13 Mart 2025

Cümə axşamı, 19:52

MÜTTƏFİQLƏR SAATLARINI TUTUŞDURDULAR

Müəllif:

15.09.2012

Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısı keçirilib. Tərəflər ikitərəfli əməkdaşlığın inkişafı məsələlərini müzakirə edərək, regiondakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Toplantının yekunlarına dair bir sıra sənədlər imzalanıb. Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası 2011-ci ildə yaradılıb, onun ilk toplantısı İzmirdə keçirilib, Qəbələdə təşkil olunmuş  toplantı isə sayca ikincidir.

Qəbələ görüşünün əsas məqsədi hərbi, siyasi, iqtisadi və digər sahələrdə işçi komissiyaların yaradılması idi - bu haqda razılıq hələ İzmirdə əldə olunmuşdu. Xüsusi diqqət Azərbaycan qazını Türkiyənin Avropa sərhədlərinə nəql edəcək Transatlantik qaz boru kəmərinin (TANAP) tikintsiinə yönəldi.

İşçi qruplar iki ölkə arasında ticarətin həcminin artırılması, həmçinin 7 milyard dollarlıq TANAP kəmərinin çəkilməsi şərtlərini müzakirə edəcəklər. Türkiyə KİV-in yazdığına görə, Ərdoğanın səfərinin ən vacib müddəalarından biri də məhz TANAP layihəsi idi. Xatırladaq ki, bu yaxınlarda Avropa İttifaqının təşəbbüsü ilə Aşqabadda Türkiyə, Türkmənistan və Azərbaycanın yüksək vəzifəli nümayəndələrinin görüşü keçirilib və burada Türkmənistanın TANAP və Avropanın təbii qazla təmin olunmasına dair layihədə iştirakı məsələsi müzakirə edilib. Bunun üçün isə Rusiya və İranı o qədər də sevindirməyən Transxəzər kəmərinin çəkilməsi planlaşdırılır.

Bakı Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) timsalında Türkiyədə ən böyük sərmayədardır. Ekspertlərin fikrincə, 2023-cü ilə, yəni, Türkiyə Cümhuriyyətinin yaradılmasının 100 illiyinə, təkcə ARDNŞ-nin Türkiyənin enerji sahəsinə qoyduğu kapitalın həcmi 17-18 milyard dollar təşkil edəcək. Beləliklə, ARDNŞ Türkiyə iqtisadiyyatına qoyulan kapitalın həcminə görə üçüncü şirkət olacaq. Göründüyü kimi, əgər əvvəllər Türkiyə və Azərbaycanı yalnız etnik, mədəni və mənəvi dəyərlər birləşdirirdisə, indi bu faktorların sırasına iqtisadi əməkdaşlıq da əlavə olunub. 

Görüşdə Dağlıq Qarabağ probleminin nizamlanması prosesi də müzakirə edilib. Azərbaycana dəstəyini ifadə edən R.Ərdoğan mətbuat konfransında bildirib ki, əvvəlcə ermənilər öz qoşunlarını Dağlıq Qarabağ ətrafındakı işğal etdikləri rayonlardan çıxarmalıdırlar. O vurğulayıb ki, beynəlxalq strukturlar bu ərazilərin Azərbaycana məxsusluğunu vurğulasalar da, hələ ki, bu torpaqlar "öz sahiblərinə qaytarılmayıb": "Bizim mövqeyimiz, Ermənistan ilə bağlı atdığımız addım, tutduğumuz mövqe nədirsə, bundan sonra da eyni şəkildə davam edəcək. Bu prosesdə maraqlı tərəf olaraq biz də hər zaman Azərbaycanın yanında olmağa davam edəcəyik".

Son vaxtlar Qərb dövlətlərinin Türkiyə-Ermənistan sərhədlərinin açılmasına nail olmaq üçün Ankaranı təzyiq altında saxladığını nəzərə alsaq, Türkiyənin Baş nazirinin ortaya qoyduğu bu aydın mövqe Azərbaycan üçün çox önəmlidir. 

İkitərəfli münasibətlərdə viza problemi, daha doğrusu, bəzi Türkiyə KİV-in cidd-cəhdlə problem kimi qələmə vermək istədikləri viza məsələsi aktual olaraq qalır. Türkdilli dövlətlərin vətəndaşları üçün vizaları ləğv etmiş Ankara, Azərbaycandan da analoji addım gözləyir. Amma bu, hər iki tərəfin istəyi olmasına rəğmən, Türkiyə vətəndaşlarının Azərbaycana vizasız gediş-gəlişi, hər iki tərəfə məlum olan bəzi obyektiv səbəblər ucbatından, hələlik, mümkün deyil. Bununla belə, Azərbaycan tərəfi istisna hal kimi, Türkiyə vətəndaşları üçün sadələşdirilmiş viza rejimi tətbiq edib ki, bu da, əslində, formal xarakter daşıyır. Qəbələ görüşündə tərəflər mərhələli şəkildə bu problemin həllinə dair razılığa gəliblər. Azərbaycan prezidenti Türkiyə vətəndaşlarının bəzi kateqoriyaları üçün viza rejiminin ləğv olunmasını mümkün sayaraq, "birgə səylərlə məsələnin həlli yolunda önəmli addımların atılacağını" vurğulayıb.

Bundan əvvəl isə bəzi Türkiyə agentlikləri İranın Azərbaycanla Türkiyə arasında viza məsələsinə müdaxilə etməsi haqda xəbərlər yayıblar. Onların məlumatına əsasən, İran tərəfi şərt qoyur ki, Azərbaycan Türkiyə vətəndaşları üçün viza rejimini ləğv edəcəyi təqdirdə, İran vətəndaşları üçün də analoji addım atılsın. Əks təqdirdə, Tehran Naxçıvan Muxtar Respublikası ilə sərhədi bağlamaqla hədələyir. Naxçıvanla quru sərhədinin Azərbaycan üçün nə qədər önəmli olduğunu nəzərə alan Türkiyə tərəfi, Azərbaycanın bu məsələdəki mövqeyini anlayır və bunu qardaş dövlətin milli təhlükəsizlik problemi kimi qəbul edir.

Mütəxəssislərin fikrincə, Azərbaycan və Türkiyə rəhbərliyi arasında aparılan diskussiyaların əsas mövzularından biri də elə regional təhlükəsizlik məsələsi olub. Bundan əlavə, görüş zamanı İranın nüvə proqramı, Suriyadakı vəziyyətə dair Türkiyə ilə İran arasındakı fikir ayrılıqları və digər məsələlər də müzakirə edilib. 


MƏSLƏHƏT GÖR:

466