15 Mart 2025

Şənbə, 02:46

İLK DƏFƏ OLİMPDƏ

Valentin Xristov: “Qızıl medalın cənubi koreyalıya qismət olduğunu, özümün üçüncü olduğumu biləndə bir qədər təəccübləndim”

Müəllif:

15.08.2012

Azərbaycana London Yay Olimpiya oyunlarında ilk medalı ağır atletikada yarışan gənc Valentin Xristov qazandırdı. İdmançımız eyni zamanda iki rekorda imza atdı. Ağır atletikada müstəqil Azərbaycanın Olimpiadada ilk medalını qazanan Xristov bununla həm də ən gənc medalçımız oldu. 18 yaşında olimpiadada bürünc qazanan atlet 19 yaşında eyni uğura nail olan boksçu Vüqar Ələkbərovun göstəricisini yenilədi. Karyerasında ilk dəfə Olimpiadada iştirak edən Valentin Xristov mötəbər yarış haqda təəssüratlarını, ilk uğuru və gələcək planları haqda “R+”a danışıb.

- London Olimpiadasında bürünc medal qazandığına görə səni təbrik edirik!

- Çox sağ olun. Bu günlərdə çoxlu sayda təbrik almışam. 18 yaşımda iştirak etdiyim ilk Olimpiadada bürünc medal qazanmaq böyük  uğurdur. Əslində, Londona qızıl medal üçün gəlmişdim. Məşqlərdə daha çox ağırlığı qaldırıram. Təkanlaqaldırmada 165-166 kq.-ın öhdəsindən gəlirəm. Sadəcə, çiynim zədəli olduğu üçün bu nəticəni Olimpiadada göstərə bilmədim. İstənilən halda mükafatçılar sırasında yer aldığıma görə xoşbəxtəm. İnanın, yarış zamanı o qədər həyəcanlı idim ki, hətta ölkə prezidentinin, federasiya rəhbərliyinin zalda olmasından xəbər tutmamışam. Çox şadam ki, Azərbaycan xalqını sevindirə bildim. Düzünü deyim ki, rəqiblərimin nəticələrindən sonra ikinci olacağımı gözləyirdim. Amma bir qədər bəxtim gətirmədi. Halbuki, ikinci ola bilərdim. Buna sadəcə həyəcanım mane oldu.

- Deyilənə görə, Olimpiya medalı Dünya çempionatı və Avropa çempionatındakı mükafatlardan çox fərqlənir. Çünki Olimpiadada rəqabət daha yüksəkdir. Avropa çempionatındakı uğurdan sonra Olimpiadada medal qazanmaq insana necə təsir edir?

- Hələ də inana bilmirəm ki, Olimpiya medalı qazanmışam. Yəqin ki, bunun üçün müəyyən qədər vaxta ehtiyac var. Ona görə də uğurumla bağlı hansısa xüsusi hiss yoxdur. Nə üçün çalışırdımsa, ona da nail oldum. Londona məhz medal qazanmaq üçün yollanmışdım. Bu hədəfimə də çatdım.

- Qazandığın medal ağır atletika üzrə olimpiadada Azərbaycanın ilk medalı oldu. Bunu bilirdinmi?

- Əlbəttə, yarışdan sonra öyrəndim. Bu uğura imza atdığım üçün çox sevinirəm. Fəxr edirəm ki, Azərbaycan üçün medal qazandım. Mənə Azərbaycanda çox yaxşı qayğı göstəriblər. Ona görə istəyirdim ümidləri doğruldum. Hədəfim qızıl medal idi, amma yekunda bürünc qazandım. Növbəti olimpiadada mütləq çempion olacağam.

- Hansı səbəbdən Tunis təmsilçisi Həlil Əl Maui son cəhddə körpücük üzərinə çıxmaqdan imtina etdi?

- O, əvvəlcə təkanlaqaldırmada 148 kq sifariş etdi. Amma digərlərinin daha çox ağırlığı qaldırdığını görəndə çəkini 10 kq artırdı. Onun növbəsi çatanda isə taktiki cəhətdən səhv etdiyini başa düşdü. Yəqin, bu ağırlığı qaldıra bilməyəcəyini anlayaraq, yarışda mübarizəni davam etdirməkdən imtina edib.

- Sizin qrupda mübarizə kifayət qədər çətin keçdi. Medalsız qala biləcəyindən qorxmurdun?

- Mən körpücük üzərinə qalxanda favorit sayılan Cənubi Koreya idmançısının nəticəsindən xəbərim yox idi. Məşqçilərimiz də rəqiblərimin çıxışı barədə mənə heç nə demirdilər. Yəqin ki, mənim psixoloji hazırlığımı korlamaq istəmirdilər. 159 kq çəkini qaldıranda düşündüm ki, Olimpiadanın qızıl medalını qazanacağam. Ən azından, ikinci olacağımı düşünürdüm. Ona görə də qızıl medalın cənubi koreyalıya qismət olduğunu, özümün üçüncü olduğumu biləndə bir qədər təəccübləndim.

- Deməli, 159 kq.-la siz özünüzü qalib hesab edirdiniz?

- Həqiqətən də elədir. Amma reallıq fərqli oldu.

- Deməli, sən 159 kq.-ı qaldıranda və ştanqı öpəndə özünü çempion sayırdın?

- (Gülür) Düzdür, elə bildim çempionam. Həqiqətdə isə koreyalı idmançı gizli favorit olduğunu göstərdi. Onun belə fenomenal çıxışını heç kim gözləmirdi. Əgər o belə yüksək nəticə göstərməsəydi, onda arzuma çatacaqdım.

- Bütövlükdə, Olimpiadanın atmosferi barədə nə deyə bilərsən?

- Hər şey, sadəcə, möhtəşəm alındı. Təşkilatçılıq yüksək səviyyədə idi. Yeganə üzücü məqam ondan ibarət idi ki, bir həftənin sonunda Azərbaycan yalnız bir medal qazana bilmişdi. Amma sonradan hər şey dəyişdi. Güləşçilər də iki dəfə uğur qazandılar. Həmçinin, boksda da medal var. Buna görə də sevinməyə bilmərəm.

- Yəqin ki, indi yaxşıca istirahət etməyi düşünürsən?

- Əlbəttə. Bolqarıstana, ailəmin yanına gedəcəyəm. Gücümü bərpa etməyə çalışacağam.



MƏSLƏHƏT GÖR:

502