15 Mart 2025

Şənbə, 02:52

«QƏLƏBƏMİ XALQIMA HƏSR EDİRƏM»

Toğrul Əsgərov: «Məqsədim olimpiya çempionu olmaq idi və mən bu məqsədə çatdım»

Müəllif:

15.08.2012

Sentyabrda onun 20 yaşı tamam olur, lakin artıq 19 yaşında güləşçi Toğrul Əsgərovun arsenalında Olimpiya qızılı var. Sərbəst güləş üzrə Azərbaycan yığmasının üzvü Toğrula əvvəldən böyük ümidlər bəslənirdi. Onun parlaq karyerası gənclər arasında dünya çempionında gümüş medal qazanandan sonra başladı. Sonra böyüklərin Dünya Çempionatından gümüş, 2011-ci il Avropa Çempionatından qızıl medalla qayıtdı. Çox düşünmədən məşqçilər onu lisenziya xarakterli turnirlərə göndərdilər. Və Toğrul yenə ümidləri doğrultdu - Londonda komandamız üçün ilk qızıl medalı məhz o qazandı. Yeni Olimpiya çempionumuz təəssüratlarını bizimlə də bölüşüb.

- Təbrik edirik, Azərbaycana ilk qızıl medalı sən qazandırdın!

- Mən çox sevinirəm. Qələbədən sonra o qədər təbrik qəbul etmişəm, heç inanmazsınız. İndiyə qədər emosiyalarımı çilovlaya bilmirəm. Suallara cavab verməkdə çətinlik çəkirəm. Azərbaycan xalqının bu qədər sevinməsinə çox şadam.

- Yarışa ciddi hazırlaşdığını hələ olimpiada ərəfəsində söyləmişdin. Əziyyətin bəhrəsini verdi?

- Olimpiadaya çox ciddi hazırlaşmışdıq. Bir ildən çox idi ki, məşqləri daha da intensivləşdirmişdik. Mənim əsas rəqibim finalda qarşılaşdığım rusiyalı Besik Kuduxov idi. Bunu hamı bilirdi. Həm də yalnız digər rəqiblərimdən fərqli olaraq, onunla güləşməmişdim. Onu da məğlub etdim, qələbəmi hamı gördü. Çox sevinirəm ki, Vətənə qızıl medal bəxş etdim.

- Yeri gəlmişkən, Besik Kuduxov 4 qat dünya çempionudur, lakin sən böyük hesabla (1:0, 5:0) məğlub etdin...

- Elə mənim özüm üçün də hər şeyin belə başa çatması bir qədər gözlənilməz oldu. Yadınızdadırsa, mən hələ Sofiyada demişdim ki, finalda Kuduxovla üz-üzə gələcəyəm. Yəni bunu öncədən də gözləyirdim. Amma o vaxt Kuduxovu böyük hesabla məğlub edəcəyimi deyə bilməzdim.

- Yəqin, final ərəfəsində məşqçilərin məsləhətləri köməyinə çatdı?

- Bəli. Başa düşürdüm ki, geriyə yol yoxdur. Qələbəmdə məşqçilər, federasiya, nazirlik və Milli Olimpiya Komitəsinin rolu böyükdür.

-  Final görüşü zamanı böyük məşqçi Firdovsi Umudov “fikir vermə” qışqırırdı. Maraqlıdır, o nə demək istəyirdi?

-  Firdovsi müəllim əvvəldən mənə deyirdi ki, rəqibə fikir vermə - sən onu məğlub etməlisən. O qorxurdu ki, rəqibin titulları mənə təsir edər. Ona görə qışqırırdı - istəyirdi, heç nəyə fikir verməyim. 

-  Finaldakı qələbədən sonra rusiyalı rəqib səni təbrik etmədi...

- Onu başa düşmək olar. Finalda məğlubiyyət adama pis təsir edir. Dünya Çempionatının finalında uduzanda bu hissləri yaşamışam. Bu hərəkətə görə ondan incimirəm. Mənim üçün əsas çempionluqdur.

- Yəqin, avqustun 11-i tarixi həmişəlik sənin yaddaşında qalacaq? Axı məhz bu tarixdə çempion olmusan...

- Bilirdim ki, Olimpiya çempionu olmaq lazımdır. Bilirdim ki, ciddi rəqiblərim var. Başa düşürdüm ki, tarixə düşmək üçün şansım var və bundan yararlanmaq lazımdır. Londona gələndə şəxsi məşqçim, ən azı, finala çıxmağımı tələb etmişdi. Sevinirəm ki, çempion oldum. Mən hələ də anlaya bilmirdim ki, nə baş verir. Amma himnimiz səslənəndə çox sevindim.

- Qələbəni kimə həsr edirsən?

- Bu qələbəyə görə bütün xalqımız sevindi. Yarışın ilk günlərindən medalımız olsa da, qızıl yox idi. Hiss edirdim ki, komandamız təzyiq altındadır. Çox sevinirəm ki, güləşçilərimiz 2 qızıl qazandı. Qələbəni Azərbaycan xalqına həsr edirəm. Bu qələbə bizim hamımızındır. 

- Artıq bundan sonra həyatında yeni dövr başlayır. Olimpiya çempionluğu idmançını tez populyarlaşdırır...

- Çoxları bu barədə danışırlar. Məqsədim çempion olmaq idi. Əlbəttə, istəyirəm bir qədər dincəlim. Olimpiada gücümüzü çox aparır. Məşhurluq mənlik deyil. Diqqət mərkəzində olmağı sevmirəm. Londonda həyatımın ən xoşbəxt gününü yaşadım. Bundan sonra belə günlərin çox olması üçün çalışacağam. 



MƏSLƏHƏT GÖR:

492