
“İSRAİLLƏ QƏLƏBƏYƏ OYNAYACAĞIQ”
Fide Azərbaycanı ən real namizəd sayır
Müəllif: Sənan ŞƏFİZADƏ Bakı
Beynəlxalq Şahmat Federasiyası (FİDE) 2016-cı il Şahmat Olimpiadasını Bakıda keçirməyi təklif edir. Bu barədə FİDE prezidenti Kirsan İlümjinov Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə bildirib.
Azərbaycanda şahmata xüsusi diqqət yetirildiyini deyən İlümjinov vurğulayıb ki, FİDE-yə daxil olan 177 ölkə içərisində Azərbaycan yeganə dövlətdir ki, burada şahmatın inkişafına dair xüsusi Dövlət Proqramı qəbul edilib.
Azərbaycan Prezidenti öz növbəsində 2016-cı il Ümumdünya Şahmat Olimpiadasının Bakıda keçirilməsi təşəbbüsünü yüksək qiymətləndirib. Beləliklə, Avropanın idman mərkəzlərindən birinə çevrilən Azərbaycan daha bir nüfuzlu beynəlxalq turnirə ev sahibliyi iddiası ortaya qoyub.
Şahmat olimpiadası kütləviliyinə görə Bakıda təşkil ediləcək ən böyük yarış ola bilər. Təsəvvür edin ki, turnirdə, ən azı, 165 ölkənin komandası iştirak edəcək. Rəsmi nümayəndə heyətlərini də nəzərə alsaq, Bakıya 4000-ə yaxın qonağın, o cümlədən jurnalistlərin, federasiya nümayəndələrinin gələcəyini proqnozlaşdırmaq olar. Şahmat olimpiadasını keçirmək üçün ölkəmizin yetərincə təcrübəsi var. Ona görə namizəd şəhərlər arasında Bakının şansları daha yüksəkdir.
Rəqibləri tanıyaq
Azərbaycanla yanaşı, Bolqarıstan və Estoniya da 2016-cı ildə şahmat olimpiadasını keçirmək arzusundadır. Bolqarıstan hələ 2 il əvvəl 2014-cü ilə namizədliyini irəli sürmüşdü. Amma onda Norveçin Tromse şəhəri qalib gəldi. 2016-cı ildə bolqarlar mötəbər turniri Albena şəhərində təşkil etmək fikrindədir. Estoniya isə turniri Tallində təşkil edəcək. Sözsüz ki, hər iki namizədi ciddi qəbul etmək lazımdır. Bolqarıstanın namizədliyini dünya çempionu Veselin Topalov dəstəkləyir. Üstəlik, bolqarlar şahmatla bağlı çoxlu sayda turnir təşkil etdiyindən, olimpiadanı da keçirmək şansları çoxalır.
Lakin ali şahmat qurumu olimpiada ilə yanaşı, 2015-ci il Dünya Kubokuna da eyni ölkənin ev sahibliyi etməsini istəyir. Estoniya və Bolqarıstan isə biri birinin ardınca iki mötəbər turniri keçirmək gücündə deyil. Ona görə Azərbaycanın paytaxtı Bakının bu yarışlara ev sahibliyi edəcəyi real görünür. Yeri gəlmişkən, Bakı şahmat olimpiadasıyla yanaşı, Dünya Kubokuna da sahiblik etmək fikrini açıqlayıb.
Bakı-2016-nın üstünlükləri
Bu və digər amilləri nəzərə alsaq, Olimpiadanı keçirmək uğrunda ən real namizəd Bakı sayılır. Azərbaycan indiyə qədər şahmat üzrə Qran-Pri, dünya yığmasının millimizlə görüşünü, eləjə də gənjlərin dünya çempionatı kimi yarışlara təşkilatçılıq edib.
Azərbaycan Şahmat Federasiyası, Gənclər və İdman Nazirliyi, eləcə də Milli Olimpiya Komitəsinin FİDE-yə göndərdiyi müraciətdə ölkəmizin yarışı keçirmək üçün kifayət qədər maliyyə ayıra biləcəyi qeyd olunub. Ölkəmiz olimpiadanı "Avroviziya-2012"nin yüksək səviyyədə keçirildiyi Cristal Hall-da keçirmək istəyir.
Azərbaycan Şahmat Federasiyası 2016-cı il Şahmat Olimpiadasının təşkilinin Bakıya həvalə ediləcəyinə inanır. Federasiyanın vitse-prezidenti Mahir Məmmədovun sözlərinə görə, Bakının digər namizəd şəhərlərdən üstünlükləri çoxdur: "Bakı namizədliyini qalib gəlmək üçün irəli sürüb. Etiraf edirəm ki, Bolqarıstan və Estoniya da ciddi rəqibdir. Amma paytaxtımızın üstünlükləri çoxdur. İlk olaraq "Avroviziya" mahnı müsabiqəsindən sonra Bakının çox populyarlaşdığını deməliyəm. Şəhərimiz Avropanın məşhur paytaxtları ilə müqayisə olunur. Digər tərəfdən, Bakı Şahmat Olimpiadasıyla yanaşı, həm də 2015-ci ildə Dünya Kubokuna sahib çıxmaq istəyir. Hər iki yarışı yüksək səviyyədə keçirəjəyimizə zəmanət vermişik. Digər namizədlər yalnız olimpiadanı keçirmək istəyir. Biz isə hər iki yarışa iddiamızı irəli sürməklə təşkilatçılıqla bağlı problem olmayacağını bildirmişik. Fikrimjə, Bakının namizədliyi qalib gəlməlidir".
Ali Şahmat qurumu FİDE rəhbərliyi də Bakının namizədliyi daha şanslı sayır. Bakıda səfərdə olan FİDE prezidenti Kirsan İlümjinov "R+"a açıqlamasında bunları deyib: "Çox sevinirəm ki, Bakı Şahmat Olimpiadasını da keçirmək istəyir. Hansı ölkə yarışmaq üçün Bakıya gəlsə, razı qalacaq. Bakıda böyük turnirlər keçirmək üçün hər cür şərait var. Əgər konqres iştirakçıları Bakının namizədliyini dəstəkləsə, biz yalnız sevinərik. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev Milli Olimpiya Komitəsinin rəhbəri kimi şahmatın Olimpiya Oyunları sırasına daxil edilməsi istiqamətində apardığımız işlərə dəstək oldu. Cənab Əliyev də bizim müraciətə qoşulacaq".
Azərbaycan şahmat yığmasının üzvləri olimpiadanı Bakıda keçirmək təşəbbüsünü dəstəkləyir. Millimizin üzvü Şəhriyar Məmmədyarov şahmat olimpiadasının Bakıda keçiriləcəyi təqdirdə gənclər üçün böyük stimul yarandığını bildirib: "Şahmat olimpiadası Bakıda keçiriləcəyi halda gənclərimiz üçün böyük stimul yaranacaq. Olimpiadaya 4 il vaxt var. Bu müddətdə daha yaxşı hazırlaşmaqla milli komandaya vəsiqə qazanmaq olar. Yeniyetmə şahmatçılar daha həvəslə çalışmağa başlayacaq. Biz olimpiadanın Bakıda keçirilməsinə çox sevinərik. İstərdim həmin olimpiadada biz də mübarizə aparaq".
Ermənilər mane ola bilməz
Bakı iki dəfə iddiaçılar turnirini keçirmək istəyib. Amma hər ikisində FİDE rəhbərliyi erməni şahmatçı Levon Aronyanın Bakıya gəlmək istəməməsini əsas tutaraq yarışı başqa ölkəyə həvalə edib. Maraqlıdır, olimpiada Bakıda keçiriləcəyi halda Ermənistan komandası yarışda iştirak edəcəkmi? FİDE prezidenti Kirsan İlümjinov suala belə cavab verdi: "Azərbaycana səfərimdən əvvəl Ermənistanda olmuşam. Orada yerli şahmat federasiyasının prezidenti dövlət başçısı Serc Sarqsyandır. Onunla söhbətdə Bakının olimpiada keçirmək istəyini dedim. Fikrimcə, burada problem olmalı deyil. Azərbaycan hər bir komandanın təhlükəsizliyinə zəmanət verir. Ona görə olimpiadadan imtina etməyə əsas yoxdur".
İstənilən halda 2015-ci il Dünya Kuboku və 2016-cı il olimpiadasının harada keçiriləcəyi sentyabrin 7-8-də Türkiyədə baş tutacaq FİDE-nin növbəti konqresində müəyyənləşəcək. Ən sonda 165 ölkənin nümayəndəsi gizli səsvermə yoluyla qalib şəhərin adını elan edəcək. Azərbaycan nümayəndə heyəti avqustun 27-dən İstanbulda keçirilən olimpiadanın ilk günündən qardaş ölkədə qərargah yaradıb. Bunun vasitəsiylə onlar konqres iştirakçılarına Bakı və Azərbaycan haqda məlumat verir, olimpiadanın paytaxtımızda yüksək səviyyədə təşkil olunacağını söyləyirlər.
SİTAT
"Çox sevinirəm ki, Bakı Şahmat Olimpiadasını da keçirmək istəyir. Hansı ölkə yarışmaq üçün Bakıya gəlsə, razı qalacaq. Bakıda böyük turnirlər keçirmək üçün hər cür şərait var. Əgər konqres iştirakçıları Bakının namizədliyini dəstəkləsə, biz yalnız sevinərik".
Kirsan İLÜMJİNOV, FİDE prezident
MƏSLƏHƏT GÖR: