14 Mart 2025

Cümə, 11:00

SƏHVLƏRİN QİYMƏTİ

Prezident İlham Əliyev: ""BP" şirkətinin işdə buraxdığı kobud səhvlər üzündən Azərbaycan $8,1 mlrd itirib"

Müəllif:

15.10.2012

Azərbaycan həmişə fəxr edib ki, respublikanın müstəqililk illərində öz əməkdaşlığını şəffaflıq, ədalətlilik və qəbul edilmiş hüquqi sənədlər əsasında quran vicdanlı və sabit bir tərəfdaş kimi, demək olar ki, bütün xarici sərmayəçilər arasında layiqli hörmət qazanıb. Bu fakt həm tərəfdaşlar, həm də prestijli reytinq agentlikləri tərəfindən də etiraf edilir. 

Ancaq biznes dünyasında istənilən dostluq hər iki tərəfin maraqlarının təmin olunduğu ana kimi davam edir. Bu, təsdiqə ehtiyacı olmayan aksiomdur. 

O baxımdan Prezident İlham Əliyevin ölkə iqtisadiyyatının önəmli investorlarından biri, iri neft-qaz layihələri üzrə Azərbaycanın əzəli tərəfdaşı "bp" barədə dediyi kəskin bəyanatlar açıq səmada ildırım effekti doğurdu və yolverilməz fəaliyyətə tam uyğun reaksiya idi. 

Britaniya neft nəhənginin əməliyyatçısı olduğu Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) son illərdə "Azəri" və "Çıraq" yataqlarından neftin kəskin azalmasına səbəb olan  kobud səhvlər buraxıb. Bu səhvlərin qiyməti nə az, nə də çox - $8,1 mlrd.-dır. 

 

Ədalətsiz oyun?

Dövlət başçısı tərəfindən "bp"nin ünvanına günahlandırmalar Nazirlər Kabinetində  2012-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş iclasda səslənib. Əvvəlcə olduğu kimi, ölkənin iqtisadi göstəricilərinin dinamikası da müsbət olub, bütünlükdə iqtisadiyyat 1,1% artıb və neftdənkənar bölmədə artım 10,3% olub. $16 mlrd sərmayə yatırılıb ki, bunun 70%-i daxili sərmayələrdir. Strateji valyuta ehtiyatları $5 mlrd artıb və hazırda $45 mlrd səviyyəsindədir, əhalinin pul gəlirləri 12% artıb,  inflyasiya isə cəmi 1,5% ətrafında dəyişir. 

Ancaq bu fonda sənaye istehsalında vəziyyət xoşagəlməz görünür ki, artıq orada bir neçə ildir, azalma müşahidə edilir. 9 ayın nəticələrinə görə, Azərbaycanın neft-qaz sektoruna əsaslanan ümumi sənaye istehsalında 3,5% azalma olub. Bunun səbəbləri barədə suala cavab sadədir: ölkədə neft hasilatının həcmi durmadan azalır. Bu zaman yeni bir sual yaranır: niyə azalır? Bu barədə uzun müddət susublar. Bir çox ekspertlər, o cümlədən, sadə vətəndaşlar bunu təbii hal kimi qarşılayırlar - zirvə hasilatı keçdi, neft azalır… Amma belə görünür ki, işlər daha ciddidir. 

Prezident İlham Əliyevin bəyanatına görə, Azərbaycanda neft hasilatının səviyyəsinin düşməsinin əsas səbəbi ABƏŞ-in, o cümlədən "bp"nin kobud səhvlərdir.  "Məsələ onda deyil ki, biz zirvə həddinə çatmışıq və bundan sonra təbii ki, azalma prosesi gedir. Məsələ bundadır ki, edilimiş proqnozlar yerinə yetirilmir", - deyə dövlət başçısı vurğulayıb. Özü də hər şey Hasilatın Pay Bölgüsü (PSA) sazişi üzrə "Azəri" və "Çıraq" yataqlarının neftinin satışından gələn gəlirin 75%-nin Azərbaycana çatacağı bir məqamda başladı. İlkin mərhələdə xarici investorların xeyrinə pay bölgüsü 75%-in 25%-ə idi. Sonra onlar öz sərmayələrini qaytarandan sonra pay bölgüsü 50%-in 50%-ə səviyyəsində dəyişməyə başlandı. 

2008-ci ilin ortalarında "Azəri" və "Çıraq" yataqlarının rentabelliyi və sazişin şərtləri  nəzərə alınaraq bu pay bölgüsü Azərbaycanın xeyrinə dəyişdi. Hazırda 2008-ci ilin ortalarından bu yana 75%-in 25%-ədir. Yəni hasil edilən neftin  75%-i Azərbaycanın payına düşür. Məhz həmin vaxtdan başlayaraq AÇG-də neft hasilatının düşməsi başlayır:  2009-cu ildə proqnozdakı 46,8 mln ton əvəzinə o, 40,3 mln ton təşkil edib, 2010-cu ildə 42,1 mln ton əvəzinə 40,6 mln ton,  2011-ci ildə 40,2 mln ton əvəzinə 36 mln ton təşkil edib. "Bu il üçünsə proqnoz 35,6 mln ton təşkil edir, ancaq indiki hasilat nəzərə alınarsa, ehtimal etmək olar ki, ilin sonuna kimi "bp"  şirkəti "Azəri" və "Çıraq" yataqlarından 33 mln tondan artıq neft çıxara bilməyəcək", - deyə prezident vurğulayıb. 

2 milyon tonluq fərqin Azərbaycan iqtisadiyyatında nə olduğunu göstərmək üçün dövlət başçısı konkret misal da gətirdi: neftin qiymətini, orta hesabla, $100-dan götürdükdə və çıxarılmamış  tonlara vurduqda aydın olur ki, Azərbaycan $8,1 mlrd gəlir itirib. Həmin kiçik statistik rəqəmin arxasındakı gerçəklik  bax, budur. 

Yuxarıda qeyd edildiyi kimi, ABƏŞ-i və ayrıca olaraq "bp"ni cürətlə Azərbaycan iqtisadiyyatı üçün ən iri investor saymaq olar - ilk başdan bu günə kimi konsorsium "Azəri" və "Çıraq" yataqlarının işlənməsinə  $28,7 mlrd sərmayə yatırıb. Amma sərmayələr xeyriyyə ödənişi və ya qrant deyil, onlar geri qazanılır. ABƏŞ Azərbaycana yatırımlarını, təxminən, iki dəfədən artıq geri qaytarıb və $73 mlrd gəlir əldə edib. Əlbəttə, bizim ölkə də uduzmayıb: İ.Əliyev bildirib ki, bizim hazırda $45 mlrd.-a çatan valyuta rezervlərimizin böyük hissəsi Neft Fondunun vəsaitləridir. Onlar da öz növbəsində infrastruktur layihələrinin gerçəkləşdirilməsinə, məktəblərin və yolların tikilməsinə, abadlıq işlərinə yönəldilir. 

"bp"nin Azərbaycanda işlədiyi bütün dövr ərzində şirkətə ən yüksək səviyyədə hər cür dəstək verilib. Şirkət tərəfindən adekvat münasibət gözləmək də məntiqli idi. Ancaq Prezident İlham Əliyevin dediyinə görə, yuxarıda bəhs edilən gözlənilməz azalma istisna olaraq "bp"nin kobud səhvləri hesabına baş verib. 

"Bizə verilən səhv proqnozlar qəbuledilməzdir. Dövlət Neft Şirkətinə verilən yalan vədlər qəbuledilməzdir. Dünya biznesində, biznesin bu səviyyəsində belə münasibətlərə yer yoxdur, mümkün də deyildir. Biz həmişə bütün tərəfdaşlarla - istər siyasətdə, istər iqtisadi sahədə ədalətli olmuşuq. Həmişə dediyimiz sözlərə əməl etmişik. Biz adekvat münasibət gözləyirik. Mən hesab edirəm ki, bu məsələ ilə bağlı çox ciddi dəyişikliklər edilməlidir. Mən nə üçün bu məsələ ilə bağlı məlumatı məhz bu gün ictimaiyyət üçün açıram? Ona görə ki, keçən ay "bp" tərəfindən mənə rəsmi qaydada söz verilmişdir ki, bütün bu xoşagəlməz halların qarşısı qısa müddət ərzində alınacaqdır. Bütün səhvlər etiraf edildi. Etiraf edildi ki, vəziyyət çox da ürəkaçan deyildir. Mənə verilən vədlər ondan ibarət idi ki, qısa müddət ərzində çox ciddi dəyişikliklər ediləcək, işçi proqrama düzəlişlər olunacaq, hasilatı sabit səviyyədə saxlamaq üçün əməli tədbirlər görüləcək və ən önəmlisi, bu kobud səhvləri buraxan insanlar dəyişdiriləcəkdir. Ancaq o gündən bu günə qədər, - təxminən bir ay vaxt keçibdir və mən bu vədlərin yerinə yetirilməsini görmürəm. Əksinə, hesab edirəm ki, burada vaxtuzatma prosesi gedir. Ona görə hesab edirəm ki, bu, tamamilə dözülməz bir haldır. Artıq Dövlət Neft Şirkətinə tapşırıq verilmişdir ki, bu məsələ rəsmi qaydada qaldırılsın və lazımi tədbirlər görülsün. Öz vəzifə borcunu, kontrakt şərtlərini yerinə yetirə bilməyən investorlar gərək nəticə çıxarsınlar, ciddi ölçülər, tədbirlər görsünlər və görülməlidir", - deyə Azərbaycan rəhbəri vurğulayıb. 

 

Xəbərdarlıq 

Bu cür yüksək səviyyədə və belə kəskin formada səsləndiyinə görə çox ciddi səhvlərin olmasına qətiyyən şübhə edilmir. Artıq sərmayəçilərin, hətta iri sərmayəçilərin nəyin bahasına olursa-olsun saxlanmalı olan  dövrü çoxdan keçib. Bu gün ölkə iqtisadiyyatı yetərincə özünü təmin edən səviyyədədir. Bundan başqa, SOCAR özü artıq başqa ölkələrdə iri sərmayəçi kimi çıxış edir. Ona görə də bu gün Azərbaycanla "sən mənə, mən də özümə" prinsipi ilə oynamaq böyük yanlışlıqdır. 

Nəzərə almaq lazımdır ki, dünyanın bir çox aparıcı ölkələrinin, şirkətlərin, bankların və s.- in reytinqlərinin düşdüyü bir zamanda, uzunsürən qlobal maliyyə böhranı şəraitində, bizim ölkə  iqtisadiyyatın sabitliyini qoruyub-saxlaya bilib.  Keçən rübdə dünyanın ən nüfuzlu iqtisadi qurumlarından biri - Davos İqtisadi Forumu ölkələrin rəqabət qabiliyyətinə görə yeni reytinqini dərc edib - Azərbaycan bu sırada 46-cı yerdədir və bu, ötənilkinə baxanda  daha 9 bənd yüksəkdir. Bundan əlavə, biz bu reytinqdə MDB lideriyik. Makroiqtisadi sabitlik üzrə Azərbaycan dünya miqyasında 18-ci yerdədir.  Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun dediyi kimi, ölkə artıq top-reytinqin, yəni A zonasının iki addımlığındadır. 

Azərbaycan dəfələrlə sübut edib ki, o, xarici investorların, şirkətlərin və beynəlxalq təşkilatların rəyindən asılı deyil. Bunun son sübutu  "TANAP" layihəsidir. "Uzun illər, bəlkə on il ərzində müxtəlif  layihələr ətrafında diskussiyalar gedir. Biz görürük ki, bu diskussiyalar elə belə gedir, bunun sonu yoxdur. Yığışırlar, danışırlar, konfranslar, tədbirlər keçirilir, sənədlər imzalanır, amma ortalıqda bir şey yoxdur. Biz belə işləməyə öyrəşməmişik. Konkret işləməyə öyrəşmişik. Ona görə, görəndə ki bu diskussiyalar artıq sonsuz xarakter daşıyır, biz konkret qərar verdik, qısa müddət ərzində öz təkliflərimizi irəli sürdük, bütün məsələlər həll olundu. İndi dünyada "TANAP" layihəsinə böyük maraq vardır. "TANAP" layihəsi sırf Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüs əsasında reallaşacaqdır", - deyə bununla bağlı prezident İlham Əliyev bildirib. 

Bir çox sadə insanları bir sual maraqlandırır: prezident tərəfindən verilən bu cür sərt bəyanatlar "bp" ilə əməkdaşlıqdan imtina etmək deməkdirmi? Birmənalı şəkildə yox, ən azı bu mərhələdə yox. Azərbaycan bazar iqtisadiyyatı prinsiplərinə sadiqdir və uzunmüddətli tərəfdaşı ilə müqaviləni ləğv edəcəksə, bu, əlbəttə, bütün beynəlxalq hüquq normalarına uyğun şəkildə gerçəkləşdiriləcək.

İndi  şirkətə mövcud səhvləri düzəltmək və neft hasilatının stabilləşdirilməsi üçün ikinci, bəlkə də son şans verilir. Və "bp" bunu anlayır: Nazirlər Kabinetindəki iclasın ertəsi günü şirkətin ölkəmizdəki mətbuat xidməti bəyanatla çıxış edib ki,  "bp" Azərbaycana tamamilə sadiqdir və ARDNŞ ilə "Azəri -Çıraq - Günəşli" yataqlarında hasilat məsələlərinin "qısa zaman"da həll edilməsi üzərində işləyir. 

Yəni bu əhvalatın "happy end"lə bitməsi hələ ki mümkündür. 



MƏSLƏHƏT GÖR:

396