14 Mart 2025

Cümə, 22:43

"ŞAM İŞIĞINDA YUBİLEY"

Ermənistanda elektrik enerjisi şəbəkələrinin müflis olacağı proqnozlaşdırılır

Müəllif:

08.07.2014

Ermənistan prezidenti Serj Sarqsyan 60 illiyini qeyd etdi. Ölkənin rəsmi KİV-i dünya liderlərindən kimlərin Sarqsyanı təbrik etdiyinə dair xəbər yaymaq üçün sanki yarışa giriblər. Prezident özü isə Ermənistanın İctimai Televiziyasına müsahibəsində yubileyə əvvəlcədən hazırlaşmadığını deyib, hələ bütün arzularının həyata keçmədiyindən şikayətlənib. "60 illiyimlə əlaqədar, bütün arzularımın həyata keçdiyini söyləyə bilmərəm. Odur ki, mənə növbəti yubileyimi - 65 illiyimi gözləməkdən başqa heç nə qalmır. Növbəti yubileyimi müstəqil "Arsax"la (dırnaq bizə məxsusdur - red.), sabit dünya ilə, sürətli templərlə inkişaf edən Ermənistanla və yüksək templərlə yüksələn immiqrasiya ilə qarşılamaq istərdim", - deyə Sarqsyan  bildirib.

Azərbaycanlı politoloq Fikrət Sadıqov 1news.az saytına müsahibəsində Sarqsyanın bu arzularına son dərəcə istehzalı münasibət bildirib. Politoloq erməni prezidentin "azad Arsax" haqda arzusunu belə şərh edib: "Bunun əvəzində o, əvvəlcə MTN-in izolyatorunda, daha sonra Qobustan həbsxanasında qonaq ola bilər. Orada Sarqsyana məhbuslarla birgə yubiley təşkil etmək olar. Şübhə etmirəm ki, oradakı məhbuslar onunla necə davranmalı, necə təşəkkür etməli, ona hansı "hədiyyələr"i bağışlamalı olduqlarını yaxşı bilirlər".

Bununla yanaşı, Ermənistan prezidentinə növbəti yubileyini həbsxanada qarşılamağı onun həmvətənləri də arzulayıblar. Hər halda, İrəvan KİV-in yazdığına görə, ölkə parlamentinin "İrs" partiyası fraksiyasından olan deputat Zauri Postancyan Sarqsyana ünvanladığı "təbrik məktubunda" deyib: "Bu gün sizin 60 yaşınız tamam olur və onun 7 ilini siz Ermənistan vətəndaşlarına məxsus hakimiyyəti zəbt edərək onların adından danışmış, erməni xalqının milli maraqlarının əksinə hərəkət etmisiniz. Əlbəttə, insanların öz yubileyləri günü xoş sözlərə layiq görülmələri daha arzulanandır. Amma sizə gəlincə, xeyir ya ölüb, ya inamını itirdiyi üçün emiqrasiya yolunu seçib və bu da öz növbəsində faciəyə aparıb çıxarıb. Erməni xalqının və hər bir erməni ailəsinin həyatında faciə qütbləşmə, yoxsulluq, vətəndaşla dövlət arasında, erməni ilə erməni dövləti arasında çəpərdir. Bu, sizin sayənizdə əldə olunmuş ən böyük parçalanma və yadlaşmadır".

Deputat "təbrik"ini belə yekunlaşdırıb: "Yubileyinizlə əlaqədar olaraq, hədiyyə kimi, Pablo Pikassonun "Faciə" əsərini qəbul edin. Sizə hakimiyyətdən məhrum olmacınızı, cinayət məsuliyyətinə cəlb edilməyinizi və məhkuma çevrilməyinizi arzulayıram".

Zauri  Postancyan, əlbəttə ki, fikrində Serj Sarqsyanın Xocalı  şəhərində azərbaycanlıların məhvində, dinc sakinlərə qarşı qətliamda iştirakını nəzərdə tutmur. İrəvanda ona qarşı irəli sürülən geniş ittihamlar siyahısı var: seçkinin saxtalaşdırılmasından tutmuş, xalqın yoxsulluğuna, emiqrasiyanın faciəvi həddə  çatmasınadək.

Serj Sarqsyanın yubileyi həm də Ermənistan iqtisadiyyatı ilə bağlı statistik məlumatların açıqlanması ilə eyni vaxta təsadüf edib. Bu məlumatlara isə nikbinliklə yanaşmaq çox çətindir. Bundan başqa, rəsmi orqanların  ortaya "nikbin" rəqəmlər çıxartmaq cəhdləri artıq yerli analitiklərdə lazım olan "ruh yüksəkliyi" yarada bilmır. "Rəsmi məlumatlara əsasən, sənayemizidə birmənalı olmayan vəziyyət yaranıb. Ümumi göstərici sırf simvolik həddə artıb - 0,2%. Filiz-mədən sənayesindən və açıq karxanaların işlənilməsindən əldə olunan məhsulun fiziki həcmində isə ciddi geriləmə var (6,0%). Üstəlik geriləmə ayrı-ayrı emal sənayelərində də qeydə alınıb", - sitat  News.am portalındandır.

Bundan başqa, statistika xidməti konyak istehsalında da geriləmə qeydə alıb. Qurumun məlumatına görə, 2014-cü ilin yanvar-may aylarında Ermənistanda konyak istehsalı 2013-cü ilin eyni dvörü ilə müqayisədə 11,1% azalaraq 5 542,7 min litr təşkil edib.

Əlbəttə, bu, Ermənistan prezidentinin yubileyində konyaksız qalmaq riski ilə üzləşməsi  anlamına gəlmir. Üstəlik "bələd adamlar" Serj Azatoviçə 20 illik "Nairi" konyakının dadına baxmağı məsləhət  görüblər və 1 il əvvəl prezident administrasiyası 53 ədəd litryarımlıq "Nairi" konyakı əldə edib. Amma yubileyin konkret olaraq necə qeyd olunduğu - səs-küylü kampaniya ilə, musiqi və rəqslərlə, yoxsa məhdud çərçivədə, şam işığında - məlum deyil. Bunun əvəzində ən yaxın zamanlarda əksər erməni ailələri üçün "şam işığında ad günü" keçirmək ifadəsinin artıq romantizmdən kənara çıxacağına şübhə yoxdur. Serj Sarqsyanın öz yubileyini qeyd etdiyi bir vaxtda ölkədə avqustun 1-dən elektrik enerjisinin qiymətinin artırılacağı rəsmən bəyan edilib. Sıravi abunəçilər üçün bu artım 9,9% olacaq. Bu, əksər erməni ailəsinin büdcəsinə ciddi zərbə sayıla bilər. Xəbər yayılar-yayılmaz, İrəvanı etiraz aksiyaları  bürüyüb. Nümayişə çıxan insanlar Saryan küçəsini bağlayıblar. Polisin onları ərazidən uzaqlaşdırmaq cəhdi, təbii ki, toqquşma ilə nəticələnib.

İrəvanın "Aykakan Jamanak" qəzeti isə bir müddət sonra, daha dəqiqi gələn ilin yazında elektrik enerjisi qiymətlərinin yenidən artırılacağını yazır. Buna səbəb ölkənin enerji sisteminin ən nəhəng obyektlərindən biri olan Ermənistan Atom Elektrik Stansiyasının 1,5-2 illiyinə əsaslı təmirə bağlanmasının nəzərdə tutulmasıdır. Bundan başqa, Ermənistan KİV-nin məlumatına görə, "Ermənistan elektrik şəbəkələri" şirkəti 2013-cü il ərzindəki fəaliyyəti ilə bağlı müstəqil auditor şirkəti olan "Ernst and Young"un rəyi ilə maliyyə hesabatı açıqlayıb. Hesabata əsasən, şirkət ili 4 milyard 470 milyon dramlıq maliyyə zərəri ilə başa vurub. "Aykakan  Jamanak" qəzetinin yazdığına görə, müstəqil auditorun rəyində bildirilir ki, "bu, bir sıra digər məqamlarla birlikdə ciddi qeyri-müəyyənliyin olduğunu göstərir. Bu qeyri-müəyyənlik şirkətin fəaliyyətini fasiləsiz olaraq davam etdirmək imkanlarını sual altına qoya  bilər".

"Başqa  sözlə, "Ermənistan elektrik şəbəkələri" müflisliyin astanasındadır", - deyə qəzet bildirir.

İrəvanda nəşr olunan "Lraqir" qəzeti isə hesab edir ki, şirkətin müflislik astanasında olduğu bir şəraitdə hökumət qiymətləri qaldırmaqdansa, komissiya yaratmalı və həmin komissiya "enerji sistemində 17 milyard dramlıq zərərin haradan meydana gəldyini araşdırmali idi. 

Odur ki, Ermənistan prezidentinin "şam işığında yubileyi" çox kədərli  alınıb...



MƏSLƏHƏT GÖR:

437