Müəllif: Rizvan HÜSEYNOV Bakı
Ermənistan və bütünlükdə erməni cəmiyyəti, deyəsən qədim erməni tarixinin ideoloji matrisasının çoxsaylı faktlar, arxiv materialları, qədim mənbələri qarşısında çat verməyə başlamasından son dərəcə narahatdır. Söhbət ermənilərin köçürülməsi, tarixi, mənşəyi və ilk yurdları ilə bağlı tamamilə başqa məqamları üzə çıxaran faktlardan gedir.
Erməni tərəfinin narahatlığı və əndişələnməsi Azərbaycanda Prezident Administrasiyasının sektor müdiri, politoloq Fuad Axundov tərəfindən yazılmış "Saxtakarlıqları ifşa edənlər" adlı kitabının birinci cildinin çapından sonra başlayıb. Məsələ ondadır ki, kitabda ermənilərin yalan tarix elminin əsas postulatlarını ifşa edən 150-dək əcnəbi alimin tədqiqatları və fikirləri toplanıb. Bundan başqa, kitabda 20-dən artıq erməni aliminin də elmi materialları və məqalələri yer alıb. Onlar ermənilərin Cənubi Qafqaza, Qarabağa və Azərbaycanın digər ərazilərinə gəlmə olduqlarını sübut edir. Yəni, "Saxtakarlıqları ifşa edənlər" kitabı elə erməni alimlərin öz dillərilə erməni ideoloji maşınının bütün yalan postulatlarını təkzib edir. Əlbəttə ki, bu nəşr erməni KİV və tarixçilərinin hiddətdolu hücumlarına səbəb olmaya bilməzdi. Onlar ermənilərin Cənubi Qafqazda qədim və yerli xalq olduğuna dair yalanları ifşa edən Qərb, Rusiya və öz erməni alimlərini "erməni xalqının düşməni" elan etməyə başlayıblar. İlk hücumlar isə hələ F.Axundovun İrəvanın mərkəzindəki Azərbaycan memarlığının incisi, orta əsrlərə aid olan İrəvanqalanın erməni hakimiyyəti tərəfindən bilərəkdən məhv edildiyinə dair ciddi sübutlar və faktları ortaya qoyduğu zaman başlamışdı.
Azərbaycan tərəfinin sözləri rusiyalı memar, Moskva Beynəlxalq Memarlıq Akademiyasının professoru Andrey İvanovun silsilə məqalələriilə də təsdiqini tapıb. O, öz məqalələrində dəfələrlə qədim, müsəlman, türk İrəvanının məhv edilməsindən gileylənib. Amma Azərbaycan tərəfi onun fikirlərindən sitat gətirdikdən dərhal sonra, İvanov qəflətən, güman ki, erməni tərəfinin təzyiqi ilə fikirlərinin bəzilərindən imtina etməyə, Fuad Axundovun ünvanına tənqidlər səsləndirməyə başladı. O, "Qədim İrəvanın ağ ləkələri" adlı materialda erməniləri açıq şəkildə F.Axundovun təqdim etdiyi faktlara müxtəlif səviyyələrdə ciddi reaksiya verməyə çağırır: "Bu insanın (F.Axundovun - "R+") təbliğat sahəsində yüksək fəallığını nəzərə alaraq (onun bu yaxınlarda dərc edilmiş məqalələrinin bəzilərinin başlıqları: "Məqsədimiz dünya ictimaiyyətinə ermənilərin Qafqaza gəlmə olduqlarını sübut etməkdir", "Mövcud olmamış ölkə... Qafqazda Ermənistan?", "Ermənistan - açıq səma altında Azərbaycan sivilizasiyasının soyqırımı muzeyi") erməni alim və politoloqlarının alternativ fəaliyyətini görmək istərdik. Aydındır ki, elementar saxtakarlıqları təkzib etmək, boş-boşuna vaxt itirməkdir. Amma bəlkə erməni həmkarlarımız qonşu dövlətin təbliğat maşınının gücünü yetərincə qiymətləndirmir? Dünyada Ermənistan və Cənubi Qafqaz tarixinin incəliklərindən başı çıxan insanların sayı o qədər də çox deyil. Fuad Axundov da buna arxalanır. İstənilən halda, tarixi həqiqətdən asılı olmayaraq, bu polemikada daha çox və ucadan qışqıranlar qalib gələcək".
Yəni, A.İvanov faktik olaraq erməni tərəfini birləşməyə, Azərbaycanın və F.Axundovun təqdim etdiyi arqument və faktlara birgə etiraz etməyə çağırır.
Bunun ardınca ermənilərin Fuad Axundova hücumlarının yer aldığı çoxsaylı materialları dərc olunmağa başlayıb. Bu məqalələrdə əsas məqsəd yalançı "qədim erməni İrəvanı"nı "xilas etmək"dir. Saxtakarlığın qızğın çağında, məsələn, erməni memar Marietta Qasparyan (memarlıq doktoru - əslində, düşünmək olardı ki, söhbət ciddi peşəyə sahib şəxsdən gedir) "Qədim Ermənistan paytaxtında qədim erməni şəhəri" adlı məqaləsində Fuad Axundova və erevangala500.com <http://erevangala500.com/> layihəsinə opponentlik etməyə çalışıb. Amma bu, onda uşaq, ibtidai insan səviyyəsində alınıb. Əslində, özünü tarixçi kimi göstərməyə çalışan memardan nə gözləmək olardı? Onun erməni "tarix elminin dahiləri"nə istinadla ermənilərin hazırkı Ermənistan ərazisində 14 000 il əvvəl yaşadıqlarına dair iddiası nəyə desən "dəyər"!!! Göründüyü kimi, erməni saxtakarlıqları həsədaparacaq sürətlə "qədimləşir" və bu zaman onlar adi məktəbliyə də yaxşı məlum olan tarix haqda elementar bilikləri belə nəzərə almırlar.
Daha sonra Ermənistanın Azərbaycan torpağı olan Erivan xanlığının ərazisində yaradıldığını əsaslı şəkildə sübut edən Fuad Axundov və Azərbaycan tərəfinə hansısa Ermənistan siyasi elmlər assosiasiyasının prezidenti, siyasi elmlər doktoru Qayk Kotancyan hücum çəkməyə başlayıb. Azərbaycan tərəfinin təqdim etdiyi çoxsaylı tarixi faktlara, xarici arxiv materialları və əlyazmalara qarşı heç bir əks-arqument ortaya qoya bilməyən Kotancyan F.Axundovu və Azərbaycanı, sadəcə, Ermənistana qarşı "təxribatçılıqda" ittiham etmək qərarına gəlib. Yəni, Kotancyanın fikrincə, yalançı və saxtakarı iş başında tutmaq artıq "təxribat" adlanır.
Nəticədə, Ermənistan və Rusiya KİV-də saysız-hesabsız materiallar dərc olunmağa başlayıb. Materialların müəllifləri əsasən tarixə aidiyyəti olmayan, başqa sahələrin insanlarıdır. Onlar qəzəblə İrəvanın "qədim Ermənistan"a məxsusluğunu, orta əsrlərə aid müsəlman İrəvanının farslara, türklərə və kürdlərə - vaxtilə onu tikmiş azərbaycanlılardan başqa kimə desən aid olduğunu sübut etməyə çalışırlar. Sonda görünür, arqumentlərinin zəifliyi və qeyri-elmi olduğunu görən erməni elminin "simaları" bu qənaətə gəlib ki, erməni təbliğat konveyerini yenidən qurmağın vaxtıdır.
Ermənistan elmi dairələrində bu sahədə narahatlığın yarandığını xüsusilə iyunun 28-29-da Ermənistanda və işğal altındakı Dağlıq Qarabağda "Ermənistan yaylasının mədəni irsi" adlı beynəlxalq elmi konfrans da nümayiş etdirib. Qeyd edək ki, tədbir Ermənistan milli elmlər akademiyasının tarix, memarlıq vəincəsənət institutları, İrəvan dövlət universiteti və heç kimin tanımadığı separatçı "DQR"in "dövlət universiteti" tərəfindən təşkil olunmuşdu.
Diqqətimizi yalnız konfransın adı deyil, orada müzakirə olunan mövzular, həmçinin ermənilərin elmdən tutmuş,siyasətədək sahələrini əhatə edən "böyük xadimlər"in qəbul etdiyi yekun sənəd çəkib.
Əvvəlcə İrəvanda başlanmış, sonradan işğal altındakı Xankəndidə davam etdirilmiş konfransda çıxış edən "DQR" milli şurasının rəhbəri Aşot Qulyan maraqlı tezislər səsləndirib. Həmin tezislər yaxın illərdə erməni saxtakarlığının miqyasının və çərçivəsinin görünməmiş miqyas alacağını söyləməyimizə əsas verir.
A.Qulyan deyib: "Artsax (Dağlıq Qarabağ) tarixi-coğrafi və tarixi-hüquqi nöqteyi-nəzərdən, şübhəsiz ki, Ermənistan yaylasının ayrılmaz hissəsidir və onun bütün sərvəti - torpağı, təbiəti, yeraltı sərvətləri, tarixi-mədəni dəyərləri qeyd-şərtsiz erməni xalqına məxsusdur". Yəni, erməni saxtakarlarının bu konfransının statusuna uyğun olaraq, tədbir A.Qulyanın səsləndirdiyi bayağı yalan və iftira ilə başlayıb. Halbuki istənilən məktəbli belə bilir ki, Ermənistan yaylası Kiçik Asiyada yerləşir və onun Kiçik Qafqaz sıra dağlarının cənub-şərq hissəsində yerləşən Qarabağa heç bir "tarixi-coğrafi" aidiyyəti ola bilməz. Qulyan və onun saxtakarlar komandası, hətta regionun fiziki xəritəsini belə qəbul etmirlərsə, onda bu mxitaristlərin tarix elmində hansı fəndlər işlətməyə hazırlaşdıqları aydındır!
Xatırladaq ki, mxitaristlər 1701-ci ildə keşiş Mxitar Sebastasi tərəfindən yaradılmış erməni kilsə xadimləri birliyinin üzvlərinə deyilirdi. Onlar Venesiya yaxınlığındakı San-Ladzaro (Müqəddəs Lazar) adasındakı katolik kilsədə özlərinə yer edərək tarixi saxtalaşdırmaqla məşğul olublar.
Sonradan təşkilatın bir hissəsi Vyanaya köçüb və hazırda da orada yerləşir. Mxitaristlərin əsas vəzifəsi qədim kitabların yenidən yazılması, erməni tarixinin və çoxsaylı kompilyasiyaların yaradılması, saxtakarlıq, antik müəlliflərin əsərlərindən onların qədim erməni əsərləri kimi təqdim olunması üçün ilkin mənbəni göstərmədən sitatların götürülərək istifadəsi idi. Mxitaristlərin fəaliyyəti, əsasən, Yaxın Şərqdə Vatikanın nüfuzunun möhkəmlənməsinə xidmət edirdi.
Sonradan "yeni mxitarist" A.Qulyan erməni saxtakarlığının yeni erasına maraqlı izah tapıb: "Bəzi qonşularımız tərəfindən tarixi-mədəni sahədə erməni xalqına qarşı aparılmış və hazırda davam etdirilən informasiya müharibəsini nəzərə alsaq, öz keçmişini bilmə, daha doğrusu, özünüdərk prosesi son dərəcə vacib əhəmiyyət daşıyır". Yəni, sən demə, yenə də günah ermənilərin çox iztirab çəkmiş alimlərini saxtakarlığa, bütün dünyaya yalan danışmağa vadar edən "pis qonşular"dadır (azərbaycanlılar, gürcülər, türklər)!
Həmin "yeni mxitarist" konfransı ilə bağlı bundan heç də az valehedici olmayan tədbirdə iştirak etmiş Ermənistan milli elmlər akademiyasının prezidenti Radik Martirosyanın ağzından da dürr tökülüb. O, yerli KİV-ə konfransın yekunu ilə bağlı verdiyi müsahibədə bildirib ki, tədbirin məqsədi "ermənişünaslıqda zamanın diktəsinə uyğun əsas proqramların hazırlanması" olub. Yəni, ermənilərin baş alimi açıq şəkildə etiraf edir ki, köhnə erməni tarixi-ideoloji maşınının fasadı çat verir və o, "XXI əsrin çağırışları" nəzərə alınaraq yenilənməlidir.
Daha aydın desək, artıq erməni nağılları ilə dünyanı Qafqazda, Kiçik Asiyada "qədim erməni" mədəniyyətinin mövcudluğuna inandırmağın mümkün olduğu dövr bitib. Çünki indi istənilən şəxs, hətta İnternet vasitəsilə ermənilərin tarixi uydurmalarını inkar edən saysız-hesabsız mənbə və əsər tapa bilər.
R.Martirosyanın fikrincə, "qonşularımızın, həmçinin onların pulunu ödədikləri muzdlu psevdoalimlərin Artsaxın, Naxicevanın, Cavaxkın və Qərbi Ermənistanın tarixinin təhrifinə, saxtalaşdırılmasına çalışdıqları dövrdə" sözügedən konfransın keçirilməsi son dərəcə vacib idi. Oppa! Ermənistanın baş alimi ermənilərin Azərbaycan, Gürcüstan və Türkiyəyə qarşı uzağa gedən eksansionist planlarını açıq şəkildə bəyan edir. Dünya ictimaiyyəti bundan birmənalı olaraq belə nəticəyə gəlməlidir ki, dünya erməniliyi yenidən qonşu dövlətlərin ərazisini işğal etmək planı üzərində düşünür. Belə olan təqdirdə, Azərbaycan, Gürcüstan və Türkiyə nə etməlidir? Əlbəttə ki, onlar elmi-tarixi sahədə birləşərək, faktlar və mənbələr əsasında erməni "yeni mxitarsitlər"inin bu təcavüzkar niyyətini darmadağın etməlidir.
Konfransda erməni alimlər "Türkiyə və Azərbaycanın, həmçinin, bir sıra digər siyasi qüvvələrin erməni xalqının, onun mədəni nailiyyətlərinin tarixini saxtalaşdırmaq üçün həm də elmi tədqiqatlar sahəsində məqsədyönlü siyasət yürütdüyündən" şikayətləniblər.
Erməni "yeni mxitaristlər"i Qərb alimlərini də yaddan çıxarmayıb: "Antierməni fəaliyyətinə cəlb olunmuş Qərbi Avropa və Amerika elmi mərkəzləri açıq şəkildə siyasi sifariş yerinə yetirir. Ermənilərin mədəni nailiyyətlərinin digər xalqların adına yazılmasına cəhdlər edilir".
Əla! Demək, Qərb və Şərq, Şimali və Cənub erməni xalqı, uzun illər tarixi insafsızcasına saxtalaşdıran, başqalarının tarixi və mədəniyyətini ermənilərin adına yazmış erməni dələduzları qarşısında günahkar imiş? Erməni alimləri bütün dünyanın onların qarşısında günahkar olduğunu deyirsə, ermənilərin elminə cəsarətlə ağır psixi pozğunluq diaqnozu qoymaq olar. Erməni alimləri tarixi yalanlarının Qərb antropoloqları, memarları və genetiklərinin əldə etdiyi nəticələr qarşısında gücsüz olmasından hirslənir. Həmin qərbli alimlər isə birağızdan bəyan edir ki, Kiçik Asiya və Qafqazda qədim xalq türklərdir. Yəni regiona ayrı-ayrı dövrlərdə köçürülmüş ermənilərdən fərqli olaraq, türklər buranın köklü xalqıdır. Axı türklərin Qafqaz və Kiçik Asiyaya "hamıdan sonra" köçürüldüyünə dair yalan fərziyyə ermənilərin qonşu xalqlar və dövlətlərin ərazisinə iddia etməsinə əsas verən tarixi və ideoloji cəfəngiyyat "elm"idir. İndi isə bu "elm" 2 əsr əvvəl "Altaydan köçəri olan türklər" haqda ən yalançı konsepsiyanı irəli sürmüş Avropa elminin özü tərəfindən aradan qaldırılır. Nəticədə ermənilər özlərinin "dünya tarixi və mədəniyyətində ermənilərin böyük mədəni rolu" kimi yalan tarixi-ideoloji konsepsiyalarını xilas etmək üçün yeni nağıllar uydurmaq məcburiyyətində qalıb.
Avropa elminin bu yeni tədqiqatları fonunda "gəlmə türklər" kimi yalan fərziyyə darmadağın olur (bu zaman biz qitədə nəhəng miqrasiya proseslərini, onun nəticəsində türklər və digər xalqların, həmçinin ermənilərin ayrı-ayrı vaxtlarda Qafqaza və Kiçik Asiyaya köçürülməsini qətiyyən təkzib etmirik). Yəni, türklər ta qədimdən bu regionda yaşayıb, eyni zamanda, ayrı-ayrı dövrlərdə Asiya qitəsinin şərqindən və Şimalından buraya türk xalqları köçürülüb.
"Yeni mxitaristlər"in konfransının sonunda qəbul olunmuş qətnamədəki ən maraqlı məqamsa "ermənilərin mədəni rolunun təsdiqinin saxtalaşdırmaya ehtiyacı yoxdur" postulatıdır. Aha! Demək, indiyədək erməni KİV, alimləri və müxtəlif siyasətçiləri Qafqaz və Asiyada "qədim erməni" izi ilə bağlı hər şeyi saxtalaşdırıblarmış?! Erməni "yeni mxitaristlər"inin bu fenomenal və səmimi etirafını yalnız alqışlamaq olar.
İndisə ermənilərin yalançı tarix elminin görkəmli nümayəndələrinin belə təlaşa düşməsi haqda daha bir neçə kəlmə. Şübhəsiz ki, bunun əsas səbəbi Azərbaycanın erməni tarixi yalanlarının orta əsrlərə aid əlyazmalardakı sitatlar, arxiv materialları və qədim mənbələr hesabına ifşası istiqamətindəki məqsədyönlü siyasətidir. Bütün bu faktlar yalançı "qədim erməni" postulatlarını inkar edir. Erməni yeni mxitaristlərinin səfərbər olmasına Azərbaycan KİV və ictimai-siyasi xadimlərinin səbəb olduqlarını söyləmək üçün bir neçə ciddi əsasımız da var. Xüsusilə yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan Prezident Administrasiyasının sektor müdiri, politoloq Fuad Axundovun müəllifi olduğu "Saxtakarlıqları ifşa edənlər" kitabının ilk cildinin işıq üzü görməsi ermənilərin qanını əməlli-başlı qaraldıb. İrəvan və Xankəndidə keçirilmiş konfransla bağlı "Ermənistanın səsi" qəzetində dərc olunmuş məqalənin "Saxtakarlar cavabını alacaq" başlığı ilə verilməsi də məhz buna görə idi. Bu, Azərbaycanda nəşr olunmuş "Saxtakarlıqları ifşa edənlər" kitabında fikirləri yer almış xarici alimlərə özünəməxsus "erməni cavabı"dır.
Erməni saxtakarları üçün daha bir tikan Azer-Globe İctimai-Siyasi Tədqiqatlar İnstitutu yanında Qafqaz Tarixi Mərkəzinin layihələri, xüsusilə erevangala500.com <http://erevangala500.com/> saytının yaradılması olub. Saytda ermənilərin Azərbaycanın İrəvan xanlığına sonradan köçürüldüyü, erməni hakimiyyətinin Azərbaycanın qədim şəhəri İrəvanı məqsədli şəkildə dağıtdığı, hazırda yenişəhər İrəvanın məhz onun yerində qurulduğu sübut olunur. Erməni tərəfindən xüsusi qıcıq və narahatlığa səbəb olan isə Azer-Globe İctimai-Siyasi Tədqiqatlar İnstitutu yanındda Qafqaz Tarixi Mərkəzinin erməniəsilli tarixçi İ.A.Orbelinin 1919-cu ildə Petroqradda nəşr edilmiş və son zamanlaradək itmiş hesab olunan "Qanzasar və Avaptuk yazıları" əsərini tapıb üzə çıxarmasıdır. Bu əsərdə Dağlıq Qarabağdakı Qanzasar Monastır Kompleksi üzərindəki və ətrafındakı çox qiymətli yazılar toplanıb. Orada bu abidənin alban tarixi-memarlıq irsinin və Alban avtokefal kilsəsinin bir hissəsi olduğuöz sübutunu tapır. Demək, o, ermənilərə aid deyil.
İyunun 29-da keçirilmiş konfrans iştirakçılarının məhz Gəncəsar kilsəsini ziyarət etmələri də təsadüf deyildi. Çünki indi onlar abidənin erməni irsinə aid olduğuna dair yalanlarını xilas etmək üçün çox salışmalı olacaqlar. Bunun fonunda abidənin üzərindəki alban yazılarının məhv və saxtalaşdırılma təhlükəsi qarşısında olduğunu söyləmək də şişirtmə olmazdı - erməni yalançılarını başqa xalqların mədəni-tarixi irsini mənimsəməkdən heç nə saxlaya bilməz.
Yekunda qeyd edək ki, ermənilərin yalan tarixi-ideoloji konsepsiyasının zəif yerini tapmış Azərbaycan elmi və KİV erməni saxtakarlığını təkzib edən xüsusilə arxiv materialları və əlyazmalarla bağlı tədqiqat cəbhəsini daha da genişləndirməlidir. Lakin bu tədqiqatlara əcnəbi alimlərin, xarici KİV-in diqqətinin və elm ictimaiyyətinin cəlb olunması da vacibdir. Bu, regionumuzun tarixi haqda həqiqətləri və erməni saxtakarlıqlarını dünyanın müxtəlif nöqtələrinə çatdırmağa kömək edəcək.
"Ermənistanın səsi":
"Əvvəllər heç vaxt bu mövzuda elmi konfranslar keçirilməyib. Ermənişünaslığın müxtəlif sahələrini öyrənən həm Ermənistandan, həm də digər ölkələrdən olan alimlərin erməni xalqının mədəni irsi ilə bağlı məsələləri birgə müzakirə etməsinə, onun mənəvi və maddi mədəniyyətinin inkişafında əsas tendensiyaları üzə çıxarmalarına ehtiyac yaranıb".
MƏSLƏHƏT GÖR: