13 Mart 2025

Cümə axşamı, 20:08

LONDON İKİNCİ DƏFƏ FƏTH OLUNDU

Azərbaycan paralimpiyaçıları yeni rekorda imza atdılar

Müəllif:

15.09.2012

Bu il Azərbaycan idmanı tarixində yeni səhifə açan olimpiyaçılarımızdan sonra paralimpiyaçılarımız da Londonda yeni rekorda imza atdılar. Olimpiyaçıların ölkəmizin aktivinə yazdığı 10 medala, paralimpiyaçılar daha 12 medal (4 qızıl, 5 gümüş və 3 bürünc) əlavə etdilər. Beləliklə, 4 il əvvəl Pekində keçirilən paralimpiadada Azərbaycan komandası 2 qızıl, 3 gümüş və 5 bürünc medalla iştirakçı ölkələr arasında 38-ci yeri tutmuşdusa, Londonda yığmamız ölkəni 27-ci yerə çıxardı. Paralimpiada yüksək nəticələrlə yanaşı, ölkəmizə yeni rekordlar və çempionlar da bəxş etdi. 

Yarışın ilk günlərində cüdoçularımız Ramin İbrahimov (60 kq) və Afaq Sultanova (57 kq) bütün rəqiblərinə qalib gələrək, Azərbaycana qızıl medal sevincini yaşatdılar. Hər iki təmsilçimiz əksər görüşlərini ippon fəndi (təmiz qələbə) ilə qazanmaqla güclülərin rəqabətindən qalib ayrıldı. Ramin İbrahimov Pekin paralimpiadasında bürünc qazananda çoxları onun perspektivli idmançı olmasını qeyd etmişdi.  Məşqçilər Afaqa da böyük ümidlər bəsləyirdi və idmançı etimadı doğrultdu. Sultanova Londonda Azərbaycan Himnini səsləndirən qəhrəmanlardan oldu. Hər görüşündə rəqiblərini aşkar üstünlüklə məğlub edən xanım idmançımız layiq olduğu mükafata sahib çıxdı. Həm Ramin, həm Afaq bununla kifayətlənməli deyil. Hər iki idmançı Rio De Janeyroda 4 il sonra keçiriləcək paralimpiadada da Azərbaycanın şərəfini layiqincə qoruya bilər. 

Bu arada komandamızda böyük ümid bəslənilən cüdoçu İlham Zəkiyev 3-cü dəfə çempion olmaq arzusunu reallaşdıra bilmədi. İkiqat paralimpia çempionu yapon həmkarı Masaki Kentoya uduzmaqla qızıl medaldan əlini üzdü. Nəticədə həmyerlimiz Vətənə bürünc medalla qayıtdı. Mütəxəssislər Zəkiyevin Braziliyada 3 qat çempion olacağını gözləyir. 

Üzgüçülükdə isə Nataliya Pronina gözəl nəticə ilə fərqlənib. Londonda 5 medal qazanan xanım idmançımız əvvəlcə gümüş medallara sevindi. Ardıcıl gümüşlərdən sonra hamı ondan qızıl gözləyirdi. Nəhayət, son gündə 100 metr məsafəyə brass üsuluyla üzməkdə Pronina həm dünya rekordunu təzələdi, həm də paralimpiya çempionu oldu. 

Yüngül atletikada da idmançılarımız ümidləri doğrultdu. Sevindirici məqamdır ki,  üçqat tullanışda əsas mübarizə bizim təmsilçilər - Oleq Panyutin və Vladimir Zayets arasında getdi. Panyutin komanda yoldaşını 1 santimetr qabaqlamaqla paralimpiya çempionu oldu. Zayets isə gümüşlə kifayətləndi. Komanda yarışlarında da hər iki idmançımız - Elçin Muradov və Rza Osmanovla bərabər 4x100 metr məsafədə mükafatçılar sırasında yer aldı. Tullanmada Hüseyn Həsənov bürünc medal qazanmaqla medal sayımızı 12-yə çatdırdı. 

Medallarımızın sayı daha çox ola bilərdi. Lakin bəzi idmançılarımız medalın astanasındaca büdrəməklə mükafatsız qaldılar. Bununla belə mütəxəssislər paralimpiya yığmamızın nəticəsini yüksək qiymətləndirir. Onların fikrincə,  qazanılan medallarla idmançılarımız qarşıya qoyulan məqsədi artıqlamasıyla yerinə yetirmiş oldular. 



MƏSLƏHƏT GÖR:

398