
SƏCİYYƏVİ BÖHRAN
ABŞ və Kanada İnstitutunun Yaxın Şərq Münaqişələrinin Təhlili Mərkəzinin direktoru Aleksandr Şumilinin "R+" jurnalına müsahibəsi
Müəllif: Ceyhun NƏCƏFOV Bakı
- İsrail yəhudi gəncin qətlə yetirilməsi ilə bağlı insidentə cavab olaraq, Qəzza sektorunda hərbi əməliyyatlara başlayıb. Mossad, adətən, yəhudilərin qətlinə səsboğucusu olan tapançalarla və ya pilotsuz təyyarələrin zərbələri ilə cavab verir. Bu dəfə Qəzzanın miqyaslı şəkildə bombalanması nə ilə bağlıdır?
- İlk növbədə, İsraillə Qəzza zolağına nəzarət edən HƏMAS arasında gərginliyin niyə məhz indi artdığını müəyyənləşdirmək lazımdır. Bunun iki əsas səbəbi var. Düz, bir il əvvəl Misirdə hərbçilər Mursinin rəhbərlik etdiyi islamçı hökuməti devirdi. Mursi hökuməti HƏMAS-a kömək edir, onun təchizatı ilə məşğul olur, arxa cəbhəyə yardım göstərir, o cümlədən təşkilata siyasi dəstək verirdi. Misirin yeni hökuməti isə islamçılara zidd siyasət yürüdür və HƏMAS-ın dəstəklənməsinə son qoyub. Bundan əvvəl isə ərəblər Tehranın Suriya hökumətinə dəstək verməsi üzündən HƏMAS-ı İrandan "ayırdılar". İran və Misir kimi sponsorlardan məhrum olan HƏMAS faktik olaraq, təcrid duruma düşmüşdü. O, maliyyə nöqteyi-nəzəri də daxil olmaqla, bütün sahələrdə acınacaqlı vəziyyətlə üzləşmişdi. HƏMAS, hətta Qəzza sektorunda çalışan dövlət məmurlarının əməkhaqqını verə bilmirdi və məmurlar artıq qiyam qaldırmışdılar. Bütün bunlarla yanaşı, Suriya münaqişəsi ilə bağlı mövqeyi üzündən HƏMAS İran tərəfindən tənbeh edilirdi. Tədricən, siyasi nüfuzunu və maliyyə imkanlarını itirən HƏMAS fələstinlilərin narazılığına səbəb olurdu. Qəzza sakinləri arasında HƏMAS hökumətindən narazı olanların sayı artır, sektorda iğtişaşların başlanması riski çoxalırdı və s. Bütün bunlar HƏMAS-ı FƏTH ilə koalisiya yaratmağa, milli birlik hökuməti formalaşdırmağa məcbur etdi. Amma bu addım HƏMAS-da təlatümlərin olmayacağına zəmanət vermirdi. Çünki FƏTH ilə koalisiya İsraillə sülh prosesinin, iki dövlətin - İsrail və Fələstin - yaradılmasının tanınması demək idi.
Məlum olduğu kimi, HƏMAS-ın Nizamnaməsində yəhudi dövlətinin məhvindən, tarixi Fələstin torpaqlarında İordan çayından Aralıq dənizinədək Fələstin dövlətinin yaradılmasından danışılır. Belə olan təqdirdə, HƏMAS-ın döyüşkən əhval-ruhiyyəli üzvlərinin FƏTH-lə koalisiyaya etiraz olaraq, başqa terror təşkilatlarına keçmələri ehtimalı yaranmışdı. Bu vəziyyətdə HƏMAS liderləri İsraillə zor yolu ilə dialoqa qadir olduqlarını nümayiş etdirmək qərarına gəldilər. Bunun üçün onlar səciyyəvi böhran yaratmalı idilər. HƏMAS bununla nəinki laxlamış imicini bərpa etmək, eyni zamanda, FƏTH-dən azadlığını qorumaq istəyirdi. Nəticədə, onlar yəhudi uşaqlarına sui-qəsd yolunu seçdilər və bu, İsrailin cavab addımlarına, yaraqlıların Qəzzadakı mövqelərinə dəqiq zərbələr endirməsinə səbəb oldu. HƏMAS isə öz növbəsində, İsrail ərazisinə raket zərbələrinin sayını artırdı. Beləliklə, vəziyyətin məqsədli şəkildə gərginləşdirilməsi Qəzzada bu gün yaşananlara gətirib çıxardı.
- Bəs bu qarşıdurmadan İsrail nə qazanacaq?
- Bu münaqişə müəyyən mənada İsrail üçün mövcudluq uğrunda mübarizə xarakteri daşıyır. İnsanların əhvalından çox şey asılıdır. İsraillilər bitmək bilməyən raket zərbələrindən, lokal müharibələrdən bezə və ölkəni tərk etməyə başlaya bilərlər. HƏMAS və digər təşkilatların ümidi İsrailin tədricən gücdən düşməsinədir.
Hələlik bu, baş vermir. İsrail raket zərbələrinə kifayət qədər effektiv cavab verir.
- İranın əvəzinə HƏMAS-ın yeni sponsorları - Fars körfəzi ölkələri meydana çıxa bilərmi? İraqda baş verənlər göstərir ki, Səudiyyə Ərəbistanından, Qətərdən yardım alanlar hərbi uğur da qazanır...
- Ərəb dünyasında HƏMAS-a sponsorluq edəcək ölkələr çox azdır. Fars körfəzindəki monarxiyalardan bu təşkilata dəstək verməyə hazır olduğunu yalnız Qətər bəyan edib. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla, bütün qalan dövlətlər HƏMAS-ın dəstəklənməsinin əleyhinədirlər və buna səbəb onun "Müsəlman qardaşlar"la dostluğudur. Monarxiyaların "qardaşlar"ı özlərinə təhlükə saydıqları məlumdur. Fars körfəzi dövlətləri HƏMAS-ı tam təcrid vəziyyətinə salmayacaqlar və onu hansısa məhdud yardım ilə özlərinə tabe etməyə çalışacaqlar. Bu, təşkilatın həvəsləndirilməsi, maliyyələşdirilməsi yox, onun nəzarətə götürülməsi cəhdi olacaq.
- SAXAL Qəzzada quru əməliyyatlarına başlayıb. Bu, hansı nəticələri verəcək?
- Adətən, ordu yeridilməsinin ardınca ərazilərin terrorçulardan təmizlənməsi baş verir. İstənilən halda, quru əməliyyatları Qəzzanın dinc sakinləri arasında daha çox tələfata səbəb olacaq. HƏMAS tipik terror təşkilatı kimi davranır, qadın və uşaqları qabağa buraxır. Əsgərləri məhz onlar daş-qalaq edirlər. Terrorçular isə dinc sakinlərin arxasında gizlənərək atışırlar. Bu, ordunun irəliləməsini və yaraqlılara dəqiq atəş açılmasını çətinləşdirir.
- İsrailin Qəzzanı blokadada saxladığı bir şəraitdə oraya yüzlərlə, hətta bəlkə də minlərlə raket necə gedib çıxır?
- Blokada strateji vacib yüklərə, silahlara tətbiq olunur. Humanitar yüklər Qəzzaya buraxılıb və buraxılır. HƏMAS raketlərin əksəriyyətini hələ İranla fəal əməkdaşlıq dönəmində əldə edib. Bəzi raketləri isə Qəzza zolağında kustar üsulla hazırlayırlar. Belə raketlər yaxın məsafələri vurmaq üçün istifadə olunur. Müəyyən sayda raket isə Qəzzaya Sinay vasitəsilə qaçaqmalçılıq yolu ilə daşınır.
- İsrail ilə Fələstin arasındakı sülh danışıqları prosesinin taleyi necə olacaq? Bu prosesi ABŞ da fəal şəkildə dəstəkləyirdi...
- Hələlik bu proses dəfn olunub. Amma amerikalıların təzyiqi ilə tezliklə danışıqlar bərpa olunacaq. Danışıqlarda tərəfdaş kimi HƏMAS deyil, Mahmud Abbasın rəhbərlik etdiyi FƏTH çıxış edir. Güman ki, müəyyən müddətdən sonra İsrail-Fələstin danışıqları bərpa olunacaq.
- Bəs ümumiyyətlə, Yaxın Şərqdə yəhudilərlə ərəblər arasında uzunmüddətli sülh mümkündürmü?
- Hələlik, bu münaqişənin həlli formulu tapılmayıb. Məsələ ondadır ki, Fələstində razılaşmanı imzalayacaq və ona əməl ediləcəyinə zəmanət verəcək etibarlı tərəfdaş yoxdur. FƏTH sülh danışıqları aparır, sanki İsrail ilə sülh şəraitində yaşamağa çalışdığını göstərir. HƏMAS isə tam hərbi əhvaldadır, İsrail şəhərlərinə raket zərbələri endirir. Belə çıxır ki, bir xalqın yarısı sülh, digər yarısı isə müharibə istəyir.
- İsraillə HƏMAS arasındakı hazırkı insidentlə Suriyadakı vətəndaş müharibəsi və İŞİD-in İraqdakı silahlı qiyamı arasında əlaqə varmı?
- Birbaşa yox, dolayı əlaqələr var. Suriyada münaqişə sünni-şiə, İsrail-HƏMAS münasibətləri kimi, fundamental qarşıdurma səviyyəsinə yüksəlib. Əvvəllər bu, fövqəldövlətlərin qarşıdurmasından irəli gəlirdi. Yəni bir münaqişə qonşu dövlətlərdə digər münaqişələr üçün əlverişli şərait yaradır: HƏMAS-ın Qəzzada deqradasiyası, İŞİD-in İraqa hücumu və sair. Burada qarşılıqlı əlaqə var, amma bu, əsas amil deyil. Suriya münaqişəsi olmasaydı, İsrail ilə HƏMAS arasında gərginlik başqa səbəbdən də baş qaldıracaqdı. 2009 və 2012-ci illərdə də belə olmuşdu.
- İsrail ilə HƏMAS arasında münasibətlər necə inkişaf edəcək?
- Sxem bəllidir. Vasitəçilər tərəfləri atəşkəsə məcbur edəcəklər. Münaqişə tərəfləri bir müddət "soyuyacaq", sonra körpülərin qurulmasına çalışılacaq və sair.
MƏSLƏHƏT GÖR: