14 Mart 2025

Cümə, 22:41

AZĞIN FANATLAR

İranlı siyasətçi, İranın "Vəkalət" hüquq nəşrinin eksperti Erad ATANIN "R+" jurnalına müsahibəsi

Müəllif:

01.07.2014

- İraq xaos burulğanına düşüb və ölkədə vətəndaş müharibəsi gedir. Baş verənlər İraqla ümumi sərhədə malik olan İranı narahat etməyə bilməz. "İraq və Şam İslam Dövləti" sələfi qruplaşmasının bliskriqi İranda necə qiymətləndirilir?

- İraqda yaşanan mənzərənin tam aydın olması üçün 20 il əvvəl baş vermiş hadisələrə qayıtmaq lazımdır. O zaman Səddam Hüseynin və "Baas" partiyasının rəhbərlik etdiyi İraq İranla 8 illik müharibədən hərbi-iqtisadi baxımdan güclü dövlət kimi çıxmışdı. Səddam ölkəyə tam nəzarət edirdi. Hər şey ABŞ-ın İraqa girməsindən və Səddam Hüseynin edamından sonra başladı. Seçki nəticəsində qurulan Nuri əl-Maliki hökuməti, ilk növbədə, bu ölkənin şiələrini təmsil edir. ABŞ İraqda dövlət idarəçiliyində ölkənin sünni əhalisinin iştirakını istəmirdi. Çünki onların əksəriyyəti səddampərəst idilər və ABŞ hərbçilərinə qarşı mübarizə aparırdılar. ABŞ ordusu İraqın sünnilər yaşayan regionlarındakı döyüşlərdə az itki verməyib. İran hər zaman Amerika qoşunlarının İraqdan çıxarılmasını tələb edib. Tehran ABŞ qoşunlarının öz sərhədləri yaxınlığında dislokasiya olunmasını hər zaman təhlükə hesab edib. Amma amerikalıların İraqı tərk etməsindən sonra ölkənin bəzi regionlarında hakimiyyət vakuumu yarandı. Bu vakuumu "Əl-Nusra" təşkilatının başçılıq etdiyi müxalifət doldurdu. Bu təşkilatın "Taliban" və "Əl-Qaidə" ilə sıx əlaqələri var. "Əl-Nusra"nın yaraqlıları qüvvələrini səfərbər etməyə, hərbi hazırlıqlara başladı. Onun fəallaşması xüsusilə "ərəb baharı"ndan sonraya təsadüf edir. Bir müddət sonra qruplaşmanın üzvləri İraqda deyil, Suriyada döyüşlərə qatılmağa başladılar. "Əl-Nusra"nın Suriya ordusuna qarşı döyüşlərdə müəyyən uğurlar əldə etməyə başladıqdan sonra onun adı dəyişdirilərək İŞİD qoyuldu. Yəni artıq təşkilatın məqsədi Suriyadan Pakistanadək olan əraziləri ələ keçirməkdir. İŞİD azğın fanatlardan ibarətdir. Onlar nəzarət etdikləri ərazidə yaşayan dinc insanlara qarşı əsl vəhşiliklər törədirlər. Bu vəhşiliklər, hətta İraq sünniləri arasında da hiddətə səbəb olub. İŞİD-in ələ keçirdiyi bütün regionlarda şiələr məhv edilir. Eyni cinayəti onlar Suriyada da törədiblər. ABŞ Suriyada İŞİD-ə bilərəkdən və ya bilməyərəkdən dəstək verdi. Hazırda da onlara Səudiyyə Ərəbistanı, Qətər və Küveyt tərəfindən maddi və hərbi dəstək davam etdirilir. İranın mövqeyinə gəlincə, Tehranın islamçı hökuməti, xüsusilə prezidenti Ruhani İraq hökumətinə İŞİD-lə mübarizədə hərbi dəstək verməyə hazır olduğunu bəyan edib. Bu dəstək artıq göstərilir. İslamın şiə cərəyanının dövlət ideologiyası olduğu İranda İŞİD xüsusilə təhlükəli təhdid sayılır. 

- İran öz ordusunu hansı halda baş nazir Nuri əl-Malikiyə yardıma göndərəcək?

 - İranın dövlət ideologiyası Avropanın liberal-demokrat ideologiyasından fərqlənir. Şiə ideologiyası "islam beynəlmiləlçiliyi" anlayışını özündə əks etdirir. Yəni İran bütün şiələri qardaş sayır. Bu, SSRİ-də mövcud olmuş kommunist beynəlmiləlçiliyilə eyni şeydir.

Digər ölkələrdə şiələrin həyatına, şiələr üçün müqəddəs sayılan İraq şəhərlərinə təhlükə yaranırsa, İran öz ordusunu oraya göndərə bilər. Hələlik İranın İraqa ordu yeridib-yeritməyəcəyini söyləmək çətindir. Amma Tehran hökuməti üçün bu, gündəlikdə olan məsələdir. Yeri gəlmişkən, İŞİD terrorçuları yalnız İranın və İraqın təhlükəsizliyinə deyil, regionun digər ölkələrinin, o cümlədən Azərbaycan Respublikasının da təhlükəsizliyinə təhdiddir.

- Belə olan təqdirdə, İraqda bir dinin iki cərəyanı arasında böyük müharibə gözlənilir...

- Bu müharibə artıq gedir. Və onda ən çox maraqlı olan ABŞ-dır. Bu, İranın da cəlb oluna biləcəyi müharibədir. İŞİD-in əsas hədəfi İrandır və bu məsələdə qruplaşma ilə ABŞ-ın maraqları üst-üstə düşür. Vaşinqton yaşananlardan sevincini gizlətmir: "İran istəyirdi ki, amerikalılar İraqı tərk etsin. Okey, biz çıxdıq. Qoy indi Tehran İŞİD-in simasında beynəlxalq terrorçuluğun öhdəsindən gəlsin".

- İran İraqda mümkün Kürdüstan dövlətinin yaranmasına necə yanaşır?

- İraq ərazisində Kürdüstan dövlətinin yaradılması ABŞ-ın layihəsidir.  Bərzani hökuməti amerikalılar tərəfindən 100%-lik dəstək alır. ABŞ və İraq kürdlərinin planında İraq, Suriya və İran ərazisində dövlətin yaradılması var. Üstəlik, sonradan onun kürd separatçıları ilə sıx əlaqəyə malik olan ermənilərin əlilə daha da genişləndirilməsi planlaşdırılır. Hələlik İraq Kürdüstanında nə İran, nə də Türkiyə ciddi fəallıq göstərir. İraqın bu regionu tamamilə ABŞ-ın nüfuz dairəsinə aiddir.

- İŞİD bu qədər qısa müddətdə Mosuladək irəliləməyə necə nail oldu? Sünni əhalinin dəstəyi olmadan bu, mümkündürmü?

- İŞİD dünyanın müxtəlif ölkələrindən olan muzdluların birləşdiyi hərbiləşmiş qruplaşmadır. Əfqanıstanda onlar Amerika ordusu tərəfindən darmadağın olundular. Bundan sonra yaraqlılar Suriyaya üz tutdular. İndi İŞİD İraqın ələ keçirdiyi ərazilərində taliblərin despotiyasına uyğun düzən formalaşdırıblar. İŞİD-in əslində nə olduğunu sadə iraqlılar indi başa düşüblər.

- ABŞ İŞİD-ə qarşı İranla birlikdə mübarizə aparmağa hazır olduğunu dəfələrlə bəyan edib...

- Bu, istisnadır. ABŞ İraqda ciddi itkilər verib. Maliki nə qədər xahiş etsə də, Vaşinqton heç bir halda ordusunu İraqa qaytarmayacaq. Vaşinqton tərəfindən İrana gələn təklif isə sırf siyasi manevr, minnətdir. İraqda İŞİD problemi İranla ABŞ üçün ümumi problem deyil. ABŞ-ın sabiq prezidenti Corc Buşun dediyi kimi, "Böyük Yaxın Şərq" regionunda son dərəcə qeyri-müəyyənlik hökm sürür. İstənilən halda, yaxın zamanlarda İraq ordusunun İŞİD ekstremistlərinin mövqelərinə genişmiqyaslı hücumu gözlənilir. 


MƏSLƏHƏT GÖR:

479