15 Mart 2025

Şənbə, 03:02

HEYRƏTLƏNDİRİB YAŞAYIRDI, SARSIDIB GETDİ

İfasından adamın gözləri dolurdu, onu itirdikdən sonra isə göz yaşlarını saxlamaq olmur

Müəllif:

15.08.2012

Ondan öncə Azərbaycan musiqi sənətinin bir Müslüm Maqomayevi var idi. Sayılıb-seçilən bu sənətkar bəstəkar, musiqiçi, dirijor, ictimai xadim kimi şöhrət qazanmışdı. 1942-ci il avqustun 17-də onun ikinci oğlu Məhəmməd Maqomayevin ailəsində bir uşaq dünyaya göz açdı. Sanki gələcək taleyindən xəbər tutaraq ona babasının adını verdilər. 

Musiqi qabiliyyəti Maqomayevlərə İlahidən bəxş olunmuşdu. Körpənin atası musiqi təhsili almasa da, royalda çalır, ürəyəyatımlı səsi ilə oxuyurdu. Məhəmməd Maqomayev istedadlı teatr rəssamı idi. Onun arzularını müharibə yarımçıq qoydu. 1943-cü ildə cəbhədə həlak oldu. 

Atasının bir də heç zaman geri dönməyəcəyini gizlədərək böyüdür-dülər Müslümü. Ancaq 10 yaşına çatanda ona bu həqiqəti söyləməli oldular.  

Anası Ayşət Axmedovna da gözəl səsli, bacarıqlı dram aktrisası idi. Həyat yoldaşı cəbhəyə yollananda o, Maqomayevlər ailəsi ilə birlikdə yaşayırdı. Məhəmməd həlak olandan sonra Ayşət xanım doğulub-böyüdüyü Maykop şəhərinə qayıtdı.

Müslüm kiçik yaşlarından Maqomayevlər nəslinə layiq övlad olduğunu göstərirdi. Hələ üç yaşında ikən babasının böyük royalı arxasında əyləşdi. 5 yaşında ilk bəstəsini yazdı. 1949-cu ildə onu Bakı konservatoriyasının nəzdindəki onillik musiqi məktəbinə apardılar. 8 yaşında artıq Müslümün qeyri-adı səsindən danışırdılar. 9 yaşında anası onu çalışdığı Vyşni Voloçyok teatrına apardı. Bir il sonra isə Bakıya göndərdi. Yenidən ailə qurmuşdu Ayşət xanım. İkinci evlilikdən qızı və oğlu da dünyaya gəldi.    Müslüm isə Bakıda yaşadı...

Onun altıncı sinifdə sevdiyi qızın eşqi ilə bəstələdiyi “Marina” mahnısı indi də məşhurdur. İlk dəfə 14 yaşında Dənizçilər klubunda səhnəyə çıxdı. Amma o zamanadək daimi bir səhnəsi də var idi Müslümün. Bakı məhəllələrinin birindəki həyətlərində dostlarının arasında oxuyardı. 15-16 yaşında bariton səsinin pərəstişkarları çox idi. Onu klublarda, məktəblərdə, institutlarda, hətta Bakı bulvarında oxumağa dəvət edirdilər...  

Həyatını dəyişən hadisələr bir-birini əvəz edirdi. 1962-ci ildə Helsinkidə keçirilən Gənclərin və Tələbələrin VIII Ümumdünya Festivalı Müslümə sənətdə uğur gətirdi. Maestro Niyazinin tövsiyəsi ilə göndərildiyi festivaldan Bakıya medalla döndü. "Oqonyok" jurnalında haqqında “Bakılı gənc dünyanı fəth edir” başlıqlı məqalə dərc olundu.

1963-cü ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərində  çıxışları da onu şöhrətin zirvəsinə yaxınlaşdırdı. 1960-cı illərin ortalarında yalnız SSRİ-də deyil, bir sıra digər ölkələrdə də tanınırdı. 

İlk solo-konsertini 1963-cü ilin noyabrında Çaykovski adına Konsert Zalında verdi. “Kreml” Sarayındakı konserti onu Sovet estradasının yeni ulduzu kimi tamaşaçılara tanıtdı. 

1963-cü ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti idi. İtaliyada təhsil almaq arzusu ilə yaşayırdı. 1964-1965-ci illərdə Milanın “La Skala” teatrında təcrübəyə çətinliklə getdi. SSRİ-nin qaydalarına görə, xaricdə oxumağa qüsursuz tərcümeyi-halı olanlar göndərilirdi. Müslümün tərcümeyi-halında “boşanıb, məktəbdə pionerdən xaric edilib, komsomolçu deyil” kimi faktlar var idi. Amma arzusuna çatdı. Milana səfəri Azərbaycanda geniş işıqlandırıldı, haqqında film hazırlandı. 

...Lakin sovet dövrünün sərt qanunlarından Milanda da rahatlıq tapmırdı. Özünü nəzarət altında hiss edirdi Müslüm. Bir gün tanış olduğu Anna Trina adlı italyan qızını ilk görüşdən kafeyə dəvət etdi. Anna getdikdən sonra bir nəfər ona yaxınlaşıb qızdan əl çəkməsini tələb etdi. Bəlli oldu ki, qrupdakı üzvlərdən biri onu hər yerdə təqib edir, mərkəzə məlumatlar verir.

İtaliyada Sovet İttifaqının sərt qaydaları üzündən La-Skala səhnəsinə çıxa bilmədi. Mübadilə nəticəsində Moskvada təcrübə keçən məşhur Milan Teatrının balerinalarının “Bolşoy Teatr”da çıxışına icazə verilməmişdi. Buna cavab olaraq Müslüm də La-Skalanın səhnəsinə həsrət qaldı.

Sonralar daha çox çətinliklərlə üzləşdi. Qastrollarına qadağa qoyuldu, neçə-neçə təklifdən əl üzməli oldu. Azadlığı çox sevən, sərhədləri, çərçivələri qəbul etməyən Müslüm isə öz aləmində idi.

Təcrübəsini bitirdikdən sonra Moskvanın “Bolşoy Teatr”ına dəvəti qəbul etmədi. Bakıya döndü. 60 illik yebileyi ərəfəsində Maqomayev özü etiraf edirdi: “Böyük teatr nizam-intizam tələb edir, mən isə intizamsız adamam”. 

1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasında təhsilini başa vurdu. 1966-1969-cu illərdə fransızlar onu ölkələrinə dəvət etdilər. Furtsevanın diqqəti sayəsində nümayəndə heyətinin tərkibə daxil edildi. Bu səfərə Azərbaycanda etiraz edənlər niyyətlərinə çatmadılar. Parisin tanınmış “Olimpiya” Teatrında Müslümün qastrolları keçirildi. Teatrın direktoru Bruno Kokatris beynəlxalq miqyasda tanıtmaq üçün ona müqavilə bağlamağı təklif etdi. Ancaq SSRİ-nin mədəniyyət naziri müqaviləyə qadağa qoydu.

Fransadan qayıtdıqdan sonra Müslüm Daxili İşlər nazirliyinə çağırıldı. Mədəniyyət Nazirliyindən icazəsiz təşkilatçılardan konsert üçün üçqat artıq məbləğ almışdı. Altı ay müddətinə efirdən və konsertlərdən uzaqlaşdırıldı. Ancaq bir neçə aydan sonra KQB-nin yubileyi keçirildi. Andropov mədəniyyət naziri Furtsevaya zəng vurub yubileydə Müslümün ifa etməsini tapşırdı. 

1969-cu ildə Polşanın Sopot şəhərinə keçirilən Beynəlxalq Mahnı Festivalında mükafat qazandı. Kann festivalında “Qızıl val” mükafatına layiq görüldü. 1975-ci ildə Azərbaycan Dövlət Estrada-Simfonik Orkestrinin bədii rəhbəri təyin olundu. Həmin orkestrlə Sovet İttifaqının birsıra şəhərlərinə, eləcə də Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada və İranda konsertlər verdi. 

1970-ci illərdən həyatını estrada ilə bağlayan Müslüm Maqomayev  şöhrətli müğənni kimi SSRİ-nin hər yerində çıxışlar etdi, meydanlarda konsertlər verdi, televiziya onun konsertlərinə geniş yer ayırdı, qrammofon valları böyük tirajla buraxıldı.  

Dostu rejissor Eldar Quliyevin filminə musiqi yazdı. Sonra rejissor Qleb Drozdovun sifarişlərini yerinə yetirdi. "İqor polku haqqında dastan" əsərinin motivləri əsasında hazırlanan "Yaroslavna" tamaşasına musiqi bəstələdi. Tamaşada o, knyaz İqor, Tamara Sinyavskaya isə Yaroslavna rollarını ifa etdi. 

Həyatının sonunadək bir yerdə olduğu Tamara Sinyavskaya ilə o, Bakıda qastrol səfərində olarkən qarşılaşmışdı. Həmin ilin sonunda Müslüm La-Skalaya təcrübəyə yollanmışdı. Səfərdən dönüb “Kreml” sarayında konsert vermişdi. O zaman hələ də evli olan Tamara konsertə gəlməmişdi. Sonra o, sevdiyi adama ayrılmaq qərarını bildirmək üçün son görüşə gəlmişdi. Amma bu görüşdən sonra heç ayrılmamışdılar.

Müslüm Moskvaya köçdü, sənətini orada davam etdirdi. Sovet İttifaqının paytaxt şəhərinin sakinləri də ecazkar səsinə valeh oldular. SSRİ-nin rəhbəri Brejnev özü onun pərəstişkarlarından idi. Ən çox da Müslümün italyan partizanlarına həsr etdiyi “De la Çao” mahnısını sevirdi. Brejnevin Azərbaycana gəlişi münasibətilə Müslüm rəhbərin şəninə mahnı yazmalı oldu...

Moskvanın görkəmli bəstəkarları Müslümün səsinə uyğun mahnılar bəstələyirlər. Estrada janrı onun yaradıcılığında daimi yerlərdən birini tuturdu. Ancaq geniş diapazonu səsi müğənniyə vokal sənətinin müxtəlif sahələrində: opera, kino, estrada və digər sahələrdə bacarığını göstərməyə imkan verirdi. 

1971-ci ildə haqqında "Oxuyur Müslüm Maqomayev" adlı film-konsert çəkildi. 1973-cü ildə Müslüm Maqomayev 31 yaşında SSRİ xalq artisti fəxri adına layiq görüldü. 

1970-ci illərdə SSRİ estradasına yeni müğənnilər gəlməyə başladı. Həmin vaxtlarda o, qəfildən səhnədən uzaqlaşdığını bildirdi. Səhnəni erkən tərk etməsi təəssüflərlə qarşılandı. Qızlar Müslümün yaşadığı həyətdə saatlarla dayanır, onun pəncərədən baxmasını gözləyirdilər. 

O, 5 il üçotaqlı oteldə yaşadı. Azərbaycanda qeydiyyatı olduğu üçün özünə Moskvada ev ala bilmirdi. Dost-tanışları çox idi. Ancaq o, xahiş etməyi xoşlamırdı.  

Müslüm Maqomayev müğənni kimi dünyada sevilirdi. Qastrol səfərində olduğu hər ölkə, hər şəhər ona doğması kimi qollarını açırdı. Şöhrətli müğənni üçün isə ən gözəl şəhər Bakı idi. Bura onun şirin xatirələrinin, ən ülvi duyğularının şəhəri idi. Müslüm Maqomayev Vətəni Azərbaycanı çox sevir, “Anamın anasısan, Azərbaycan”, deyə onu tərənnüm edirdi. Azərbaycanda bu qüdrətli sənətkarla fəxr edir, qürur duyurdular. 2002-ci ildə 60 illiyi münasibətilə “İstiqlal” ordeni ilə təltif olundu. 

Məşhur müğənninin səhhətində problemlər yaranmışdı. Xərçəng xəstəliyindən əziyyət çəkdiyi söylənilirdi. 2008-ci ilin iyununda gözlənilmədən Moskvadakı Bakulev xəstəxanasına aparıldı. Müğənni ağır anlarında belə pərəstişkarlarını unutmur, onu sevənlərə təsəlli veriridi. 

2008-ci ilin 25 oktyabrında Müslüm Maqomayevin uzun sürən xəstəlikdən sonra dünyasını dəyişməsi barədə məlumat yayıldı... 

Oktyabrın 28-də Moskvada Çaykovski adına konsert zalında müğənni ilə vida mərasimi keçirildi. Həmvətənləri isə oktyabrın 29-da onunla babasının adını daşıyan Azərbaycan Dövlət Filarmoniyasının binasında vidalaşdılar. Müslüm Maqomayev babasının uyuduğu 1-ci Fəxri Xiyabanda dəfn edildi.

Onu bu dünyadan alıb-aparan vaxt getdikcə bizdən uzaqlaşır. Amma əfsanəvi müğənni hər gün güclü, gözəl səsi ilə yaddaşlarımızı təzələyir, özünü bizə yenidən sevdirir. 

Mixail Qusman dostu Müslümün yeni albomu hazırlanarkən bir xəbər vermişdi: «Baharın on yeddi anı» filminin bəstəkarı Mikayıl Tarıverdiyev film üçün bəstələdiyi mahnıları Müslüm Maqomayevin səsi üçün yazıb. "Müslüm Maqomayev bu əsərləri olduqca gözəl ifa edib", - demişdi. Sonradan filmin rejissoru naməlum səbəbdən mahnıları İosif Kabzona verib. Rusiya mətbuatının yazdığına görə, sovet senzurası onun bariton səsinə icazə verməmişdi - axı Ştirlisdən bəhs edən film ağlatmalı deyildi. Tamara Sinyavskaya Mixail Qusmanın xahişi ilə Müslüm Maqomayevin arxivindən həmin ifaları tapdı. Kim bilir, sənət dostlarının, pərəstişkarlarının yaddaşında o böyük sənətkarla bağlı bilmədiyimiz hələ daha nə qədər xatirələr var... 

Dostu Eldar Quliyev müğənninin xatırə günündə söyləmişdi: “Deyirlər zaman hər şeyin dərmanıdır. Amma mən hələ də Müslümün itkisi ilə barışa bilmirəm”. Təsəlli yenə də o gözəl ifada, dinlədikcə qürür duyduğumuz Müslüm Maqomayevin səsindədir. 



MƏSLƏHƏT GÖR:

601