26 Dekabr 2024

Cümə axşamı, 09:17

YENİ OLİMPİYAÇILAR

Azərbaycanı yeniyetmələrin II Yay Olimpiya Oyunlarında 7 növ üzrə 19 idmançı təmsil edəcək

Müəllif:

29.07.2014

Braziliyada keçirilən futbol üzrə Dünya Çempionatından sonra avqustda bütün diqqət Çində baş tutacaq yeniyetmələrin II Yay Olimpiya Oyunlarına yönələcək. Avqustun 16-da start götürəcək mötəbər yarışa lisenziya verən bütün təsnifat turnirləri başa çatıb. 

Nanjinqdəki Olimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Mirkamil Rəhimovun "R+"a verdiyi məlumata görə ölkəmizi yarışda 7 növ üzrə 19 idmançı təmsil edəcək. Ən çox təmsilçimiz güləş növündə (sərbəst, yunan-Roma və qadın güləşində, ümumilikdə, 5 idmançı) olacaq. Nanjinqə yığmamızın heyətində 4 taekvondoçu, 3 boksçu, 3 atlet, 2 dzü-doçu, 1 akademik avarçəkən və 1 üzgüçü yollanacaq. 

 

Güləş

Müstəqil Azərbaycanın təmsil olunduğu böyüklərin Yay Olimpiya Oyunlarında hər zaman Vətənə medalla qayıdan güləşçilərimiz Çində də bizi sevindirmək imkanına malikdir. Məşqçilərin fikrincə, sərbəst güləşçilərimiz Teymur Məmmədovla İqbal Hacızadə potensialını göstərə bilsə, fəxri kürsüdə yer alacaq. Hər iki idmançı bir sıra turnirlərin qalibi olub və son 2 ayda Nanjinqə xüsusi proqram üzrə hazırlaşır. Xanım idmançımız Leyla Qurbanovaya da ümid böyükdür. Bu çəkidə Rusiya və Qazaxıstan idmançılarının favorit olması Qurbanovanın güclü rəqabətlə üzləşəcəyini göstərir. Etiraf etmək lazımdır ki, Leylanın qızıl medal şansları nisbətən azdır. Amma ümumilikdə, o karyerasının ən böyük turnirində medal qazanmaq gücündədir. Yunan-Roma güləşçilərinə gəlincə, Cabbar Nəcəfov və İslambek Dadov səviyyələrindən aşağı çıxış etməsələr, medal qazanacaqlar. Turnir ərəfəsində hər hansı bir problem çıxmasa, güləşçilərimizin hər biri Azərbaycana mükafatla qayıdacaq. 

 

Avarçəkmə

Çində avarçəkmədə yalnız bir təmsilçimiz olacaq. İkiqat Avropa çempionu Boris Yotov 1 nəfərlik qayıqda mübarizə aparacaq. Kifayət qədər təcrübəyə malik Yotov 2 təlim-məşq toplanışında iştirak edib. Dünya Çempionatında göstərdiyi yüksək nəticələr Olimpiya Oyunlarında ona qızıl medala iddialı idmançı kimi baxmağa imkan verir. Sürəti və çevikliyi ilə fərqlənən Yotovun akademik avarçəkmədə ölkəmizə ilk olimpiya medalını qazandıra bilər.

 

Dzü-do

Dzü-do idman növündə Azərbaycan iki idmançıyla təmsil olunacaq. Həm Natiq Qurbanlı, həm də Leyla Əliyeva yeniyetmələrin Avropa Çempionatında yüksək nəticələr qazandı. Natiq Qurbanlının qızıl, Leyla Əliyevanın gümüş qazanması onların yaxşı idman formasında olduğunu göstərir. Dzü-doçularımız iki medal qazanmağa namizəddir. Sadəcə, medalın əyarını proqnozlaşdırmaq çətindir. 

 

Taekvondo 

Səid Quliyev, Gülhanım Yeşildağ, Ceren Özbek, Safiyə Polat taekvondoda Azərbaycanın adından çıxış edəcək. 4 idmançımız, ümumilikdə, 2 medalla iddialıdır. Bu mənada xanım idmançılarımızın şansları aşağı qiymətləndirilir. 

 

Boks

Çinə yollanan nümayəndə heyətinin tərkibində 3 boksçumuz yer alacaq. Məhəmmədəli Tahirovun ağır çəkidə güclü rəqabətlə üzləşəcəyini əminlə söyləmək olar. Rusiya, Qazaxıstan idmançılarının ağır çəkidə hegemonluq etməsi idmançımızın işini çətinləşdirəcək. Rüfət Hüseynovla Məsud Yusifzadə isə ən azı bürünc medal qazanmaq gücündədir. 

 

Üzgüçülük

Sərbəst üsulla üzgüçülükdə Elvira Həsənova ilk dəfə yeniyetmələrin olimpiya oyunlarında iştirak edəcək. Onun mötəbər yarışa lisenziya qazanması uğur kimi qiymətləndirilir. Ona görə Elviradan medal gözləyənlərin sayı azdır. İdmançımızın yekun sıralamada ilk onluqda qərarlaşması böyük uğur hesab ediləcək.

 

Yüngül atletika

Yüngül atletikada təmsil olunacaq idmançılarımız Olimpiya Oyunlarına Bakıda keçirilən Avropa təsnifat turnirində vəsiqə qazandı.Təsnifat turnirinin qalibi Nazim Babayevin (3 təkanla tullanma) Çində medala iddialı olacaq. Onun qızıl medal qazanması real görünməsə də, fəxri kürsüdə yer almağa namizəddir. Benafeta Hadiyes 3000 metr məsafədə Azərbaycanı təmsil edəcək. Yelena Qladkova isə şüvüllə tullanmada bacarığını göstərəcək. Atletlərimizin medal şansları barədə danışmaq bir qədər çətindir. 

Qeyd edək ki, 2010-cu ildə Sinqapurda keçirilən Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında Azərbaycanı 6 növ - güləş, boks, ağırlıqqaldırma, dzü-do, taekvondo və kanoe növlərində üst-üstə 12 idmançı təmsil edib. Onlardan 5-i qızıl, 3-ü gümüş medal qazanıb. Təəssüf ki, Sinqapurda iştirak edən ağır atletika üzrə yığmamız bu dəfə mötəbər yarışı kənardan izləyəcək. Çindəki Olimpiya Oyunlarına əvvəlki yarışla müqayisədə daha çox lisenziya qazanan Azərbaycan idmançıları medal sayında da rekorda imza ata bilər. Bu mənada Azərbaycan idmançılarının 8-10 medal qazanacağını proqnozlaşdırmaq olar. 

 

 

Nanjinq Olimpiadasına yollanacaq Azərbaycan idmançıları 

Teymur Məmmədov, sərbəst güləş (63 kq)

İqbal Hacızadə, sərbəst güləş(100 kq)

Leyla Qurbanova, qadın güləşi  (52 kq)

Cabbar Nəcəfov, yunan-Roma güləşi (50 kq)

İslambek Dadov, yunan-Roma güləşi (69 kq)

Boris Yotov, akademik avarçəkmə, 

Natiq Qurbanlı, dzü-do (55 kq)

Leyla Əliyeva, dzü-do  (44 kq)

Səid Quliyev, taekvondo (73 kq)

Gülhanım Yeşildağ, taekvondo (55 kq)

Ceren Özbek, taekvondo, (44 kq)

Safiye Polat taekvondo, (49 kq)

Məhəmmədəli Tahirov, boks, (+91 kq)

Rüfət Hüseynov, boks, (49 kq)

Məsud Yusifzadə, boks, (52 kq)

Elvira Həsənova, üzgüçülük, sərbəst üsulla

Nazim Babayev, atletika, 3 təkanla tullanma

Benafeta Hadiyes, qaçış, 3000 metr 

Yelena Qladkova, atletika, şüvüllə tullanma



MƏSLƏHƏT GÖR:

641