15 Mart 2025

Şənbə, 03:02

“MƏN QƏLƏBƏ QAZANMALI İDİM”

Şərif şərifov: “londona yollanarkən biz bilirdik ki, ən çox medalı güləşçilər qazanacaq”

Müəllif:

15.08.2012

Azərbaycana ikinci qızıl medalı London Yay Olimpiya Oyunlarında o gətirdi. 84 kq çəkidə güləşən Şərif Şərifovun özü üçün isə bu, ilk Olimpiya mükafatı idi. Və bu mükafatı o, sərbəst güləş üzrə Azərbaycan yığmasının heyətində qazandı. İdmançımız “R+” müsahibəsində sevincindən, rəqiblərindən və gələcək planlarından danışıb. 

- Səni təbrik edirik, Şərif. Qələbədən sonra özünü necə hiss edirsən? 

- Günbəgün başa düşürəm ki, Olimpiya qızılı ən böyük mükafatdır. Buna qədər dünya çempionatında qızıl medal qazanmışdım. Amma bu qədər çoşğuyla qarşılaşmamışdım. Olimpiada planetin ən mötəbər yarışıdı. Burada ən güclülər yarışır. Ona görə olimpiadanın qızıl medalı daha dəyərli olur. 

- Yəqin, bu sualı çox veriblər. Amma final görüşü haqda danışmaq istərdik...

- Finaldan öncə bircə şeyi bilirdim ki, qalib gəlməliyəm. Çempion olacağıma yarımfinalda iranlı rəqibimi məğlub edəndə inanmışdım.  Mən onu əvvəllər də məğlub etmişdim. Məsələn, Bakıda keçirilən dünya kubokunda. Amma Puerto Rikadan olan Espinalı qətiyyən tanımırdım. Eyni zamanda onun güləş üslubundan da xəbərsiz idim.

- Puerto Rikadan olan güləşçinin finala çıxması hamını təəccübləndirmişdi. Axı bu cırtdan ölkədə güləş o qədər inkişaf etməyib...

- Rəqib haqda məlumatım yox idi. Amma əgər London Olimpiadasında finala qədər irəliləyibsə,  deməli yaxşı idmançıdır. Olimpiadada təsadüfi qələbə olmur. Mötəbər yarışda heç kim rəqibə güzəştə getmir. İlkin mərhələdə dünya çempionları var idi ki, uduzub mükafatsız qalırdı. Finala gəlincə, məşqçilərim ehtiyatlı olmağı tapşırmışdı. Çünki rəqibi tanımırdım, o mənə qarşı xüsusi fənn hazırlaya bilərdi.

- Nə vaxt hiss etdin ki, finalda qalib gələcəksən?

- Finalda çox həyəcanlı idim. Amma emosiyalarımı gizlətməyə çalışırdım. Rəqib qarşısındakı idmançını həyəcanlı görəndə daha da ruhlanırdım. İstəmirdim o, həyəcanımı hiss etsin. Hesabda irəlidə olanda belə sevinmirdim. Yalnız hakimin fitindən sonra görüşün başa çatdığını başa düşdüm. 

- Azərbaycan idmançıları Londonda 10 medal qazandı. Bunlardan 7-si məhz güləşçilər tərəfindən əldə olunub...

- Burada təəccüblü heç nə yoxdur. Azərbaycan güləş ölkəsidir. Güləşi çox sevirlər və onunla böyük həvəslə məşğul olurlar. Londona gələndə ən çox medalı məhz bizim qazanacağımızı bilirdim. Daha çox medalımız ola bilərdi. Bəzi çəkilərdə bəxtimiz gətirmədi. Ümumilikdə, Pekin Olimpiadasıyla müqayisədə daha yaxşı çıxış etdik. London Azərbaycan güləşinin gücünü gördü.

- Güləşçilərimizin belə uğurlu çıxış etməsində əsas səbəb nədir?

- İlboyu Olimpiadaya hazırlaşmışıq. Bütün rəqiblərimizi analiz etmişik. Hər birinin ayrı-ayrılıqda müsbət və mənfi cəhətlərini öyrənmişdim. Finalda kiminlə qarşılaşacağım o qədər də vacib deyildi. Çünki qalib gəlməyə borclu idim. Çempion olmağın vaxtı çatmışdı. Əslində, hələ yunan-Roma güləşçiləri, sonra isə qadın güləşçilər qızıl qazana bilərdi. Amma bəxt gətirmədi. Yaxşı ki, sərbəst güləşçilərimiz 2 qızıl qazandı. Şadam ki, bu qızıllardan biri mənimdir. 

- Qarşıdakı dövrdə nə etməyi düşünürsən?

- Bir qədər istirahət etmək istərdim. Olimpiada ərəfəsində təzyiq içindəydik. Ancaq məşq barədə düşünürdük. Yaxınlarımla birlikdə istirahət etmək istərdim. Sonra yenidən məşqlərə başlayacağam. Olimpiadada qələbədən sonra karyeram davam edir, ona görə məşq etməyə davam etmək lazımdır. 



MƏSLƏHƏT GÖR:

524