11 Yanvar 2025

Şənbə, 07:18

"TARİXİ NARKOTİK"

Erməni tədqiqatçılar Moskva müqaviləsində nə "oxumağa" çalışırlar?

Müəllif:

15.07.2014

Ermənistanda növbəti "tarixi sensasiya" müzakirə olunur. "Yerkramas" qəzetində mərhum erməni diplomatı Levon Eyramcyansın məqaləsi dərc olunub. Doğrudur, məqalə hələ 2001-ci ildə yazılıb. Lakin İrəvanda onun aktuallığını bu gün də itirmədiyinə əmindirlər. Zarafat deyil - Levon Eyramcyans 1921-ci ilin Moskva müqaviləsinin, sən demə, cəmi 25 il üçün nəzərdə tutulduğunu və onun 1946-cı ildə qüvvədən düşdüyünü sübut etməyə çalışıb. Bu gün artıq Ermənistanın digər nəşri - "Lragir" yazır: "Bu, Ermənistanı parçalayan əsas müqavilədir və erməni soyqırımının 100-cü ildönümündə tədricən onun təftişinə ehtiyac yaranır. Levon Eyramcyans iddia edir ki, bu müqavilə və ona aid məxfi protokollardakı bəzi sirlər yaxşı öyrənilməyib və ictimaiyyətin müzakirəsinə çıxarılmayıb. Bununla yanaşı, bu müqavilələrdə Qərbi və Şərqi Ermənistanın birləşdirilməsi üçün bütün əsaslar var".

Bu cür bəyanatların müəllifləri reallığa baxsalar, daha yaxşı olar. Eyramcyansın haqqında danışdığı "məxfi protokollar"ın həqiqətən mövcud olub-olmadığı, Moskva müqaviləsinin hansı müddətə imzalandığı və s. kimi sualların cavabları, əlbəttə ki, müəyyən maraq doğura bilər. Amma birincisi, burada yalnız əsaslı faktlara, ciddi sübutlara əsaslanılmalı, dumanlı fərziyyələr və gümanlar əsas götürülməməlidir. İkincisi, 1921 və 1946-cı illərdən sonra Türkiyə sərhədlərini möhkəmləndirən çox sayda sənədlər meydana çıxıb. Yəni Eyramcyansın araşdırmasının praktiki mənası yoxdur.

Amma unutmayaq ki, erməni cəmiyyəti bu cür faktlara özünəməxsus şəkildə yanaşır.

Məlum olduğu kimi, Sovet İttifaqı-Türkiyə sərhədlərinin konfiqurasiyası məhz Moskva və Qars müqavilələrilə müəyyənləşib. İndi Ermənistan məhz həmin sərhədlərdə tanınır. Müqavilələrdə isə Ermənistanın da iddia etdiyi Naxçıvan MR-in statusu və sərhədləri əksini tapır. Ən başlıcası, Sevr müqaviləsini və səs-küylü "Vudro Vilsonun arbitraj qərarı"nı kitabxananın küncünə, daha dəqiqi, tarixin arxivinə, məhz, bu müqavilələr göndərib. Xatırladaq ki, tarixin arxivinə göndərilən həmin sənədlər 6 Şərqi Anadolu vilayətinin ərazisində "Qərbi Ermənistan"ın ("Şərqi Ermənistan" Azərbaycana məxsus İrəvan xanlığının ərazisində qurulmuşdu) qurulmasını nəzərdə tuturdu. Birinci dünya müharibəsi ərəfəsində Avropa paytaxtları Osmanlı İmperiyasını açıq şəkildə "Bosforun xəstə hökmdarı" adlandırır, onun ərazilərinin bölüşdürülməsi planlarını qurur, osmanlıların "Konya vilayətinə qovulması" niyyətlərini gizlətmirdilər. Onlar bu planları reallaşdırmaq niyyətilə erməni liderlərinə nəvaziş göstərir, onlara qızıldan dağlar, Türkiyənin Şərqi Anadolu hissəsində "Qərbi Ermənistan" vəd edirdilər. Artıq müharibənin qızğın vaxtında Avropa paytaxtlarında "erməni qaçqınlara yardım komitəsi" adı altında qurumlar yağışdan sonra göbələk kimi artmağa başladılar. Bununla yanaşı, piar olaraq, "erməni soyqırımı" haqqında mifin şişirdilməsinə də başlanıldı. Əvvəlcə hər şey, sanki, plana uyğun gedirdi. Osmanlı İmperiyasına əslində türk dövlətçiliyini məhv edən, erməni liderlərində isə yad torpaqlarda dövlət qurmaq ümidi yaradan aşağılayıcı Sevr müqaviləsi zorla qəbul etdirilmişdi.

Amma bir məsələ var idi ki, o zaman heç kəs Türkiyədə yeni müharibənin - müstəqillik savaşının başlayacağını, Mustafa Kamal Paşanın lüt, ayaqyalın, zəif silahlanmış ordusunun yadelliləri Antantadan inamla çıxarmağa başlayacağını gözləmirdi. Bunun ardınca artıq hər kəs yeni reallığı dərk etməyə başladı və bu, erməni siyasətçiləri üçün bütün ümidlərin puç olması demək idi. İndi respublikaçı Türkiyə ilə sərhədlər, Bosforda gəmiçilik rejimi kimi məsələlərdə razılığa gəlmək, yəni diplomatik danışıqlar aparmaq lazım idi. Bu yerdə ermənilər qiymətli müttəfiqdən zəhlətökən problemə çevrildilər. Yeni sərhədlərlə bağlı ilk müqaviləni Moskva imzaladı. Bundan sonra 1923-cü ildə Sevr müqaviləsini əvəzləyən Lozanna müqaviləsi Türkiyə və sovet Rusiyası demək, həm də onun tərkibindəki Ermənistan arasında tam fərqli sərhəd "konfiqurasiyası"nı nəzərdə tuturdu. Antanta ölkələri paytaxtlarının müharibə ərəfəsində erməni liderlərinə verdikləri bol vədlər sadəcə "unuduldu". Amma bu, qismən "unutqanlıq" idi. Təbii ki, Lloyd-Corc və Vilson kimi hörmətli siyasətçilərin "erməni qətliamı", sivil dünyanın onları "xilas etməli olduğu" haqda danışarkən dünyanı aldatmağa çalışdıqlarını heç kəs birbaşa etiraf etmək istəmirdi. Odur ki, başqa yol seçildi - "erməni məsələsi" real siyasətdən kənara atıldı. Bununla isə artıq erməni dairələri barışmaq istəmirdilər. Onlar bu gün də Sevr müqaviləsinin bərpası ümidilə yaşayırlar. Bundan başqa, rəsmi İrəvan hələ də Moskva və Qars müqavilələrini tanımaqdan imtina edir, Ermənistanın herbində isə əvvəlkitək Türkiyədəki Ağrı dağ - "bibliyadakı Ararat" yer alır.

Eyramcyansın 2001-ci ildə yazdığı məqalənin kifayət qədər maraqlı hadisələr fonunda gündəmə gətirilməsi də maraq doğurmaya bilməz. 2015-ci ildə Ermənistan "soyqırımı"nın 100-cü ildönümünü qeyd edəcək və onlar Türkiyəyə qarşı real siyasi iddialar üçün bu əlamətdar tarixin yaxşı imkanlar verdiyinə şübhə etmirlər. Bundan başqa, Ermənistan-Türkiyə dialoqunun başlaması ilə, deyəsən, İrəvanın "siyasi texnoloqları"nda, guya, Ankaranın "beynəlxalq təzyiqlər" qarşısında kapitulyasiya etdiyinə əminlik yaranmışdı və onlar bu barışığın İrəvanın şərtlərinə uyğun gedəcəyini düşünürdülər. Amma bu ümidlər doğrulmadı və doğrula da bilməzdi. Ermənistanın qeyri-konstruktiv mövqeyi İrəvan-Ankara dialoqunun birdəfəlik "donması" ilə nəticələndi. Fakt isə faktlığında qalır: İrəvanda Moskva və Qars müqavilələrinə yenidən baxıla biləcəyinə ciddi şəkildə ümid edənlər hələ də az deyil. Hər halda, İrəvanda hələ 2013-cü ildə Ermənistan prezidentinin sərəncamı ilə Dövlət Komissiyasının yaradıldığını xatırladırlar. Söhbət Türkiyə ilə danışıqlar üçün "hüquqi qovluq" yaratmalı olan komissiyadan gedir. Komissiyaya rəhbər təyin olunmuş Ermənistanın sabiq baş prokuroru Aqvan Ovsepyan isə qurumun ilk iclaslasının birində ölkəsinin Türkiyəyə qarşı ərazi iddiaları irəli sürəcəyini istisna etməmişdi. Başqa sözlə, bu günün Ermənistanında Moskva və Qars müqavilələrilə bağlı "araşdırmalar", sanki, özünəməxsus "tarixi narkotik"ə çevrilib. Yerli siyasətçilərin "müharibə partiyaları"na sadiq qalanlar hələ də həmvətənlərini, guya, Sevr müqaviləsinin bərpasının mümkünlüyünə inandırmağa çalışırlar.

Amma bu zaman unutmaq lazım deyil ki, ərazi iddiaları apriori son dərəcə təhlükəli siyasi oyundur. Bu, xüsusilə ermənilərə xas xüsusiyyətin fonunda daha təhlükəli hal alır: onlar hər zaman dünya birliyinin diqqətini "erməni faciəsinə" çəkmək üçün terrordan istifadə edirlər. Elə həmin Eyramcyans məqaləsində fərəhlə yazırdı ki, "70-ci illərin ortalarında əsasən Avropada, o cümlədən ABŞ və Kanadada Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu (ASALA) silsilə terror aktları törətməyə başlayıb və burada məqsəd beynəlxalq birliyin diqqətinin "erməni soyqırımı" faktına cəlb olunması idi". Aksiyalar, əsasən, türk diplomatlarına və digər rəsmilərinə qarşı həyata keçirilirdi. Etiraf etmək lazımdır ki, həmin terror dalğası, həqiqətən də, effektiv alınmışdı: Avropa məhkəmələrində terrorçular üzərində qurulan məhkəmə prosesləri Avropada "soyqırımı" faktının kifayət qədər populyarlaşmasına səbəb olmuşdu. Ən azı bu, Ermənistanın növbəti dəfə terror üsuluna əl atacağının istisna olmadığını göstərir. Çünki onlar Türkiyəyə qarşı ərazi iddialarını, çətin ki, leqal yolla "əsaslandıra" bilsinlər.



MƏSLƏHƏT GÖR:

711