Müəllif: Zərifə BABAYEVA Bakı
Əqrəblər, hörümçəklər, ilanlar, özü də şəhər şəraitində. Onların bir yerdə olmaları inanılmazdır, amma aydın olub ki, bu, gerçəklikdir. Yayın başlanğıcından iyulun 27-nə kimi 106-ya yaxın adamı ilan vurub, əqrəb və hörümçək dişləyib. Halbuki, 2011-ci ilin uyğun müddəti ərzində 82 belə hal qeydə alınmışdı. Səhiyyə Nazirliyinin məlumatına görə, bu halların 80%-i ilanvurma ilə bağlıdır, qalanları isə əqrəb və hörümçəklərin payına düşür. Belə ki, Bakıdakı Təcili Tibbi Yardım Stansiyasına yay mövsümü başlayandan 33 müraciət edilib. Son hadisə paytaxtın Binəqədi rayonunun Xocasən qəsəbəsində baş verib. Əqrəb evinin həyətində 50 yaşlı kişini vurub. İlan və əqrəblərin hücumları barədə xəbərlərə ən böyük rezonans Yasamal rayonunda 4 yaşlı uşağı öz evində ilan vurduqdan sonra baş verib. KİV vəziyyəti araşdırmadan xəbər verməyə başladı ki, qızı gürzə vurub. Amma uşağı dişləyən adi su ilanı olub ki, onun çalmasının da öldürücü olmadığı hamıya bəllidir.
Paytaxtda sürünənlərin indiyə kimi görünməmiş fəallığı nə ilə bağlıdır? Biologiya elmləri namizədi, əqrəbşünas Eyvaz Usubovun sözlərinə görə, əqrəblər üzərində uzun illər aparılan tədqiqatlar göstərir ki, onlar döllənmə vaxtı tamamilə izah olunan aqressivlik göstərirlər ki, bu da iyuldan avqusta kimi baş verir. "Əgər onları həmin vaxt kim narahat etsə, sancmalarla rastlaşa bilər".
Azərbaycanda əqrəblərin yaşayış yerləri müxtəlif cürdür - dəniz sahillərindən dağlara qədər dəyişir və onlar "Buthidae" fəslinə aiddir, bura iki ailənin üç növü daxildir. Bakıda daha çox sarı əqrəbə rast gəlinir. Yaşayış yerindən asılı olaraq o, rəngini dəyişə bilir. Ən təhlükəli qara əqrəblərin zəhəri sayılır, amma onlara Abşeron yarımadasında çox nadir rast gəlinir. Azərbaycanda qara əqrəblərin yaşama arealı ölkənin çox kiçik regionlarını əhatə edir və onların sayı çox azdır. Həm də rəngli əqrəbləri görmək olar. Azərbaycanda rəngli əqrəblərin dörd coğrafi populyasiyası aşkar edilib: Abşeron-Şirvan, Talış, Naxçıvan və Ada. Rusiyada, Krımda, Qafqazda və Orta Asiyada yaşayan əqrəblərin dişləmələri arı sancmasına bərabərdir və bu növlərin uzunluğu quyruqla birgə 6 sm.-ə qədərdir. Daha çox insan məskənlərində sarı əqrəbə rast gəlinir, onlar oralarda qışlamağı sevirlər, qara əqrəblər qışlamaq üçün gəmiricilərin yuvalarına və iri daşların altına girirlər.
Əqrəbin sığınacağı
Məişətdə əqrəbi harda görmək olar? Məsələ bundadır ki, onlar evə, ya hansısa mənzilə girirlərsə, sığınacaq kimi adamların paltarını seçirlər. Təəccüblü deyil ki, bu həşəratları hazırda şəhər şəraitində də görmək mümkündür. Ekspertin dediyinə görə, əqrəblər daş yarıqlarında gizlənməyi sevirlər. Bu gün paytaxtda hər yerdə tikinti işləri getdiyindən, əqrəblərin rahatlığı pozulur və onlar özləri üçün daha gizli yerlər seçməyə məcburdurlar. Onlar axtarışları zamanı eyvandan və ya pəncərə nəfəsliyindən insan məskəninə girə bilərlər. Məsələn, çağdaş tipli yaşayış binalarında onları dördüncü mərtəbəyə qədər tapmaq mümkündür. Tikilinin hündürlüyü onlar üçün maneə sayılmır. Xüsusilə də insan şəhər ətrafında və ya kənd yerindədirsə, əqrəb dişləmələrindən qaçmaq üçün yatağı və ayaqqabını çırpmağı, paltarların ciblərini çevirib təmizləməyi məsləhət görür. Bəzi əqrəblər çamur və xaraba tikililəri sevirlər. "Əqrəblər həmçinin avtomobillərin, mebellərin, xalçaların altında gizlənməyi də sevirlər. Onlar parlaq işıqdan qaçırlar, amma gecələr parlaq işıq mənbələri onları cəlb edir".
Qafqaz əqrəbləri haqqında maraqlı məlumatları "Üç müşketyor"in məşhur müəllifi Aleksandr Düma (ata) da yazıb. O, 1858-ci ildə Bakıya səfəri ilə bağlı bunları qeyd edib: "Qafqazdakı əqrəb Avropadakı kimidir. Qırmızı əqrəblər sarılardan, qara əqrəblər isə qırmızılardan təhlükəlidir. Biz Bakıya çatanda noyabr ayı olmasına və havaların nisbətən soyuq keçməsinə baxmayaraq, şəhər divarlarının cənub tərəfinin ətəklərində iri daşların altında əqrəbləri tapmaq olurdu".
Amma buna baxmayaraq, əqrəblərin ümumi məhvini təşkil etməyə dəyməz. Çünki ətraf mühitin ekoloji balansında onların öz rolu var. Bu yırtıcalar isti və mülayim en dairələrinin biosenozlarında yetərincə saya malik olmaları və geniş yayılmaları səbəbindən, şəksiz ki, kənd təsərrüfatı bitkilərinə zərərvurucuların sayının azalmasında önəmli rol oynayırlar. Bundan başqa, əqrəb zəhərinin kimyəvi tərkibi və fəaliyyət mexanizmi böyük elmi və praktiki marağa malikdir. "Əqrəb zəhəri bir sıra unikal xüsusiyyətlərə malikdir ki, bu, onun bioloji tədqiqatlarda özünəməxsus "alət" kimi istifadə eləməsinə imkan yaradır", - deyə ekspert vurğulayır.
Maraqlıdır ki, Səhiyyə Nazirliyində də düşünürlər ki, Abşeronda "sürünən"lərin hücumlarının artması şəhər ətrafında tikinti işləri səbəbindən insanların onların məskunlaşma arealına müdaxilə etməsi ilə bağlıdır. Bu məsələdə bu il həddindən isti keçən havalar da az rol oynamır. Səhiyyə Nazirliyində istisna etmirlər ki, ilanlar şəhərə tikinti materiallarının və başqa yüklərin içində gəlir. Regionlarda bu məsələ yeni yerlərdə aparılan tikintilərlə bağlı, kənd təsərrüfatı işlərinin aparılması zamanı, həm də daha öncə çayların daşaraq basdığı ərazilərdə baş verir.
Bu əqrəblər Abşeron üçün adi hal imiş, amma qaraqurd hörümçək Özbəkistandan gəlmiş həşəratdır. Əgər vaxtında yardım edilməsə, onun dişləməsi ölümlə nəticələnə bilər. Xoşbəxtlikdən, qaraqurd hörümçəyinin dişləməsi nəticəsində baş vermiş 12 halda zərər çəkmişi xilas etmək mümkün olub. Səhiyyə Nazirliyindən bildiriblər ki, Özbəkistanla bu ölkədən qaraqurd dişləmələrinə qarşı zərdabın gətirilməsi ilə bağlı anlaşma əldə edilib. Bu zərdab artıq Azərbaycana gətirilib. Rayonlararası bazalarda ilan zəhərinə qarşı zərdab mövcud olsa da, bazalar istənilən halda ilanlara, hörümçəklərə və əqrəblərə qarşı yeni zərdab partiyaları ilə təmin ediləcəklər.
Necə qorunmalı?
Səhiyyə Nazirliyindən həm də bildirirlər ki, əsasən, ilan, əqrəb və hörümçək dişləmələri əsasən kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan insanların başına gəlir. Bundan başqa, əqrəbləri və ilana həm də bağ evlərində və meşədə istirahət zamanı da rast gəlmək mümkündür. Məsləhətdir ki, onların hücumuna məruz qalmamaq üçün qaydalara əməl edilsin, axı ilanlar, hörümçəklər və əqrəblər boş yerdən insana hücum etmirlər. Şəhər ətrafında istirahət edən zaman əlləri və dizləri qaya, daş yarıqlarına qoymaqdan uzaq durun. Köhnə ağaclardan, taxta qalaqlarından və biçilmiş otdan da həmçinin.
İlan vurması, əqrəb və qaraqurd dişləməsi zamanı isə dərhal tibbi yardıma müraciət etmək lazımdır. Həkimlər gələnə qədər dişləmə yerini spirtlə və ya hidrogen-peroksidlə yumaq, tərpənməz saxlamaq və üzərinə buz qoymaq lazımdır. Soyutma zəhərin sorulmasını ləngidir. Ağrı simptomlarını adi ağrıkəsicilərlə yüngülləşdirmək olar. Yaradan yuxarı hissəni kəndirlə dartmaq, onu çərtmək və zəhəri özbaşına çıxarmağa çalışmaq olmaz, çünki bu, yalnız zəhərin təsirini sürətləndirə bilər!
MƏSLƏHƏT GÖR: