
BREYVİK BİZƏ NƏ ÖYRƏDİR?
Müəllif: Redaksiya
Düz, bir ildi dünya "norveçli atıcı" - onlarca günahsız insanı öldürmüş və ya şikəst etmiş tənha terrorçu haqqında çıxarılacaq məhkəmə hökmünü gözləyirdi. Ötən ilin iyulunda Anders Breyvik Osloda güclü partlayış, ondan bir neçə saat sonra isə Utoyya adasındakı yeniyetmələr düşərgəsində əsl qətliam törətmişdi. Ötən müddət ərzində tədqiqat aparan məhkəmə, nəhayət, qərarını açıqlayıb: 77 nəfərin ölümünə, 99 nəfərin yaralanmasına görə 21 il müddətinə həbs!
Əlbəttə, Norveç məhkəməsinin qərarının qanuniliyinə şübhə yoxdur. Çünki bu, Breyvikə qarşı irəli sürülmüş maddələrə görə nəzərdə tutulan ən ağır cəzadır. Amma onun ədalətliliyinə və ya humanistliyinə çoxları şübhə edir: hər öldürülmüş adama görə 3 aydan bir qədər artıq həbs çox yumşaq cəza deyilmi?!
Norveç qanunvericiliyində islahedilməz və düz yola qayıda bilməyən cinayətkarlara (Breyvikin düzələcəyinə inanmaq çətindir) qarşı bu müddətin təkrarlanması nəzərdə tutulsa da, bu, terrorçunun daha sərt cəza almalı olduğunu düşünənləri sakitləşdirmədi.
Üstəlik, Breyvik dəbdəbəli şəraitdə "bəslənəcək". "Norveçli atıcı"nın məhbəs rejiminin "ağırlığı" yalnız onun kompyuterində İnternetə çıxışın yoxluğunda olacaq. Amma bu diskomfortu da onun üçün trenajor zalı olan üçotaqlı palata ilə kompensasiya ediblər. Terrorçunun həbsdə saxlanılacağı İla həbsxanası onun üçün xüsusi şərait yaratmaq qərarına gəlib. Burada Norveçin "1 nömrəli" terrorçusuna həftədə 1 saatlıq görüş, yazışma, həbsdə yazdığı kitabların poçt vasitəsilə göndərilməsi, kitabxanadan istifadə, həbsxananın mağazasında alış-veriş imkanı yaradılacaq. Yeri gəlmişkən, xərclərini ödəməsi üçün ona gündə 8 avro ayrılacaq. Ümumiyyətlə, "VIP məhbus"un saxlanılması norveçlilərə ildə 850 min dollara başa gələcək. Bir ildir dava medəni stintaq dövründə artıq Breyvikin həbsxanada saxlanılmasına, təxminən, 2,2 milyon dollar xərclənib. İnformasiya agentlikləri xəbər verir ki, bu, istənilən digər məhbusun saxlanılmasına xərclənən məbləğdən 15 dəfə artıqdır.
Bütün bu şərait için ən başlıcası - Breyvik həbsxanada, terror aktından bir qədər əvvəl İnternetdə yaydığı minsəhifəlik proqram bəyanatına bənzər "mayn kampf"larını yazmağa davam edəcək. Ona yazdıqlarını poçt vasitəsilə tirajlamağa da icazə verilib.
Yəni Norveç ədalət mühakiməsi faktiki olaraq təhlükəli cinayətkarı nəinki cəmiyyətdən təcrid etmir, əksinə, ona cəmiyyətlə ünsiyyət, azadlığa bütün dünyanın tanıdığı şəxs kimi, kameralar qarşısında avtoqraflar paylayaraq, müsahibələr verərək çıxmaq imkanı yaradır.
Artıq indidən Breyvikin dünyada ultrasağçı baxışlara malik, multukulturalizmin əleyhdarları olan minlərlə qadın və kişi pərəstişkarı var. Breyvik həbsxanada olsa da, onlarla yeni planlarını bölüşür, ingilis dilində yazacağı 3 avtobioqrafik kitabda multikultural cəmiyyətə meydan oxumağa necə hazırlaşdığını açıqlayacağına söz verir. KİV-də yer alan məlumatlara görə, hətta o, bir neçə nüfuzlu nəşriyyatdan memuarlarının çapı üçün sorğular da alıb.
"Mir" teleşirkəti xəbər verir ki, Breyvik 2002-ci ildə Liberiyaya etdiyi səfərini də qələmə almaq fikrindədir. O, həmin səfər zamanı "Tampliyerlər ordeni" ilə əməkdaşlığa cəhd etmişdi. Yeri gəlmişkən, Breyvik istintaqa məhz bu haqda danışmaqdan imtina edib.
Bundan başqa, terrorçu qiyabi olaraq ali təhsil almaq, politoloq olmaq və mühafizəkar inqilab hərəkatı təşkilatı (Conservative Revolutionary Movement) yaratmaq niyyətindədir. O, bu təşkilatda Almaniya, Rusiya, Danimarka, Norveç və İsveç həbsxanalarındakı sağçı ekstremistləri birləşdirməyi düşünür. Breyvik həbsxanaya terrorçu kimi düşmüş, amma oradan xalq qəhrəmanı və CAR prezidenti kimi çıxmış Nelson Mandelanı özünə nümunə sayır. Nə bilmək olar? Hər şey Breyvikin planı ilə gedərsə, o, 53 yaşında, hətta bəlkə də daha tez (nümunəvi davranışına görə) azadlığa çıxacaq. Karyeranı davam etdirmək üçün əla yaşdır. Üstəlik, həbsxana həyatı yaşaması onu daha da populyarlaşdıracaq.
Bütün bunlara rəğmən, məsələ heç də cəzanın törədilmiş cinayətə adekvat olub-olmamasında deyil. Breyvikin məsələsi bir sıra suallara aydınlıq gətirib. Sivilizasiyalar arasında dialoqun gələcəyi məhz bu sualların cavabından asılıdır. Məlum olub ki, Avropada Breyvikin üsulu birmənalı şəkildə pislənsə də, onun törətdiyi cinayətin motivləri yaşamaq haqqı olan mövzu kimi, qızğın diskussiya predmetinə çevrilir.
Breyvikin özü başverənlərdən peşman deyil. Məhkəmədə dediyi son sözündə terrorçu tarixin ona haqq qazandıracağını söyləyib. Breyvik bildirib ki, onu günahsız insanları qətlə yetirməyə köklü norveçliləri müdafiə etmək, ölkədə multikulturalizmə son qoymaq istəyi məcbur edib.
Məhkəmə Breyvikin cinayəti törədən zaman anlaqlı olduğunu müəyyənləşdirib. Onun bu vəhşiliyə bilərəkdən, üstəlik, məsləkdaşlarını da yaratmaq niyyətilə getməsi göstərir ki, "norveçli atıcı"nın cinayəti Avropada cərəyan edən qeyri-sağlam prosesin nəticəsidir.
Bəs bu proses nədən ibarətdir? "Region Plyus"un dəfələrlə yazdığı kimi, son illər Avropada multikulturalizmə, immiqrantlara, islama qarşı şüarlar səsləndirən siyasi qüvvələrin populyarlığı artır. Buna dünya KİV-i də diqqət çəkir və İsveçrənin Xalq partiyası, Niderlandın Azadlıq Partiyası, İsveç demokratları və vaxt ilə Breyvikin də üzv olduğu Norveçin Tərəqqi Partiyası belə qüvvələrdən sayılır. Fransanın dövlət strukturların da hicab geyilməsi qadağan olunur, İsveçrədə məscidlərdə uca minarələrin in- şasının əleyhinə səs verilir, Danimarka və Hollandiya onlardan nümunə götürməyə hazırlaşır, Almaniya kansleri multikulturalizmin iflasından danışır, Böyük Britaniyanın Baş naziri multi kulturalist siyasətdən imtina etdiyini deyir, Almaniyanın sabiq maliyyə naziri eyni motivlər əsasında "Almaniya - özünüməhv və ya biz ölkəmizi xəritədə necə görürük" kitabını yazır. Üstəlik, bütün bunlar heç də yalnız miqrantların Avropa cəmiyyətinə mədəni inteqrasiyası problemlərilə bağlı deyil.
İstənilən halda, Breyvikin məşum cinayəti sivilizasiyalar arasında dialoqa və bu dialoqun əhali arasında populyarlaşdırılması məsələsinə yanaşmadakı nöqsanları üzə çıxardı. Doğrudur, "norveçli atıcı" cinayəti təkbaşına törədib. Amma bu onun heç də tək olduğu anlamına gəlmir. Artıq bu gün polis yeni "breyviklər"i təqib edir, sabah oxşar hadisələrin təkrarlanmayacağına isə heç kim zəmanət vermir. Üstəlik, bu cinayətə görə cəza, az qala, "kurort şəraiti"ndə çəkilir.
Odur ki, Avropa Breyvikin cinayətinin dəhşətli dərsdən təqlid üçün nümunəyə çevrilməməsindən ötrü xeyli çalışmalı olacaq.
MƏSLƏHƏT GÖR: