
İŞTAH DİŞ ALTINDADIR
B. Hacıyev: ""Neftçİ"nin qrupdan çıxacağına inanıram"
Müəllif: Nadir XOSROVOĞLU Bakı
"Neftçi" Avropa Liqasının qrup mərhələsində çıxış edən ilk Azərbaycan komandası oldu. Azərbaycan futbolunun flaqmanı yunan Kiprinin "APOEL" komandasını səfərdə 3:1 hesabıyla məğlub etməklə idman tariximizdə yeni səhifə açdı. "H" qrupunda yer alan komandamızın real gücü İtaliyanın "İnter", Rusiyanın "Rubin" və Serbiyanın "Partizan" klublarıyla mübarizədə üzə çıxacaq.
"İNTER"
Üç dəfə Çempionlar Liqası və 3 dəfə də UEFA kubokunun, 2 dəfə isə qitələrarası kubokun, klublararası dünya çempionatının, qitələrarası superkubokun qalibi, 18 qat İtaliya çempionu olan "İnter" Avropa nəhənglərindən sayılır. Son aylar yüksək səviyyədə oyun nümayiş etdirməyən neradzura istənilən halda "H" qrupunun favoriti sayılır. "İnter" nə qədər zəifləsə də sanballı rəqibdir.
Oktyabrın 4-də italyanları Bakıda qəbul etməli olan "Neftçi" adlı-sanlı rəqiblə sonadək mübarizə aparmaq əzmindədir. Milanlıların Avropa Liqasına böyük güc sərf etməyəcəyi, bütün diqqətin "A" seriyasına yönəldəcəyi əsaslı faktdır. İtaliyada ölkəçempionu olmaq Avroliqanın qalibi olmaqdan daha üstündür. Digər məqam "Neftçi"nin oyunundan asılıdır. Əgər flaqman neradzurayla heç-heçə oynaya bilsə, bu artıq böyük uğur sayılacaq.
"RUBİN"
Bu komanda üç il öncəki qüdrətini itirib. 2008 və 2009-cu illərdə Rusiya çempionu olan "Rubin" son vaxtlar zəifləyib. Bununla belə son mövsüm Rusiya Kuboku və Superkubokunu qazanan Kurban Berdıyevin komandası kifayət qədər təcrübəyə malikdir. Kazanlılar Avropa Liqasına böyük önəm verir və bu üzdən sona qədər mübarizə aparacaqlar. "Rubin" qrupda ikinci yer üçün oynayacaq. Berdıyevin komandası hər iki oyunda "Neftçi"dən 3 xal almağa çalışacaq. Fikrimizcə, flaqman Bakıda ən azından rəqibə çətin anlar yaşada bilər.
"PARTİZAN"
Serbiyanın ən köklü klublarından olan "Partizan" heyətinə görə indi ciddi rəqib kimi qəbul edilə bilməz. Sirr deyil ki, Serbiya futbolu yaxşı günlərini yaşamır. Ölkə idmanında maliyyə problemi var və bu amil əsas oyunçuların xarici klublara getməsinə səbəb olub. "Partizan"ın özündə də ciddi maliyyə problemi var. Düzdür, rəqib təcrübəlidir və bu amil bizləri oyuna daha ciddi yanaşmağa məcbur etməlidir. Mütəxəssislərin fikrincə, "Neftçi" ilk oyunda "Partizan"dan xal ala bilər. Səfərdə 1 xal qazansaq, Bakıda onları məğlub etmək çətin olmamalıdır. Bu komandanı məğlub etməklə "Neftçi" qrupdan çıxmaq şanslarını artıra bilər.
Məşqçi rəyi
"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev daim iddialı açıqlamaları ilə seçilir və Kiprdəki qələbə göstərdi ki, məşqçinin iddiası əsassız yerə deyil. "Neftçi"nin qrup mərhələsinə yüksəlməsi həm də Hacıyevin özü üçün hədiyyə oldu. Bir müddət əvvəl Moskvada cərrahiyyəəməliyyatı keçirən məşqçi xəstəliyə qalib gəldi. Müalicədən sonra "Neftçi"yə qayıdan Böyükağa Hacıyev tarixi uğurun memarına çevrildi. Bizimlə müsahibəyə böyük məmnuniyyətlə razılaşan məşqçi komandamızın Avropa Liqasının qrup mərhələsinə adlaması barədə fikirlərini, plan və proqnozlarını, maraqlı açıqlamalarını bizimlə də bölüşdü.
- Qələbə münasibətilə sizi təbrik edirəm. Yəqin, çox təbrik almısınız. Həmkarlarınızdan necə, sizi təbrik edən oldumu?
- "Neftçi"nin tarixi uğurundan sonra təbrik eşitmək çox sevindiricidir. Təbrik edənlərə də, etməyənlərə də "Çox sağ ol" deyirəm. Ağasəlim Mircavadov zəng vurmuşdu. Ondan xoş sözlər eşitmək sevindirici oldu. Arif Əsədov, ölkə xaricində olmasına baxmayaraq, bizi təbrik etdi. Komandamızın qələbəsi bütün xalqımızın uğurudur. Ona görə mən də azarkeşləri təbrik edirəm.
- Düzünü desək, "APOEL"lə səfər oyunu ərəfəsində qələbə qazanacağınıza inam az idi. Bakıda 1:1 hesabıyla başa çatan ilk görüşdən sonra rəqibin şansları yüksəlmişdi...
- Biz Bakıda qələbə qazanmalıydıq. Sadəcə, əks-hücum zamanı buraxdığımız səhv "APOEL"in qol vurmasıyla nəticələndi. Səfərdəki oyuna gəlincə, çox çətin görüş alındı. Amma qələbəyə inanırdım. Hələ görüş başlanmazdan əvvəl jurnalistlərə demişdim ki, "Neftçi" qrup mərhələsində iştirak edəcək. Risk etməyi sevirəm və buna görə hər zaman iddialı olmağa çalışıram.
- "APOEL"-"Neftçi" oyunu ərəfəsində mətbuat konfransında dediyiniz sözlər Kirp azarkeşlərini bərk əsəbiləşdirmişdi...
- Mətbuat konfransında Kipr jurnalistlərindən biri mənə "Stadiondakı 20 min azarkeşdən qorxursunuzmu?" sualını verdi. Mən də dedim ki, “Biz Azərbaycanı təmsil edirik və heç kimdən qorxmuruq. Qəlbimizdə Azərbaycan və Türkiyə bayraqları həmişə yanaşı olub. "Neftçi" elə oynayacaq ki, 20 min azarkeş bizi alqışlayacaq". Dediklərim kimi də oldu. Fanatlar oyundan əvvəl məni fitlə qarşılasalar da, sonradan alqışlamalı oldular. Futbolçularımızın oyunu onları buna məcbur etdi.
- Oyun zamanı Türkiyə Bayrağının yandırılmasına reaksiyanız necə oldu?
- Biz onlara sözümüzü oyunumuzla dedik. Azarkeşlər və futbolçular bizi təxribata sürükləyirdi. Lakin bizim fikrimiz oyunda idi. "APOEL" "Neftçi"nin güclü olduğunu etiraf etməli oldu.
- Qrup mərhələsinin startına az qalıb. Yeni transferlər olacaqmı?
- Yeni oyunçu almayacağıq. Komandamın heyətində çıxış edən futbolçulardan razıyam. Bu heyətlə qrupda oynamaq olar.
- Qarşıda duran vəzifə və gözləntiləriniz?
- İştah diş altındadır. Mən "Neftçi"nin qrupdan çıxacağına inanıram. Rəqiblərimiz çox güclüdür. Amma komandama inanıram. Püşkdən də razıyam. Normal rəqiblər bəxş edib bizə. Sadəcə, yaxşı məşq etməklə oyuna hazır olmaq lazımdır. "Partizan"ın oyununun videoyazısına baxmışam. "Rubin" haqda da məlumatım var. "Neftçi" onlara qarşı layiqli mübarizə aparacaq.
- Bəs İtaliyanın "İnter"i barədə nə deyərdiniz?
- "İnter" Çempionlar Liqasının qalibi olub. Dəfələrlə İtaliya çempionu olmuş komanda qitənin nəhəngləri sırasındadır. Onlarla oyunumuz çox çətin olacaq. Bununla belə məğlubiyyət haqda düşünmürük.
- "Neftçi" ilk oyununu səfərdə "Partizan"a qarşı keçirəcək. İlk oyundan nə gözləyək?
- Məqsədimiz həmişə qələbə qazanmaq olub. Səfərdə oynadığımızı nəzərə alaraq, heç-heçə də pis nəticə deyil. Əsas qrupda sona qədər yüksək yerlər uğrunda mübarizə aparmaqdır. Çoxları "Neftçi"nin bu mərhələyə çatacağına inanmırdı. Qoy, indi də qrupdan çıxacağımıza inanmasınlar. Hər şey sonda məlum olacaq.
- Mətbuatda sizin "zəif" ləqəbi ilə çağırıldığınız yazılıb. İndi artıq hamı sizi məşhur Joze Maurinyo ilə müqayisə etməyə başlayıb...
- (Gülür) Maurinyo dünyaşöhrətli məşqçidir. Adımın onun yanında çəkilməsi böyük xoşbəxtlikdir. Amma Jozenin uğurları daha çoxdur və o səviyyəyə çatmağımıza hələ çox var. Hər bir məşqçinin zəif cəhətləri olduğu kimi, portuqal həmkarımın da güclü olmayan tərəfləri var. Biz üzərimizdə hələ çox işləməliyik. Sevinirəm ki, "Neftçi" tarixi uğura azərbaycanlı məşqçinin rəhbərliyi altında imza atdı. Əcnəbi məşqçilərə inanmaq olar, amma yerli mütəxəssislər də yaddan çıxmamalıdır. Azərbaycan futbolunu onlar qədər dərindən öyrənən yoxdur...
SİTAT
"Yeni oyunçu almayacağıq. Komandamın heyətində çıxış edən futbolçulardan razıyam. Bu heyətlə qrupda oynamaq olar".
Böyükağa Hacıyev, "Neftçi"nin baş məşqçisi
MƏSLƏHƏT GÖR: