Müəllif: Ənvər MƏMMƏDOV Bakı
Bu yaxınlarda Qəbələdə işini başa vuran V Azərbaycan-Rusiya Regionlararası Əməkdaşlıq Forumu iki dövlətin münasibətlərində əsas tendensiyanı nümayiş etdirdi. Son görüşlərin nəticələrinə əsasən, hökumət sektorunun nümayəndələri və əlbəttə ki, işgüzar dairələr qarşılıqlı olaraq ikitərəfli ticari-iqtisadi əlaqələrin keyfiyyətcə başqa bir inkişaf səviyyəsinə çıxarılması istəyini ifadə etdilər. Bu tədbirlər, ilk növbədə, regional səviyyədə ticarət və investisiya kapitalının qarşılıqlı şəkildə daxil olması üçün bazarların maksimal dərəcədə açılmasını, o cümlədən nəqliyyat və logistika infrastrukturunun inkişafına dair razılaşdırılmış siyasəti nəzərdə tutur.
Rusiya Federasiyası ilə iqtisadi əməkdaşlıq artıq uzun illərdir Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir. 20 ildən artıq müstəqillik ərzində hər iki ölkə qarşılıqlı ticarətin sürəkli artımı və sərmayə fəallığının inkişafına nail olaraq, böyük yol keçib. Son illər iki ölkə arasında ticarət dövriyyəsi dinamik şəkildə artır: təkcə 2013-cü ildə bu göstərici 10,5% artıb və təxminən, 2,6 mlrd. dollar təşkil edib. Azərbaycanla xarici ticarətə 70-dən artıq Rusiya subyektinin 500-dən çox müəssisə və təşkilatı cəlb olunub. Onların sayı fəal şəkildə artır və yaxın illərdə hər iki ölkə qarşılıqlı ticarət dövriyyəsini 4 mlrd. dollara qədər artırmağı planlaşdırırlar. İki dövlətin sahibkarları qarşılıqlı investisiya qoyuluşlarına maraq göstərirlər. Belə ki, Azərbaycanda Rusiya kapitalı ilə, təxminən, 570 şirkət fəaliyyət göstərir, iqtisadiyyata qoyulan sərmayənin həcmi isə demək olar ki, 1,8 mlrd. dollara çatıb.
Öz növbəsində, Rusiyada Azərbaycan sərmayəsi son illər 1 mlrd. dolları ötüb. Lakin bu göstəricilər mövcud potensialı tam həcmdə əks etdirmir. Ona görə də iki ölkə hökuməti sərmayə komponentinin inkişafı üçün çox böyük səy sərf etmək niyyətindədir. Gündəmdə, həmçinin bir sıra logistika mərkəzlərinin yaradılması, dəmir yolları qatarlarının, neft və qazın hasilatı və nəqli üçün avadanlıqların birgə istehsalı üzrə layihələr qeyd edilir. Bu məqsədlə Azərbaycan Dövlət Neft Fondu və Rusiya Milli Rifah Fondunun, eləcə də "Azərbaycan İnvestisiya Şirkəti" və Rusiyanın Birbaşa İnvestisiyalar Fondunun maliyyə imkanlarından istifadə edilməsi planlaşdırılır. Xüsusən elmtutumlu sahələr və İKT sektorunda, bank və turizm sahələrində, aqrar sənaye və elektroenergetika sektorlarında istifadə edilməmiş potensial nəzərə alınmaqla, iki ölkənin sahibkarları qarşılıqlı investisiya həcmlərini dəfələrlə artırmaq iqtidarındadırlar.
Lakin qoyulmuş hədəflərə nail olmaq üçün Rusiya və Azərbaycan qanunvericilik sahəsində bir sıra məsələləri razılaşdırmalıdırlar. İlk növbədə, imzalanması yaxın zamanlarda gözlənilən "İnvestisiyaların qarşılıqlı təşviqi və qorunması haqqında" dövlətlərarası saziş nəzərdə tutulur.
Təqdirəlayiqdir ki, iqtisadi sahədə qarşılıqlı ortaq məxrəcin tapılmasına dair işlər və ilk növbədə, Rusiya-Azərbaycan dövlətlərarası əlaqələrin intensivliyi son aylarda xüsusi olaraq güclənib. Bu tendensiya Qəbələdə 10-dan artıq kommersiya razılaşması və memorandumunun imzalanması ilə yekunlaşan "Regionlararası əməkdaşlıq: yeni inkişaf imkanları" adlı mövzuda keçirilən V Azərbaycan-Rusiya Forumunun gedişində daha əyani surətdə özünü göstərib. Onların sırasında Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyi və Rusiya Regional İnkişaf Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və "Rusiyaya sərmayə yatırın" Rusiya investisiya şirkəti və digərləri arasında anlaşma memorandumları yer alıb.
Bundan başqa, turizm sektorunda əməkdaşlığa dair Azərbaycan Turizm Assosiasiyası (AzTA), Həştərxan Turizm Birliyi və Ural Turizm Assosiasiyası arasında razılaşma da əldə edilib. Azərbaycan şirkətləri və onların Dağıstan və Rostov vilayətlərindən olan tərəfdaşları tikinti materialları, mebel istehsalı və s. sahələrdə bir sıra layihələrə dair saziş imzalayıblar.
Forumun gedişində məlum olduğu kimi, bu mərhələdə iki ölkənin sahibkarları perspektivli istehsal sahələrində qarşılıqlı sərmayə qoyuluşuna daha maraqlıdırlar. Rusiyanın regional inkişaf naziri İqor Slyunyayev deyib ki, Rusiya tərəfi Azərbaycan sahibkarlarının iştirakı mümkün olan 18 layihə təklif edir. Onlar arasında aqrar sektorda olan layihələr, o cümlədən 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə Dünya Çempionatına hazırlıq çərçivəsində tikinti müqavilələri də yer alıb.
"Təkcə son ildə Azərbaycanda Rusiya şirkətlərinin iştirakı ilə, təxminən, 30 biznes-forum keçirilib. Bu isə Azərbaycan tərəfinin rusiyalı tərəfdaşları ilə bütün istiqamətlərdə əlaqə qurmaqda maraqlı olduğundan xəbər verir", - deyə AZPROMO-nun prezidenti Rüfət Məmmədov bildirib.
Forum çərçivəsində iki ölkənin iqtisadi qarşılıqlı münasibətlərinin müxtəlif istiqamətləri üzrə "dəyirmi masa"lar keçirilib. Xüsusən bank-maliyyə sektorunun nümayəndələri arasında müzakirələr göstərib ki, bu gün Azərbaycan bankları Rusiya bankları ilə müxbir əlaqələrə malikdir. Onların ümumi dövriyyəsi isə 550 mln. dolları ötür. Üstünlük burada pul köçürmələri sahəsinə məxsus olsa da, törəmə strukturların və Azərbaycanda Rusiyanın, eləcə də əksinə aparıcı bankların nümayəndələrinin fəaliyyətinin kifayət qədər uğurlu təcrübəsi var.
"Biz Azərbaycan banklarının Rusiya bazarına gəlməsi üçün hərtərəfli yardım göstərməyə hazırıq. Öz tərəfimizdən isə Rusiya banklarının fəaliyyətinin Azərbaycanda genişlənməsində maraqlıyıq", - deyə Rusiya Federasiyası (RF) Dövlət Dumasının Maliyyə Bazarı üzrə Komitəsi sədrinin müavini Dmitri Savelyev bildirib. Onun sözlərinə görə, bu gün, təxminən, 800 bankın fəaliyyət göstərdiyi Rusiyada hazırda lisenziyaların ləğvi üzrə ciddi iş aparılır. "Bu il lisenziyaların ləğv olunması rekord sayda olacaq. Lakin bu, ancaq düzgün işləməyən banklara aiddir", - deyə D. Savelyev əlavə edib. O, qeyd edib ki, Azərbaycan banklarının Rusiya bazarına gələcəkləri halda bu, onlara toxunmayacaq. Çünki təcrübə göstərir ki, RF ərazisində xarici bankların fəaliyyəti daha dürüst xarakter daşıyır. "Ona görə də bu cür məqamlar Azərbaycan banklarının, filiallarının Rusiya bazarına gəlmək qərarına heç bir şəkildə təsir etməməlidir. Biz onların gəlişini çox istəyirik və gözləyirik. "Dövlət Dumasında Rusiya-Azərbaycan Dostluq Qrupunun rəhbəri olaraq, çox istərdim ki, Azərbaycanın bank sektorunun Rusiya ərazisində açılması və işə başlanması hissəsinə yardım edim", - deyə o, bildirib.
Eyni zamanda Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Rəşad Orucov qeyd edib ki, Azərbaycan və Rusiyanın bank sistemləri qarşılıqlı mənbələr cəlb etmək üzərində düşünməlidirlər. "Bir sıra Azərbaycan bankları Rusiya bazarına gəlmək məqsədilə bu ölkənin maliyyə məkanını öyrənmək niyyətindədirlər və Mərkəzi Bank bu məsələyə hər cür kömək etməyə hazırdır", - deyə o, əlavə edib. Müzakirələrin nəticəsində tərəflər iki ölkənin kredit reyestrləri arasında informasiya sahəsində əməkdaşlıq etmək haqda razılığa gəliblər.
Müzakirələrin daha bir silsiləsi iki ölkə arasında qarşılıqlı iqtisadi əlaqələrin aparıcı hissəsi olaraq qalan nəqliyyat sahəsindəki vəziyyət ətrafında aparılıb. Belə ki, cari ilin təkcə birinci rübündə iki ölkə arasında 22 min sərnişin və 250 min ton yük daşınıb. Lakin problemlər də mövcuddur. Əsas maneələrdən biri sərhəd-buraxılış məntəqələrində vaxt itkisi, eləcə də Azərbaycan gəmilərinin Rusiyanın daxili sularına keçməsi prosedurunun sadələşdirilməsidir.
Rusiya nəqliyyat nazirinin müavini Sergey Aristovun sözlərinə görə, tərəflər iki ölkənin ərazisində logistik mərkəzlərin tikilməsi, tranzit daşınmaların avtomobil və dəmir yolu nəqliyyatı ilə artırılması imkanlarını da nəzərdən keçirir. Bərə keçidlərinin təşkil edilməsi, xüsusən də Bakı və Ola limanları arasında, eləcə də Bakı-Həştərxan aviareyslərinin bərpa olunması layihələri qiymətləndirilir.
Forumun nəticələrinin yuxarıda qeyd edilən aspektləri və onun iştirakçılarının (bu il RF-dən 500-dən artıq nümayəndə qatılıb) sayının artması, müzakirələrin bu cür geniş formatda davam etdirilməsinin zəruriliyini bir daha təsdiq edir.
Yeri gəlmişkən, bu fikir V forumun iştirakçılarının Azərbaycan və Rusiya prezidentlərinə - İlham Əliyev və Vladimir Putinə müraciətlərində səsləndirilib. Müraciətdə qeyd edilir ki, prezidentlərin birgə təşəbbüsü ilə 2010-cu ildən keçirilən regionlararası forumlar artıq xoş ənənəyə çevrilib və iki ölkə arasında iqtisadi və humanitar əməkdaşlığın inkişafına əhəmiyyətli töhfə verir. Bu cür tədbirlərin keçirilməsi iki ölkənin iqtisadi əməkdaşlığının bütün potensialının istifadə olunmasına sanballı şəkildə kömək edə bilər.
İLK MƏNBƏDƏN
“Hazırda Azərbaycanla Rusiya Federasiyasının subyektləri arasında ticari-iqtisadi və humanitar əməkdaşlığı inkişaf etdirmək üçün böyük potensial vardır. Ölkələrimiz arasındakı etibarlı tərəfdaşlıq münasibətləri və mövcud əlverişli investisiya mühiti özəl biznesin regionlararası iqtisadi əlaqələrə daha yaxından cəlb edilməsinə münbit şərait yaradır ”.
Azərbaycan Prezidenti İlham Əliyevin forum iştirakçılarına müraciətindən
“Əsas məsələ budur ki, bu il beş yaşı tamam olan forumunuzun nüfuzu durmadan yüksəlir, iki ölkənin regionlarının qarşılıqlı fəaliyyətinin bütün spektri üzrə konstruktiv dialoq üçün lazımlı məkana çevrilir.
Forum iki ölkənin energetika, nəqliyyat, investisiyalar, kənd təsərrüfatı, turizm və təhsil sahələrində əməkdaşlıq potensialının gücləndirilməsi üçün əla imkandır”.
Rusiya prezidenti Vladimir Putinin forum iştirakçılarına müraciətindən
MƏSLƏHƏT GÖR: