
PROBLEMİN KÖKÜ
ABŞ Azərbaycanlıları Şəbəkəsinin və "Qarabağ" fondunun (ABŞ) həmtəsisçisi Adil Bağırovun "R+" jurnalına müsahibəsi
Müəllif: Fuad HÜSEYNZADƏ Bakı
ABŞ prezidenti Barak Obama Birləşmiş Ştatların Azərbaycandakı səfiri postuna Robert Frensis Sekutanın namizədliyini irəli sürüb. Zəngin diplomatik təcrübəyə malik olan Sekuta indiyədək ABŞ dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin müavini postunu tutub, ABŞ-ın Tokio və Berlindəki diplomatik nümayəndəliklərində iqtisadi məsələlərlə məşğul olub. R. Sekutanın təyinatı və Azərbaycan-Amerika münasibətlərinin perspektivləri haqda siyasi elmlər doktoru, ABŞ Azərbaycanlıları Şəbəkəsinin (U.S. AzerisNetwork) və "Qarabağ" fondunun (ABŞ) həmtəsisçisi, Direktorlar Şurasının üzvü Adil BAĞIROVLA söhbətləşdik.
- Prezident Obama tərəfindən ABŞ-ın Azərbaycandakı səfiri postuna Sekutanın namizədliyinin irəli sürülməsini necə xarakterizə edərdiniz?
- Sekuta böyük ehtimalla, səfir postunda da çalışdığı zaman bütünlükdə diplomatik xidmətdəki karyerası boyunca olduğu kimi, texnokrat olaraq qalacaq. Güman ki, o, bu vəzifədə əsas diqqəti iqtisadi, xüsusilə enerji məsələlərinə, ABŞ ilə Azərbaycan arasında qarşılıqlı münasibətlərə yönəldəcək. ABŞ-ın keçmiş SSRİ ölkələrilə bağlı prioritetlər üçbucağının digər iki prinsipi - təhlükəsizlik və demokratiya da diqqətdən kənarda qalmayacaq. Sadəcə, qarşıdakı 3 ildə münasibətlərdə əsas yeri enerji sahəsində əməkdaşlığa daha praqmatik yanaşma tutacaq.
- Görünən odur ki, Sekutanın namizədliyilə bağlı Metyu Brayzanın namizədliyi və təyinatından sonra yaşanmış çətinliklər təkrarlanmayacaq. Yoxsa onun namizədliyinin Senat tərəfindən təsdiqlənməsi zamanı Brayza ilə bağlı yaşananların təkrarlanacağı ehtimalı var?
- Belə ehtimal hər zaman var. Amma administrasiyanın erməni lobbisinin fitnələrinə əvvəlkitək dözümlülük nümayiş etdirəcəyini düşünmürəm. Üstəlik, erməni lobbisinin bütün fitnələri kimi, bu fəaliyyəti də Azərbaycan və Türkiyədən daha çox ABŞ-ın özünə və milli maraqlarına zərbə vurur.
- Bəziləri Azərbaycan-Amerika münasibətlərinin hazırkı mərhələsini ən çətin dövrlərdən biri kimi xarakterizə edirlər. Söhbət Birləşmiş Ştatların Bakıdakı hazırkı səfiri Morninqstarın bəyanatından sonra yaranmış vəziyyətdən gedir. Fikrinizcə, tərəflər arasında ziddiyyət nə dərəcədə ciddidir?
- Münasibətlər və müvafiq olaraq, ritorika, əlbəttə ki, əvvəlki illərlə müqayisədə daha gərgindir. Bu proses səfir Morninqstarın Azərbaycana gəlişilə başlayıb. Azərbaycanla ABŞ arasında ilk narazılıq 2003-cü ildə, yəni 11 il əvvəl o zamankı səfir Rino Harnişin mövqeyi üzündən baş qaldırıb. Daha sonra 2010-cu ilin noyabrında WikiLeaks ilə bağlı qalmaqal yaşanıb. Morninqstar isə səfir postuna yalnız 2012-ci ildə təyin olunub.
Yeri gəlmişkən, Morninqstar vaxtilə ABŞ prezidenti və dövlət katibinin keçmiş SSRİ ölkələrinə yardım üzrə xüsusi müşaviri olduğu dövrlərdə - 1997-98-ci illərdə işğal altındakı Qarabağ regionunun erməni xuntasına Konqresin erməni kokusunun köməyilə ayrılan büdcə vəsaitinin azaldılması və dayandırılması istiqamətində istənilən amerikalı məmurdan daha çox iş görüb. Bunu xatırlayanlar, yəqin ki, o zaman Morninqstara erməni lobbisinin necə təzyiqlər göstərdiyini də yaxşı xatırlayırlar.
İki ölkə arasındakı ziddiyyətləri aradan qaldırmaq və münasibətləri yaxşılaşdırmaq mümkündür. ABŞ-Azərbaycan münasibətlərində dərin problemlər yoxdur. Artıq bu il ABŞ Senatına nəzarət, güman ki, respublikaçıların əlinə keçəcək. Demək, Senatın xarici əlaqələr komitəsinin qatı ermənipərəst olan rəhbəri Menendez bu postu itirəcək. 2 il sonra isə Ağ Evdə yeni administrasiya olacaq. Prezident seçkisindən kimin qələbə qazanacağından asılı olmayaraq, yeni administrasiya Azərbaycanın regiondakı rolunu və yerini qiymətləndirəcək.
Təəssüf ki, Obama administrasiyasında Cənubi Qafqaz, böyük Mərkəzi Asiya, Xəzər regionu ilə bağlı strategiya heç zaman olmayıb və indi də yoxdur. Problemin kökü də bundadır - nə zaman ki, strategiya yoxdur, ən yüksək səviyyəli taktika belə, işə yaramır.
- Ukraynada yaşanan dramatik hadisələrlə əlaqədar, amerikalı polisimeykerov Azərbaycanın ərazi probleminə diqqəti artıracaqlarını, ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həlli prosesidəki rolunun yüksələcəyini gözləməyək olarmı?
- Buzlar necə deyərlər, yerindən oynayıb və ABŞ-da bütünlükdə keçmiş SSRİ ərazisinə, xüsusilə Cənubi Qafqaza diqqətin artdığı, bu sahədə fəallaşma müşahidə olunur. Artıq ABŞ mətbuatında bu mövzuda daha çox məqalələrə rast gəlinir, bu məsələ ilə bağlı daha çox tədbirlər təşkil olunur. Amerika ATƏT-in Minsk Qrupuna həmsədrlik etdiyi uzun illər ərzində ilk dəfə konfrans təşkil edərək Azərbaycanın işğal edilmiş Qarabağ regionu ilə bağlı mövqeyini ortaya qoyub (bu, Ermənistanın siyasi dairələrində və ABŞ-ın erməni lobbisində ciddi qəzəb yaradıb). Bundan başqa, amerikalı həmsədr ilk dəfə olaraq Azərbaycan icması ilə, ABŞ-dakı diasporumuzla dolğun görüşlər keçirməyə başlayıb. Bu prosesin təşəbbüskarı bizim təşkilatımız - ABŞ Azərbaycanlıları Şəbəkəsidir. Artıq Vaşinqtonda 2 belə görüş keçirilib, azərbaycanlıların çox olduğu daha bir ştatda üçüncü belə görüşə hazırlıq gedir.
- Azərbaycanın xaricdəki səfirliklərinin və diplomatik nümayəndəliklərinin rəhbərlərilə bu yaxınlarda keçirilən görüşdə Azərbaycan Prezidenti erməni lobbisilə mübarizədə səylərin daha da artırılmasına tapşırıq verib. Eyni zamanda o da məlum olub ki, buna qarşı Avropanın erməni lobbisi bir sıra əks-tədbirlər görmək niyyətindədir. Bu baxımdan Avropa qitəsindəki ən iri diaspor təşkilatımız olan Avropa Azərbaycanlıları Konqresinin fəaliyyətini necə qiymətləndirirsiniz?
- Birincisi, Azərbaycanın bütün ölkələrdə olan səfirlərinin ildə ən azı 1 dəfə, eyni zamanda Bakıdan kənarda da bir araya yığışması çox vacib, lazımlı və faydalı təcrübədir. İkincisi, son illərdə Avropa Azərbaycanlıları Konqresi böyük işlər görüb. Bu haqda məlumatım yalnız mətbuatdan deyil. Bütün dünyadan olan Azərbaycan diasporu və təşkilatlarının, o cümlədən Avropa Azərbaycanlıları Konqresinin Diasporla İş üzrə Dövlət Komitəsinin təşkil etdiyi tədbirlər çərçivəsində bir araya gəldiyi zaman görülən işlər haqda informasiya alırıq.
Bununla yanaşı, bir daha qeyd etmək istəyirəm ki, Azərbaycanfobiyanın, türkfobiyanın və ermənipərəstliyin mövcud olduğu Qərbi Avropa ölkələrində, Amerika qitəsində diasporun, səfirliklərin, hətta Azərbaycan lobbisinin fəaliyyətilə ən azı orta perspektivdə strateji dönüş gözləmək artıq olardı.
MƏSLƏHƏT GÖR: