14 Mart 2025

Cümə, 10:38

CULİAN UĞRUNDA MÜBARİZƏ

“Wikileaks” saytının yaradıcısının taleyi beynəlxalq siyasətin trillerinə çevrilib

Müəllif:

01.09.2012

Culian Assancın məsələsi müasir beynəlxalq siyasətin əsl trillerinə çevrilib. ABŞ-ın müxtəlif qurumlarının məxfi informasiyalarını, xüsusilə İraq və Əfqanıstandakı hərbi kampaniyalara dair sənədləri, Amerikanın Quantanamo bazasında yol verilmiş cinayətləri ifşa edən materialların dərcilə məşğul olan WikiLeaks saytının yaradıcısı çoxları tərəfindən hazırkı dövrün qəhrəmanı kimi qəbul edilir. Yaşadığımız dövr kimi, bu qəhrəman da son dərəcə mürəkkəb və ziddiyyətlidir. Ən azı ona görə ki, dünyanı idarə edən şəxslərə meydan oxuyan bu avstraliyalı jurnalist müəyyən mənada hələ də müəmma olaraq qalmaqdadır.

 

"Uğursuz insident" bitdi?

Assanc Ekvadorun Londondakı səfirliyinə sığınaraq iyunun ortalarında Britaniya məhkəməsinin onun İsveçə ekstradisiyasına "hə" deməsindən sonra bu Latın Amerikası ölkəsindən siyasi sığınacaq istəyib. Skandinaviyalılar Assancı seksual xarakterli cinayətlərdə günahlandırır. Assanc isə bu ittihamları birmənalı olaraq rədd edir və onun saxta olduğunu bildirir. Assanc düşünür ki, Böyük Britaniya kimi, İsveç də ABŞ-la sövdələşib və o, Amerikaya təhvil verilə bilər. ABŞ-da isə Assanc casusluqda və məxfi məlumatları açıqlamaqda təqsirləndirilir.

Ekvador hökuməti isə, nəhayət, Culiana siyasi sığınacaq verməyə razılaşıb. Buna baxmayaraq, rəsmi London Kitonun qərarının Assancın taleyinə heç bir təsir göstərməyəcəyini bildirir. Britaniyalılar, hətta Ekvador səfirliyinin diplomatik statusdan məhrum edilə biləcəyinə, Assancın təhvil verilməyəcəyi təqdirdə səfirliyin binasına hücum olunacağına dair hədələr də səsləndirir.

Amma bir müddət sonra bu hədə xeyli dərəcədə dəyişdirilib. Buna səbəb heç də yalnız Ekvador hökumətinin səfirliyə mümkün hücumun düşmən əməli kimi qiymətləndiriləcəyinə dair bəyanatı deyil. Praqmatik London xarici ölkə səfirliyinə qarşı zorakılığın diplomatik missiyaların toxunulmazlığına dair Vyana konvensiyasına birbaşa zidd olduğunu, bunun nələrə aparıb çıxara biləcəyini yaxşı başa düşür.  Britaniyanın səfirliyə hücum presedentinin dünyada, xüsusilə çoxlarının İngiltərə və ümumilikdə Qərbi sevmədiyi problemli ölkələrdə hansı fəsadlara aparıb çıxara biləcəyini təsəvvür etmək mümkündür. Beləliklə, Ekvador səfirliyinə zor tətbiqilə müdaxilədən imtina edən London bununla yanaşı Assancın diplomatik missiyadan kənara çıxmasına imkan verilməyəcəyini də açıqlayıb. Böyük Britaniyanın Baş naziri Devid Kemeron məsələnin diplomatik həlli yolunu axtarmağa hazır olduqlarını desə də, Assancın ölkədən çıxmasının mümkün olmadığını qəti şəkildə dilə gətirib.

Amma London Kitonun qəti mövqeyilə qarşı-qarşıyadır. Bu mövqeyi Ekvador prezidenti, Vaşinqton və onun əsas müttəfiqi olan Böyük Britaniyanı sancmaq üçün istənilən imkandan istifadə edən solçu baxışlı Rafael Korrea dilə gətirib. O, britaniyalılara keçmişdə baş vermiş məsələlərdən birilə bağlı mövqelərini xatırladıb: "Böyük Britaniyanın çilili diktator Auqusto Pinoçeti 1998-ci ildə İspaniyaya verməkdən imtina etməsi ona WikiLeaks saytının yaradıcısı Culian Assancla bağlı eyni tələbi irəli sürməyə haqq vermir. "Pinoçet" onlarca avropalını, minlərlə Latın Amerikası sakinini öldürsə də, on minlərlə insanın onun diktaturası zamanı zorakılığa məruz qalsa da, insanpərvərlik baxımından ekstradisiya olunmadı", - deyə Korrea bildirib.

Ekvador diplomatik hücuma Cənubi Amerika xalqları ittifaqının dəstəyilə keçib. Təşkilata üzv ölkələrin XİN başçılarının görüşündə qəbul edilmiş kommünikedə "dövlətlərarası münasibətlərdə güc tətbiqilə hədə pislənilir" və "Ekvadorun suverenliyinə qarşı beynəlxalq hüququn prinsiplərinə əməl olunmasının arzulandığı" bildirilir.

Böyük Britaniyaya qarşı Venesuela Prezidenti Uqo Çaves daha sərt qəzəb püskürüb. O, Londonun "Ekvadorun suverenliyini pozacağı təqdirdə" buna radikal cavab veriləcəyini bəyan edib. "Biz Britaniya hökumətinə bu haqda yaxşı düşünmələrini təklif edirik. Çünki imperiyaların onların istədiklərini edə bildikləri dövr bitib", - deyə Çaves bildirib.

Amma britaniyalıların Assancın işi ətrafında qarşıdurmanın tonunu aşağı salması, başqa sözlə, Ekvadorun Londondakı səfirliyinə hücum təhdidini aradan qaldırması Rafael Korreaya bunu "uğursuz insidentin bitməsi" kimi qiymətləndirməsinə əsas verib. Amma məsələnin hələ də çözümdən çox uzaq olduğu görünür. Necə ki, Culian Assanc hələ ifşaedici missiyasını başa vurmaqdan çox uzaq olduğunu bildirir.

 

Söz azadlığı təhlükədə?

Britaniya ilə Ekvadorun, az qala, diplomatik əlaqələri kəsəcəkləri, qlobal siyasi ictimaiyyətin, hətta bütünlükdə dünya ictimaiyyətinin Assancın tərəfdarları və əleyhdarlarına bölündüyü bir vaxtda Culian "hakimiyyət başında duranlar"ın fəaliyyətinin tam şəffaf olması uğrunda bundan sonra da mübarizə aparacağını bəyan edib. Assanc üçün yeni tribuna rolunu isə Ekvadorun Londondakı səfirliyinin eyvanı oynayır.

"Nə qədər ki, WikiLeaks saytına təhlükə var, söz azadlığı təhlükədədir", - deyə Culian Assanc birbaşa ABŞ Prezidenti Barak Obamaya müraciət edərək, Ağ Ev sahibini saytın, onun tərəfdarlarının "əcinnə ovu"nu xatırladan təqibinə son qoymağa çağırıb. WikiLeaks saytının yaradıcısı onu məlumatlandıran şəxslərdən biri, amerikalı hərbçi Bredli Menninqin tezliklə azad olunmasının vacibliyini bildirib. Xatırladaq ki, vacib diplomatik sənədləri və amerikalı məmurların yazışmalarını sayta Menninq vermişdi. Hazırda o, ABŞ milli təhlükəsizliyinə zərər vurmaqda ittiham olunur.

"Bu məqamdan ABŞ hökuməti qarşısındakı seçimin formalaşdırılması üçün istifadə etməliyik. O, əsasının qoyulduğu inqilabın dəyərlərinə qayıdacaq, onları təsdiqləyəcək, yoxsa uçuruma yuvarlanaraq hamımızı jurnalistlərin təqib olunacağından qorxaraq susduğu, vətəndaşların qaranlıqda pıçıldaşmalı olduğu təhlükəli despotizm dünyasına sürükləyəcək?" - deyə Assanc qeyd edib.

Assanc az qala, beynəlxalq solçu hərəkatın yeni siması olmaq iddiasındadır. Onun fəaliyyətinin artıq yalnız Latın Amerikasındakı Çe Gevara ruhlu antiimperialistlər tərəfindən yox, Avropanın hörmətli solçu dairələri tərəfindən də açıq şəkildə dəstəklənməsi bunu sübut edir. Fransada bu yaxınlarda keçirilmiş prezident seçkisində özlərini dəbə mindirməyi bacarmış sosialist hərəkatının liderlərindən olan Jan-Lyuk Melanşon WikiLeaks saytının yaradıcısına telefon vasitəsilə Fransanın Sol Cəbhəsinin tərəfdarlarına müraciət etmək imkanı yaradıb. Bu, Qrenobldakı mitinqdə baş tutub. Assanc fransız xalqına "ABŞ-ın WikiLeaks saytının bağlanması üçün kampaniya apardığı vaxt Fransanın saytın taleyində həlledici rol oynadığı üçün" minnətdarlığını bildirib. Söhbət 2010-cu ildə sayta ABŞ Dövlət Departamentinin gizli teleqramını dərc etməsindən sonra başlanmış təzyiqdən gedir. Xatırladaq ki, həmin vaxt təzyiqlər nəticəsində Amerikanın bir neçə nəhəng rabitə operatoru WikiLeaks saytına xidmətdən imtina etmişdi. Məhz həmin an saytın fəaliyyətini Fransa provayderlərindən biri dəstəkləməyə başlamışdı.

Melanşona gəlincə, o, rəsmi Parisi Assanc və Ekvadorla həmrəyliyə, saytın yaradıcısına siyasi sığınacaq verməyə çağırıb.

Assanc müasir solçu hərəkatın liderinə çevriləcəkmi? Bu haqda ehtimallar səsləndirmək hələ tezdir. Hazırda birmənalı şəkildə yalnız onu demək olar ki, Assanc qlobal dairələrlə qarşıdurma yoluna çıxıb. Hərçənd, ola bilsin ki, ilkin mərhələdə o, heç solçu da deyildi, sadəcə, Amerikada hakimiyyətdəki müxtəlif qruplaşmaların ötürdüyü məlumatları dərc etməklə kifayətlənirdi. Dünyanın böyük hissəsi üçün isə maraqlı olan yalnız Assancla bağlı yaşananların mümkün "pərdəarxası", hələ də tam aydın olmayan siyasi siması yox, həm də onun Ekvador səfirliyində gizlənməsilə başlanmış detektivin necə sona çatacağıdır.

 

"Oyun" "təmiz" oynanacaqmı?

Bununla əlaqədar olaraq müəyyən mənada oxşar olan bir sıra hadisələri xatırlamaq olar. Onları xatırlamaqla güman etmək olar ki, Assancın səfirlikdəki macərası hələ bir neçə il uzana bilər. Məsələn, Macarıstanda antisovet qiyamının fəal üzvü kardinal Yojef Mindsenti 1956-cı ildə SSRİ ordusunun ölkəyə girməsindən sonra Amerikanın Budapeştdəki səfirliyi ərazisində gizlənmişdi. Mindsenti ömrünün nə az, nə çox - düz 15 ilini burada keçirmiş, sonda, nəhayət onun Romaya getməsinə icazə verilmişdi.

1990-cı ildə livanlı general Mişel Aum 10 ay ərzində Fransanın Beyrutdakı səfirliyində yaşamışdı. Onu burada daha çox qalmaqdan Fransaya ekstradisiyası xilas etmişdi. 

1996-cı ildə isə Afrikanın Burundi dövlətinin prezidenti Silvestr Ntibantunqaniya 11 ay Amerika səfirliyinin ərazisində yaşamalı olmuşdu. 

Buna bənzər son hadisə daha məşhurdur: bu ilin aprelində görmə qabiliyyətini itirmiş çinli dissident Çen Quançen ABŞ-ın Pekindəki səfirliyində gizlənmişdi. Amma o, daha tez - artıq mayda ailəsilə birlikdə Birləşmiş Ştatlara emiqrasiya etdi.

Assanca gəlincə, şübhəsiz ki, onun Ekvador səfirliyini sərbəst şəkildə tərk etmək şansı yoxdur. Britaniya polisi jurnalisti ya səfirlikdən çıxan kimi, ya da onu aeroporta aparacaq avtomobildən düşən kimi saxlayacaq (Britaniya qanunlarına əsasən, polisin diplomatik nömrə nişanlı avtomobillərdə axtarış aparmaq hüququ yoxdur).

Ekvador hökumətinin Assancı Britaniya ərazisindən hər hansı qeyri-adi yolla çıxarmağa risk etməyəcəyi də aydındır. Rəsmi Kito bəyan edib ki, "Ekvador təmiz oyun aparmaq istəyir". Prezident Rafael Korrea "hazırda müxtəlif hüquqi strategiyaları öyrəndiklərini, məsələni dialoq yolu ilə həll etmək istədiklərini" söyləyib. Bununla yanaşı, Ekvador hökuməti Böyük Britaniya və İsveçlə hüquqi mübahisənin birdəfəlik həlli üçün BMT Beynəlxalq Məhkəməsinə müraciət oluna biləcəyini də istisna etmir. Assancın gələcək taleyi bundan asılı ola bilər. Amma hələ ki, Ekvador prezidentinin də dediyi kimi, WikiLeaks-in yaradıcısı səfirliyi yalnız bir neçə şərtlər daxilində tərk edə bilər: "Birləşmiş Krallıq hökuməti ona ölkədən sərbəst şəkildə çıxmaq imkanı yaradarsa, Assanc sığınacaqdan imtina edərsə və ya Ekvador ona sığınacaq vermək qərarını dəyişərsə. Bu isə bizim qərarın qəbuluna təsir göstərmiş vəziyyətin dəyişəcəyi halda mümkündür".

Korreanın göstərdiyi alternativlərin hər biri hələ ki, reallıqdan çox uzaqdır. Demək, Culian Assancın kriminal tarixçəsi də bu çözümdən uzaqdır. Güman ki, onun həllinə qlobal siyasətin ən yüksək sahələrinə aid bir çox digər hadisələr də təsir göstərəcək.



MƏSLƏHƏT GÖR:

512