
MƏĞRİB DƏRSLƏRİ
Mərakeşin Azərbaycandakı səfiri Həsən Hami ölkəsini "ərəb baharı" ölkələrinə nümunə göstərir
Müəllif: Almaz MAHMUD Bakı
Afrikanın şimal-qərbində yerləşən bu ölkə uzun illər müstəmləkəçilər arasında rəqabət meydanı olub. Mərakeşi öz nəzarətinə almaq üçün İspaniya, Fransa, İngiltərə, Almaniya kimi dövlətlər mübarizə aparıb. Ötən yüzilliyin əvvəllərində Fransa Mərakeş ərazisinin böyük hissəsini ələ keçirib və təxminən, yarım əsr bu ərazi Fransanın müstəmləkəsi sayılıb. Onun şimal hissəsi isə İspaniyanın müstəmləkəsi olub. Mərakeşlilərin müstəqillik uğrunda mübarizəsi bəhrəsini 1956-cı ilin yazında verib və həmin il müstəmləkəçi ölkələr Mərakeşin suverenliyini tanımağa məcbur olub. Amma həmin dövrdə də ölkənin bəzi şəhərləri İspaniyaya tabe idi.
"Vikipediya"ya əsasən, Mərakeş BMT, Ərəb Dövlətləri Liqası, İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. O, Afrika Şurasında təmsil olunmur. Buna səbəb Mərakeşin öz ayrılmaz hissəsi saydığı Qərbi Saxaranın Afrika Şurasına qəbul edilməsidir. Bu gün Mərakeş ABŞ və Fransanın regiondakı ənənəvi müttəfiqidir.
Azərbaycan Mərakeş Krallığının əsas xarici siyasi və iqtisadi-ticari tərəfdaşları sırasına daxil olmasa da, ölkənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Həsən Hami münasibətlərin inkişaf etdirilməsinin hər iki ölkə üçün prioritet olduğunu bildirir. O, bu əlaqələrin hazırkı səviyyəsi və perspektivləri, həmçinin ərəb dünyasındakı siyasi proseslər haqda jurnalımıza müsahibəsində danışıb.
- Cənab səfir, əvvəlcə Azərbaycanla Mərakeş arasında münasibətlərin hazırkı səviyyəsi ilə bağlı qiymətləndirmənizlə tanış olmaq istərdik...
- Mərakeşlə Azərbaycan arasında münasibətlər yaxşıdır. Bizim münasibətlərin inkişaf etdirilməsi və onun davamlı templərlə inkişafını təmin etmək üçün birgə hansı işlərin görülməsinə dair ümumi baxışlara malikik. Əlahəzrət Kral VI Məhəmmədin və zati-aliləri Prezident İlham Əliyevin müdrik rəhbərlikləri sayəsində hər iki ölkənin hökumətləri müxtəlif sahələrdə əməkdaşlığın səviyyəsini yüksəltmək üçün nə vaxta, nə də səylərə qənaət edir. Məqsəd insanların ümidlərini doğrultmaq, həmçinin gələcək üçün zəruri məsələləri həll etməkdir.
Onu da etiraf etmək lazımdır ki, münasibətlərimiz hələ də tanışlıq mərhələsindədir. Biznes dairələri əvvəlkitək münasibətlərin hüquqi sənədlər əsasında əməkdaşlığın səviyyəsinin inkişafını gözləyir. Razılaşmaların layihələri imzalanmağa hazırdır və bu, vaxtı çatdıqda baş tutacaq. İmzalanma mərasimi ya birgə ikitərəfli komissiyanın iclası çərçivəsində, ya da nazirlər səviyyəsində müşavirələr zamanı olacaq.
- Əməkdaşlıq üçün hansı sahələr prioritetdir?
- Mədəniyyət, turizm, gənclər və idman, ailə, qadın və uşaq məsələləri, enerji və ədliyyə sahələri əməkdaşlığın səmərəli olduğu sahələrdir. Təhsil, investisiya, ticarət, fövqəladə vəziyyətlər, səhiyyə və sair kimi digər sahələrdə də işləyirik. Siyasi iradə var. Qalır arzularımızı reallaşdırmaq.
- Azərbaycanla Mərakeş arasında münasibətlərin qurulmasından 20 il keçir. Tərəflər bu əməkdaşlıqdan hansı xeyiri görüb?
- Artıq qeyd etdiyim kimi, siyasi münasibətlər yüksək səviyyədədir. Xeyir qarşılıqlı olmalıdır. Onu da əlavə etməliyik ki, Mərakeşlə Azərbaycan arasında etibar səviyyəsi yüksəkdir. Bu, bir-birimizlə iş görərkən özümüzü rahat hiss etməmizə kömək edir. Bu il Rabatla Bakı arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyini qeyd edirik. Bu, yaxşı və perspektivlidir.
- Ərəb ölkələrində baş verənlərə münasibətinizi bilmək də maraqlı olardı. Onların bu dəyişikliklərə həqiqətən də ehtiyacları vardımı?
- Bəli, Yaxın Şərq və Şimali Afrikada baş verənlər sağlam proseslərdir. Bunu əvvəlcədən anlayan ölkələr dəyişikliklərin öhdəsindən daha yaxşı gəlir. Xaotik dəyişikliklər isə hər yerdə və istənilən an baş verən siyasi yenidənqurma proseslərini təhlükə altına salır.
- Necə düşünürsünüz, Tunis, Misir, Liviya və digər ərəb ölkələrində yaşanan inqilab dalğası Mərakeşə də gedib çıxa bilərmi? Mərakeş siyasi dəyişikliklərin baş verdiyi ölkələrdən nə ilə fərqlənir?
- Mərakeş dəyişiklikləri 1960-cı illərin əvvəllərindən normal proses kimi qəbul edən ölkələrdəndir. Mərakeşdə siyasi və iqtisadi islahatlar ardıcıl, addım-addım həyata keçirilib. Siyasi sistemin yaxşılaşdırılması işində rəqabət böyük və ciddi olub. Bu, heç də asan baş verməyib. Amma indi qonşu ölkələrlə müqayisədə əldə edilmiş nailiyyətlər haqda düşünün. Mərakeş konstitusion monarxiya və parlament sisteminin əsas olduğu son Konstitusiyanın qəbulunadək Konstitusiyada mütəmadi şəkildə dəyişikliklər edib. Mərakeş son 20 ildə hakimiyyətin ağılla də-yişməsinə şahidlik edib. Hər iki halda seçkidə müxalifət partiyaları qalib gəlib və məsuliyyət daşımaq onlara etibar olunub. Bu, inkişaf etməkdə olan ərəb ölkələri tarixində nadir nümunədir. Ailə Məcəlləsi, İnsan Haqları üzrə Milli Məşvərət Şurası, bərbər dilinin tanınması, Mərakeşdəki multikultur eynilik və sair islahatların birgə səylərin nəticəsi olduğunu göstərir.
2011-ci ilin Konstitusiyasında bütün bunların və digər məsələlərin qeydinə qalınır. Son ümumi seçki xarici müşahidəçilər tərəfindən ədalətli və şəffaf seçki kimi qiymətləndirilib. Hər şeyi yeni baş nazirin rəhbərlik etdiyi yeni hökumət və siyasi koalisiya idarə edir. Düşünürəm ki, Mərakeş təcrübəsi istənilən ölkənin siyasi sistemini yaxşılaşdırması üçün yaxşı nümunədir.
- Uzun dövr ərzində Mərakeş müstəmləkə olub və müstəqilliyini yalnız 1956-cı ildə qazanıb. Hazırda Fransanın Mərakeşə təsir imkanları necədir?
- Bəzi mütəxəssislər keçmiş müstəmləkəçi fövqəldövlətlərlə yeni müstəqillik qazanmış dövlətlər arasındakı münasibəti "feodal siyasi sistem" adlandırır və bu zaman təsir imkanlarının hələ də böyük olduğu nəzərdə tutulur. Mərakeşdə protektorat rejimi cəmi 44 il davam edib. Lakin başa düşmək lazımdır ki, istənilən halda münasibətlər əvvəlki kimi deyil. Bu gün iki ölkə bir-birilə ayrı-ayrı suveren dövlətlər kimi davranmalıdır. Mərakeşlə Fransa arasında münasibətlər yaxşı səviyyədədir. Fransa Mərakeşin əsas ticarət tərəfdaşı və investorudur. Onu da unutmaq olmaz ki, Mərakeş şimal və cənubda İspaniyanın da müstəmləkəsi olub, Tanjerin isə beynəxalq statusu var idi. Mərakeşin şimalındakı iki şəhər hələ də İspaniyanın işğalı altındadır və Mərakeş bu problemi həll etmək üçün İspaniyai ilə vicdanla işləyir. Bizim digər Avropa dövlətləri ilə də normal münasibətlərimiz var. Mərakeş Avropadan kənarda yerləşən, amma Avropa İttifaqında geniş statusa malik olan yeganə dövlətdir.
- Milli təhlükəsizlik üzrə sabiq amerikalı məsləhətçi Zbiqnev Bjezinski "İkinci şans" kitabında yazır ki, ərəb ölkələri güclü iqtisadi hakimiyyətə malik olacaqlar. Ərəb ölkələrindəki hazırkı dəyişikliklər buna apara bilərmi?
- Hakimiyyət anlayışına tərif vermək çox çətindir. O, özündə bir sıra faktorları əks etdirir. Bəzi ərəb ölkələri xammal satışından kifayət qədər ciddi gəlirlər əldə edir. Digərləri var qüvvəsi ilə inkişaf etməyə çalışır. Amma ayrı-ayrılıqda onların heç biri çətin, qüvvələr nisbətinin hər sutka dəyişildiyi beynəlxalq sistemdə böyük rol oynaya bilməz. Düşünürəm ki, hazırda baş verən dəyişikliklər onlara öz iqtisadi və siyasi modellərini yenidən qiymətləndirmək imkanı verəcək. Son 50 il göstərir ki, reallığın dəyişdirilməsi üçün iqtisadi və ya hərbi potensial kifayət deyil. Mədəni və psixoloji aspektlər də nəzərə alınmalıdır.
- Mərakeş Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dünya arenasında onun mövqeyini dəstəkləyir. Amma göründüyü kimi, Azərbaycan beynəlxalq səviyyədə bu məsələ ilə bağlı ikili standartlarla üzləşir. Səbəb nədir?
- Mərakeş dövlətlərin ərazi bütövlüyünə, suverenliyinə inanır və onu dəstəkləyir. Bu baxımdan, ilk növbədə, Azərbaycanın Cənubi Saxara əyaləti məsələsində Mərakeşin ərazi bütövlüyünü dəstəklədiyini yada salmalıyam. Mərakeş də Dağlıq Qarabağ məsələsində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Biz hər ikimiz hesab edirik ki, bu problemlərin həlli üçün danışıqlar davam etdirilməlidir.
İkili standartlarla bağlı məsələyə gəlincə, təəssüf ki, xarici siyasətdə etika əsas vəzifələr sırasına daxil deyil. Dövlətlərarası siyasi münaqişələrin həlli, ilk növbədə, əsas oyunçulardan və münaqişə tərəflərindən asılıdır. Bu, xüsusilə söhbət lokal regional münaqişələrdən gedərkən belədir. Qərar qəbul edən şəxslərin ikitərəfli münaqişələrdə kənar maraqların müdaxiləsinə imkan verməməsi müdriklik olardı.
MƏSLƏHƏT GÖR: