
MAYOR SƏFƏROV AMİLİ
Diplomatik cəbhədə uduzan ermənistan rəhbərliyi, qarabağda status-kvonu uzatmağa cəhd göstərir
Müəllif: Namiq MAYILOV Bakı
Ramil Səfərovun Vətənə qaytarılacağı günü 9 il idi gözləyirdik. Və nəhayət, Macarıstanda erməni zabitinin qətlinə görə ömürlük həbs cəsasına məhkum edilmiş Azərbaycan Ordusunun baş leytenantı Vətənə ekstradisiya edildi. Bakı hava limanına çatan kimi onu Prezident İlham Əliyevin imzaladığı əfv fərmanı ilə tanış etdilər, bir qədər sonra isə baş leytenant Səfərova Azərbaycan Silahlı Qüvvələrinin mayoru rütbəsi verildi və bu illər ərzində yığılıb-qalmış maaşı da ödənildi.
Xatırladaq ki, baş leytenant R. Səfərov 2004-cü ildə Macarıstanda keçirilən NATO təlimləri zamanı Azərbaycan Bayrağını təhqir etmiş erməni zabit Qurgen Markaryanı qətlə yetirmişdi. 2006-cı il aprelin 13-də Budapeşt məhkəməsi onu ömürlük həbs cəzasına məhkum etdi, bu il avqustun 31-də isə Macarıstan rəhbərliyi R.Səfərovu Azərbaycana təhvil verdi.
R. Səfərovun ekstradisiyasının Ermənistanda isterika ilə qarşılanacağı əvvəlcədən də məlum idi. Bunu həm Azərbaycanda, həm də Macarıstanda gözləyirdilər. "Macarıstan hökuməti erməni zabitini qətlə yetirdiyi üçün məhkum edilmiş hərbçinin Azərbaycana ekstradisiyasının Ermənistanla münasibətlərdə diplomatik qalmaqala səbəb ola biləcəyini bilirdi", - deyə Macarıstanın Baş naziri Viktor Orban jurnalistlərlə söhbətində qeyd edib. O vurğulayıb ki, bu məsələnin həllilə bütün hökumət məşğul olurdu: "Hər nazirlik öz rəyini bildirirdi. Ədliyyə Nazirliyi məsələnin hüquqi tərəfi, XİN isə diplomatik fəsadlar haqda fikrini açıqlayırdı", - deyə Baş nazir bildirib.
Və Macarıstanın gözlədiyi "fəsadlar" özünü çox gözlətmədi. "Mən rəsmən bəyan edirəm ki, bu gündən Macarıstanla bütün diplomatik əlaqələri dayandırırıq", - deyə Ermənistan başçısı Serj Sarqsyan diplomatik nümayəndəliklər və beynəlxalq strukturların rəhbərliyi ilə keçirdiyi fövqəladə müşavirədə bildirib. Bu zaman, o, təşviş içində Azərbaycanın ünvanına hədə-qorxu gəlməkdən də çəkinməyib: "Qoy indidən sonra özlərindən küssünlər". Ermənistan rəhbəri elə həmin gün ordu komandanlığına "qoşunları yüksək hərbi hazırlıq vəziyyətinə gətirmək" əmrini verib. S.Sarqsyanın Ermənistanın milli təhlükəsizlik şurasına verdiyi xüsusi tapşırığın mahiyyəti isə, ASALA terror təşkilatının azərbaycanlı diplomatlarının ünvanına hədə-qorxu səsləndirməsindən son-ra üzə çıxdı.
Amma ATƏT-in Minsk qrupu nə Sarqsyanın qoşunları hazırlıq vəziyyətinə gətirmək haqda əmrində, nə birbaşa hədə-qorxularında, nə də ASALA-nın terror xəbərdar-lıqlarında kövrək atəşkəs üçün təhlükə görmədi. Bunun əvəzinə MQ-ın üzvləri Budapeştlə Bakının nə beynəlxalq, nə də milli qanunvericiliyə zidd olmayan addımlarında neqativ "gördülər". Prezident Barak Obamanın R.Səfərovun əfvindən "narahat" olduğunu ABŞ Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Tommi Vietor açıqladı: "Biz Azərbaycan hökumətinə təəssüfümüzü çatdıracağıq. Bu addım regionda gərginliyin azaldılmasına və barışığa xidməti etmir. Birləşmiş Ştatlar R.Səfərovun Azərbaycana təhvil verməsinə dair Macarıstandan da izahat gözləyir"".
Rəsmi Paris də baş verənlərdən narahatlığını bildirib: "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində iştirak edən Minsk qrupunun digər üzvləri kimi, Fransa da hesab edir ki, bu qərar Qarabağ münaqişəsinin dinc nizamlanması üzrə danışıqlar prosesinə və inam atmosferinin yaradılmasına zərbə vura bilər", - deyə Fransa XİN-in bəyanatında bildirilir.
Rusiya XİN də fransalı həmkarlarının fikirlərini təkrarlayıb: "Hesab edirik ki, həm Azərbaycan, həm də Macarıstan hakimiyyətinin bu hərəkəti beynəlxalq səviyyədə, ilk növbədə ATƏT-in Minsk qrupunun xətti ilə razılaşdırılmış və regionda gərginliyin azaldılmasına yönəlmiş səylərə ziddir".
Tezliklə, Bakı və Budapeştin ünvanına tənqid səsləndirənlərin sırasına Avropa Şurasının baş katibi Torbern Yanqland və azərbaycanlı zabitin ekstradisiyası və əfvini pisləyən Avropa Parlamenti də qoşuldu.
Amma bu zaman tənqid edən tərəflər Macarıstanla Azərbaycanın beynəlxalq hüquq və milli qanunvericilik çərçivəsində hərəkət etdiyini anlamaq üçün, məsələnin hüquqi tərəfi ilə maraqlanmağı, nədənsə, lazım bilməyiblər. Böyük Britaniyanın keçmiş penitensiar xidmət naziri, deputat Gerri Satkliff bəyan edib ki, R.Səfərovun ekstradisiyası Avropanın "Məhkum olunmuş şəxslərin verilməsi haqqında" Avropa Konvensiyasına tam uyğun şəkildə həyata keçirilib. O xatırladıb ki, Ermənistanın özü son illər ərzində terror aktlarında iştiraka görə məhkum edilmiş bir sıra vətəndaşlarını əfv edib: "Əlbəttə ki, bir fakta diqqət yetirməmək mümkün olmur: Dağlıq Qarabağ münaqişəsi dövründə minlərlə azərbaycanlının qətlinə görə bir nəfər erməni belə, o cümlədən Ermənistan prezidenti də məhkəmə təqibinə məruz qalmayıb".
R.Səfərovun əfvinə gəlincə, heç kəs Azərbaycan Prezidentinin öz ölkəsinin vətəndaşını əfv etmək hüququnu ləğv etməyib. Özü də burada söhbət suveren hüquqdan gedir. Yəni, prezident yalnız ona səs vermiş seçici qarşısında izahat verə bilər. İstənilən digər məzəmmət və ya iddia dövlətin daxili işlərinə qarışmaq deməkdir. Və həm Ağ evdə, həm Yelisey sarayında, həm də Kremldə bunu çox gözəl bilirlər. Əks təqdirdə, onlar elə bu yaxınlarda 77 günahsız insanı qətlə yetirən qatilə, az qala kurort-sanatoriya şəraitində saxlanılmaqla cəmi 21 il həbs cəzası kəsmiş Norveçdən izahat tələb edərdilər. Jurnalımızın bundan əvvəlki sayında yazdığımız kimi, Anders Breyvik öldürdüyü hər bir insana görə, həbsdə, faktiki olaraq, 3 ay qalacaq. Özü də onun hələ vaxtından əvvəl amnistiya olunub-olunmayacağı da bilinmir. Nəyə görə Avropa Şurasının baş katibi həbsxanada belə öz "mayn-kampf"ını yazmaq və neofaşist ideyaları yaymaq hüququ verilmiş Breyvikin "qəhrəman"laşdırılmasına etiraz etmir?
R. Səfərovun əfvindən bəri mətbuatda, çoxlu sayda günahsız insanları qana bulamış erməni terrorçularının müxtəlif ölkələrdə əfv olunmasına dair onlarca fakt gətirilib. Təkcə "Exo" qəzeti, ən azı, 15 bu cür faktı xatırladıb. "Amma nə Avropa Şurası, nə Fransa və ya Rusiya XİN, nə də KTMT bunlarla bağlı bir bəyanat belə səsləndirməyiblər. Görünür, bu "presedent"lərin münaqişənin nizamlanmasına, regiondakı duruma və s. necə təsir göstərəcəyi o zaman heç kəsi narahat etmirmiş", - deyə qəzet yazır.
Təbii ki, R.Səfərovun hərəkəti ilə terrorçuların əməlləri arasında müqayisə aparıla bilməz. Budapeştə yola düşərkən R.Səfərov qarşısına kimisə öldürmək məqsədi qoymamışdı və məqsədli şəkildə buna hazırlaşmırdı. İnsanı hansı həddə çatdırmalısan ki, o, bu cür addım atmaq məcburiyyətində qalsın?! Təbii ki, biz insan qətlinə bəraət qazandırmaq fikrindən uzağıq. Azərbaycan Prezidenti də ona bəraət vermədi, sadəcə, beynəlxalq hüququn normalarına uyğun şəkildə, əfv etdi. Yuxarıda qeyd olunan "Məhkum olunmuş şəxslərin verilməsi haqqında" Avropa Konvensiyasının 13-cü maddəsində bildirilir: "Məhkumun əfvi, onun cəzasını çəkmək üçün təhvil verildiyi dövlət tərəfindən həyata keçirilir".
Bütün bu məqamlar bəzi ölkələrin və təşkilatların azərbaycanlı zabitin ekstradisiyası və əfvinə reaksiyasının nə qədər qeyri-adekvat olduğunu qabarıq şəkildə göstərir. Ələlxüsus da nəzərə alınsa ki R.Səfərov bir nəfərin qətlinə görə 3 ay yox, 9 il həbsxana həyatı yaşayıb.
Odur ki, Macarıstan və Azərbaycanın ünvanına tənqid səsləndirənlər, yaxşı olardı ki, problemə daha fundamental yanaşaydı və əsas səbəbə diqqət yetirəydi. Bəli, bugünkü ehtiraslara səbəb Ramil Səfərov faktoru olsa da, baş verənlərin kökündə tamam başqa məsələlər dayanır. Elə həmin ölkələr və təşkilatların özləri artıq çoxdan etiraf ediblər ki, bugünkü gərginliyin kökündə Ermənistanın Azərbaycan ərazisinin beşdəbirini işğal altında saxlaması və digər qonşulara qarşı da iddialar səsləndirməsi durur. "Beynəlxalq ictimaiyyət məsələnin həllində fəal iştirak edir. Bizim məsələni həll etmək üçün hərtərəfli hüquqi bazamız var, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi var. Onların heç biri yerinə yetirilməyib. ATƏT-in qərarları, Lissabon sammiti və digər qərarlar - hamımız bunları xatırlayırıq. Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təsisatlarda, NATO-nun Çikaqoda keçirilmiş sammitində də bu məsələyə baxılıb. Münaqişənin həlli beynəlxalq hüquq normaları və Helsinki Yekun Aktına əsaslanmalıdır. Ermənistan prezidentinin, mənim və Rusiya Prezidenti Dmitri Medvedev tərəfindən imzalanmış Mayndorf bəyannaməsində də göstərilir ki, münaqişə beynəlxalq təşkilatların qərarları və qətnamələri əsasında həllini tapmalıdır. Bu qərar və qətnamələr birmənalıdır", - deyə ATƏT üzvü olan ölkələrin səfirləri ilə görüşündə Prezident İlham Əliyev bəyan edib.
Dövlət başçısı həmçinin vurğulayıb ki, R.Səfərovun əfv olunması ilə əlaqədar Ermənistan hay-küy yaradır və Qarabağa dair sülh danışıqlarını pozmaq üçün gərginliyi artırmağa çalışır: "2011-ci ilin iyununda Kazanda keçirilən son görüşdən sonra danışıqlar prosesi durğunluq mərhələsindədir. ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfərlər edir, lakin bizim hazırda müzakirələrimizin əsas mövzusu danışıqlar prosesinin mahiyyətinə deyil, gərginliyin, potensial təhlükənin azaldılmasına yönəlib. ATƏT-in Minsk qrupu yaranandan bəri ilk dəfədir ki, danışıqlar prosesinin dalana dirəndiyinin şahidiyik".
Qeyd edək ki, bu, Prezident İ. Əliyevin Dağlıq Qarabağa dair sülh danışıqlarının dalana dirənməsi haqda ilk bəyanatıdır. Dövlət başçısı vurğulayıb ki, Praqa prosesindən başlayıb Madrid prinsipləri ilə tamamlanan sonuncu təkliflər paketi "həll üçün bəlkə də son təklif və son imkan idi", "Azərbaycan ondan imtina etməyib".
Bu gün Ermənistan münaqişə zonasında, vasitəçi ölkələrin də qeyri-məqsədəuyğun saydıqları status-kvonu uzatmaq üçün R.Səfərov məsələsini qabardaraq, danışıqları pozmaq istəyir. Digər tərəfdən, R. Səfərovun Azərbaycana ekstradisiyası onsuz da zəif olan erməni diplomatiyasının mövqelərini bir qədər də laxlatdı, həm də ölkə daxilində Ermənistan hakimiyyətinin reytinqini bir az da azaltdı. Bununla da S.Sarqsyan prezident seçkiləri ərəfəsində çətin vəziyyətə düşdü. Məhz buna görə Ermənistanın hakim partiyası sülh danışıqlarını pozmağa cəhd edir. Bununla da onlar, əvvəla, status-kvonu, yəni, Azərbaycan ərazilərinin işğalını bir az da uzatmaq, digər tərəfdən də erməni ictimaiyyətiinin diqqətini daxili problemlərdən yayındırmaq məqsədini güdür.
FAKTLAR DİLƏ GƏLDİ
1984-cü ildə ABŞ rəhbərliyi türk diplomatlarının qətlinə görə ömürlük həbsə məhkum edilmiş terrorçu Qurgen Yanikyanı azadlığa buraxıb.
1984-cü ildə Fransada ermənilərin ASALA terror təşkilatının rəhbərlərindən biri, beynəlxalq terrorçu Monte Melkonyan azad edilib. O, 1981-ci ildə Türkiyənin Parisdəki səfirliyinin ələ keçirilməsini təşkil etdiyinə görə məhkum olunmuşdu.
2001-ci ilin aprel ayında Fransa ömürlük həbsə məhkum edilmiş beynəlxalq terrorçu Varujan Karapetyanı azadlığa buraxaraq, Ermənistana təhvil verib. Baxmayaraq ki Karapetyanın Fransanın Orli hava limanında törətdiyi terror aktı nəticəsində 1 ABŞ vətəndaşı, 4 fransalı və 8 türk həlak olmuş, 50 nəfər isə yaralanmışdı. Karapetyan erməni vətəndaşı olmadığı halda, Ermənistan prezidenti terrorçunun əfvi barədə əmri hələ o, İrəvana düşməmişdən vermişdi.
1996-cı ildə Qarabağda terror törətmiş Arvid Manqasaryan, Qagik Arutunyan və Qarnik Arustamyan İrəvana təhvil verilib. Onlar azərbaycanlı jurnalist Salatın Əsgərova və iki rus hərbçisinin ölümündə günahkar bilinərək, uzunmüddətli həbsə məhkum edilmişdilər. Ermənistanda isə terrorçular əfv edilərək, azadlığa buraxılıblar.
1971-ci ildə Amerika məhkəməsi dəniz piyadası, leytenant Kellini Vyetnamın Sonqmi kəndində 22 dinc sakinin qətlində günahkar bilərək, ömürlük islah işlərinə məhkum etmişdi. Lakin qərardan cəmi üç gün sonra leytenant Kelli həbsxana əvəzinə, ev dustağı həyatına başlayıb, 1974-cü ildə isə ABŞ prezidenti tərəfindən əfv edilib.
MƏSLƏHƏT GÖR: