14 Mart 2025

Cümə, 23:36

DAŞ QAYAYA RAST GƏLDİ

Azərbaycan Prezidentinin AŞPA-dakı çıxışına kölgə salmaq cəhdləri, əksinə, İlham Əliyevin zəfərilə nəticələndi

Müəllif:

01.07.2014

Avropa Şurası Parlament Assambleyası indiyədək dünyanın ən nüfuzlu qurumlarından olan bu təşkilatda bir çox dövlət başçılarının çıxışlarına şahidlik edib. Amma onların arasında Azərbaycan Prezidenti  İlham Əliyevin iyunun 24-də AŞPA-nın yay sessiyasındakı çıxışı qədər rezonans doğuranları o qədər də çox olmayıb.

Hələ qurumun Nazirlər Kabinetinə sədrliyə başlamazdan əvvəl Azərbaycan rəhbərliyi səlahiyyətlərinə son dərəcə məsuliyyətlə yanaşdığını, bu kürsüdə sadəcə oturmaq  xətrinə əyləşməyəcəyini, yeni təşəbbüslərlə struktura yeni nəfəs vermək niyyətində olduğunu açıqlamışdı. Azərbaycan Prezidentinin Strasburqdakı  çıxışı da bu istiqamətdə qurulmuşdu.

İlham Əliyev AŞPA-da hər zaman kifayət qədər yer alan antiazərbaycan qüvvələrinin təmsilçiləri tərəfindən onun çıxışına "sürpriz"in hazırlandığını, yəni ölkədə insan haqları sahəsindəki "problemləri" qabartmaq məqsədilə "ev tapşırığı" üzərində işlənildiyini bilməmiş deyildi. Amma hadisələrin gedişi göstərdi ki, bu vəziyyət Azərbayan rəhbərliyini qətiyyən çaşdırmadı. Tamamilə dolu olan iclas zalında (yeri gəlmişkən, heç də bütün dövlət başçılarının çıxışı zamanı belə olmur) çıxış edən İlham Əliyev avroparlamentariləri ölkədə aparılan iqtisadi və siyasi islahatların nəticələrilə kifayət qədər əmin və sərbəst tonda məlumatlandırdı.

AŞPA-nın zalına toplanaraq Azərbaycan Prezidentini "respublikada insan haqlarının kütləvi şəkildə pozulmasında" təqsirləndirməyə çalışan antiazərbaycan qüvvələri  qabaqlayan dövlət başçısı Azərbaycanda bütün fundamental azadlıqların təmin oldunduğunu söyləyib: söz azadlığı, sərbəst toplaşma azadlığı, siyasi fəaliyyət azadlığı. Bundan başqa, o, Azərbaycanda mövcud olan bəzi azadlıqların inkişaf etmiş demokratiyaya sahib bir çox ölkələr üçün nümunə ola biləcəyini də deyib. Buna misal kimi, o, dini azadlığı göstərib. Çoxmillətli və çoxdinli ölkə olan Azərbaycan müxtəlif millətlərin və dinlərin nümayəndələrinin birlikdə dinc şəraitdə yaşamasının təminindəki təcrübəsini avropalı tərəfdaşları ilə bölüşmək niyyətindədir. Yeri gəlmişkən, hazırda bu, Avropanın ən ciddi problemlərindən biridir.

AŞPA sədri Ann Brasserin 10 il əvvəl Avropa Şurası qarşısında öhdəliklərə əməl olunacağına dair verilmiş vəd haqda qeydinə cavabında İlham Əliyev 2004-cü ildəki çıxışını yaxşı xatırladığını, Azərbaycanın "Avropa Şurası qarşısındakı bütün öhdəliklərə keçmişdə də, indi də əməl etdiyi" bildirib. "Biz bunu belə etməyə borclu olduğumuz üçün yox, bizim özümüzə belə lazım olduğu üçün edirik. Bizdə söz, ifadə, din, toplaşma və s. daxil olmaqla, bütün azadlıqlar təmin olunub. Biz söz azadlığını məhdudlaşdıra bilmərik. Biz onu təşviq edirik", - deyə İ. Əliyev qeyd edib.

Prezident çıxışında Dağlıq Qarabağ münaqişəsinə ayrıca yer ayırıb və beynəlxalq qurumlarda, ilk növbədə, AŞPA-nın özündə qəbul olunmuş qərarların icrası ilə bağlı problemlərə diqqət çəkib. İlham Əliyev Azərbaycanın özünə qarşı ikili standartların tətbiqini hiss etdiyini söyləyib, bunu sözügedən təşkilatların Ermənistan-Azərbaycan münaqişəsilə bağlı qəbul etdiyi qərar və qətnamələrin heç birinə  əməl olunmaması ilə əsaslandırıb. "Beləliklə, nüfuzlu beynəlxalq təsisatlar tərəfindən qəbul edilmiş qətnamələrin həyata  keçirilməsi mexanizmi olmalıdır. Bu  mexanizm hamımız tərəfindən yaradılmalıdır", - deyə İ. Əliyev qeyd edib.

Beləliklə, demokratik inkişaf, multikulturalizm ənənələrinin təşviqi, Aİ-nin eyni regionda yerləşən ölkələrə yanaşmasındakı fərqlərin aradan qaldırılması, qurumun qəbul etdiyi qərarların icrası mexanizminin hazırlanması və s. məsələlər Azərbaycan üçün AŞ-nin Nazirlər Komitəsinə sədrlik etdiyi dövrdə prioritet olacaq.

"Sürprizlər" isə iştirakçıları dövlət başçısının çıxışından sonra suallar üçün ayrılacaq vaxtda gözləyirdi. Məhz, həmin an - "xeyirxahlar"ın fikrincə, Azərbaycan Prezidentinin çətin vəziyyətə düşməli olduğu məqam əksinə, İlham Əliyevin zəfər anına çevrildi.

Tənqidi yanaşanlar arasında irlandiyalı parlamentari Maykl Maknamara xüsusilə fərqlənirdi. O, kağızdan əvvəldən hazırladığı tezisləri - Azərbaycanda siyasi məhbusların və digər insan haqlarına zidd halların olduğuna dair fikirləri oxuyurdu. Amma Maknamaranın və onunla eyni fikirdə olanların gözləntilərinin əksinə olaraq, bu sual İlham Əliyevi çıxılmaz vəziyyətə sala bilmədi. Prezidentin cavabı kifayət qədər qəti və sərt oldu: "Azərbaycanda siyasi məhbus yoxdur, Maknamaranın tezisləri isə yalan informasiyalara əsaslanır. Çünki onlar parlamentarinin ölkəyə qarşı ənənəvi qərəzli  mövqeyinə əsaslanır. Bir müddət əvvəl Maknamaranın həmfikri və ilhamvericisi olan Kristof Ştrasserin Azərbaycanda siyasi məhbusların olduğuna dair iddiaların yer aldığı qətnamənin PA-ya çıxarılmasına yönəlmiş hesabatının elə AŞPA tərəfindən rədd olunması heç də təsadüf  deyildi.

Azərbaycan  Avropa İnsan Haqları Məhkəməsinin üzvüdür və onun qərarlarına hörmətlə yanaşır. Məhbuslarla bağlı bütün məsələlər öz həllini orada tapa bilər". "Bu üzdən, bir daha qeyd etmək istəyirəm ki, bizim ölkəmizə hücuma keçmək cəhdləri tamamilə əsassızdır və bunun heç bir nəticəsi olmayacaq", - deyə İlham Əliyev qeyd  edib.

İlham Əliyev bəzi digər parlamentarilərin də Azərbaycana hücum cəhdlərini eyni qətiliklə rədd edib. Prezident bildirib ki, bu gün ölkədə bütün azadlıqlar tam şəkildə təmin olunub, yerdə qalan çatışmazlıqlar isə tədricən aradan qaldırılır. O, həmin çatışmazlıqlara Avropanın öndə gedən ölkələrində də rast gəlindiyini xatırladıb. Azərbaycan KİV üzərində senzuranı ona görə ləğv etməyib ki, kimlərsə jurnalistlərin sərbəst fəaliyyətinə maneələrin yaradıldığını  bəyan etməyə çalışsın. Əgər ölkə müxalifəti prezident seçkisinin nəticəsinə etiraz etmək üçün (yeri gəlmişkən, söhbət elə həmin AŞPA tərəfindən legitim sayılmış seçkidən gedir) ona verilən qanuni hüquqdan istifadə edərək meydana cəmi 860 tərəfdar çıxara bilirsə, bu, hakimiyyətin günahı  deyil. Qadınların Azərbaycanın ictimai-siyasi həyatında iştirakına problemlərin yaradıldığı haqda iddialar isə ümumiyyətlə, gülməlidir - Azərbaycan Şərqdə qadınlara səsvermə hüququnun verildiyi ilk ölkə olmaqla yanaşı, bu məsələdə dünyada da ilklərin sırasındadır.

Yeri gəlmişkən, iclasda prezidentə ünvanlanan sualların hər birinə arqumentlə cavablar verilib. Prezident bəzən açıq-aydın təxribatçı xarakter daşıyan bu hücumlara kifayət qədər sakit yanaşıb. Bunu isə yalnız sözlərinin doğruluğuna əmin olan şəxs edə bilər. O, Azərbaycanın bu və ya digər problemin konstruktiv şəkildə müzakirəsinə hazır olduğunu bir daha nümayiş etdirib, ölkəyə əsassız təzyiqlərin göstərilməsinin qəti şəkildə yolverilməz olduğunu hər kəsin diqqətinə çatdırıb. Azərbaycan Avropa Şurası üzvləri arasında "doğmalar və yadlar"a qarşıdır və hər bir üzvlə bərabərhüquqlu dialoq  qurulmasını vacib  sayır. Azərbaycan yalnız Avropa dəyərlərinin mənimsənilməsində maraqlı  deyil. O, həm də Nazirlər Komitəsinin yeni sədri statusunda avropalı tərəfdaşlarına Azərbaycanın dəyərlərilə silahlanmanı məsləhət görür. Söhbət multikulturalizm ənənələrindən və sosial problemlərin həllindəki  təcrübədən gedir.

İlham  Əliyevin çıxışından və suallara cavabından sonra vaxtilə öz ölkələrində yüksək dövlət postları tutmuş bir sıra deputatların Azərbaycan prezidentinə öz ehtiramlarını bildirməyə tələsmələri də təsadüf deyil. Strasburqdakı çıxışından sonra heç də bütün dövlət başçıları bu cür diqqətə layiq görülmür. Ermənistanın sabiq və indiki prezidentləri də AŞPA-dakı çıxışlarından sonra bu cür  isti qarşılanmayıblar. Avropanın bu hadisələrin şahidi olmuş hazırkı və sabiq siyasətçilərinin bir çoxu Avropanın insan haqları və azadlıqları üzrə aparıcı qurumu olan AŞPA-nın tribunasından Ermənistanın birinci şəxslərinin Azərbaycan torpaqlarının işğalında şəxsən iştirak etmələrilə öyünmələrini, "ermənilərlə azərbaycanlıların etnik və dini baxımdan bir arada yaşamasının mümkünsüzlüyünə" dair iddialarını hələ də heyrətlə xatırlayırlar. Yeri gəlmişkən, Prezident İlham Əliyev tarixən öz ərazisində yaşamış bütün azlıqları qovmuş monoetnik ölkə təmsilçilərinin bu rasist bəyanatlarını da avroparlamentarilərə xatırladıb.

Azərbaycanın bədxahlarına gəlincə, belələri həmişə olublar və onların mənşəyi heç kəsə sirr deyil. AŞPA-da Andreas  Qrossun başçılıq etdiyi sosialistlərdən ibarət siyasi qrup ənənəvi olaraq, bu rolu oynayır. Onların rəhbəri  Qrossun Bakıya açıq düşmən mövqeyi hər kəsə yaxşı bəllidir. Yuxarıda adları çəkilən Kristof Ştrasser (vaxtilə o, məhz Qrossun tövsiyəsilə Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi təyin olunmuşdu) və onların işini davam etdirən Maknamara da belələrindəndirlər. Amma antiazərbaycan fəaliyyəti Maknamaraya da istəyinə nail olmağa imkan vermir. İlham Əliyevin çıxışından cəmi bir gün sonra irlandiyalı deputat Azərbaycan Prezidenti ilə mübahisədə iflasa uğradığını anlayaraq, AŞPA-da Azərbaycana siyasi məhbuslarla bağlı yeni həmməruzəçinin təyinatı məsələsini qaldırıb. Amma onun bu posta lobbiçiliyini etdiyi hollandiyalı deputat Pyeter Omsiqtin namizədliyi keçməyib. Bu postu tutmaq üçün lazımi səsi Pedro Aqramunt yığıb və indi məsələyə dair hesabatın hazırlanması ilə o məşğul olacaq. Ümid edək ki, Azərbaycana qarşı nisbətən obyektiv mövqe nümayiş etdirən Aqramuntun hazırlayacağı  hesabat daha ölçülüb-biçilmiş, qərəzsiz və əsassız tənqidlərdən uzaq olacaq.



MƏSLƏHƏT GÖR:

514