Müəllif: Nadir XOSROVOĞLU Bakı
Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsi keçirilib. Reqlamentə əsasən il ərzində keçirilən 3 Qran-Prinin qalib güləşçiləri Bakıda final mərhələsində medallar uğrunda yarışıb. Mötəbər yarışda Avropanın əksər ölkələrinin titullu pəhləvanları mübarizə aparıb.
Sərbəst güləş üzrə yarışda Azərbaycan idmançıları 3 qızıl, 3 gümüş və 7 bürünc medalla yarış gününü başa vurub. Qızıl medalları yığmamıza Hacı Əliyev (61 kq), Cəbrayıl Həsənov (74 kq) və Xetaq Qazyumov (97 kq) qazandırıb. Əhmədnəbi Qvarzatilov (57 kq), Məhəmməd Müslümov (65 kq) və Emin Əzizov (70 kq) yalnız finalda məğlub olaraq gümüş medalla kifayətlənib. Bürünc medalları isə yığmamıza Yaşar Əliyev, Mahmud Məhəmmədov (hər ikisi 57 kq), Ağahüseyn Mustafayev (65 kq), Ruslan Dibirhacıyev, Hacımurad Ömərov (hər ikisi 70 kq), Aleksandr Qostiyev (86 kq) və Aslan Dzebişov (125 kq) qazandırıb. Qızıl medal qazanan güləşçilər üçün bu uğur yığmanın heyətində dünya çempionatına yollanmasında həlledici amil olacaq.
Qadın güləşçilər arasında yenə də 2 qızıl medal qazanan Mariya Stadnik (48 kq) və Yuliya Ratkeviç (60 kq) fərqlənib. Stadnikin analıq məzuniyyətindən sonra uğur qazanması gərgin məşqlərin nəticəsidir. Radkeviçin stabil çıxış etməsi də məşqçiləri sevindirməyə bilməz. Sadəcə, qadın yığmamızda bu iki xanımdan başqa uğur qazanmağı bacaran güləşçinin olmaması təəssüf doğurur.
Son yarış günündə yunan-Roma güləşçiləri azarkeşləri sevindirdi. Yunan-Roma güləşçilərimiz 4 qızıl, 3 gümüş və 3 bürünc medala layiq görüldü. Qızıl medalları yığmamıza Taleh Məmmədov (59 kq), Həsən Əliyev (66 kq), Rafiq Hüseynov (75 kq) və Elvin Mürsəliyev (80 kq) qazandırdı. Rəsul Çunayev (71 kq), Saman Təhmasibi (85 kq) və Sabah Şəriəti (130 kq) yalnız finalda uduzaraq gümüş medala sahib oldu. Kamran Məmmədov (59 kq), Rüstəm Əliyev (71 kq) və Şalva Qadabadzeyə (98 kq) bürünc medallar qismət oldu.
Azərbaycan güləşçilərinin "Qızıl Qran-Pri"də 25 medal qazanması sevindirici haldır. Bununla belə, titullu idmançıların erkən uduzması məşqçiləri düşündürməyə bilməz. İkiqat Avropa, dünya çempionu, Olimpiya mükafatçısı Rövşən Bayramovun ilk görüşdə uduzması isə sensassiya sayılmalıdı. Güləş aləmində uğur qazanmayan Norveç idmançısına məğlubiyyət Bayramov üçün ciddi siqnal sayılmalıdır. Azərbaycan güləşində titullu idmançılardan sayılan Rövşənin kifayət qədər yaşı var. Fikrimizcə, Bayramov hələ son Olimpiadadan sonra karyerasını başa vurmalı idi. Olimpiya mükafatçısı Emin Əhmədovun medalsız qalması isə ciddi təhlil olunmalıdı.
Yunan-Roma güləşində 59 kq-da Taleh Məmmədovun qızıl medal əldə etməsi yarışın əsas sürprizi oldu. İndiyə qədər yalnız ölkə çempionatlarında uğur qazanan Talehin qələbəsi idmançıya millidə möhkəmlənmək imkanı verdi.
Elvin Mürsəliyevlə Rafiq Hüseynov qızıl medal qazanmaqla yenidən diqqəti özünə cəlb etdi.
"Qızıl Qran-Pri"ni izləmək üçün Bakıya gələn FİLA prezidenti Nenad Laloviç "R+"a müsahibəsində turnirin yüksək səviyyədə təşkil olunduğunu qeyd etdi: "Qızıl Qran-Pri" güləş aləmində dünya və Avropa çempionatından sonra üçüncü mötəbər yarışdır və güləşin inkişafına kömək edən yarışlardan sayılır".
O qeyd edib ki, turnirin yay aylarında keçirilməsi bəzi ölkələrin yarışda iştirakına problem yaradır. Buna görə də FİLA və AGF gələn ildən yarışın tarixlərini dəyişmək barədə düşünəcək. "Qızıl Qran-Pri"nin yaz və ya payız aylarında keçiriləcəyi istisna deyil.
FİLA prezidenti güləşdə püşk sistemindən danışdı. Hazırda püşkü yeni hazırlanan texnoloji sistemlə kompyuter özü müəyyənləşdirir. Bəzən güclü idmançıların artıq ilk mərhələdə bir-birlərinə rəqib olması belə Nenad Laloviçi narahat etmir: "Bizdə kompyuter cütlükləri özü müəyyənləşdirir. İnsan püşkə müdaxilə etmir. Bu, şəffaflıq üçün yaxşıdır. Əlbəttə, bəzən iki güclü idmançı artıq birinci mərhələdə qarşılaşır. Lakin buna görə biz öz sistemimizdən imtina etməyəcəyik. Əksinə, yerli federasiyalara bu sistemdən yararlanmağı məsləhət görərdik".
Laloviçin digər idman növlərində olduğu kimi, klubların yaranması və onların iştirakı ilə yarışların keçirilməməsi müzakirə edilir: "Hazırda güləşdə klublar arasında yarış keçirməyi müzakirə edirik. Lakin indiki halda təqvimə turnir daxil etmək konkret planımızda yoxdur. Hazırda Avropa Oyunları ilə bağlı işlər gedir. Gələn il Bakıda keçiriləcək Avropa Oyunlarında güləşin təmsil olunması bütün güləş aləmi üçün böyük uğurdur. İnanıram ki, Azərbaycan Avropa Oyunlarını yüksək səviyyədə təşkil edəcək".
İLK MƏNBƏDƏN
"Gələn il Bakıda keçiriləcək Avropa Oyunlarında güləşin təmsil olunması bütün güləş aləmi üçün böyük uğurdur. İnanıram ki, Azərbaycan Avropa Oyunlarını yüksək səviyyədə təşkil edəcək".
Nenad Laloviç, FILA prezidenti
MƏSLƏHƏT GÖR: