14 Mart 2025

Cümə, 13:18

UÇURUMA APARAN YOL

Ermənistanın üzləşdiyi geosiyasi kollaps onun müstəqilliyini tam itirməsi ilə nəticələnə bilər

Müəllif:

01.09.2012

Yay üçün ənənəvi olan siyasi passivliyə baxmayaraq, Ermənistanda seçkiyə 5 aydan bir qədər artıq vaxtın qalması tədricən həm ölkə daxilində, həm də onun ətrafında ehtirasları coşdurmaqdadır. Ermənistan prezident seçkisinə iqtisadi, sosial və demoqrafik problemlər kimi ağır yüklərlə gedir. Resursların çatışmazlığı, dağılmış infrastruktur, təcavüzkar siyasət və İrandan başqa bütün qonşularla mövcud problemlər ölkəni təcrid durumuna salıb və kənardan göstərilən dotasiyalara rəğmən, onun inkişafını əngəlləyir.

Ermənistanın sabiq baş naziri Qrant Baqratyanın bildirdiyi kimi, ölkənin xarici borcu hökumətin iddia etdiyi kimi, ÜDM-in 40 yox, 70%-nə çatır. Artıq gələn il Ermənistandakı vəziyyət Yunanıstanın durumunu çox xatırladacaq.  İrəvanın növbəli şəkildə gah Aİ, gah da Rusiyadan istədiyi 800 milyon - 1 milyard arasında kreditin alınacağı təqdirdə isə ölkənin müflis olması sadəcə bir neçə illiyə təxirə düşə bilər.

Ermənistanın onsuz da ağır olan iqtisadi vəziyyətini daha da çətinləşdirən faktorlardan danışarkən korrupsiyanın həddini və yarımkriminal dairələrə bağlı "kölgə iqtisadiyyatı"nı da unutmaq olmaz. Ermənistanın yüz minlərlə sıravi vətəndaşı hər il bir tikə çörək tapmaq üçün ölkəni tərk edir. Ölkənin sabiq prezidenti Robert Koçaryan isə, yerli KİV-in məlumatına görə, bu yaxınlarda Kipr yaxınlığında ada alıb və orada nəhəng villa tikdirir. Koçaryanın yaxın ətrafı hələ də məlumatı təkzib etməyib. Odur ki, informasiyanın gerçəkliyinə şübhə yoxdur.

Ermənistan rəhbərliyi seçkiöncəsi iqtisadi islahatlar və qənaət, korrupsiya və "kölgə iqtisadiyyatı" ilə mübarizə kimi qeyri-populyar addımlar atmağa risk etmir. Bunun əvəzində onlar yeni kreditlər axtarışındadır. Məqsədyönlü olmayan xərclər və kütləvi oğurluq üzündən erməni diasporunun xeyriyyə yardımlarında da ciddi azalma var. Erməniəsilli məşhur fransalı şanson Şarl Aznavurun dediyi kimi, "erməni xalqına qarşı əsl soyqırımın onun hökuməti tərəfindən həyata keçirildiyi bir şəraitdə" diaspora belə ianələrin ayrılmasını məqsədəuyğun saymır.

 

Qərbə aparan yol bağlıdır 

Bütün bunlar Ermənistan rəhbərliyini bu dəfə yardım üçün Avropanın maliyyə institutlarına üz tutmağa vadar edib. Əvvəlcə həm erməni KİV-də, həm də rəsmi dairələrdə Ermənistanın Avropaya inteqrasiyadan heç vaxt imtina etmədiyinə dair fikirlərlə "artilleriya hazırlığı"na başlanıb. Ölkə başçısı Sarqsyan isə daha uzağa gedərək, Ermənistanın tezliklə Avropa ailəsinin üzvünə çevrilmək fikrinin qəti olduğunu bəyan edib.

Təbii ki, bu bəyanatların arxasında kredit əldə etmək arzusu durur. Erməni hökuməti məhz bu kredit vasitəsilə, heç olmasa, seçkiyədək iqtisadiyyatı subsidiyalaşdıra və sabitləşdirə bilərdi. Amma İrəvanın rəsmi kredit istəyinə Avropadan rədd cavabı gəlib. Onsuz da böhran içərisində olan Avropa Ermənistanın simasında daha bir "yük"ü üzərinə götürmək arzusunda deyil. Bundan başqa, dövlət aparatının bütün səviyyələrində korrupsiya, etnik və dini tolerantlığın olmaması, qonşu ölkələrlə münasibətlərdəki problemlər Ermənistanın qarşısında Avropa qapılarını bağlayır.

Ermənistanın Avropa və Birləşmiş Ştatlarla münasibətlərinin inkişafına mane ola biləcək digər faktor onun İrana tətbiq olunmuş sanksiyalara rəğmən Tehranla enerji, nüvə və bank sahələrində əməkdaşlığıdır. BMT-nin ekspertlər qrupunun İrana qarşı sanksiyalara nə dərəcədə əməl olunduğuna dair apardıqları monitorinqin "Reuters" agentliyi tərəfindən dərc olunmuş nəticələri buna nümunə sayıla bilər.

Hesabat məqaləsində "nüvə proqramının boğulması" üçün Qərb dövlətləri və xüsusi xidmət orqanları tərəfindən İrana qarşı beynəlxalq təcrid siyasətinin gücləndirildiyi bir vaxtda, Ermənistanla Tehran arasında bank sahəsində əməkdaşlığın inkişaf etdiyi bildirilir.

Ermənistan rəhbərliyi İranla qeyri-qanuni bank əlaqələrinin olduğuna dair xəbərləri təkzib etsə də, amerikalı məmurlar onları maliyyə nəzarətinin gücləndiyinə dair xəbərdar edib. "Reuters" agentliyində dərc olunmuş hesabatda bildirilir ki, İrəvanla Tehran arasında əməkdaşlıq məsələsi ABŞ-ın dövlət katibi Klintonla Ermənistan prezidenti Sarqsyanın görüşündə də müzakirə olunub. Güman ki, Klinton İrəvandan o qədər də razı getməyib. Çünki o, İranla əməkdaşlıq məsələsində Ermənistandan qəti "yox" cavabı ala bilməyib. Bundan başqa, ABŞ rəhbərliyini İranın Ermənistanla ticarətinə 2014-cü ilədək inşa olunması nəzərdə tutulmuş neft kəmərinin daxil olması da narahat edir. Ermənistan siyasətçiləri bu hesabatı İrəvana İranla münasibətlərdə ehtiyatlılıq, gərəksiz fəallığın göstərilməməsinə dair xəbərdarlıq kimi qiymətləndirir.

Bütün bu faktorları nəzərə alan mütəxəssislər güman edir ki, Ermənistanın xarici siyasətində "Qərb xətti" iflasa məhkumdur.  Ermənistan və erməni xalqının problemləri Qərb üçün yalnız "erməni soyqırımı" vasitəsilə Türki-yəyə təsir göstərməyə ehtiyac hiss etdikləri zaman aktuallaşır.

Maraqlıdır ki, erməni KİV Avropadan kredit istəyinə müsbət cavab gözləmədən Rusiyanın Ermənistana qarşı "quldarlıq siyasəti" yürütməyə çalışdığına dair məqalələrin dərcinə start verib. Ermənistan parlamentinin deputatları, həmçinin, ictimai-siyasi xadimlər Qərbə xoş gəlmək və xalqa guya İrəvanın xarici siyasətinin müstəqil olduğunu nümayiş etdirmək üçün Rusiyanın siyasətinə qarşı etiraz bəyanatları səsləndirməyə başlayıblar.

Amma Avropadan gözlənilən dəstəyi ala bilməyən Ermənistan rəhbərliyi növbəti dəfə özünü dalana salıb. Vəziyyətin kəskin olduğunu göstərən daha bir amil ölkənin böyüklüyünə görə ikinci partiyası, siyasi liderinin sabiq prezident Koçaryan olduğuna heç kimin şübhə etmədiyi "çiçəklənən Ermənistan"ın qarşıdan gələn seçkiyə öz namizədi ilə qatılma ehtimalının yüksək olmasıdır. Partiyanın rəsmi lideri Qagik Sarukyanın və Koçaryanın rusiyapərəst mövqeyi isə hər kəsə bəllidir.

Əsas müxalif qüvvə olan erməni milli konqresinə (EMK) gəlincə, daha bir sabiq prezident - Levon Ter-Petrosyanın rəhbərlik etdiyi bu qurum Ermənistanın Avropaya inteqrasiyasının və Qərblə yaxınlaşmanın tərəfdarı kimi çıxış edir. Başqa sözlə, Ermənistanın hazırkı rəhbəri Sarqsyan seçkidə rusiyapərəst və qərbpərəst qüvvələrlə üz-üzə qala bilər. Belə olacağı halda, onun uğur qazanmaq şansını sıfıra bərabər hesab etmək olar. Çünki Ermənistanda keçirilən seçkilərin fərqli cəhəti onların nəticəsinin ölkə daxilində müəyyənləşməməsindədir. Bundan əvvəlki seçkilərdə hakimiyyətə kifayət qədər mübahisəli şəkildə gəlmiş və etiraz aksiyalarını sərt şəkildə yatırmış prezident Sarqsyan ölkəyə rəhbərlik etdiyi illərdə əhalinin onsuz da ciddi olmayan dəstəyini daha da itirib. Beləliklə, onun Kremldən "döşəyə çağırış" gözləməkdən başqa yolu qalmamışdı. Avqustun 7-də bu "dəvət"i alan Sarqsyan məzuniyyətini yarımçıq kəsərək Moskvaya cumdu. 

 

"Ayı xidməti" 

Rəsmi məlumata görə, Putinlə Sarqsyan arasındakı görüş zamanı regional və ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub. Amma elə erməni KİV-də də ölkədə hansısa fövqəladə hadisənin baş verdiyinə işarələr edilir. Onlar bu fikri Putinin sentyabrda Ermənistana planlaşdırılan və KTMT-nin təlimləri ilə üst-üstə düşən səfəri ilə əsaslandırır. Moskva-İrəvan münasibətlərində hər şey qaydasındadırsa, Sarqsyanın məzuniyyətini yarımçıq qoyaraq Moskvaya getməsinə nə ehtiyac var idi? Erməni KİV Rusiya rəhbərliyinin Ermənistanın hazırkı hakimiyyətindən narazı olduğuna işarə edərək bildirir ki, bu, Kremlin eks-prezident Robert Koçaryanın hakimiyyətə qayıtmasını istəməsi, hazırkı hakimiyyətin planlarının isə bununla üst-üstə düşməməsi ilə bağlıdır.

Ermənistandakı seçkinin nəticəsi baxımından Kremlin səsinin həlledici olacağı heç kəsə sirr deyil. Ermənistan iqtisadiyyatının yarıdan çoxuna sahib çıxmış Rusiya onun bütün strateji sahələrini də öz nəzarətində saxlayır - enerji təchizatından tutmuş, dəmir yollarına, təhlükəsizlik orqanlarından ta sərhədlərin mühafizəsinədək.

Moskvanın Ermənistana daha bir təzyiq vasitəi Rusiyada 1 milyondan artıq erməni miqrantın yaşamasıdır. Onların heç də hamısı leqal bizneslə məşğul olmur. Putinin Sarqsyanla görüşdə dediyi kimi, onların hər il ölkəsinə köçürdüyü pulun həcmi 1 milyard dollardan artıqdır və bu, Ermənistan iqtiadiyyatına ciddi dəstəkdir.

Qeyd olunan faktları nəzərə alan Rusiya Ermənistanı Avrasiya İttifaqında görmək istəyir. Bu isə bəzi erməni siyasətçilərini qəzəbləndirir. Həqiqətən də Belarus və Qazaxıstandan fərqli olaraq, Ermənistanın Rusiya ilə ümumi sərhədi yoxdur və bu, ölkənin ittifaqda iştirakını iqtisadi baxımdan lazımsız edir. Onun bu cür qeyri-bərabər şərtlərlə ittifaqa qoşulması Ermənistanın dövlət kimi onsuz da möhkəm olmayan suverenliyini itirməsi ilə nəticələnəcək. Əslində, Ermənistanın "EvrAzes"ə üzvlüyündən Rusiya heç bir iqtisadi qazanc əldə etmir. Ermənistan iqtisadiyyatına kapital qoymuş, demək olar ki, bütün Rusiya şirkətləri ciddi zərərlə işləyir. Ermənistanın Avrasiya İttifaqı layihəsində iştirakı da Rusiya üçün daha çox siyasi və geostrateji əhəmiyyətə malikdir. Ermənistan Cənubi Qafqazda Rusiyanın total nəzarətində olan yeganə ölkədir. Beləliklə, Ermənistan Rusiyanın Cənubi Qafqazda mövcudluğunu təmin edir. Bunu Rusiya ilə demək olar ki, düşmən münasibətində olan Gürcüstanın və ya müstəqil xarici siyasət yürüdən Azərbaycanın etməsi mümkün deyil.

Qafqazın bilavasitə yaxınlığında baş verən regiondakı son hadisələr Rusiyanın bu cəhdlərinin səbəbini hər kəs üçün aydın edə bilər. Suriyadakı "yanğın"ın Livana da keçə bilmə perspektivi dünya fövqəldövlətlərinin diqqətini dinlərarası qarşıdurmanın istənilən an vətəndaş müharibəsinə səbəb ola biləcəyi bu ölkəyə çəkir.

Livanda böyük erməni diasporu var. Onlar arasında "daşnaksütyun" partiyası və terrorçu ASALA təşkilatının ideyaları kifayət qədər populyardır. Bundan başqa, Livan erməniləri iranpərəst terror təşkilatı olan "Hizbullah"la sıx əlaqəyə malikdir.

Daha bir əhəmiyyətli faktor Ermənistanla ümumi sərhədə malik İran ətrafında halqanın daralmasıdır. Rusiyanın İranla qarşılıqlı münasibətlərdə Ermənistana o qədər ehtiyacı olmasa da, regionda vəziyyət nəzarətdən çıxacağı təqdirdə, Moskvaya bütün əmrlərini sözsüz yerinə yetirəcək vassal lazımdır.

Bu ehtimallar Rusiyanın sentyabrın 17-23-nə Cənub hərbi dairəsində planlaşdırdığı son illərin ən miqyaslı ordu təlimləri ilə daha da güclənir. "Qafqaz 2012" adlı təlimdə 8 min hərbçi iştirak edəcək. Rusiyanın Ermənistanda yerləşən 102-ci hərbi bazasının da qatılacağı təlimdə əsas üstünlük hava-desant ordusuna veriləcək.

Ermənistanın Türkiyə ilə sərhədə yaxın ərazisində Rusiya hərbi bazasının yerləşməsinə ölkə rəhbərliyi təhlükəsizliyinin qarantı kimi baxır. Mütəxəssislər isə onun döyüş qabiliyyətinin ciddi şəkildə sual altında olduğunu bildirir. Bunun əsas səbəbi isə bazanın sursat və yanacaqla təchizatında çətinliklərin olmasıdır. Bu çətinliyə səbəb Gürcüstan hava məkanının Rusiya hərbi təyyarələrinin üzünə bağlı olmasıdır. Hazırkı vəziyyətdə bu uçuşların İran üzərindən həyata keçirilməsi də çətin ki, mümkün olsun. Beləliklə, ekspertlər hesab edir ki, Ermənistanda Rusiya hərbi bazasının olması daha çox Moskvanın İrəvana daha bir təsir rçaqıdır.

Bu mənada daha bir vacib alət Rusiyanın Ermənistana satdığı qazın qiyməti, həmçinin Ermənistanın ciddi ehtiyac duyduğu kreditdir.

Siyasi məsələlərdə razılıq olmasa, Rusiya Ermənistana satdığı qazın qiymətini artıq oktyabrın 1-dən 180 dollardan 280 dollara, 2013-cü ilin ilk günündən isə 320 dollara qaldıracaq. Qış fəslində bu, Ermənistan iqtisadiyyatına ciddi zərbə ola, inflyasiyanın artmasına aparıb çıxara bilər. Daxildə qazın qiymətinin kəskin artımı isə əhali arasında narazılığa səbəb olacaq və bu, şübhəsiz, seçkinin nəticəsinə təsir göstərəcək.

Rusiyanın Ermənistana qarşı çox tez-tez "qamçı və şirin kökə" üsulundan istifadə etdiyini nəzərə alsaq, bu vəziyyətdə "qamçı" rolunu qazın qiymətinin artırılması hədəsi, "şirin kökə" rolunu isə Ermənistan iqtisadiyyatının ciddi ehtiyac duyduğu kreditin ayrılması oynaya bilər.

Amma bu halda "kökə"nin zəhərli olması da mümkündür. Çünki iki il əvvəl Rusiya Ermənistana 500 milyon dollar məbləğində kommersiya krediti ayırmışdı. Ölkə iqtisadiyyatının acınacaqlı halda olduğunu nəzərə alsaq, bu krediti əldə edən Ermənistan onu siyasi güzəştlərlə "qaytarmaq" məcburiyyətində qalacaq. Bu isə sonda daha baha başa gələcək.

Sarqsyanla Putinin görüşündən sonra erməni və rus KİV-də "Ermənistanın Avrasiya İttifaqına üzvlüyünün məqsədəuyğunluğu" haqda məqalələrin peyda olması, həmçinin, Rusiya qazının Ermənistana gələcəkdə hansı qiymətlərlə satılacağına dair dəqiq informasiyanın olmaması İrəvan tərəfindən artıq güzəştlərə başlanıldığını düşünməyə əsas verir. Hətta Ermənistan rəhbərliyi qazın qiymətinin artımını təxirə sala bilsə belə, o, gec-tez suverenliyi hesabına daha ciddi güzəştlərə getməli olacaq. 

Əslində, bundan artıq nə güzəşt ola bilər ki?! Amma bu, başqa söhbətin mövzusudur.

Ermənistanın qonşularına qarşı təcavüzü ölkəni iqtisadi böhrana salıb. İqtisadi böhran isə öz növbəsində sosial və sistemli böhrana səbəb olub. Bu, ölkəni suverenliyini tam itirmək təhlükəsi ilə üz-üzə qoyub. Yaranmış vəziyyəti Ermənistanın sabiq baş naziri, deputat Qrant Baqratyan kifayət qədər dəqiq ifadə edir: "Mən Ermənistanda inqilabın baş verməsini çox istərdim. Bizim üçün bu vacibdir. Dünyaya təkamül yolu ilə inkişaf etməyə qadir sivil cəmiyyət olduğumuzu göstərə bilmədik. Ermənistanın irəliləmək imkanlarını təmin etməsi üçün inqilab vacibdir. Əgər inqilab yolundan imtina edərək heç zaman baş verməyəcək təkamülü seçiriksə, bu, uçuruma aparan yoldur".



MƏSLƏHƏT GÖR:

432