24 Noyabr 2024

Bazar, 04:55

XEYİR BUMERANQI

Kasıblara dövlət, xeyriyyə təşkilatları necə yardım göstərir və adi insanlar bunu necə edə bilərlər?

Müəllif:

15.07.2014

Azərbaycanda əhalinin yoxsul təbəqəsinə yardım edilməsinə istiqamətlənmiş bir sıra layihələr həyata keçirilir. Belə ki, ötən ildən ənənəvi ünvanlı sosial yardıma (ÜSY) alternativ kimi ölkədə "Özünədəstək" proqramı fəaliyyət göstərir. Bu proqramda iştirak edən ailələrə, onlara təyin olunmuş ünvanlı sosial yardımın illik həcmi verilir. Bundan sonra, proqram iştirakçıları əldə etdikləri vəsaitləri kiçik təsərrüfatların yaradılmasına yönəldirlər.  Layihənin məqsədi - kasıb ailələrin yardımdan asılılığını aradan qaldırmaq üçün şəraitin yaradılmasından ibarətdir.  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, bu gün layihəyə cəlb olunan ailələrin 90%-i artıq əldə edilən vəsaitlərdən gəlir götürməyə başlayıblar.  

Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun məlumat verdiyi kimi, bu dövrdə respublika üzrə, orta hesabla, 128 min ailənin 560 min nəfər üzvünə ünvanlı sosial yardım verilib. Ölkə bu sistemə 2006-cı ildə keçib, ÜSY-nin məbləği isə ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Ünvanlı sosial yardımın bir ailəyə düşən orta aylıq məbləği 133 manatdır, son bir ildə 10,5% artıb. 

 

Aztəminatlılar  

Bu  bir faktdır  ki, aztəminatlılar hər yerdə var, bütün ölkələrdə, hətta ən inkişaf etmişlərində belə. Bu siyahıda  Azərbaycan da istisna deyil. Bəzilərinin yoxsulluq vəziyyətinin dövlət strukturlarında qeydə alınması üçün sənədləri yoxdur. Ölkəmizdə "yoxsulluq" hansı xarakter daşıyır və necə yardım göstərmək olar və lazımdır?

Kolesnikovların ailəsində kişi yoxdur. 48 yaşlı Olqanın həyat yoldaşı 15 il əvvəl pul qazanmaq üçün Rusiyaya gedib və geri qayıtmayıb. Bütün bu illər ərzində ailə daimi gəlirdən məhrum olub. "Əvvəlcə anam mənzilləri yığışdırardı və alış-veriş edərdi, amma indi o, xəstədir və işləyə bilmir. Biz onun pensiyasının hesabına yaşayırıq", - deyə Olqa (anası Zinaidanın 75 yaşı var) danışır. Anasının təqaüdü yeganə gəlir yeri deyil: Olqanın 26 yaşlı qızı Diana Kolesnikova  II qrup əlilidir. Buna görə isə 20 manat alır.  "Diana orta məktəbi bitirib. Lakin onun təhsili, bununla da, yekunlaşıb. Görmə qabiliyyəti çox zəifdir. Xırda işlərlə, məsələn, tikişlə məşğul ola bilmir", - deyə Olqa bildirir. 

Olqa özü də işə düzələ bilmir. Birincisi, Azərbaycan dilini bilmir və günahkar ancaq özünü görür. İkincisi, anasını və qızını tək qoya bilmir. Beləcə, ailə yaşamaq üçün minimum vəsaitlərin ümidinə qalıb. Onlara kömək edə biləcək qohum və tanışları da yoxdur. Qış vaxtı mənzili qızdırmaq imkanı olmadıqları üçün qaz plitəsinin yanında qızınmalı olurlar. Yeganə ümid yerləri- keşiş və rahibələrdir. Kilsəyə getmək imkanları olmamasına baxmayaraq,ailə dindardır, müntəzəm şəkildə onlarla ünsiyyətdə olurlar. "Kilsədən rahibələr tez-tez bizə gəlirlər. Ərzaq gətirirlər. Bu yaxınlarda su üçün elektrik qazanı qoydular", - deyə olqa bildirir. 

Lamiyə Qurbanova (ad və soyad dəyişdirilib) taxtadan olan evi yandıqdan sonra, evsiz qalıb. Qadın həm sənədsiz, həm də pulsuzdur. İndi küçədə yaşayır, amma dövlət qayğısına müraciət etmək istəmir. Onun sözlərinə görə, inanmır ki, ona nə ilə isə köməklik göstərə bilərlər. Pul da qəbul etmir və şəhər camaatının ona verdiyi ərzaq və paltarlarla birtəhər dolanır. 

Ümumilikdə, yoxsulların məscid, kilsə və  bir sıra xeyriyyə təşkilatlarının köməyinə ümid etmələri qalır. 

 

 

Dövlətdən savayı 

"Bizim forum heç yerdə qeydiyyatdan keçməyib. Bütün iştirakçılar tamamilə könüllü əsasda fəaliyyət göstərir", - deyə "umid.az" xeyriyyə forumunun moderatoru Pərvinə Quliyeva bildirib. "Olur ki, kim isə ehtiyacı olan ailələr haqda eşidir.  xeyriyyə fondlarından sui-istifadə meyillərinin olmaması üçün bütün informasiya ehmalca yoxlanılır. Yeri gəlmişkən, deyək ki, forum hər hansı bir dövlət strukturu ilə bağlı deyil. Bizim köməyə ehtiyacı olanlara yardım edəcək, hansı quruma müraciət etmək, hansı prosedurları keçmək lazım olduğunu deyə bilən hüquqşünasımız var. Misal üçün, bu yaxınlarda biz əlil arabalarının alınması üçün əlillərə yardım etdik. Bizə pensiyanın qanuniləşdirilməsi, itirilmiş pensiya kitabçalarınıın bərpa olunmasına yardım üçün müraciət etmişdilər. Lakin təəssüflər olsun ki, bu məsələləri həll etmək üçün bizim səlahiyyətimiz çatmır.  Çünki Pensiya Fondu sənədləri və ya pulları ancaq qohumlara verə bilər. Bizim isə müvafiq sənədlərimiz yoxdur", - deyə Pərvinə Quliyeva açıqlama verib.   

Əlbəttə ki, forumun işinə yardım edən dövlət təşkilatları var.  "Yoxsullar üçün vəsaitlərin toplanılması üçün biz xeyriyyə konserti verdik, - forumun moderatoru danışır. - Teatr Xadimləri İttifaqı bunun üçün bizə pulsuz yer verdi. Və yaxud məsələn, bizə kasıb ailələrdən olan uşaqlar üçün sirkə pulsuz biletlər verildi".  

Pərvinə xanımın şəxsi statistikasına görə, qadınlar - ehtiyac içində olanların sosial cəhətdən daha az müdafiə olunanlarıdır. "İşi olmayan kişi, heç olmasa, yük daşıya bilər. -Qadınların gücü ağır fiziki işdə məhduddur".  Qadınlar kömək üçün çox müraciət edirlər: onların böyük əksəriyyətini ailəsi tərk edib, maddi təminatsız qalıblar, üstəlik himayələrində uşaqlar var. Elə qadınlar var ki,həyat yoldaşları əlildir, onlar ailələrini saxlamağa məcburdurlar. 

 

Ehtiyacı olanı doydurmaq  

"Azərbaycanı daha yaxşı edək!" xeyriyyə qrupunun yaradıcısı və rəhbəri Nigar Şalikova da deyir ki, onun qrupu ancaq könüllülərdən ibarətdir və könüllülərin vəsaitləri hesabına mövcuddur. "Biz ehtiyacı olanlar haqda məlumat alırıq və onlar üçün vəsaitlərin toplanmasına başlayırıq. Bacardığımız qədər - pul, geyim, müalicə - kimə isə lazımdırsa", - deyə Nigar xanım danışır.  

Bir neçə ay bundan qabaq, bütün könüllü xeyriyyə təşkilatları üçün özünəməxsus fəaliyyət arenası kimi xidmət edən "Facebook" sosial şəbəkəsində  Qriqori Aleksandroviç adlı yaşlı kişi haqda məlumat yazılmışdı. O,  kələkbaz insanların sayəsində küçədə pulsuz qalmışdı. "Onun qanqrenası var idi,  xəstəxanaya yerləşdirdik, - deyə, Nigar xanım danışır, - sonra onun üçün sənəd düzəltməyə çalışdıq. Ən son nəticədə isə  onun qohumlarının razılığına nail ola bildik və o, ailəsinə qayıtdı". Bu, yeganə hal deyil. Könüllünün sözlərinə görə, hazırda evsiz qalan yaşlı qadına kömək etmək istəyirlər.  

Qeyd edək ki, xeyriyyə təşkilatına rəsmi statusun verilməsi prosesi son dərəcə çətindir: "Təşkilatın Ədliyyə Nazirliyində qeydiyyatdan keçməsi üçün hesabında kifayət qədər iri məbləğin olması tələb edilir. Bizim isə hələ ki, buna imkanımız yoxdur". Amma iş yerində saymır. Bir çox qərb ölkələrinin nümunəsinə əsasən təşkilat "Saxlanılmış yemək" adlı xeyriyyə layihəsini hazırlayır. Layihənin mahiyyəti ondan ibarətdir ki, istənilən kəs kafedə oturub, öz hesabını ödəyərkən, evsiz biri üçün də hər hansı bir yeməyin pulunu ödəyə bilər. "Düzdür, hələlik biz ancaq bir kafe ilə razılığa gələ bilmişik. Amma ümid edirəm ki, onların sayı gələcəkdə artacaq", - deyə Nigar xanım bölüşüb. 

Aydındır ki, rəhmdil insanların yalnız istək və arzuları ilə bütün məzlumlara kömək etmək olmaz. Ona görə də xeyriyyəçilik haqda qanunun qəbul edilməsinə ehtiyac var. Arzu edən şəxslərdən müəyyən məbləğin köçürüləcəyi xüsusi xeyriyyə fondlarının olması, başlıcası isə onların xərclənməsində şəffaflıq və nəzarətin təmin edilməsi, xeyrixah, amma pərakəndə xeyriyyə aksiyalarını daha ciddi sistemli şəkil almasına yardım edərdi. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən "R+" verilən məlumata görə, dövlət tərəfindən yoxsul ailələr və işsizlər yardım ala bilərdilər. Bunun üçün rəsmi şəkildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmək lazımdır. "Kasıb insanların bizə müraciətindən sonra, onların sorğularını nəzərdən keçiririk və onları bir çox amillərə görə qiymətləndiririk:  ailənin neçə üzvü var, onlar işləyirlərmi və bir il ərzində təyin edilmiş müavinəti ödəyirik", - deyə o, şərh edib. 

Orta hesabla, hər adama 23 manat düşür. Dörd - beş nəfərlik ailəyə, təxminən, 100-110 manat düşür.

Yaxşılıq eləmək, həqiqətən, çətin deyil. Və hər birimiz bunu dövlətə və ya xeyriyyə təşkilatına baxmadan edə bilərik. Sadəcə bağışlayın. Bu bumeranq kimidir: "Sənin etdiyin elə sənə qayıdacaq". 


MƏSLƏHƏT GÖR:

574