar açır.
- Gürcüstan beynəlxalq arenada korrupsiya ilə uğurla mübarizə aparan dövlət imicini yaradıb. Yeni hökumət üçün də bu, birinci dərəcəli vəzifə olaraq qalacaqmı?
- Gürcüstanda aşağı səviyyədə korrupsiya həqiqətən də aradan qaldırılıb və bunu qoruyub-saxlamaq lazımdır. Amma aşağı səviyyədə korrupsiyanın aradan qaldırılması fonunda elitar korrupsiya son dərəcə çiçəklənib. Biz hesab edirik ki, görülmüş işləri qoruyub saxlamaq, üstəlik elitar korrusiyanın kökünü kəsmək lazımdır. Bu, hakimiyyətin üzərinə məsuliyyət qoyur və siyasi iradə nümayişi tələb edir. Xüsusilə məhkəmələri siyasi təzyiqdən azad etmək, məhkəmələrin müstəqilliyinin təmini üçün islahatlar aparmaq, hüquq-mühafizə orqanlarının - prokurorluq, polis - fəaliyyətini müvafiq qaydada təşkil etmək və onların siyasiləşməsinə son qoymaq lazımdır. Yalnız bu halda elitar korrupsiyanın da kökünü kəsmək mümkün olacaq.
MƏSLƏHƏT GÖR: