25 Noyabr 2024

Bazar ertəsi, 14:28

GÜNƏŞ, ALOV, SU

Bakıya ən yaxın rayon iqtisadi imkanları ilə zəngindir

Müəllif:

15.09.2012

Neft yataqları, müalicəvi qum, yaşıl üzüm bağları, dadı heyran edən şirəli meyvələr və giləmeyvələr, həm də əlbəttə ki, Xəzər - bütün bunlar Abşeron rayonunun iqtisadi mənzərəsinin yalnız müəyyən ştrixləridir. Əslində, Abşeronu həm də dünyanın ən unikal yerlərindən biri adlandırmaq olar - nadir hallarda neft qoxusu ilə bir arealda zəfəranın sehrli ətrini, unikal duz gölünü və zeytun plantasiyalarını, daş karxanalarını və üzümlükləri burdakı kimi bir yerdə görmək mümkündür. Bu cür müxtəliflik və paytaxta yaxınlıq, dəniz kənarında yerləşmək bölgəni qazanclı sərmayələr üçün cəlbedici edir. 

 

Giləmeyvə, meyvə, ədviyyat 

Azərbaycanın başqa rayonlarında olduğu kimi, Abşeron iqtisadiyyatının da əsasında kənd təsərrüfatı durur. Bu zona öz zeytunu, zəfəranı, pomidoru, badamı, tutu və ənciri ilə məşhurdur. Yarımadanın üzüm plantasiyalarında yetişən şanı isə bir çox şairlərin şeirinin mövzusu olub. 

Rayonda kənd təsərrüfatı ilə əsasən kiçik və orta sahibkarlar məşğuldur, yəni iri fermer təsərrrüfatları burada hələ ki azdır. Amma aydındır ki, bütünlükdə ölkə üzrə aqrar sektor ildən-ilə inkişaf etdiyindən Abşeronda da ona maraq artır. Bu da iri sərmayələr və nadir, amma həddindən dadlı, ən başlıcası isə yararlı tərəvəzlər, meyvələr və ədviyyatların iri həcmli istehsalı üçün əlverişli əsas yaradır. Bundan başqa, rayonda yetərincə populyar olan bitkiçilik növü - çiçəkçilik də bərpa olunmaqdadır. Axı sirr deyil ki, yetərincə kapital olduqda Abşeronda yalnız görkəmcə gözəl deyil, həm də xoş ətirli qızıl-güllər, qərənfillər, zanbaqlar və başqa güllər də becərmək mümkündür. 

Etiraf etməyə dəyər ki, yarımadada  kənd təsərrüfatı ilə məşğul olmaq elə də asan deyil: Abşeron Azərbaycanın yeganə yeridir ki, yerli içməli su qaynağı yoxdur və bu rayon suyu Samur və Kür çaylarından çəkilmiş su kəmərləri vasitəsilə götürürür. Buna görə də burada aqrar sektor üçün təbii risklər böyükdür, amma açıq-aydın üstünlükləri də var, çünki istehlakçıların əsas kütləsinə coğrafi cəhətdən yaxındır ki, bu da nəqliyyat xərclərinin az olmasına imkan yaradır və məhsulun xarab olmaq təhlükəsini azaldır. 

Qədimlərdən Abşeron əhalisi həm də heyvandarlıqla məşğul olardı, burada yerli "qala" qoyun cinsi yetişdirilir. Həmçinin kolbasa və başqa ət, eləcə də süd məhsulları istehsal edən "Sehliyali" müəssisəsi də var. 

Quşçuluq da yetərincə inkişaf edib - həm fərdi təsərrüfatlarda, həm də broylerlər də. Bir neçə il qabaq isə Xırdalan şəhərinin yaxınlığında dəvəquşu yetişdirilməsi üzrə iki müəssisə işə başladı. Onlar fəaliyyətə başlayanda bir çoxları müəssisənin uğur qazanacağına şübhə ilə yanaşırdılar, amma fermalar artıq bir neçə ildir ki, fəaliyyət götərir. Praktika sübut etdi ki, dəvəquşularına baxmaq yalnız uzaq Afrikada deyil, doğma Abşeronda da yetərincə gəlirli işdir. 

 

İstehsal potensialı 

Abşeron rayonunun istehsal sektorunu 45 iri və kiçik müəssisə təmsil edir, onların sırasında "Azbentonit" SC, "Avropa qapıları", "Matanat-A", "Kaspian fiş" kimi müəssisələri, "Baltika-Baku" pivə zavodunu, "Azersun Holding", "Absheron Sherab" ASC kimi müəssisələri göstərmək olar. 

2011-ci ildə Abşeron rayonunda 97,6 mln manatlıq sənaye məhsulu istehsal edilib ki, bu da 2010-cu ilin nəticələri ilə müqayisə etdikdə 7% çoxdur. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bildirib ki, müsbət dinamikada önəmli rolu özəl bölmənin müəssisələri oynayıblar. Həm də rayonun iqtisadiyyatının inkişafında "ASMDF" və " M-Line" kimi iri mebel fabriklərinin tikilməsi də önəmli rol oynayıb. Bu çağdaş istehsalat sahələrinin açılışında dövlət başçısı İlham Əliyev də iştirak edib. 

Bildirmək gərəkdir ki, yalnız keçən il rayonun tikintisinə kapital qoyuluşları 2,2 dəfə artaraq 166,3 mln manat təşkil edib. Qeyd etmək lazımdır ki, artıq rayonda Abşeron Gənclər Şəhərciyi,  "Yeni Bakı", "Qurtuluş", Villa Badam  və s. kimi bir neçə iri yeni yaşayış kompleksi də var, həmçinin yeni parklar və əyləncə mərkəzləri, restoranlar və otellər tikilib. Yeri gəlmişkən, Abşeron rayonunun ərazisində yeni Zooloji Parkın tikilməsindən sonra regionun turizm baxımından cəlbediciliyinin yüksəlməsi də tamamilə gözləniləndir. Bu yaxınlarda dövlət başçısı İlham Əliyevin sərəncamı ilə Prezidentin Ehtiyat Fondundan bu layihə üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 4,5 mln manat ayrılıb. Rayonda dövlət sərmayəsi ilə gerçəkləşdirilən daha bir iri layihə Abşeron Olimpiya Kompleksinin tikintisidir. 

Zəngin resurs bazasını, Xəzər sahilində, Bakı ilə Sumqayıt arasında əlverişli coğrafi mövqeyini, o cümlədən təkmilləşdirilməsi bu gün də davam edən inkişaf etmiş nəqliyyat infrastrukturunu, ölkənin iri banklarının filiallarının olmasını və s. nəzərə aldıqda, birmənalı demək olar ki, Abşeron sərmayə yatırılması baxımından tam əlverişli rayondur. 

Azərbaycan regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramında rayona böyük yer ayrılıb. Sərmayə yatırımı üçün potensial sahələr sırasında sanatoriya-kurort zonalarının, tikinti materialları istehsalı üzrə müəssisələrin, məişət tullantılarının emalı üzrə zavodun, enerji mənbəyi kimi küləyi, günəş işığını, suyu və s.-i işlədən elektrik stansiyalarının yaradılması ola bilər. Bir sözlə, Abşeronda biznesin inkişafı üzrə sahələr yetərincədir, infrastruktur layihələrinə dövlət yatırımları isə Azərbaycanın bu guşəsində həm sərmayələr üçün, həm də sadəcə yaşayış üçün yetərincə əlverişli şərait yaradır. 


MƏSLƏHƏT GÖR:

644