14 Mart 2025

Cümə, 10:44

“İSRAİLLƏ QƏLƏBƏYƏ OYNAYACAĞIQ”

B. Foqts: "Portuqaliyaya yaxşı əhval-ruhiyyədə yollanmaq istəyirik"

Müəllif:

01.09.2012

Futbol üzrə 2014-cü ildə keçiriləcək Dünya Çempionatının seçmə mərhələsi sentyabrda start götürür. Millimiz yeni seçmə mərhələyə İsrail yığmasıyla oyunla başlayacaq. Komandamız əvvəlcə sentyabrın 7-də Bakıda İsraili qəbul edəcək, 4 gün sonra isə Portuqaliyanın qonağı olacaq. 

Qeyd edək ki, hazırlıq dönəmində futbolçularımız Bakıda Bəhreyn komandasıyla yoldaşlıq görüşü keçirdi və 3:0 hesabıyla qələbə qazandı. Bundan sonra İsrail yığmasının baş məşqçisi Eli Qutman Azərbaycan futbolçularını "təhlükəli rəqib" adlandırdı. Bəs millimiz seçmə mərhələsində rəqiblərinə hansı təhlükəni vəd edir? Bu və digər bu kimi suallarla üzümüzü yığmamızın məşqçisi Berti Foqtsa tutduq. Alman mütəxəssis vacib oyunlar ərəfəsində nikbin danışdı.

- 2014-cü ildə keçiriləcək Dünya Çempionatının seçmə mərhələsi başlayır. Yığmamız əvvəlcə İsraillə, sonra Portuqaliya ilə oynayacaq. Bu görüşlərə hazırlıq necə gedir?

- Milli üzvləriylə Futbol Akademiyasında görüşdükdən sonra hazırlığa başladıq. Komandanın hazırlıq durumu barədə bir neçə məşqdən sonra danışa bilərəm. İndiki halda bütün fikrimiz İsraillə oyuna yönəlib. Son yoldaşlıq görüşünə əsasən futbolçuların hazırlığı barədə məlumatım var. Amma rəsmi görüşdə meydana çıxacaq futbolçular hələ müəyyənləşməyib. Azərbaycanda yaxşı futbolçular azdır. Ona görə güclü rəqabət olmadığından, heyətdə ciddi dəyişikliklərin olacağı inandırıcı deyil.

- Bəhreynlə oyunda 3:0 hesablı qələbədən sonra komandamızda ruh yüksəkliyi yaranıb. İsraillə matçda uğuru təkrarlamaq olarmı?

- Bəhreyn komandası İsraillə oxşar futbol oynasa da, fərqli cəhətləri də mövcuddur. İsrail daha güclü və təcrübəlidir. Qələbə qazanmaq həmişə xoşdur. Amma Bəhreynlə oyunda komandamda səhvlər də özünü göstərdi. Müəyyən çatışmazlıqlar var. Həmin səhvləri İsraillə oyunda təkrarlasaq, yaxşı olmayacaq. 

- Yəqin, müdafiədə buraxılan səhvləri deyirsiniz?

- Müdafiədən hücuma keçəndə müəyyən boşluqlar oldu. Müdafiənin ortasında da səhvlərimiz az olmadı. Çatışmazlıqları görmək yaxşı haldır. Həmin problemləri oyuna qədər həll etməyə çalışacağıq. Fikrimcə, İsraillə oyunda millimiz 90 dəqiqə mübarizə aparmağa hazır olacaq.

- AFFA komandanın qarşısında seçmə mərhələylə bağlı hansı hədəfləri qoyub?

- Biz yeni komanda yaradırıq. Məqsədimiz döyüşkən və əzmkar komanda yaratmaqdır. Futbolda mübariz yığmanı tez bir zamanda yaratmaq olmur. Ona görə də müəyyən vaxt lazımdır. Hazırda Azərbaycan yığmasında oynayan futbolçuların çoxu gəncdir. Təcrübələrini artırdıqca, oyunları yaxşılığa doğru gedir. Çalışacağıq, mümkün qədər yaxşı oynayaq. Güclü rəqiblərə başağrısı olaq. Qrupumuzda Portuqaliya və Rusiya kimi güclü komandalar var. Onlarla oynamaq asan olmayacaq.

- Çoxları Portuqaliyanı qrupun favoriti hesab edir...

- Portuqaliya Avropa Çempionatında yaxşı oyun sərgilədi. Finala qədər irəliləyə bilməsə də, böyük potensialı olan komandadır. Portuqaliya qrupun əsas favoritidir. Rusiya çalışacaq, onlarla rəqabət aparsın. Bundan əlavə Şimali İrlandiya, Uels, Lyuksemburqu unutmaq olmaz. Avropa zəif komanda anlayışı artıq yoxdur. Bütün yığmalar xal qazanmaq istəyir. 

- İsrail və Portuqaliya ilə oyunda neçə xal toplaya bilərik...

- Bu barədə proqnoz vermək istəmirəm. İsraillə futbolçularım qələbəyə oynayacaq. Doğma meydanda azarkeşlərin dəstəyi ilə uğur qazanmağa çalışacağıq. Yalnız bundan sonra Portuqaliya barədə danışa bilərik. İlk oyunumuz İsrailə qarşıdır. Onlarla oyundan sonra portuqallar barədə fikirləşərik. 

- Millimizdə hücumçu problemi qalmaqda davam edir. Yəni məhsuldar forvard tapmaq bu qədər çətindir?

- Yığma komandaya ölkənin ən yaxşıları dəvət olunur. Əgər qol az vururuqsa, deməli, ümumilikdə Azərbaycan futbolunun problemidir. Ölkə çempionatında da klubların heyətində daha çox legionerlər fərqlənir. Bu problemi həll etmək istəyirik. Amma tez bir zamanda bütün problemləri həll etmək mümkün deyil. 

- Vaqif Cavadovun qayıdışından sonra, yəqin, qollarımız çoxalar...

- Oyun zamanı görəcəyik. Mən də istərdim ki, futbolçular yaradılan vəziyyətlərdən maksimum faydalansın. 

- Yeri gəlmişkən, Cavadovu yığmaya çağırmayacağınızı demişdiniz...

- Bu məsələ artıq həll olunub. O gəncdir. Səhvini başa düşdü və üzr istədi. Biz də ona ikinci şans verdik. İndiki halda millimizin oyunu barədə düşünməliyik. 

- Hər seçmə mərhələyə böyük ümidlərlə başlayırıq. Bu dəfə komandamızdan daha əzmkar oyun gözləyirik...

- Biz də istəyirik azarkeşləri sevindirək. İlk oyunumuz Bakıdadır. Ümid edirəm, azarkeşlər bizi tək qoymayacaq. Futbol azarkeşlər üçün oynanılır. Stadionda anşlaq olarsa, bu amil komandanın oyununa təsirsiz ötüşmür. Futbolçular daha da ruhlanır. İsraillə oyunda nəticə çox vacibdir. Biz bu oyundan sonra Portuqaliyaya yola düşəcəyik. Ona görə yaxşı əhval-ruhiyyədə yollanmaq istərdik. 


MƏSLƏHƏT GÖR:

455