25 Noyabr 2024

Bazar ertəsi, 00:55

YENİ VƏZİFƏLƏR

Prezident İlham Əliyev hökumətin yaxın zamanlarda həll etməli olduğu problemləri açıqlayıb

Müəllif:

15.07.2014

2014-cü ilin birinci yarısında Azərbaycanın sosial-iqtisadi inkişafının yekunları son illərdə olduğu kimi, iqtisadiyyatın praktiki olaraq bütün sahələrində müsbət dinamika ilə yadda qalıb. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirdiyi kimi,  qeyd olunan dövrdə ÜDM-in artımı 2,1% təşkil edib və dünyada, regionda və Avropada yaşanan iqtisadi çətinliklər fonunda bu, yaxşı göstəricidir. Üstəlik, ölkədə qeyri-neft sektoru tədricən daha sürətlə inkişaf edir və bu sahədə 7%-lik artım qeydə alınıb. Amma məhz bu artım templəri hökumətin qarşısında yeni vacib vəzifələr qoyur.

 

Hər kəsə zəhmətinə görə

Beləliklə, Prezident İlham Əliyevin hökumətin iclasında diqqət ayırdığı əsas məsələlərdən biri əhalinin işlə təmini problemi artıq  həlli olub. Hökumətin qarşısında kifayət qədər yeni iş yerlərinin açılması vəzifəsini, məhz, İlham Əliyev qoymuşdu və nəticədə, 2003-cü ildən bu günədək Azərbaycanda 1,3 milyon yeni iş yeri yaradılıb. Onların, təxminən, 1 milyonu daimi iş yerləridir. Bununla yanaşı, Azərbaycanda əhalinin sürətlə artdığını nəzərə alsaq, bu proses daimi xarakter daşımalıdır. Ötən il ölkədə iqtisadi baxımdan fəal əhalinin sayı 1,5% artaraq, 1 iyul 2014-cü ilə 4 milyon 794 min nəfər təşkil edib. İşlə təmin olunan insanların sayında isə 1,7%-lik artım var,  onlar 4 milyon 556 nəfərdir.

Bundan başqa, geridə qalan 10 ildə ölkədə əhalinin orta illik artım göstəricisi də artıb, insanların ömrü uzanıb, müsbət miqrasiya saldosuna nail olunub. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun bildirdiyinə görə, əhali arasında yaşı 15-64 arasında olan insanların sayı 66,7%-dən 71,8%-ə yüksəlib. Beləliklə, hazırda Azərbaycanda əhalinin yaş qrupu demoqrafik dividendlərin əldə olunmasına imkan verir. Bu amil nəzərə alınmaqla, eləcə də əhalinin kəmiyyət və keyfiyyət artımını tənzimləmək məqsədilə "Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramının (2014-2025-ci illər)" layihəsi üzərində iş başa çatdırılıb.

Prezident isə hesab edir ki, bununla əlaqədar daha bir vacib proqramın - uzunmüddətli məşğulluq konsepsiyasının hazırlanmasına ehtiyac var. Burada söhbət yalnız yeni iş yerlərinin kəmiyyət göstəricilərindən yox, həm də vətəndaşların əmək imkanları və hüquqlarına keyfiyyətcə yeni yanaşmadan gedir. Bu, iqtisadiyyatın bu və ya digər sektorunda tələbatın real qiymətləndirilməsi, ixtisaslı kadrların hazırlanması probleminin həlli, müxtəlif sahələrdə peşəkar standartların hazırlanması və sairdir. Yeri gəlmişkən, S. Müslümovun da bildirdiyi kimi, artıq turizm, emal sənayesi, inşaat, enerji, kənd təsərrüfatı, nəqliyyat və digər xidmətlər sahəsində 200 belə standart hazırlanıb. Lakin daha 5 min standartın hazırlanmasına ehtiyac var.

Kadrların hazırlanması məsələsinə gəlincə, burada təhsil və əmək bazarı iştirakçıları ilə birgə işləmək vacibdir. Çünki bu və ya digər ali məktəbdən alınmış diplomun heç də hər zaman işə düzəlmək istəyən gənclər qarşısında "yaşıl işıq" yandırmadığı heç kimə sirr deyil. Məhz iqtisadiyyatın sürətli inkişafı, istehsalat prosesilə bağlı yüksək tələblər, xidmətlər sahəsində xidmət səviyyəsinin yüksəldilməsi və s. sahibkarların işçilərə münasibətini sürətlə dəyişir, yeni bacarıq tələblərini ortaya çıxarır. Nəticədə, çox zaman üstünlük karyerasına yeni başlayanlara deyil, təcrübəli işçilərə verilir. Bu baxımdan, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə layihəsi kifayət qədər maraqlı təsir bağışlayır. Layihədə 6 ay ərzində BƏT tərəfindən ilk dəfə iş axtaran gənclərdən ibarət qrupun əməkhaqlarının yarısını subsidiya şəklində ödərilməsi nəzərdə tutulur.

Bununla yanaşı, bu gün sahibkarların məsuliyyətinin artırılmasına da ciddi ehtiyac duyulur. Məsələ ondadır ki, əmək müqavilələrinin imzalanması məsələsində hələ də qanun pozucularının sayında azalma müşahidə olunmur.  S. Müslümovun fikrincə, əmək müqavilələrinin elektron qeydiyyatı sisteminin işə salınması bu problemin həllinə kömək edə bilər. Sistem artıq "Elektron hökumət" portalına yerləşdirilib və 2014-cü il iyulun 1-dən istifadəyə verilib.

Yeri gəlmişkən, əmək bazarının tənzimlənməsinin bütün bu aspektləri Prezident İlham Əliyevin hazırlanmasını vacib adlandırdığı yeni konsepsiyanın da əsasını təşkil etməlidir.

 

Yeni  tapşırıqlar

Aydındır ki, iqtisadi inkişaf olmadan heç bir məşğulluq proqramı uğurlu olmayacaq. Məhz, bu məqsədlə hazırda hökumət çox sayda müxtəlif proqramlar reallaşdırır, külli miqdarda dövlət investisiyası yatırılır, özəl sektora bütün mümkün dəstək göstərilir və s. Bu mənada yeni sənaye parklarının və məhəllələrinin yaradılması kifayət qədər effektivdir. Orada qısa zaman ərzində yalnız daxili istifadəçi üçün deyil, həm də ixrac təyinatlı məhsulların istehsalı artıb. İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin sözlərinə görə, Sumqayıt Kimya Sənaye Parkında polad və polietilen boruların istehsalına başlanılıb, yüksək təzyiqə davamlı hidrotexniki avadanlıqların, polipropilen və yüksək sıxlıqlı polietilenin istehsalının təşkili işləri aparılır. Balaxanı Sənaye Parkında qeydiyyata alınmış rezident şirkətlər tərəfindən tullantı yağlarından 120 adda müxtəlif növ məhsul istehsalının və plastik məmulatların təkrar emalının təşkilinə başlanılıb. Mingəçevir və Gəncə Sənaye parklarının yaradılması ilə bağlı da hüquqi bazanın formalaşdırılması məqsədilə müvafiq işlər görülür. Bundan başqa, sənaye məhəllələrinin yaradılması məqsədilə müasir təcrübə öyrənilib və ilk olaraq Neftçala rayonunda layihələndirmə işlərinə başlanılıb.

İlham Əliyevin fikrincə isə artıq məhsulun bütün  istehsal prosesini bir yerdə cəmləşdirməyə imkan verən sənaye  klasterlərinin yaradılmasına başlamağın da vaxtıdır: "Xüsusilə bu layihənin icrası nəticəsində poladtökmə, metallurgiya kombinatının, alüminium sənayesinin inkişafı sahəsində biz bütün bu zənciri - istehsal, emal, kiçik və orta sahibkarlığın inkişafını təmin etməliyik ki, Azərbaycanda son məhsul buraxılsın".

Bütün bu layihələr, həmçinin kənd təsərrüfatı sahəsinə yatırılan miqyaslı dövlət investisiyaları, ilk növbədə, məhz, kiçik və orta sahibkarlığın inkişafına yönəlib. Dövlət artıq uzun illərdir ki, biznesin bu təbəqəsinə  müxtəlif  imtiyazlar, güzəştlər vasitəsilə dəstək verir, maraqlı təşəbbüslərin reallaşdırılmasına kreditlər ayırır. Yalnız bu ilin ilk 6 ayında 2600 sahibkara 129 milyon manat həcmində güzəştli kredit verilib, ötən ilin analoji dövrü ilə müqayisədə maliyyələşdirilən layihələrin sayı 27% çoxdur. Onların 98%-i kiçik kreditlərin payına düşür.

Məhz, bu amil daha bir reallığı, mövcud problemi üzə çıxarır. Prezident İlham Əliyevin toplantıda dediyi kimi, bu, kommersiya banklarının ölkənin real sektorunda zəif iştirak etməsidir: "Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə banklara hər il 300 milyon manat verilir ki, pul qazansınlar. Bəs, onlar nə üçün iqtisadiyyatın real sektoruna kreditlər ayırmırlar? Nə üçün daha çox istehlak kreditləri verirlər? Pul qazanmaq üçün. Onlar da öz məsuliyyətini dərk etməlidirlər. Dövlət siyasətini, xüsusilə ölkəmizin inkişafı ilə bağlı olan siyasəti görərək kənarda durmaq nə dərəcədə doğrudur ?! Əgər belədirsə dövlət o banklara niyə kömək göstərməlidir?! Ona görə, burada çox ciddi islahatlar aparılmalıdır", - deyə dövlət başçısı qeyd edib. Onun sözlərinə görə, bu sahədə yekun qərar vəziyyətin tam təhlilindən sonra veriləcək.

Güman ki, eyni cür, bəlkə də, daha ciddi təhlil prezidentin qeyd etdiyi daha bir sahədə aparılmalıdır. Belə ki, "ASAN Xidmət"in qısa müddət ərzində əhali arasında qazandığı populyarlıq, etibar, əlbəttə ki, sevindiricidir. İlyarım ərzində xidmətə 2 milyondan artıq müraciət olub. İnsanların digər dövlət orqanları ilə müqayisədə işlərini məhz "ASAN Xidmət" vasitəsilə görmək istəmələri ortadadır. Onlar müxtəlif sənədlərin, arayışların, şəhadətnamələrin və s. alınması üçün, məhz, bu quruma üz tuturlar. Bunu mobil  avtobuslarla regionlara yollanan xidmətə tələbatın səviyyəsi də bir daha təsdiqləyir. "Mənə yerlərdən məlumat gəlir ki, orada insanlar bu avtobusları bir bölgədən başqa bölgəyə getməyə qoymurlar. Nə üçün? Çünki orada onlardan rüşvət tələb edilir. Deməli, əgər belə olmasaydı, onda bu avtobuslara bu qədər maraq göstərilməzdi", - deyə İ.Əliyev bildirib. Başqa sözlə, əhalinin "ASAN Xidmət"ə üstünlük verməsi bir tərəfdən birincinin keyfiyyətli fəaliyyətindən xəbər verirsə, digər yandan analoji xidmətləri göstərən dövlət qurumları və xidmətlərində ciddi problemlərin olduğunu göstərir. Bununla əlaqədar olaraq, prezident müvafiq strukturlara (prokurorluq və digər strukturlara, icra hakimiyyətlərinə) bu vəziyyətin yaranma səbəblərinə və köklərinə ciddi diqqət ayırmağı tapşırıb.

Yeri gəlmişkən, iqtisadiyyatın sabit inkişaf templəri hökumətin qarşısında yeni imkanlar açmaqla, yeni iri investisiyalara, proqram və layihələrə səbəb olur, eyni zamanda yeni problemləri də üzə çıxarır. Uzunmüddətli inkişafa nail olunması üçün isə bu problemlərin həlli də son dərəcə vacibdir. 

 

 

İLK MƏNBƏDƏN

 

"Mənə yerlərdən məlumat gəlir ki, orada insanlar bu avtobusları bir bölgədən başqa bölgəyə getməyə qoymurlar. Nə üçün? Çünki orada onlardan rüşvət tələb edilir. Deməli, əgər belə olmasaydı, onda bu avtobuslara bu qədər maraq göstərilməzdi".

Prezident  İlham  ƏLİYEV



MƏSLƏHƏT GÖR:

491