12 Mart 2025

Çərşənbə, 22:56

DÜNYANIN XƏRİTƏSİ YENİLƏNİR

Şəmsəddin Kuzəci: "Azərbaycan və Türkiyə Türk birliyinin yaradılmasında liderliyi öz öhdələrinə götürə bilərlər"

Müəllif:

15.08.2012

Araşdırmaçı, yazıçı-publisist və ictimai xadim Şəmsəddin KUZƏCİ beynəlxalq forum və konfranslarda İraq türkmənlərinin mövqeyini təmsil edir. O, Türkməneli Fondunun mədəniyyət mərkəzinin mətbuat müşaviridir, həmçinin, İraq Türkmən Cəbhəsinin Türkiyədəki nümayəndəliyinin mətbuat katibi işləyib. Türk Dünyasının inteqrasiyası məsələsində nüfuzlu ekspertdir. Məhz yuxarıda sadalananlar onun Yaxın Şərq məsələsinə analitik baxışına böyük maraq doğurur və onunla elə bu barədə də söhbət etdik. 

- Türk Dünyasının gələcəyini necə görürsünüz? 

- Türk Dünyasının gələcəyinə mən şəxsən müsbət baxıram. Türk milləti çalışqan, fədakar, şərəfli və alicənab  bir millətdir. Öz aralarında hər nə qədər bəzi problemləri olsa da, amma ümumilikdə beynəlxalq platformada yerini qorumaqdadırlar. Bu məzmunda Türk Birliyinin qurulması Türk Dünyasını həm iqtisadi, həm siyasi, həm də mədəniyyət baxımından  gücləndirər.  Əlbəttə, türk dövlətlərinin möhkəmlənməsinə maneə törətməyə çalışanlar olacaq, amma ortaq səylərlə belə problemlər həll edilə bilər. Bu məsələdə liderlik önəmlidir və bu iş yenə də  Türkiyə ilə Azərbaycanın payına  düşər. Mədəniyyət sahəsində fəaliyyət göstərən  TÜRKSOY kimi təşkilatlar başqa sahələrdə də yaradıla bilər. Demək istəyirəm ki, beynəlxalq əlaqələrdə doğru və dürüst "yol xəritəsi"nə əməl etmək önəmlidir. Bu strategiyanı tətbiq  edənlər fundamental və təməl fikirlərində Qaspıralının "İşdə, fikirdə və dildə birlik" prinsiplərinə əsaslansalar, şübhəsiz, bu gerçəkləşər. 

- Azərbaycanı Türk Dünyasının nüfuzlu dövlətlərindən biri hesab etmək olarmı?

- Təbii ki, Azərbaycan Türk Dünyasının nüfuzlu dövlətlərindən ən önəmlisidir. Türkiyədən sonra Azərbaycan dövlətinin son illərdəki inkişafı və qalxınması, ayrıca dərin və köklü bir türk mədəniyyətinə sahib olması, böyük dövlətçilik yolunda irəlilədiyi məsafələr nəzərə alınarsa, Azərbaycan önümüzdəki 5 il içərisində böyük bir iqtisadiyyata çevrilməyə və Türk Dünyasının ürəyi, mərkəzi olmağa ən böyük namizəddir. Çünki Azərbaycanda, bildiyim qədər, nə etnik və məzhəb,  nə din və nə də dil çəkişmələri var. Bütün olaraq gördüyümüz Azərbaycan dövləti strategiyası ilə bu gün bölgənin lideri mahiyyətindədir.

- Azərbaycan türk dövlətləri birliyinin güclənməsinə nə kimi töhfələr verə bilər?

- Azərbaycan dövləti, bu mövzuda böyük rol oynayır, çünki türk ölkələri arasında tez-tez ortaq tədbirlər, siyasi konfranslar, konqres və festivallar keçirən, qısası,  mədəniyyət  və incəsənət mövzusunda təcrübəsi olan bir ölkədir. 

- Siz Kərkükdənsiniz. Kərkü-kün tarixi ilə bağlı mübahisələr illərdir davam edir. Kərkük kimə məxsusdur - kürdlərə, türklərə, yoxsa ərəblərə?

- İraqın tarixinə baxdıqda görərik ki, türklər İraqa  hicri mlə 54-cü (miladi 674-cü) ildə yerləşiblər. Əməvi xəlifəsi tərəfindən Xorasana göndərilən Ubeydullah Min Ziyad ordusunda vəzifə almaq üzrə 2000 türk əsgəri Orta Asiyadan və Azərbaycandan gələrək, Bəsrəyə yerləşib. Tarixboyu İraqda səlcuqlar, cəlayirlər, qaraqoyunlular, ağqoyunlular, səfəvilər və osmanlılar 6 türk dövləti qurublar. 1918-ci ilə qədər Osmanlı himayəsində idarə olunan İraq, təxminən, 400 il türk mədəniyyəti və  sivilizasiyasının təsiri altında yaşayıb. Osmanlı dövründə İraq 3 vilayətdən ibarət idi - Bağdad, Bəsrə və Mosul vilayətlərindən. Kərkük isə Mosul vilayətinə bağlı bir sancaq  idi. 1917-ci ildə İraqı işğal edən ingilislər 4 il ölkəni idarə ediblər. 1921-ci ildə İraq krallığı  quruldu. 1932-ci ildə İraq Millətlər Liqasının üzvü kimi müstəqilliyini qazanıb. Uzun illər İraqda türk dili hakim olub.  Qəzetlər və jurnalların hamısı türkcə və ərəbcə çap edilib. 1958-ci ildə inqilab olub və respublika qurulub. Daha sonra BƏƏS rejimi iqtidara gəlib. İndi oxucularımızdan soruşuram:  İraqda 500 ildə kürdlərin Kərkükün üzərində nə  təsiri olub? Kərkükdə 30 məhəllədən 27-si türkmən, 2-si kürd və biri ərəb məhəlləsi olub. Səddam 1980-ci illərdə Kərkükü ərəbləşdirməyə çalışdı. Cənubdan 10 min ərəbi gətirərək Kərkükə yerləşdirdi. Hər birinə ev, avtomobil və vəzifə verərək, təsirini saxlamağa çalışsa da, amma  bunda uğur qazana bilmədi. İndi 2003-cü ildən sonra bizim kürd qardaşlarımız qalxıb Kərkük üzərində haqq sahibi olduqlarını iddia etsələr, bu çox ayıb olar. Məgər biz bu günə qədər Süleymaniyyə və Dohok üzərində hər hansı bir haqqa iddia etdikmi? Xeyr, çünki oralar kürd bölgəsidir. Biz türkmənlər Kərkükdə ərəblərlə, kürdlərlə və xristianlarla qardaş kimi yaşamaq istəyirik.

- İraq türkmənlərinin, əslində, azərbaycanlılar olduğu iddia edilir. Bununla bağlı sizin düşüncələriniz necədir?

- Yuxarıda dediyim kimi, İraq türkləri Orta Asiyadan və Azərbaycandan İraqın Bəsrə şəhərinə köç etmişlər. Bunu mən demirəm, tarix söyləyir. Bir də Azərbaycanın ümummilli lideri, mərhum Heydər Əliyevin bu mövzuyla əlaqədar bir sözünü  xatırlatmaq istəyirəm: "Tarixi araşdırarkən gördüm ki, Şimali  Azərbaycandakı, Cənubi Azərbaycandakı və İraqdakı soydaşlarımız bir bütövün parçalarıdır". Düşünürəm ki, bu sözləri bilməyən adam yoxdur. Bu məzmunda özübir, sözübir, soyubir millət olaraq, bizlər də özümüzü özbəöz azərbaycanlı sayırıq. Azərbaycan bizim ikinci Vətənimizdir. 

- Demək olarmı ki, İraqda Səddam Hüseyn rejiminin devrilməsi ilə demokratiya yarandı?

- Bəli, "35 il hökm edən diqtə rejimi yox oldu" deyə bilərik. Amma 2003-cü ildən  sonra İraqda qurulan hökumətlər xalqın ümidlərinə uyğun gəlmir. ABŞ-ın qurtarıcı deyil, işğalçı mövqeyə keçməsi üzündən İraqa azadlıq, demokratiya gətirəcəyi bəhanəsiylə İraqı işğal edən bu zehniyyət  ölkəmizə məzhəb qarşıdurması, ölüm və qorxu gətirdi. Amma hərdən, bəziləri Səddam rejiminin dönməsini də istəyir. Bu da çox acı bir şeydir. 

- İndi nə baş verir? İraq iraqlılara məxsusdur, yoxsa ABŞ-ın nəzarəti hələ də bu dövlətin müstəqil fəaliyyətinə maneələr yaradır?

- İraq, əvvəlki İraq deyil, İraqı bu anda ABŞ və İran idarə edir. Əslində, İraqda İran - ABŞ qovğası var. Şiə-sünni qarşıdurması və arada qalan türkmənlər. Çünki kürdlər öz bölgələrinə hakimdir. Türkmanlar üçün isə xüsusi bir bölgə yoxdur ki, tək başlarına bir federal dövlət və ya muxtar bölgə elan etsinlər. Türkmanlar kürd, ərəb, şiə və sünni bölgələrində yaşamaqdadırlar. Tək Telafer mahalı vardır ki,  əhalisi 500 mindir. O, İraq - Suriya - Türkiyə üçbucağında strateji bir mövqeyə  malikdir. Amma çox təəssüf ki,  şiə-sünni qarşıdurması bu qardaşlığı zaman-zaman pozmaqdadır. İraqın nefti hara gedir, bunu kim bilir? Yeraltı zənginliklərimizə hakim olan bir güc, əlbəttə ki, dövlətə də hakimdir. Bu bir üzüntüdür, amma gerçəklikdir...

- Səddam Hüseyn dönəmində Kərkükdən 11800 kürd çıxarılmışdı, lakin Səddam rejimi dağılandan sonra ora "vətənə qayıdış" adıyla minlərlə kürd gətirildi. Bu cəhdlərin kökündə nə durur?

- Bu suala yuxarıda, qismən də olsa, cavab verdim. Kərkükü bir kürd şəhərinə çevirməyə çalışırlar. 700 min kürdü gətirib Kərkükə yerləşdirmək nə deməkdir? 

Əlbəttə ki, kimlik dəyişdirilməsidir. Təsəvvür edin, Ərbil və Süleymaniyyədə hamilə qalan kürd qadınları gəlib Kərkükdə uşaq doğurlar... Kərkükdə özbaşına tutduqları ev, torpaq və hökumət obyektlərindən çıxmaq üçün onlara pul verilməsi nə deməkdir?  Bunun arxasında nə durur? Yəni dəqiq olaraq, Kərkükü bir kürd şəhəri elan etmək və nəticədə, ölkənin şimal bölgəsinə birləşdirilməsini təmin etməkdir.

- İraq Konstitusiyasına əsasən, Kərkükün taleyinə aydınlıq gətirən referendum keçirilməliydi. Bu referendum niyə keçirilmədi və onun kökündə nə durur?

- İraq Konstitusiyasına görə, hər vilayətin xalqı istəsə, başqa 3 vilayət ilə birlikdə bir əyalət qura bilər. Ancaq bu da referendum ilə reallaşar. Xüsusilə də, İraqdakı mübahisəli bölgələrdə. Bu mübahisəli bölgələr nədir?  Səddam dövründə bir vilayətdən zorla köç etdirilən və ya əlindən evi, torpaq sahəsi, malı və mülkü alınanlar, 2003-cü ildən sonra geri qayıtmaq hüququ aldılar. Belə bölgələrə münaqişəli bölgələr deyilir. Mülkiyyət problemlərini həll etmək üçün İraq Konstitusiyasına 140-cı maddə əlavə edildi. Onu 3 mərhələdə reallaşdırmaq  lazım idi: köç edənlərin evləri və torpaq sahələri qaytarılmalı, siyahıyaalma  aparılmalı və  nəhayət, referendum keçirilməli idi. Bu maddələri tətbiq etmək üçün bəzi komissiyalar quruldu.

Bax, onda Kərkük şəhəri İraqda mübahisəli bölgələrdən biri olaraq diqqət mərkəzinə çevrildi... Səddam dövründə yüzlərlə türkmən və kürd şəhərdən köç etdirilərək sürgünə göndərildi. Türkmənlərin əkin əraziləri əllərindən alınıb ərəblərə verildi. Bu mövzuda 41 min iddia müraciəti edilib. Komissiya ancaq 6 min iddianı çözə bilib. 2003-cü ildən sonra Kərkükə yerləşdirilən 700 min  kürdün Kərkükdən çıxarılması barədə iddialara baxılmadı. "Normallaşdırma" müddəti bitdi, amma 35 min  iddia həll edilməmiş qaldı. 

Bu səbəbdən də siyahıyaalma  aparıla bilmədi. Çünki kimin Kərkükdə qalacağı, kimin çıxacağı müəyyən olunmadı. Siyahıyaalma aparılmayınca, referendum keçirmək də mümkün olmadı. Beləliklə, konstitusiyanın bu maddəsi ölü doğuldu. 

- Ümumiyyətlə, nə vaxtsa İraq ərazisində Kürdüstan dövləti olacaqmı?

- Hələlik qeyri-rəsmi olaraq dövlət kimidir. Başçısı, baş naziri, parlamenti, nazirləri, mərkəzi bankı və dövləti meydana gətirən bütün ünsürləri mövcuddur. Ancaq elan edilməsi, bölgədə çox çətinliklərə gətirib çıxarar. Orta Şərq hələlik belə bir quruluşa hazır deyil.

- Suriyadakı vəziyyət barədə nə deyə bilərsiniz? Oxşar hadisələrin növbəti dalğası hansı ölkədə görünür? Suriya qonşuları olan İran və Türkiyə ilə bağlı proqnozlarınız necədir?

- Suriya məsələsinə gəlincə, "Əsəd rejimi tamamilə bitdi" deyə bilərik. Bir ölkənin baş naziri, nazirləri, ordusu, dövlətin bütün sistemləri çökmüşsə, o ölkənin ayaqüstə qalması mümkün deyil.  2013-cü ilə qədər yeni bir Suriya dövləti görəcəyik. ABŞ İraqdan sonra Suriyaya işarə etmişdi. Biz iraqlılar  bunu görürdük. İndi də bir bölgə mütəxəssisi olaraq deyirəm ki, sırada İrandır. Çünki Yaxın Şərq yenidən şəkillənir. "Dünyanın xəritəsi yenidən çəkilir" deyə bilərəm.


MƏSLƏHƏT GÖR:

749