15 Mart 2025

Şənbə, 04:13

MÜNAQİŞƏ ZONASINA ÖTÜRMƏ

Azərbaycan Avropa çempionatına iddialı planlarla gedir

Müəllif:

01.10.2012

Azərbaycanda idmanın inkişafına göstərilən böyük diqqətə baxmayaraq, etiraf etmək lazımdır ki, komanda idman növlərində qitə və dünya birinciliklərində az hallarda təmsil olunuruq. İstisna olaraq yalnız voleybolu göstərmək mümkündür. 

Hələ yaxın keçmişdə qızlarımız Avropa Kuboku qazanıb, klublar arasında dünya çempionu olub, Avropa çempionatlarında gözəl çıxışları ilə yadda qalıblar. Bu il isə qadin voleybolçularımız növbəti (ardıcıl 5-ci) dəfə Avropa çempionatına vəsiqə qazanıb. Voleybolçularımızın hansı nəticələrə ümid etmələri, onların hazırlıq səviyyəli və bütövlükdə ölkə voleybolunda baş verən proseslər barədə Voleybol Federasiyasının vitse-prezidenti, qadın voleybolçulardan ibarət yığmanın baş məşqçisi FAİQ QARAYEVLƏ söhbətləşmək qərarına gəldik. 

- Xanım voleybolçularımız artıq Avropa çempionatının daimi iştirakçısına çevrilib. Maraqlıdır, bu dəfə də qitə birinciliyinə vəsiqə qazanacağımıza inanırdınızmı?

- Hər bir məşqçi öz komandasına inanır. Çətinliklərə baxmayaraq ardıcıl 5-ci dəfə Avropa çempionatında iştirak edəcəyimizi təsdiqlədik. 2005-ci ildə ilk dəfə iştirak etdiyimiz qitə birinciliyində 4-cü yeri tutmuşduq. O vaxtdan indiyə qədər bütün Avropa çempionatlarında Azərbaycan təmsil olunub. Həmin illərdə Azərbaycanda yalnız bir voleybol klubu var idi - "Azərreyl". Bütün voleybolçular bir klubda oynayırdı. Voleybolçular eyni sistemlə həm Çempionlar Liqasına, həm də yığmanın oyunlarına hazırlaşırdıı. Millinin məşqçisi kimi işləmək bir qədər asan olurdu. Çünki idmançı yığmaya hazır formada gəlirdi. İndi ölkədə voleybol sürətlə inkşaf edir. Klubların sayı çoxalıb. 3 komandamız Çempionlar Liqasında iştirak edir. Çətinliklər də var. Millinin oyunçuları ölkə çempionatda oynamır. Klublar böyük hədəflərə nail olmaq üçün məşhur əcnəbi voleybolçuları transfer edir. Yerli voleybolçular ehtiyyatda qalır. Bu isə yığmanın işinə problem yaradır. Əgər voleybolçu oynamırsa, onun mötəbər yarışda meydana çıxması mümkün olmur. 

- Voleybola legioner axınından söz düşmüşkən. Bu bizə daha çox kömək edir, yoxsa mane olur?

- Klublar böyük pullar xərcləməklə legionerləri Azərbaycana gətirir. Bahalı oyunçunu heç kim ehtiyatda saxlamaz. Məhz bu legionerlərin sayəsində Azərbaycan çempionatı hazırda Avropanın aparıcı çempionatlarından biridi. İndiki vaxtda legionerlər lazımdır. Amma yerli oyunçuları da unutmaq olmaz. Futbol üzrə İngiltərə millisinin baş məşqçisi Sven Yoran Eriksson komanda dünya çempionatından kənarda qalanda belə səbəb gətirmişdi: "Ouen oynamadı, ona görə uduzduq."  Deməli, futbolda 11 nəfərdən 1-i oynamayanda hiss olunur. Bizdə voleybol millisində 6 nəfər oynayır, seçmə oyunlar ərəfəsində onlardan 4-ü zədələnmişdi. Təsəvvür edin, hansı vəziyyətə düşmüşdük.  Heyətlə bağlı problem olduğu üçün gənclərə güvənməli olduq. Dediyimiz gənclər də Azərbaycan çempionatında ehtiyatda qalır. 

- Bəlkə legioner limiti barədə düşünməyin vaxtıdır?

- Bu barədə federasiyanın Rəyasət Heyətində müzakirələr aparılacaq. Gələn ildən limit tətbiq etmək istəyirik. Komandanı gücləndirməyi başa düşürəm. Ancaq Azərbaycan voleybolunun gələcəyi naminə hər klubda 2 yerli voleybolçu oynamalıdır. 7 klubun hərəsində 2 voleybolçumuz oynasa, bu, 14 idmançı edir. Əgər çempionatda oynayırlarsa, deməli, milliyə hazır formada gələcəklər. Dünyanın ən yaxşı voleybolçuları Bakıya gəlir və burda klublarımızda oynayır. İndiki halda onlardan öyrənmək lazımdır. Gənclər legionerlərdən çox şey öyrənməlidir. 

- 7-8 il əvvəl siz nə vaxtsa Azərbaycanda güclü çempionatın olmasını arzulayırdınız. İndi isə artıq özünüz deyirsiniz ki, bu arzu həyata keçib... 

- Fərdi idman növlərində uğurlarımız çoxdur. Amma kollektiv idmanda nailiyyət əldə etmək çətindir. 10 il əvvəl Azərbaycanda normal voleybol zalı yox idi. Peşəkar voleybol üçün hətta top yox idi. Prezident İlham Əliyevin qayğısı nəticəsində bu səviyyə çatdıq. Siz düz qeyd etdiniz. Güclü çempionatın olması arzumuz idi. İndi çempionatımız İtaliya və ya İspaniya birinciliklərindən geri qalmır. Hətta müəyyən mənada onları üstələyirik də. Hazırda klublarımız qitədə güclülər sırasındadır. Böyük uğurlarımız olub. Avropa Qran-Prisinin qalibi olmuşuq. 2 klubumuz Avropa Kubokunu qazanıb, “Rabitə” Dünya çempionu olub. Bu il yenidən klublar arasında keçirilən dünya çempionatında çıxış edəcək. Onlara titulunu qorumağı arzulayırıq.

- Voleybolumuz yalnız olimpiadada iştirak etməyib. Millimizin növbəti 2016-cı ildə Braziliyada keçirilən olimpiadada iştirak pers-pektivlərini necə qiymətləndirirsiniz?

- Voleybolda dünya çempionu olan komanda heç də həmişə olimpiadaya gedə bilmir. Seçim çox çətin sistemlə aparılır. Biz Avropa və dünya çempionatının final mərhələsində oynamaqla reytinqimizi artırmaq istəyirik. Yüksək reytinqlə olimpiadaya yollana bilərik. Ən yüksək reytinqli komandalara olimpiadada iştiraka icazə verilir. Lakin unutmaq olmaz ki, yaxınlarda dünya voleyboluna yeni rəhbər seçilib. O, sistemi dəyişə də bilər. 

- Avropa çempionatına gedən yolda komandamız inamlı qələbələr qazandı. Yəqin, voleybolçularımızın psixoloji hazırlığı yüksək səviyyədə olub...

- Avropa çempionatına vəsiqə qazanmağımız təsadüf deyil. Əvvəllər bizdə ehtiyat oyunçular yox idi. İndi ehtiyat oyunçularla bağlı problemimiz yoxdur. Ardıcıl 6 oyunu 3:0 hesabıyla məğlub etməyimiz məni çox sevindirdi. Voleybolçuların zədəsini sağalda bilsək qitə birinciliyində uğur əldə edə bilərik. Ona qədər mayda dünya çempionatının seçmə mərhələsində qələbə qazanmaq istəyirik. Heyətimiz yaxşıdır. 2 voleybolçumuzun boyu 2 metrə yaxındır. Boy amili çox mühüm rol oynayır. Qitə birinciliyinə vəsiqə qazanmaqla iş bitmir. Orada Azərbaycanı layiqincə təmsil etməliyik. 

- Millidən hansı nəticəni gözləmək olar?

- Hələ püşk atılmayıb. Final mərhələsinin püşkündən sonra dəqiq proqnoz vermək olardı. Amma indidən iddialı olacağımızı söyləməliyəm. Qitə birinciliyində zəif komanda olmur. Yığmamızın hədəfi minimum ilk altılığa düşmək, maksimim medal qazanmaq olacaq. 

- Avrokuboklarda iştirak edəcək klublarımızın hazırlığı hansı səviyyədədir? Avropa Kubokunu qazanmışıq. Çempionlar Liqasını qazanmaq mümkün olacaqmı?

- Bilirsiniz,  əvvəllər bu qədər uğurumuz yox idi. İndi artıq hər oyunda qələbə istəyirik. İnanıram ki, yaxın illərdə Çempionlar Liqasında da qalib gələcəyik. "Azərreyl", "Rabitə" təcrübəli olduqları üçün yarışa böyük ümidlərlə yollanırlar. "Lokomotiv"in yaxşı heyəti var. Hər üçündən uğur gözləyirik. 

- Federasiya rəsmisi kimi qarşıda görüləcək işlərlə bağlı bizə məlumat verməyinizi xahiş edərdim...

- Qadın voleybolunda gələn ildən legionerlərə limit tətbiq olunacaq. Limit milliyə çox kömək edəcək. Kişi voleyboluna  da diqqəti artırırıq. Ukraynadan mütəxəssis gətirmişik. Yeni mövsümdən çempionat maraqlı olacaq. Kişi voleybolçuların klubları güclənəcək. Qadın voleybolundakı inkişaf onlara da təsir edəcək. Sevindirici haldır ki, bütün klublarda əcnəbi mütəxəssislərə azərbaycanlı məşqçilər kömək edir. Çünki gələcəkdə bizə yerli mütəxəssislər lazım olacaq. Güclü məşqçilərin yanında təcrübə toplayanlar voleybolumuzun gələcəyidir.


MƏSLƏHƏT GÖR:

498