14 Mart 2025

Cümə, 10:44

ERMƏNİ ÇOXDUR, VARİANT YOXDUR

Ermənistan hakimiyyətinin suriya ermənilərini “xilas etmək” cəhdləri hansı məqsədlərə xidmət edir?

Müəllif:

01.09.2012

Suriyada daxili siyasi vəziyyətin gərginləşməsi fonunda Ermənistan mətbuatı, həmçinin bir sıra digər ölkələrin KİV-i "Suriya ermənilərinin qayğısına qalmaq"la bağlı fikirlərlə dolu məqalələr dərc edir. Suriya ermənilərinin "xilası" yollarından biri və demək olar ki, ən qızğın müzakirə olunanı onların Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə köçürülməsi məsələsidir. Erməni təbliğat maşını artıq bu istiqamətdə var gücü ilə hərəkətə keçib: Suriya ermənilərinin uşaqlarını Qarabağın yay düşərgələrinə dəvət edən məktublar peyda olub, Qarabağda kimsə Suriyadan olan 4 erməni ailəsinə qucaq açıb və s. Amma nədənsə bu zaman "qonaqları yad yox, öz evinə dəvət etmək lazımdır" kimi sadə və məşhur  bir fikir yaddan çıxarılır.

Bu problemə diqqətlə nəzər yetirdikdə ortaya bir neçə sual çıxır. Birincisi, ermənilər Suriyada necə və hansı şəraitdə peyda olublar? İkincisi, Ermənistan hakimiyyəti və erməliliyin ideoloqları öz yoldaşlarını nədən Ermənistana (yeri gəlmişkən, heç ora da ermənilərin tarixi vətəni deyil) yox, işğal olunmuş Azərbaycan torpaqlarına dəvət edir? Və nəhayət, növbəti erməni avantürası müvəffəqiyyətlə başa çata bilərmi?

Suriya planetin ən qədim dövlətlərindən biridir. Bəzi tarixçilər bu ölkəni dünya sivilizasiyasının beşiyi sayır. Onun nadir coğrafi mövqeyi artıq e.ə. III minillikdən başlayaraq döyüşkən qonşu dövlətləri - akkadlılar, hiksoslar, hettlər, misirlilər, arameylər, assuriyalılar, babillər və farsları ciddi şəkildə maraqlandırmağa başlayıb. İstilaçıların hər biri Suriya ərazisində öz strateji maraqlarından çıxış edərək öz qaydalarını bərqərar edirdi. Tarixin səhnəsinə ekspansionist planları ilə xristian Bizansının çıxmasından sonra isə əsas diqqət müxtəlif üsullarla xristianlığın yayılmasına yönəldilib. Bu zaman Suriya şəhərlərinin etnik tərkibinin oraya xristian tayfalarının, həmçinin ermənilərin köçürülməsilə dəyişdirilməsinə də əl atılıb. Suriyaya fransızların rəhbərlik etdiyi dövrdə Paris də bu ölkənin iqtisadi baxımdan inkişaf etmiş rayonlarına və maliyyə mərkəzlərinə özünə loyal olan tayfaların, həmçinin ermənilərin köçürülməsi üçün əlindən gələni edib. Bu mənada "erməni soyqırımı" haqda mifin şişirdilməsi də ötən yüzilliyin əvvəllərində Fransanın ekspansionist siyasəti üçün çox yerinə düşüb. Hələb və Dəməşqdə məhz bu yolla ermənilərin sayı xeyli artıb. Bu da zaman keçdikcə Suriyada varlı və siyasi cəhətdən fəal erməni diasporunun yaranmasına kömək edib.

Suriya ermənilərinə dair erməni versiyasına görə isə, Birinci Dünya müharibəsinin gedişində Fransa türklərə qarşı 6 minlik erməni legionu yaradaraq onlara Türkiyə ərazisi hesabına Kilikiya muxtariyyəti vəd edib. Lakin müharibə başa çatdıqda İstanbulla razılığa gələn Paris bu legionu Suriyaya göndərib. Məhz o, Suriyadakı erməni icmasının əsasını təşkil edib. Bu gün üzvlərinin sayı 120 min nəfərədək artmış həmin icma beynəlxalq erməni diasporu və korrupsiyaya qurşanmış, Ermənistanın ciddi iqtisadi sınaqlarla qarşı-qarşıya qalmış hazırkı hakimiyyətinin əsas maliyyə donorlarındandır.

Erməni ekspertlərinin də etiraf etdikləri kimi, Suriyadakı hazırkı münaqişə başlananadək orada ermənilərin heç bir problemi olmayıb. Lakin Suriyada yaşananlar aydın şəkildə göstərir ki, ölkədəki bütün etnik icmalar, o cümlədən ermənilər gec və ya tez Bəşər Əsəd rejimi ilə qiyamçılar arasında çətin seçim etməli olacaq. Bu konteksdə Suriya ermənilərinin "problem"inin həllilə bağlı müxtəlif variasiyalar və təkliflər səsləndirilir. Məsələn, bəzi erməni "mütəxəssislər" həmvətənlərini silaha sarılaraq Suriyada müstəqil, əhəmiyyətli siyasi qüvvəyə çevrilməyə çağırır. Yəni, onların təklifinə əsasən, ermənilər məqamdan istifadə edərək Suriyanın daxili siyasi həyatında perspektivə hesablanmış dividendlər əldə etməlidir. Suriyada müəyyən etnik qrupların fəallaşması və ölkənin federasiyalara bölünməsi fərziyyəsinin ortaya çıxması fonunda bu çağırış çətin ki təsadüf olsun.

Ermənistan hakimiyyəti isə öz növbəsində baş verənlərdən hətta özünə müəyyən divident qazanmaq istəyir. Faktiki olaraq KİV, siyasətçilər və ekspertlər vasitəsilə "Suriya ermənilərinin xilası" adlı növbəti avantüraya start vermiş Ermənistana rəhbərlik edən Qarabağ klanının bir neçə məqsədi var. İlk növbədə hökumət sübut etməyə çalışır ki, beynəlxalq maliyyə institutlarının, demək olar ki, müflis elan etdiyi Ermənistan, hətta varlı Suriya erməniləri üçün belə, cazibədar ölkədir. Amma bu kələyin baş tutmayacağına şübhə yoxdur. Çünki Ermənistan əhalisinin, təxminən, yarısı qazanc dalınca ölkəni tərk edib. Suriya erməniləri də oradakı varlı durumları ilə dünyadan təcrid vəziyyətində boğulan Ermənistana, həm də Azərbaycanın işğal edilmiş ərazilərinə köçməyə ciddi maraq göstərmir. Suriya ermənilərinin taleyinə belə "rəhmlilik" nüma-yiş etdirən Ermənistan hakimiyyəti eyni zamanda yaşayış yerindən asılı olmayaraq, bütün ermənilərin "qeydinə qaldıqlarını" göstərməyə çalışır. Amma Suriya ermənilərinin təklif olunan "köçünə" görə bütün xərclər onların öz üzərlərinə qoyulur. Suriya ermənilərinin Ermənistanın aviadaşıma sahəsindəki monopolisti "Armavia" şirkətinin Yerevan-Aleppo reysinə görə qiymətləri qaldırmasına (550-600 dollar) açıq etirazı da təsadüf deyil. Ermənistan hökuməti isə hesab edir ki, bu məqsədlərlə "Armavia"nın subsidiyalaşdırılmasına ehtiyac yoxdur.

Bu, bir daha göstərir ki, söhbət Suriya ermənilərinin taleyi ilə bağlı "əndişə"dən yox, Suriyadakı münaqişədən Azərbaycanın işğal olunmuş ərazisinə əhalinin köçürülməsi üçün istifadə, eyni zamanda varlı erməni icmasının simasında daha bir maliyyə donorunun dəstəyinin alınması cəhdlərindən gedir.

Ermənilər yaxşı başa düşür ki, Ermənistan-Azərbaycan münaqişəsində qüvvələr balansı Azərbaycanın xeyrinə dəyişir və onlar işğal altındakı torpaqları gec və ya tez boşaltmalı olacaqlar. Məhz bu üzdən rəsmi İrəvan Suriya ermənilərinin heç olmasa, hansısa hissəsini (kütləvi köç mümkün deyil) bu torpaqlara cəlb etməyə, "X" saatında isə "vəhşilər"in əlindən təngə gəlmiş  "əzabkeş ermənilər" haqda nağıllar yaymağa çalışır. Başqa sözlə, söhbət Suriya ermənilərinin bütün erməni xalqı kimi, təcavüzkar siyasətin girovuna çevrilməsi cəhdindən gedir.

Bu niyyətdə daxili siyasi məqsədlər də var. Həmvətənlərinin xilasına dair təkliflə manipulyasiya edən İrəvan prezident  seçkisi ərəfəsində hökuməti Suriya ermənilərini satmaqda ittiham edən müxalifətin təzyiqlərini azaltmağa çalışır. Amma bu zaman hakimiyyət istəmədən Rusiyanın narazılığına səbəb olur ki, bu da S.Sarqsyan üçün ciddi mənfi nəticələr verə bilər. Erməni KİV-in iddiasına görə, Suriyada öz geosiyasi maraqları olan Moskva İrəvana Suriya ermənilərinin kütləvi köçürülməsilə məşğul olmağı qadağan edib. Ermənistan hökumətinin bu tələbə əhəmiyyət verməməsi isə müm-künsüzdür. Xüsusilə İrəvanın Rusiyadan növbəti dəfə kredit almağa ciddi ehtiyacının olduğu, Rusiya qazının qiymətini hazırkı, həddə saxlamaq üçün hələ ki, nəticəsiz danışıqlar apardığı dövrdə Moskvanın tələbi qulaqardına vurula bilməz. Bundan başqa, lazım gəldikdə "Koçaryan kartı"nı ortaya atan Rusiya bu imkanı indi də əldən verməyəcək. Bu isə seçki ərəfəsində S.Sarqsyanın manevr imkanlarını məhdudlaşdırır. KİV-də Suriya ermənilərinin köçürülməsi məsələsi qaldırılan kimi Ermənistanın sabiq prezidenti Robert Koçaryanın Moskva ilə sıx əlaqələrinin hakimiyyətə nümayiş etdirilməsi də təsadüf deyil.

Maraqlıdır ki, erməni diasporu, xüsusilə də Suriya ermənilərinin "xilası"nı müəyyən dərəcədə dəstəkləyən "daşnaksutyun" da onların Suriyadan kütləvi şəkildə köçürülməsinə qarşıdır. Görünən odur ki, Suriyadakı zəngin erməni diasporunun itməsi "daşnaksutyun"un uzunmüddətli planlarına ziddir. Bu təşkilat əsas bənd, koordinator və ya moderator rolunu özündə saxlamaqla, Ermənistan hakimiyyətinin müxtəlif ölkələrdəki varlı erməni icmalarının cibinə birbaşa girməsinə imkan verməməyə çalışır. Çünki bu, "daşnaksutyun"a Ermənistanın hakim rejiminə təsir göstərmək imkanı verir.

Yuxarıda qeyd olunanlara əsaslanaraq demək olar ki, Suriya ermənilərinin Azərbaycanın işğal olunmuş ərazilərinə kütləvi şəkildə köçürülməsi apriori iflasa məhkumdur. Necə ki, vaxtilə Qırğızıstan ərazisində yaşayan amşen ermənilərinin bu torpaqlara köçürülməsinə dair avantüra da iflasa uğramışdı.  



MƏSLƏHƏT GÖR:

546