15 Mart 2025

Şənbə, 01:28

XOŞBƏXT SONLUQ!

Azərbaycan olimpiya "qızıl"ını son anadək gözləməli oldu

Müəllif:

15.08.2012

Olimpiada qəribə hadisədir. 16 gün ərzində əksərimizin diqqəti məhz bu idman bayramına yönəlmişdi. Olimpiada müəyyən müddətə hamını birləşdirə bilən real qüvvədir. Amma idmançılar üçün Olimpiadada iştirak artıq çoxdan, sadəcə "Vacib olanı qələbə yox, iştirakdır" şüarı ilə məhdudlaşmır. Müasir Olimpiya oyunları böyük yarışdır. Orada hər bir ölkə mümkün qədər yaxşı çıxış etməyə, mümkün qədər çox medal qazanmağa çalışır. London Olimpiadası da istisna olmadı.

Azərbaycan Böyük Britaniya paytaxtında 16 idman növü üzrə 53 idmançı ilə təmsil olunurdu. Onların sıraları ad baxımından çox zəhmli təsir bağışlayırdı - 53 idmançı arasında Pekin Olimpiadasının qalibi və mükafatçıları, dünya və Avropa çempionları, mükafatçıları var idi. Belə heyətdən həqiqətən də uğurlu çıxış gözləmək olardı.

Bu başdan qeyd edək ki, yarışın ilk həftəsi Azərbaycan idmançıları üçün məhsuldarlıq baxımından ağır keçdi. Azarkeşlər arasında, hətta müəyyən əsəbilik də yaranmağa başlamışdı. Amma turnirin təqvimini təhlil etdikdə görmək olardı ki, Olimpiadanın ikinci həftəsini "bizim həftə" saymaq mümkündür. İlk həftədə obyektiv olaraq, yalnız ağır atletika və cüdoda medallara ümid edə bilərdik. Onların da sayı ən yaxşı halda uzağı, 2-3 ola bilərdi. Atıcılıq, akademik avarçəkmə, üzgüçülük, idman gimnastikası kimi idman növlərində medal gözləmək sadəlövhlük olardı. Amma yarışın ikinci həftəsi həqiqətən də uğurlu alınmalı idi. Çünki döyüşə güləşçilər, taekvondoçular, boksçular atılacaqdılar, kanoe ustaları sözlərini deməli idilər.

Ümumilikdə, Azərbaycan yığması Londonda uğurlu çıxış etdi. Pekinlə müqayisədə qazanılmış medalların həm sayı, həm də keyfiyyəti baxımdan irəli addım ata bildik. Əgər 4 il əvvəl idmançılarımız 1-i "qızıl" olmaqla 7 medal qazanmışdılarsa, bu dəfə qazanılmış 10 medalın 2-si "qızıl" oldu. Bu, kifayət qədər ciddi nəticədir. Pekində Azərbaycan yığması komanda hesabında 37-ci yeri tutmuşdusa, London Olimpiadasında o, 30-cu pillədə qərarlaşdı. Üstəlik, onu da nəzərə almaq lazımdır ki, Londonda 54 ölkə təmsilçisi qızıl medal əldə etdi, ümumilikdə isə 85 ölkədən olan idmançılar medal qazandı. Odur ki, Londonda "qızıl" uğrunda mübarizə qızğın keçdi.

Bununla yanaşı, o da qeyd olunmalıdır ki, bəzi idman növlərində idmançılarımızın çıxışı xoş olmayan təəssüratlar da  yaratdı. Bu üzdən Azərbaycan yığmasının Olimpiadadakı çıxışını medal ümidlərimiz olan hər bir idman növü üzrə obyektiv qiymətləndirməyə çalışmışıq. İdmançılarımızın çıxışına qiyməti həm qazanılmış medalların sayına, həm də onların estetik çıxışına görə verəcəyik.

 

Güləş

Millimizə çox böyük ümidlər bəslənilirdi. Tale elə gətirdi ki, Azərbaycan yığmasının aktivinə ən ciddi uğuru da məhz güləşçilər yazdı. Sidney və Afina olimpiadalarının hərəsində güləşçilərimiz 1 qızıl medal qazanmışdı. 4 il əvvəl Pekində isə onlar "qızıl"sız qalsalar da, 4 medal əldə edə bilmişdilər. Londonda güləşçilərimiz həqiqətən misli görünməmiş uğur qazandılar və yarışı gözəl sonluqla başa vurdular.

Qiymətləndirməyə yunan-Roma güləşçilərinin çıxışından başlayaq. Olimpiadaya 7 mümkün çəkidən 5-i üzrə "klassik"imiz yollanmışdı. Amma real olaraq yalnız Rövşən Bayramov və Həsən Əliyevdən medal gözləmək olardı.

R. Bayramov yüksək statusunu təsdiqləyərək, bütün döyüşlərdən qalib ayrıldı və finala yüksəldi. 55 kiloqram çəki dərəcəsində yarışan Bayramov finalda iranlı rəqibinə məğlub oldu və nəticədə gümüş medal qazandı. Rövşən ard-arda iki Olimpiadada medal qazanmış Namiq Abdullayevin uğurunu təkrarladı. Amma onun Braziliyada keçiriləcək Olimpiadaya qatılaraq, üçüncü cəhddə "qızıl"a yiyələnmək şansı da var.

74 kiloqram çəki dərəcəsində döyüşən Emin Əhmədovun nəticəsini xoş sürpriz saymaq olar. Ondan çox şey gözlənilməsə də, güləşçimiz "bürünc" qazanmağı bacardı.

Həsən Əliyevə böyük ümidlər bəslənilsə də, o, dünya və Avropa birinciliyində qalib olduğu zaman nümayiş etdirdiyi döyüşləri təkrarlaya bilmədi. Nəticədə, Əliyev üçüncülük uğrunda döyüşdə rusiyalı rəqibinə məğlub olaraq medalsız qaldı.

Qadınlar arasında güləşdə Azərbaycan iki idmançı ilə təmsil olunurdu - Mariya Stadnik və Yuliya Ratkeviç. Əsas ümidlərin bəsləndiyi Stadnik əla döyüş nümayiş etdirərək, finaladək irəliləsə də, təəssüf ki, orada yaponiyalı rəqibinə məğlub oldu. Halbuki həlledici qarşılaşmanın ilk hissəsi 4:0 hesabı ilə Stadnikin xeyrinə başa çatmışdı. Buna baxmayaraq, sonrakı raundlarda fiziki baxımdan bir qədər zəif təsir bağışlayan güləşçimiz Pekindəki "bürüncü" London "gümüş"ü ilə əvəzləməklə kifayətlənməli oldu. Daha bir addım irəli atarsa, o, Rioda keçiriləcək Olimpiadada qızıl medal qazanmalıdır.

İkinci dövrədə yaponiyalı Saori Yoşideyə məğlub olmuş Yuliya Ratkeviç isə Olimpiadanı bürünc medalla başa vurdu. Məhz yapon idmançının finaladək irəliləməsi Ratkeviçə "bürünc" uğrunda döyüşə çıxmaq hüququ verdi və bu döyüşdə o, ABŞ və Rusiyadan olan rəqiblərini məğlub edərək üçüncü pilləni tutdu.

Sərbəst güləşçilərimizə gəlincə, onları "tortun üzərindəki çiyələk" adlandırmaq olar. Doğrudur, yarışın ilk günündə Əşrəf Əliyev uğursuz çıxış edərək, dörddəbir finalda rusiyalı Denis Sarquşa məğlub oldu. Onu da qeyd edək ki, Sarquş 74 kiloqram çəki dərəcəsində qələbəyə əsas namizəd sayılsa da, döyüşün üçüncü hissəsində Ə.Əliyev qələbə şansı qazanmışdı. Lakin o, şansdan yararlana bilmədi.

Yarışın ikinci günündə sərbəst güləşçilərimiz ilk günün uğursuzluğunu artıqlaması ilə kompensasiya etdilər. 60 kiloqramadək çəki dərəcəsində döşəyə çıxan Toğrul Əsgərov finaladək maneəsiz irəliləyərək, həlledici döyüşdə yarışın əsas favoriti olan rusiyalı Besik Kuduxov üzərində inamlı və gözəl qələbə qazandı. Beləliklə, T.Əsgərov London Olimpiadasında Azərbayana ilk "qızıl" qazandıran idmançı oldu. O, bununla 2012-ci ildə qazandığı Avropa çempionluğuna Olimpiya çempionu titulunu da əlavə etdi.

İkinci "qızıl" isə 84 kiloqramadək çəki dərəcəsində döyüşən Şərif Şərifovdan gəldi. Xatırladaq ki, o, ötən il İstanbulda dünya çempionluğunu qazanmışdı. Londonda isə güclü rəqiblərinə qarşı gözəl döyüş nümayiş etdirən Şərifov finalda Puerto-Rikodan olan rəqibinə heç bir şans vermədi.

Olimpiadanın son günündə daha iki sərbəst güləşçimiz - Cəbrayıl Həsənov (66 kiloqramadək) və Hetaq Qazümovdan (96 kiloqramadək) medal gözləyirdik. Həsənov ilk iki döyüşü uğurlu keçirərək, yarımfinala yüksəlsə də, burada yaponiyalı güləşçiyə məğlub oldu. Kubalı idmançı ilə "bürünc" uğrunda çıxdığı döyüşün üçüncü hissəsində isə sona 20 saniyə qalmış Cəbrayıl xal qazanmışdı ki, kubalı hücum edərək pəhləvanımızın kürəyini yerə vurdu. Nəticədə "bürünc" güləşçimizin əlindən Azadlıq adası təmsilçisinə "qaçdı".

Qazümova gəlincə, görünür onun ötən il aldığı zədə özünü göstərir. Onun üçün döyüşlər ilk növbədə fiziki baxımdan ağır keçirdi. Dörddəbir finalda Hetaq ukraynalı rəqibinə məğlub olsa da, bürünc medal uğrunda döyüşmək hüququ qazanmışdı. Sonradan məlum oldu ki, ukraynalı Valeri Andriysevlə döyüş zamanı Hetaqın təzyiqi qəflətən aşağı düşübmüş, döyüşdən sonra isə onu hətta xəstəxanaya aparıblarmış. Lakin Andriysevin finala yüksəldiyini bilən güləşçimiz yenidən zala qayıdaraq, "bürünc" uğrunda ilk döyüşdə tacik Rüstəm İsgəndərini məğlub etdi. Onun İran təmsilçisi olan növbəti rəqibi isə zədə üzündən döyüşə çıxa bilmədi və nəticədə Qazümov Pekindəki nəticəsini Londonda da təkrarlayaraq üçüncü yerə çıxdı.

 

Ağır atletika

Ağır atletlərimizdən də medal gözləyirdik. Amma azərbaycanlı atletlərin çıxış edəcəkləri çəki dərəcələrini nəzərə alsaq, cəmi bir medala ümid bəsləmək olardı. Onu da Valentin Xristovla qazandıq. Nəzərə alsaq ki, onun cəmi 19 yaşı var, Valentinin 4 ildən sonra "bürünc"ü daha yüksək əyarlı medalla əvəzləmək üçün yaxşı perspektivinin olduğunu da düşünmək olar.

İntiqam Zahirov və qadınlar arasında yeganə ağırlıqqaldıranımız olan Boyanka Kostovanın çıxışını da xüsusi qeyd etmək lazımdır. Onların hər ikisi yaxşı nəticə göstərərək, sonadək medallar uğrunda mübarizə apardılar. İ. Zahirovun çıxış etdiyi çəki dərəcəsində Olimpiadanın və ştanqqaldıranlar arasında turinirin bəzəyi olan çox ağır mübarizə var idi. Bu mübarizədə İntiqam risk etsə də, məğlub oldu. Amma yenə də onun tutduğu 6-cı pillə o qədər də pis nəticə deyil. 

 

Boks

Boks haqda nə deyəsən... Bu Olimpiadada boksçularımızdan medal gözləntiləri var idi. Son 3 Olimpiadadan boksçularımız yalnız bürünc olsa da, medalla qayıtmışdılar. Bu dəfə ümidlər daha böyük idi. Çünki Azərbaycanın cəmi 2 boksçu ilə təmsil olunduğu Pekindən fərqli olaraq, Londona 8 boksçumuz (qadınlar arasında 75 kiloqramadək çəki dərəcəsində debüt edən Yelena Vıstropova da daxil olmaqla) yollanmışdı. Amma onların çıxışlarını 2 bürünc medala rəğmən, o qədər də uğurlu saymaq olmaz. 8 boksçumuzdan 5-i yarışı elə ilk döyüşdəcə, daha biri isə ikinci döyüşdən tərk etdi. Yalnız Teymur Məmmədov və Məhəmmədrəsul Məcidov yarımfinaladək irəliləyə bildilər. Lakin bu mərhələdə boksçularımızın ikisi də hakimlərin kifayət qədər mübahisəli qərarları ilə İtaliya təmsilçilərinə məğlub oldular. Amma bu, boksdur... Burada dünya çempionu və ya ikincisi olmaq kifayət deyil. Boksda hakimlik şəffaflıq və təmizlik etalonu olmadığından, burada rəqibdən bir baş üstün olmaq lazımdır. Boksdakı hazırkı hakimlikdə sadəcə öz döyüşünü döyüşməklə kifayətlənmək olmaz. Burada son dərəcə aqressiv olmalısan ki, hakimlər layiqli qələbəni əlindən ala bilməsinlər.

Ümumilikdə, Azərbaycanın boks yığması gəncdir və o, daha bir mərhələ adlayaraq, 2016-cı ildə Braziliyada keçiriləcək Olimpiadada çıxış etmək bacarığına malikdir. Yəqin ki, yığmanın məşqçilər heyətində dəyişikliyin də zamanıdır. Çünki hazırkı heyət qarşıya qoyulmuş vəzifənin öhdəsindən gələ bilmədi və komandanı Londona layiqincə hazırlamağı bacarmadı. Olimpiada kimi məsuliyyətli yarışın başlanmasına bir neçə ay qalmış baş məşqçinin dəyişdirilməsi də özünü doğrultmadı. Odur ki, boksçularımızın bundan müəyyən dərs aldıqlarını və təcrübə qazandıqlarını, yeni Olimpiadaya daha savadlı və məsuliyyətli hazırlaşacaqlarını düşünək.

 

Bədii gimnastika

Bu idman növündə Azərbaycanı yalnız bir nəfər - Aliyə Qarayeva təmsil edirdi. Bu gün dünya bədii gimnastikasında vəziyyət elədir ki, fəxri kürsünün ilk iki pilləsini sanki rusiyalı idmançılar "bron" ediblər. Yevgeniya Kanayeva və Darya Dmitriyeva Londonda müvafiq olaraq birinci və ikinci pilləyə yiyələndilər. Aralarında Qarayevanın da olduğu qalan 8 gimnast isə finalda fəxri kürsünün üçüncü pilləsi uğrunda mübarizə aparırdılar. Bu mübarizədə Aliyənin bəxti son anda gətirmədi və o, belaruslu rəqibini önə buraxaraq 4-cü oldu. Məyus olmamaq mümkün deyil. Çünki finalda hakimlər Qarayevanın xalını bir qədər aşağı saldılar. Məsələn, Aliyənin əla yerinə yetirdiyi topla hərəkətə görə hakimlər finalda ona 27,850 xal verdi. Halbuki, kvalifikasiyada bu, 28,350 idi.  Yarımxallıq fərq - Aliyəni "bürünc"dən 0,125 bal ayırdı.

 

Cüdo

4 il əvvəl Pekində keçirilmiş Olimpiadada cüdoçularımız uğurlu çıxışları ilə Azərbaycan yığmasına 1-i "qızıl" olmaqla, 2 medal gətirmişdi. Bu üzdən Londonda onlardan çox şey gözlənilirdi. Üstəlik, Londona Olimpiya çempionu Elnur Məmmədli və 2 qadın cüdoçumuz da daxil olmaqla, ümumilikdə 6 cüdoçu yollanmışdı.

Amma Londonda cüdoçularımızın çıxışı son dərəcə uğursuz alındı. Ümumilikdə Azərbaycan cüdoçularının Rotterdam (2009), Tokio (2010) və Parisdə (2011) keçirilmiş dünya çempionatlarındakı çıxışlarını təhlil edərkən görünür ki, onlar bu turnirlərdə üçüncü pillədən yüksəyə qalxa bilməyiblər. Qeyd olunan turnirlərdən ən uğurlusu Tokio mundialı olub. Orada Elxan Məmmədov və Ramilə Usubova "bürünc" qazanmışdılar. Digər iki mundialda idmançılarımız yalnız 1 bürünc medal əldə edə bilmişdilər. Bu üzdən Londonda obyektiv olaraq, yalnız bir medal gözləmək mümkün idi. Amma cüdoçularımız buna da nail ola bilmədi.

Konkret idmançılar haqda danışsaq, qeyd edilməlidir ki, ilk növbədə, hər kəsi təcrübəli cüdoçular məyus etdi. Bunu həm Elnur Məmmədli, həm Elxan Məmmədov, həm də Kifayət Qasımova haqda demək mümkündür. Onların hər üçü Londonda kölgədə qaldı - Məmmədli və Qasımova ilk döyüşlərindəcə hər hansı uğura cəhd belə etmədən, biabırçı məğlubiyyətə uğradılar.

 

Akademik avarçəkmə və kanoe

Akademik avarçəkmədə Azərbaycan idmançılarından medal gözləməyə dəyməzdi. Avarçəkənlərimiz üçün finala yüksəlməyin özünü əla nəticə saymaq olardı. Bunu idmançılar və federasiya rəhbərliyi də etiraf edirdi. Bu nəticəni isə milliyə 2000 metr məsafəyə yarışda 5-ci yeri tutan Aleksandr Aleksandrov gətirdi. Qeyd edək ki, onun cəmi 22 yaşı var və bu, akademik avarçəkmə idmanı üçün çox gənc yaşdır. Beləliklə, Aleksandrov xeyli inkişaf edə və 4 il sonra Rioda qələbəyə əsas namizədlərdən birinə çevrilə bilər.

Natalya Mustafayevaya gəlincə, analoji məsafədə o, yarımfinaladək irəlilədi və yarışın finalına yüksələ bilmədi. Bu üzdən akademik avarçəkmədə idmançılarımızın çıxışını "yaxşı" qiymətləndirmək olar.

Kanoeçilərin çıxışına gəlincə... Yəqin ki, millimizi ən çox məyus edən məhz onlar oldu. Bu idman növündə idman funksionerlərimizin medal, hətta "qızıl" gözlədikləri heç kimə sirr deyildi. Onların bunun üçün kifayət qədər əsasları da var idi. Amma bu, Olimpiadadır, idmandır. Burada həmişə hər şey gözlənildiyi kimi olmur. Təəssüf ki, bu dəfə də ikinci variant oldu.

Əvvəlcə 1000 metr məsafəyə final yarışında Sergey Bezuqlı-Maksim Prokopenko dueti uğursuz çıxış etdi. Duetimiz dörddəbir final mərhələsini inamlı qələbə ilə başa vuraraq birbaşa finala yüksəlmişdi. Finalda da ilk 800 metr məsafə onlar üçün ideal alındı. Duetimiz inamla liderlik edirdi. Amma sonradan nə baş verdiyi hələ də məlum deyil - son 200 metr idmançılarımız üçün ağır oldu. Alman rəqiblərini önə buraxmaları azmış kimi, finişdə belaruslar və ruslar da duetimizi geridə qoydu. Nəticədə Azərbaycan idmançıları 4-cülüklə kifayətlənməli oldu. Bezuqlı və Prokopenkodan medal gözlənildiyini nəzərə alsaq, bu, həqiqətən də böyük məyusluqdur.

Kanoedəki əsas ümidimiz Valentin Demyanenko isə daha pis çıxış etdi. Dəfələrlə dünya və Avropa çempionu olmuş idmançı Londonda 200 metr məsafəyə yarışın əsas favoritlərindən hesab olunurdu. Lakin o, gözlənilmədən sonuncu yeri tutdu və yarımfinala yüksələ bilmədi.

Sonradan Valentin zəif çıxışını yarış ərəfəsində aldığı zədə ilə əsaslandırıb. Ümid edək ki, Londondakı məğlubiyyət kanoeçilərimizi idaha da gücləndirəcək və 4 ildən sonra Rioda keçiriləcək Olimpiadada onlar bu məğlubiyyətin sadəcə anlaşılmazlıq olduğunu sübut edə biləcəklər.

Digər idman növlərində Azərbaycan sadəcə çıxış edirdi, nəinki medal uğrunda mübarizə aparırdı. Bu, üzgüçülüyə, atıcılığa, idman gimnastikası və yüngül atletikaya aiddir.

Yaxşı halda yalnız taekvondoçulardan medal gözləmək olardı. Amma püşk taekvondoçumuz Ramin Əzizova ilk raundda ABŞ təmsilçisi, ikiqat olimpiya çempionu Stiven Lopesi rəqib seçdikdə demək olar ki, bütün ümidlərimiz puç oldu. Amma Ramin mümkünsüzü bacardı və Lopesi məğlub etdi. Lakin növbəti döyüşdə o, italiyalı Mauri Sarmientoya məğlub oldu. Halbuki, həmin döyüşə baxanların hamısı qələbəni Ramindən italiyalının yox, hakimlərin aldığını təsdiqləyə bilər.

Azərbaycanı bu idman növündə təmsil edən digər idmançı Fəridə Əzizova ilk döyüşündəcə və yenə də hakimlərin "köməyi"lə məğlub oldu. İnanmaq istərdik ki, 4 il sonra Rioda keçiriləcək Olimpiadada həm Ramin Əzizov, həm də Fəridə Əzizova bu xoşagəlməz tendensiyanı sındıra biləcəklər.

London Olimpiadasının nəticələri göstərdi ki, Azərbaycan idmançılarının yaxşı pesrpektivi var. Odur ki, Rio-de-Janeyroda keçiriləcək növbəti Olimpiadanı səbirsizliklə gözləyəcək, dünya və Avropa çempionatlarında idmançılarımıza azarkeşlik edəcəyik.

Rioda görüşənədək!

 

 

GÜLƏŞ

 

Güləşçilərimiz London Olimpiadasında 13 idmançı ilə təmsil olunurdu. Onlardan 7-si medal qazanmağı bacardı: 2 "qızıl", 2 "gümüş" və 3 "bürünc". Bu, əla göstəricidir

 

AĞIR ATLETİKA

Azərbaycan ağır atletikada ilk Olimpiya medalını qazandı. Ağır atletlərimiz son anadək medallar uğrunda mübarizə apardı. Odur ki, yığmamız Londondakı çıxışı həqiqətən öz aktivinə yaza bilər

 

BOKS

Azərbaycan boksçuları bir tərəfdən yığmaya 2 medal qazandırdı və bu, güləşçilərdən sonra ikinci nəticədir. Amma digər tərəfdən onların döyüşlərinin keyfiyyəti, çətin ki, azarkeşləri, federasiyanı və boksçuların özlərini razı salsın. Onlardan daha yüksək nəticə, ən azı, 1 boksçunun finala yüksəlməsi gözlənilirdi

 

BƏDİİ GİMNASTİKA

A.Qarayeva üçüncü yeri tutsaydı, bunu birmənalı şəkildə böyük uğur saymaq olardı. Amma finalda hakimlər gimnastımızın xalını bir qədər aşağı saldı

 

CÜDO

Cüdoçularımıza böyük ümidlər bəslənsə də, onlar 1 medal belə qazana bilmədilər. Onların çıxışlarının keyfiyyətini də yüksək qiymətləndirmək mümkün deyil. Odur ki, cüdoçularımızın çıxışının layiq olduğu qiymət elə 1-dir

 

AKADEMİK AVARÇƏKMƏ VƏ KANOE

 

Artıq qeyd etdiyimiz kimi, akademik avarçəkmədə idmançılarımızın çıxışını yaxşı saymaq olar. Amma eyni sözü kanoeçilərimiz haqda söyləmək mümkün deyil. Hər iki növ üzrə çıxışı orta bal kimi "qənaətbəxş" qiymətləndirmək olar



MƏSLƏHƏT GÖR:

445