Müəllif: Sənan ŞƏFİZADƏ Bakı
2014-cü ilin ən böyük şahmat hadisəsi, sözsüz ki, Norveçdə keçirilən Olimpiada ilə bağlıdır. 178 ölkənin iştirak etdiyi mötəbər yarışda kişi və qadın şahmatçıların yığmaları 11 tur ərzində ən güclünü müəyyənləşdirəcək.
Tromsedə keçirilən Olimpiadada Rusiya, Ukrayna, ABŞ, Norveç kimi komandalar favorit sayılır. Dünya çempionu Maqnus Karlsen, tanınmış şahmatçılar Vladimir Kramnik, Sergey Karyakin, Hikaru Nakamura, Veselin Topalovun Olimpiadada iştirakı yarışa əlavə nüfuz verir. Qeyd edək ki, Şahmat Olimpiadasının yüksək səviyyədə keçirilməsi Tromse şəhəri üçün bir sıra çətinliklər yaradıb. Şəhər meri təşkilati işləri həll etməkdən ötrü dövlətdən əlavə maliyyə istəyib. Tromsedə otellərin az olması ciddi problemlərə səbəb olub. Nəticədə, turnirin hakimlərini şəhərdən 70 km aralıda yerləşdirmək qərara alınıb. Bəzi yığma komandalar oteldə yer olmadığından, xüsusi gəmilərdə yaşayacaq.
Reytinqə görə 8-ci olan kişi şahmatçılardan ibarət Azərbaycan millisi hər zaman olduğu kimi, bu dəfə də səfərə böyük ümidlərlə yollanıb. Ötən il komandaların yarışında Avropa çempionluğunun sevincini yaşayan şahmatçılarımız Tromsedən medalla qayıtmaq arzusundadır. Millimizin kapitanı Aleksandr Xalifmanın sözlərinə görə, İsmayıllı və Qaxda keçirilən hazırlıqdan sonra, yığma Norveçə yaxşı əhval-ruhiyyədə yollanıb: "Şahmatçıların vəziyyəti yaxşıdır. Komandanın hər bir üzvünə böyük ümidim var. Yarışdan əvvəl proqnoz verməyi sevmirəm. Amma Azərbaycana medalla qayıtmaq istəyirik".
Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Qədir Hüseynov, Rauf Məmmədov, Eltac Səfərlidən ibarət yığmamız Norveçdə rəqibləri təəccübləndirmək fikrindədir. Xalifman onları reytinqə görə deyil, öz taktikasına görə sınamaq barədə düşünür. Reytinqə görə ilk lövhədə Şəhriyar Məmmədyarov oynamalı olsa da, 1-ci lövhə Qədir Hüseynova tapşırılıb. Məmmədyarov ikinci, Teymur Rəcəbov isə 4-cü taxtada çıxış edəcək. Xalifmanın seçimi bir qədər risklidir. Məmmədyarovla Rəcəbov müvafiq olaraq 2 və 4-cü lövhələrdə uğur qazana bilər. Amma stabil oynamayan Qədirə ən güclülərə qarşı şans vermək özünü doğrultmaya bilər.
Yığma üzvlərinin hazırkı vəziyyəti o qədər ürəkaçan deyil. Şəmkir turnirində fiaskoya uğrayan Şəhriyar Məmmədyarov son 2 ayda istirahət edib. Onun hansı idman formasında olması heç kimə məlum deyil. Şəmkirdə qənaətbəxş çıxış edən Teymur Rəcəbov son 2 ayda heç bir yarışda iştirak etməməklə praktikadan əziyyət çəkir. Qədir Hüseynov, Rauf Məmmədov və Eltac Səfərli müxtəlif kiçik kateqoriyalı yarışlarda iştirak etməklə təcrübə toplayıb. Etiraf etmək lazımdır ki, çempion olmaq şanslarımız real görünmür. Ən yaxşı halda, komandamız mükafatçılar sırasında yer ala bilər.
Şəhriyar Məmmədyarov Olimpiadadakı hədəflər barədə "R+"a açıqlama verib: "Təəssüf ki, indiyə qədər millimiz Olimpiadada medal qazanmayıb. Nədənsə, bəzən uğurlu başlasaq da, sonradan yaxşı başa vurmamışıq. Bu dəfə Azərbaycan millisi reytinqə görə 8-ci komandadır. Sözsüz ki, bizi çətin mübarizə gözləyir. Bütün rəqiblər əsas heyətlə yarışacaq. Bununla belə, uğurlu çıxış edəcəyimizə ümidimiz var. İlk üçlükdən başqa digər yerlər mənim üçün uğurlu sayılmayacaq. Azərbaycan millisi uzun müddətdir Avropa çempionatlarında uğurla çıxış edir. Ötən il qitə birinciliyində Avropa çempionu olduq. Olimpiadaya hazırkı Avropa çempionu kimi yollanırıq. Bizimlə görüşə xüsusi hazırlaşacaqlar. Bu mənada hər bir görüşə qələbə üçün çıxacağıq. Proqnoz vermək çətindir. Amma biz həm də Vüqar Həşimovun (millinin ağır xəstəlikdən vəfat etmiş keçmiş üzvü) arzusunu reallaşdırmaq istəyirik. Biz də onun arzusunu həyata keçirmək istərdik. Norveçdə həm də Vüqar üçün mübarizə aparacağıq. O, hər zaman bizimlədir".
İndiyə qədər şahmat olimpiadalarında medal qazana bilməməyimizə səbəb 11 turluq mübarizəyə hazır olmamağımızdır. Komandamız yarışa yaxşı başlasa da, həmişə son turlarda liderlərə qarşı oyunda ciddi səhvlərə yol verir. Bu da yekunda şahmatçılarımızı mükafatdan məhrum edir.
Kişi şahmatçılardan fərqli olaraq, qadın yığmamızın hədəfləri tam başqadır. Fikrət Sideyifzadənin kapitanı olduğu qadınlardan ibarət yığmada Zeynəb və Türkan Məmmədyarovalar, Gülnar Məmmədova, Xəyalə Abdulla və Səbinə İbrahimova çıxış edəcəklər. Zərif cinsin nümayəndələri yekun nəticədə ilk onluqda qərarlaşsalar, bu artıq onlar üçün uğur sayılacaq.
Son illər qadın şahmatında yeni adların olmaması rəqabətsizliyə səbəb olub. Məhz bu səbəbdən bir neçə ildir ki, qadın şahmatçılarımızın oyununda irəliləyiş yoxdur. Ona görə xanımlardan sürpriz nəticə gözləməkdən başqa çarəmiz yoxdur.
Mötəbər yarışda Azərbaycan həm də 10 hakimlə təmsil olunacaq. İki il sonra Bakı Olimpiadasında iştirak edəcək ədalət təmsilçiləri üçün Tromsedəki yarış təcrübə toplamaq baxımından çox vacib sayılır.
Tromsedə Şahmat Olimpiadası zamanı həm də Beynəlxalq Şahmat Federasiyası və Avropa Şahmat İttifaqına prezident seçkiləri keçiriləcək. Azərbaycan Şahmat Federasiyasından verilən məlumata görə, ölkəmiz seçkilərdə müvafiq olaraq hazırkı prezident Kirsan İlümjinov və millimizin sabiq kapitanı Zurab Azmayparaşvilini dəstəkləyəcək.
Avqustun 12-də Tromsedə Azərbaycan günü keçiriləcək. Tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov, baş nazirin müavini Yaqub Eyyubov, AŞF-nin vitse-prezidenti Mahir Məmmədov iştirak edəcək. Yarış zamanı zalın yaxınlığında Azərbaycan bölməsində ölkəmiz haqda ətraflı məlumat veriləcək. Qeyd edək ki, növbəti Şahmat Olimpiadası 2016-cı ildə Bakıda keçiriləcək. Bununla əlaqədar Tromsedəki turnirin bağlanış mərasimində Şahmat Olimpiadasının bayrağı Azərbaycan nümayəndə heyətinə təqdim olunacaq. Ölkəmiz mötəbər turniri 2016-cı ilin sentyabrında "Cristall Hall"da keçirməyi planlaşdırır. 2 il sonra baş tutacaq Şahmat Olimpiadasında 200-ə yaxın ölkənin təmsil olunacağı gözlənilir.
MƏSLƏHƏT GÖR: