14 Mart 2025

Cümə, 23:40

TƏLİMDƏ TƏR TÖKƏNİN DÖYÜŞDƏ QANI TÖKÜLMƏZ

Azərbaycan Silahlı Qüvvələri 96 illiyini dünyanın ən güclü ordularının sırasında qeyd etdi

Müəllif:

01.07.2014

Azərbaycanda Silahlı Qüvvələrin yaradılmasının 96-cı ildönümü Müdafiə Nazirliyi, Daxili Qoşunlar və Dövlət Sərhəd Xidmətinin birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimlərilə qeyd edildi. Təlimləri şəxsən ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev seyr etdi. Təlimlərdə əvvəlcə Azərbaycan ordusunun yeni, müasir hərbi texnikası, silah və sursatları nümayiş olundu.

Baxışdan sonra yeni silah sistemlərinin nümunəvi atışları seyr edildi. Ümumilikdə, təlimlərə şəxsi heyətin, təxminən, 4 min üzvü, 80 tank, təxminən, 100 zirehli maşın, 80-dək artilleriya sistemi, 10 hərbi təyyarə, 20-dək hərbi və nəqliyyat-hərbi vertolyot cəlb edilmişdi.

Təlimlər həmçinin Azərbaycan ordusunun maddi-texniki təchizatının yüksək səviyyədə olmasının bariz   nümayişi idi. Ordu bu göstəricisinə görə dünyanın ən güclü orduları ilə bir sırada yer alır. Azərbaycanın müdafiə xərcləri dövlət büdcəsinin xərclər strukturunda liderlik mövqeyini qoruyub saxlayır. Son 10 ildə bu xərclər 20 dəfədən çox artıb. Bu, heç də təəccüblü deyil. Çünki ölkə ərazisinin 20%-dən çoxu hələ də qonşu Ermənistanın işğalı altındadır. Yeri gəlmişkən, Azərbaycanın müdafiə xərcləri Ermənistanın bütünlükdə dövlət büdcəsindən, təxminən, 2 dəfə artıqdır.

"Hərbi xərclərin artırılması və büdcə xərclərində birinci yeri tutması bizim dövlət siyasətimizin təzahürüdür. Bu, bizim prioritetimizdir və bundan sonra da hərbi xərcləri artıracağıq", - deyə Ali Baş Komandan ordunun şəxsi heyəti qarşısındakı çıxışında bildirib. O, Azərbaycanın çox yüksək dəqiqliyə və dağıdıcı qüvvəyə malik silahlar almaqda davam edəcəyini də söyləyib.

Bununla paralel olaraq, ölkədə müdafiə xarakterli məhsulların istehsalı da təşkil olunub. Müdafiə Sənayesi Nazirliyinin zavodlarında 900 adda  silah və döyüş sursatı istehsal olunur. "Azərbaycan müharibə şəraitində yaşayır. Belə olan halda ordu quruculuğu nəinki dövlət qurumları, hər bir vətəndaş üçün ən vacib, ən ümdə məsələ olmalıdır", - deyə İlham Əliyev qeyd edib.

Bu yanaşma Ermənistanın beynəlxalq qurumların sənədlərinə, o cümlədən BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycanın işğal altındakı torpaqlarından qeyd-şərtsiz çıxarılmasını diqtə  edən qətnamələrinin tələblərinə məhəl qoymadığı bir şəraitdə xüsusilə aktualdır. Üstəlik, beynəlxalq ictimaiyyət bu vəziyyətə biganə yanaşır.

Bu məsələyə Azərbaycan Prezidenti də növbəti dəfə diqqət çəkib: "Əfsuslar olsun ki, bu məsələ ilə məşğul olan vasitəçilər, ATƏT-in Minsk Qrupu münaqişənin sülh yolu ilə həllindən daha çox qarşılıqlı etimad tədbirlərinin gücləndirilməsi ilə məşğuldurlar. Qarşılıqlı etimad tədbirlərinin içərisində birinci tədbir erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan çıxarılmasıdır və danışıqlar mahiyyət üzrə aparılmalıdır. Əfsuslar olsun ki, vasitəçilər danışıqlarda ədalətin bərpa edilməsinə deyil, daha çox müharibənin olmaması ilə bağlı səy göstərirlər". İ. Əliyev bildirib ki, Ermənistanla Azərbaycan arasında münaqişənin qorunub saxlanmasına çalışan qüvvələr, hələ ki, niyyətlərinə nail olurlar. Amma Azərbaycan münaqişənin dinc yolla nizamlanmasına sadiq olsa da, sonsuzluğadək hazırkı status-kvonun saxlanılması ilə barışmaq niyyətində deyil: "Belə olan halda Azərbaycan ordu quruculuğuna daha da böyük diqqət göstərir, göstərəcək və danışıqlar nəticə verməsə, bizim başqa yolumuz qalmayacaq".

Xatırladaq ki, hələ hökumətin 2013-cü ilin yekunlarına dair iclasında Azərbaycan Prezidenti ordu quruculuğunda yeni mərhələnin başlandığını bəyan etmişdi. Müdafiə naziri Zakir Həsənov da ANS telekanalına müsahibəsində yeni strategiyanın reallaşdırılmasına start verildiyini söyləyib. Ali Baş Komandanın tapşırığı ilə Silahlı Qüvvələrin haqqında Əsasnamə yenilənib və bu zaman regiondakı hərbi-siyasi vəziyyət nəzərə alınıb. Prezident şəxsi heyətin yeni təşkilati-ştat strukturunu da təsdiqləyib. Qısa zamanda ordu yeni struktura keçib. Bu işlərin davamı kimi, bütün hərbi hissələr yeni silahlarla, müasir zirehli texnika ilə, raketlərlə, yaylım atəşi vasitələrilə təchiz olunub.

Hərbi xidmətin aparılması şəraitinin yaxşılaşdırılması məqsədilə bu ilin sonunadək 10 yeni hərbi hissə yaradılacaq.

Naxçıvan Muxtar Respublikasının müdafiə potensialına ayrıca diqqət göstərilir. Prezidentin tapşırığı ilə orada dislokasiya olunmuş ordu hissələrinin bazasında Əlahiddə Ümumqoşun Ordusu yaradılıb. Müdafiə nazirinin sözlərinə görə, onun döyüş qabiliyyətinin yoxlanılması üçün Naxçıvanda 20 minlik şəxsi heyətin və 400-dən artıq hərbi texnikanın, artilleriya qurğusunun iştirakı ilə genişmiqyaslı təlimlər keçirilib.

Ümumilikdə, orduda nizam-intizamın yüksəlməsi üçün də kompleks tədbirlər görülür. Məsələn, artıq orduda nizam-intizama cavabdeh olan zabit ştatlarının sayı artırılıb. Hər əsgərin fərdi tərbiyə olunmasından tutmuş, kollektivin formalaşdırılması, hərbçilər arasında qarşılıqlı hörmətin təmininədək, bütün istiqamətlərdə böyük işlər görülür.

Hərbi Prokurorluqla birgə plan əsasında prokurorluq əməkdaşları hərbi hissələrdə olur, şəxsi heyət arasında izahat işləri aparır, qanunları izah edirlər. Müdafiə nazirinin əmrilə hərbi nizam-intizamı pozan hərbçilər üzərində məhkəmə prosesləri bilavasitə hərbi hissələrdə təşkil olunur və bu zaman digər potensial pozucular prosesdə iştirak edirlər.

Bununla yanaşı, əsgərlər arasında psixoloji testlər keçirilir. Nazirin tapşırığı ilə çağırışçıların mənəvi-psixoloji və fiziki durumlarının yoxlanılması gücləndirilib. Müvafiq meyarlara cavab verməyən əsgərlər orduda xidmətdən uzaqlaşdırılırlar. Nazirlikdə əmindirlər ki, bütün bu kompleks tədbirlər orduda nizam-intizamın yüksəlməsinə aparıb  çıxaracaq.

Ekspertlər orduda aparılan islahatların vacib hissəsi kimi hərbçilərin müxtəlif təsərrüfat işlərindən azad olunmasını da göstərirlər. Nazir Zakir Həsənovun sözlərinə görə, bu məqsədlə artıq orduya 3 min mülki şəxs ştata götürülüb. "Bir sirr açım. Ümumilikdə, Müdafiə Nazirliyi sisteminə 20 minədək mülki şəxs ştata götürüləcək. Bu, əsgər və zabitlərin tədricən bütün təsərrüfat işlərindən kənarlaşdırılmalarına imkan yaradacaq. Onlar yalnız hərbi hazırlıqla məşğul olacaqlar", - deyə müdafiə naziri qeyd edib.

Prezident hərbi hazırlıq səviyyəsinin yüksəldilməsinə xüsusi diqqət göstərir. Bu məqsədlə ordunun hərbi hazırlığına bilavasitə təsiri olan vəzifələrdə əsgərləri müqavilə əsasında müddətdən artıq xidmət edən hərbçilər əvəzləyir. Bu ilin sonunadək bu vəzifələrə, təxminən, 10 min insanın təyin olunması planlaşdırılır. Bu, həm də cəbhəyanı şəhər və kəndlərin çox sayda sakininin daimi iş yerlərilə təmin olunması deməkdir.

Son zamanlar Azərbaycan ordusunda digər yeni tendensiyalar da müşahidə olunmaqdadır. Çağırışçıların tibbi müayinəsilə bağlı tələblər artırılıb, hətta hər hansı əsgərdə ciddi çatışmazlıq özünü artıq xidmət zamanı büruzə verirsə belə, o, dərhal hərbi xidmətdən azad olunur.

Paralel olaraq, hərbçilərin sosial müdafiə səviyyəsi də artırılır. Onların əməkhaqları və pensiyaları artırılır, nöqsansız olaraq 20 il xidmət çəkmiş hərbçilərin ailələri mənzillə təmin olunur. Artıq 200-dək hərbçi ailəsi yeni mənzillə təmin edilməkdədir. İlin sonunadək onların sayının 500-ə çatdırılması nəzərdə tutulur.

Z. Həsənovun sözlərinə görə, Azərbaycan ordusu beynəlxalq əməkdaşlığı da genişləndirir. Müdafiə sahəsində istər Rusiya, istər NATO, istərsə də alyansın ayrı-ayrı üzvlərilə sıx əməkdaşlıq qurulur. Bununla yanaşı, nazir NATO üzvü olan ölkələrlə əməkdaşlıqda çətinliklərin olduğunu da etiraf edir: "Məsələ ondadır ki, NATO üzvləri bizə silah satmırlar. Bu üzdən də, biz tamamilə onların standartlarına keçə bilmirik. Bunun üçün NATO silahlarına malik olmalıyıq. İkili standartlara burada da rast gəlinir. Ermənistan Azərbaycana hücum edib, ərazimizin 20%-i işğal olunub, NATO isə Azərbaycana silah satmır. Bizə deyirlər ki, müharibə nəzərə alındığından, NATO sizə silah sata bilməz".

Bununla yanaşı, Azərbaycanın Türkiyə ilə sıx əməkdaşlıq qurduğu və Türkiyənin NATO-da ən güclü orduyu malik dövlətlərdən biri olduğu məlumdur.

Paralel şəkildə digər yaxın qonşu olan İranla da danışıqlar aparılır. Müdafiə nazirinin sözlərinə görə, o, qonşu ölkəyə səfəri zamanı iranlı həmkarını Azərbaycana səfərə dəvət  edib.

Beləliklə, ordu quruculuğu sahəsində aparılan miqyaslı və dinamik işlər göz qarşısındadır. Bu, Azərbaycan ərazilərinin beşdə birini işğal etmiş ölkədə narahatlıq yaratmaya  bilməz. Hətta bu gün İrəvan Bakının hərbi əməliyyatları bərpa edəcəyini istisna etsə də belə, Azərbaycanın iqtisadi və hərbi qüdrətini sürətlə artırmasını, bütünlükdə şəxsi heyətin mənəvi-psixoloji vəziyyətini nəzərə almaya bilməz. Bütün bunlar öz dövlətinin təcavüzkar siyasətinin əsirinə çevrilmiş erməni xalqının gözləri qarşısında baş verir. Ermənistan daxili auditoriyanın diqqətini yayındırmaq üçün cəbhə xəttində təxribatlara əl atır, bununla, həm də beynəlxalq birliyin diqqətinin problemin həllinə deyil, regionda sülhün dəstəklənməsinə yönəldilməsinə çalışır. 



MƏSLƏHƏT GÖR:

481