Müəllif: Nərminə VƏLİYEVA Bakı
Yuri Rost özünü adi yolçu sayır. O, həyat yolunda addımlamaqla, hər şeyə diqqət yetirir. "Mən insanların tələsərək yanından ötdüklərini, fikir vermədiklərini görməyə öyrənmişəm", - deyə Rost bildirir. O, hər bir fotosunu kəskin və təsirli mətnlə şərh edir. Rost özünü "öz məqalələrini fotoları ilə izah edən" jurnalist sayır. O, Rusiyanın əsas qəzetlərində icmalçı və fotomüxbir işləyib, işlədiyi hər qəzetdə öz parlaq izini qoyub. Rost indiyədək "Komsomolskaya pravda", "Literaturnaya qazeta", "Obşaya qazeta", "Moskovskiye novosti" kimi qəzetlərdə çalışıb. Hazırda o, "Novaya qazeta"nın icmalçısıdır. Bakıda keçirilən sərgisinin gedişində Rost "R+"a fotoları, məşhur dostları və siyasət haqda danışıb.
- Yuri Mixayloviç, siz şəklini çəkdiyiniz epizodları özünüz düzüb-qoşursunuz, yoxsa sadəcə qarşınıza çıxır?
- Mən çalışıram ki, insanı yaşadığı, həyatını keçirdiyi şəraitdə çəkim. Bu halda onun üçün kamera qarşısına keçmək asandır, mənim üçün isə lazımi kadrı tutmaq. Mən məhz inandırıcı saydığım obrazı yaradıram. Bunu fotolarla və mətnlə canlandırıram.
- Məşhur şəxslərin şəklini çəkmək daha maraqlıdır, yoxsa adi insanların?
- Maraqlı adamları çəkmək daha maraqlıdır. Onların məşhur olub-olmamaları isə mənim üçün önəmli deyil. Mən psixoloji baxımdan hansısa anı tuta bilirəmsə, insanın iç üzünü aça bilirəmsə, demək, hər şey alınıb!
- Sizin fotolarınızda uşaqlara və qocalara çox rast gəlinir. Niyə?
- Çünki onlar rola girmirlər. Uşaqlar hələ aldatmağı bacarmır, qocalar isə buna ehtiyac duymurlar. Bu üzdən də obrazlar tam səmimi və saf alınır.
- İlk fotonuz haqda danışın. Hər şey necə başladı?
- 8-9 yaşlarında idim. 1947-ci il, müharibədən sonrakı dövr idi. Kiyevdə yaşayırdım. Atam könüllü şəkildə cəbhəyə yollanmış və Moskva yaxınlığında ağır yaralanaraq hospitala düşmüşdü. Əmim isə Berlinədək gedib çıxmış, oradan mənə qənimət kimi "Seys İkon" gətirmişdi. Yadımdadır, həyətə çıxdım və uzun-uzadı nəyinsə şəklini çəkmək haqda düşündüm. Biz Lesya Ukrainka adına Rus Dram Teatrına məxsus evdə yaşayırdıq. Həyətdə dostlarımı gördüm və ilk fotomu çəkdim. O zaman böyüklərin mənim üçün çıxardıqları o foto haradasa itib-batdı. Neqativ isə nə qədər qəribə də olsa, hələ də məndədir.
- Maraqlıdır, ilk fotonuzda əks edilən uşaqların taleyi necə oldu?
- Uşaqlardan biri - Alik Latinski Moskvada yaşayır. O, teatr direktorunun oğlu və dahi rus aktyoru Oleq Borisovun qohumu idi. Şəkildəki ikinci oğlan - Boris Ratimov mühəndis oldu. Üçüncü uşaq isə bilet yoxlayan Raya xalanın oğlu Valya Ratimov idi. O, hazırda Tovstonoqov Teatrının aktyorudur. Bu fotodan sonra məndə maraq yarandı və qarşıma çıxan hər şeyi lentə köçürməyə başladım - şəhəri, böyükləri və uşaqları, heyvanları və sair. Amma o zaman şəkil çəkmək mənim üçün sadəcə hobbi idi. Məktəbi bitirdikdən sonra, Kiyev Bədən Tərbiyəsi İnstitutuna qəbul olundum. Orada təhsilimi başa vurduqdan sonra isə, bir il uşaq idman klubunda üzgüçülük təlimatçısı kimi çalışdım. Daha bir il keçdi və Leninqrad Dövlət Universitetində jurnalistilik oxumağa yollandım.
1967-ci ildən başlayaraq "Komsomolskaya pravda", "Literaturnaya qazeta", "Moskovskiye novosti", "Obşaya qazeta", "Novoya qazeta" qəzetlərində xüsusi müxbir, fotomüxbir, jurnalist və icmalçı işləymişəm.
- Özünüzü jurnalist sayırsınız, yoxsa fotoqraf?
- Öz məqalələrini fotoları ilə izah edən jurnalist. Mənim mətnsiz çap olunmuş bir fotom belə yoxdur. Onların hamısında mətn var. Bu illər ərzində kilometrlərlə plyonkadan istifadə etmişəm. Çox sayda səfərlərim, görüşlərim, çoxlu sayda açılışlar, hətta məyusluqlar da olub. Amma bu gün çəkdiyim o plyonka mənim üçün çox dəyərlidir. Çünki orada bu gün simasını itirmiş şəhərlər, bizi əbədi olaraq tərk etmiş insanlar əks olunublar. Həmin fotolarda geri qaytarılması mümkün olmayan keçmiş, heç zaman təkrarlanmayacaq anlar yatır.
- Sizin üçün əsas nədir - foto, yoxsa mətn? Məsələn, sizin məşhur fotonuz var - 2 il aeroportda sahibini gözləyən it. Bu qəmli tarixçə nə ilə bitir?
- Bu qəribə it haqda mənə dostum, "İl-18" sürən təyyarəçi Valentey danışmışdı. "Palma" adlı iti sahibi, demək olar ki, təyyarənin pilləkənində ataraq, birdəfəlik çıxıb getmişdi. Sadiq it düz, iki il yağışda-qarda Vunukovo aeroportunun ərazisində yaşayıb. O, sahibini gözləyirdi. Aeroport işçiləri "Palma"nı yemləyirdilər. Bu söhbət mənə çox təsir etdi və əvvəlcə onun mətnini yazdım. Daha sonra itin şəklini çəkdim və "Komsomolskaya pravda"da nəşr etdirdim. Və başlandı! İnsanlar redaksiyaya saysız-hesabsız məktublar yazır, itə baxılması üçün pul göndərir, onunla maraqlanırdılar. Sonra heyvanı dahi Ukrayna yazıçısı Kotlyarevskinin nəticəsi Vera Kotlyarevskaya öz yanına, Kiyevə apardı. "Palma" uzun müddət orada yaşadı, amma əziyyət çəkərək yaşadı. Çünki o, inadkar idi. Heyvan yalnız küçüklədikdən, yeni evi, evində yeni ailəsi olduqdan sonra sakitləşdi. Sonralar, hətta onun küçüklərindən birini mənə hədiyyə də etdilər. Odur ki, tarixçənin xoşbəxt sonluqla bitdiyini söyləmək olar. Amma mən əsas diqqəti fotonun mətninə yox, oxucuların reaksiyasına yönəltmək istərdim. İnsanlar fakta öz münasibətlərini bildirdilər, bu,onların ürəyinə toxundu. Bu, yaxşıdır. Bəs niyə insanlar başqalarının acısına yalnız bu haqda mətbuatda yazıldıqdan sonra reaksiya verirlər? Niyə ətraflarında yaşayanlara, köməyə ehtiyacı olanlara diqqət yetirmirlər? Axı onların ətrafında diqqətimizə, qayğımıza ehtiyac duyan çox sayda nənələr, babalar yaşayır...
Ətrafa nəzər salmaq kifayətdir ki, yardıma, dəstəyə ehtiyacı olanları görəsən...
- İndiyədək Bakıda olmuşdunuzmu? Burada sizi bir fotoqraf kimi, nə maraqlandıra bilər?
- Bakıda bir neçə dəfə olmuşam. Burada çoxlu dostlarım və tanışlarım var. Fəxriyyə Xələfova ilə, Moskvada isə Yuli Qusmanla məmnuniyyətlə görüşürəm. Qısa zaman ərzində Bakı tamamilə yenilənib və bu dəyişiklik mənim xoşuma gəlir. Şəhəriniz gözəl evlərin, təmiz küçələrin olduğu müasir Avropa şəhərinə çevrilib. Bununla yanaşı, o öz Şərq koloritini də itirməyib. Düşünürəm ki, bütün bunları çəkmək olar - insanları, küçələri, dənizi, səmanı...
- Yuri Mixayloviç, qəhrəmanlarınızdan hansı daha çox yaddaşlarda qalıb?
- İstisnasız olaraq, hamısı. Məsələ ondadır ki, nə zamansa şəklini çəkdiyim insanların hamısını yaxşı tanıyıram. Onların bir çoxu ilə uzun illərdir dostluq edirəm - rejissorlar Otar İoseliani və Georgi Daneliyadan tutmuş, yazıçı Andrey Bitova, rəssamlar İlya Kabakov və Natalya Nesterovaya; multiplikator-rəssam Yuri Norşteynə və digərlərinədək. Mənə ən parlaq şəxsiyyətlərin fotolarını çəkmək qismət olub. Yadımdadır, Faina Ranevskayanın şəklini çəkmək üçün Sergey Yurskini rol aldığı tamaşa zamanı onu çox dilə tutdum, mənə köməklik göstərməsini istədim. Ranevskaya uzun müddət bundan imtina etsə də, sonda rəhmə gəldi, çox sevdiyi Marina Nelova ilə gələcəyim təqdirdə, şəkil çəkməyimə icazə verəcəyini söylədi. Biz təyin olunan vaxtda aktrisanın evinə yollandıq. Nəticədə, çox səmimi foto alındı. Təəssüf ki, Yevgeni Leonovun, Oleq Yefremovun, İnnokentiya Smoktunovskinin şəkillərini çəkməyə macal tapmadım. Düşünürdüm ki, həyat uzundur və hələ hər şeyə vaxt olacaq. Bu gün son dərəcə gözəl aktyor Slava Lyubşini, xarizmatik Mark Zaxarovu çəkmək istərdim. İstəyirəm ki, onlar nəsillərin yaddaşlarında qalsınlar...
MƏSLƏHƏT GÖR: