26 Dekabr 2024

Cümə axşamı, 04:39

MUSİQİNİN BEŞİYİ

Azərbaycanda VI Qəbələ Beynəlxalq Musiqi Festivalı uğur və böyük maraqla keçib

Müəllif:

05.08.2014

Bu günlərdə Azərbaycanda VI Beynəlxalq Musiqi Festivalı keçirilib. 2009-cu ildən ənənəvi olaraq Qəbələdə baş tutan bu tədbir klassik musiqi, caz və muğam festivallarını özündə birləşdirir. Böyük musiqi bayramı çərçivəsində azərbaycanlı ifaçıların çıxışları, eyni zamanda xaricdən olan görkəmli musiqiçilərin, bədii kollektivlərin, solist və dirijorların ifaları istər yerli sakinlərin, istərsə də festivalın çoxsaylı qonaqlarının böyük marağına səbəb olub.

Festivalı onun bədii rəhbərlərindən biri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli ilə Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov açıblar. Onlar dünyanın müxtəlif yerlərindən bu nəhəng musiqi bayramına qatılmaq üçün Azərbaycana gəlmiş qonaqları, istedadlı ifaçıları, musiqiçiləri salamlayıb, festivala uğurlar arzulayıblar. Mərasimdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın festival iştirakçılarına ünvanladığı təbrik məktubu da oxunub. "Beynəlxalq mədəni əlaqələr, qarşılıqlı mədəni  inteqrasiya bu gün də Azərbaycanın dövlətlərarası siyasətinin əsas prioritetlərindən biridir... Nüfuzu ildən-ilə artmaqda olan və hər il dünyanın ayrı-ayrı ölkələrindən istedadlı musiqiçiləri bir araya gətirən Qəbələ Beynəlxalq Musiqi Festivalı da artıq milli mədəniyyətimizin tarixində ənənəyə çevrilmiş musiqi bayramı olmaqla yanaşı, həm də mədəniyyətlərarası dialoqa böyük töhfə verən əhəmiyyətli bir tədbir kimi tanınmaqdadır. Biz bu festivalı müxtəlif millətlərin musiqi mədəniyyətinin qarşılıqlı zənginləşməsinə, xalqlararası dostluq münasibətlərinin daha da möhkəmlənməsinə verilən böyük bir töhfə kimi dəyərləndiririk", - deyə məktubda bildirilir. 

 

Festival  gəncləşir 

Heydər Əliyev Fondunun layihəsi olan festivalda hər il olduğu kimi, bu il də Rusiya, Türkiyə, CAR, ABŞ, Kanada, Fransa, Avstriya, İsrail, Ukrayna və Koreyadan tanınmış ifaçılar, dirijorlar, musiqi kollektivləri iştirak ediblər. Tədbirdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, xalq artistləri Fərhad Bədəlbəyli, Rauf Abdullayev, Murad Adıgözəlzadə, Yalçın Adıgözəlov, Yeganə Axundova, Əli Əsgərov və digərləri çıxış ediblər.

Fərhad Bədəlbəyli bu böyük musiqi bayramı ilə bağlı təəssüratlarını da bölüşüb. Onun fikrincə, bu dəfəki festival bir neçə yüksək səviyyəli kollektivlərin çıxışları ilə yaddaşlarda qalıb. "Kiyevli solistlər, kamera ansamblı və Yohannesburq orkestri çox maraqlı tarixə malik kollektivlərdirlər. Onlar burada da özlərini Çaykovskidən, Raxmaninovdan etdikləri ifaları ilə əla göstəriblər. Qarayevin musiqisi əsasında səhnələşdirilmiş, İsraildən gəlmiş balet də maraqlı idi. Ümumilikdə tamaşaçıların hətta möhtəşəm klassik musiqidən belə, bezməmələri üçün festivalda bütün janrlara yer verilib. Bəzən insanlar daha populyar mahnı ilə əylənmək istəyir. Düşünürəm ki, biz buna nail ola bildik", - deyə Bədəlbəyli bildirib. O, festival çərçivəsində klassik musiqi ilə yanaşı, baletə, muğama da yer verildiyini xatırladıb: "Hesab edirik ki, bu, maraqlıdır. Bu festival çərçivəsində istənilən zalda istənilən yaxşı musiqinin səslənmək haqqı var. Ola bilsin ki, bu il festivalda daha az ulduz yer aldı, amma bu, gənc musiqiçilərə özlərini göstərmələri üçün daha geniş imkanlar yaratdı. Çox maraqlı yeni istedadlar var. Repertuar isə eynidir: klassika, caz, folklor - bir sözlə, musiqidə yaxşı nə varsa".

Məsələn, 16 yaşlı Murad Abbasov musiqi ilə məşğul olmağa cəmi 5 yaşında olarkən başlayıb. 23 yaşlı skripkaçı Ümidə Abbasova isə 7 yaşından bu sənətlə məşğuldur. Murad Abbasov festivalda orkestrlə fortepiano üçün Ferents Listin birinci konsertini ifa edib. Ümidə Abbasova bəstəkar Mirzəyevin orkestr ilə skripka üçün bəstələdiyi solo partiyanı canlandırıb.

Bədəlbəylinin sözlərinə görə, bir çox kollektivlər bu festivalın iştirakçısı olmaq arzusundadırlar. "Biz dəvətlə bağlı çox xahişlər alırıq. Məsələn, bu il Venesiya Kamera Musiqisi Ansamblı Azərbaycan səfirliyi vasitəsilə festivala qatılmaq arzusunu ifadə etmişdi. Müxtəlif ölkələrdən çox sayda bu cür xahiş alırıq. Gələn il güman ki, festivala Anna Netrebkonu da dəvət edəcəyik. O, buraya həyat yoldaşı, həmyerlimiz Yusif Eyvazovla birlikdə gələcək. Nəzərə alsaq ki, Anna böyük ulduzdur, bu, çox maraqlı olacaq", - deyə F.Bədəlbəyli qeyd edib. Onun sözlərinə görə, festivala Venesiya və Berlin orkestrlərinin dəvət olunması  planlaşdırılır. Bədəlbəyli yerli sakinlərin festivala marağının ildən-ilə artdığını da söyləyib: "Forumun məqsədi mümkün qədər geniş tamaşaçının mərasimə cəlbidir. İstəyirik ki, insanlar konsertlərə ailələrilə, uşaqları ilə gəlsin. Onlar bəzən səs-küy salsalar belə, gəlişləri bizim üçün çox xoşdur: çünki onlar ən gənc yaşlarından klassik musiqini anlamağa başlayırlar. Musiqi kollektivlərini dinləmək imkanı hər kəsə verilir - klassik musiqi həvəskarları konsertlərə bilet almadan qatıla bilirlər".

Bakı Konservatoriyasının professoru Ceyran Mahmudovanın fikrincə, "festivalın əhəmiyyətini qiymətləndirmək çox çətindir, çünki o, gənclərin və yaşlıların estetik tərbiyə məsələsinin çox vacib hissəsidir, klassik musiqi dinləmək hər kəsin həyatını bəzəyir".

"Euronews" telekanalından olan jurnalits Laura Sid Qəbələdə təşkil olunan beynəlxalq musiqi tədbirinin melomanlar üçün gündəmə çevrildiyini, yeni adlar eşitməyi sevənlər arasında məşhurluq qazandığını  bildirib: "Festival hələ gəncdir və düşünürəm ki, onun təşkilatçılarının gələcəklə bağlı çox böyük planları var". 

 

Musiqi coşqunluğu

Qəbələ Beynəlxalq Musiqi Festivalı Azərbaycan mədəniyyətinin dünyada təbliği baxımından ən yaxşı vasitədir. Bu gün yaşı 2,5 min ildən artıq olan Qəbələ yalnız tarixi şəhər deyil. Artıq o, beynəlxalq musiqi mərkəzinə - milli və klassik, Şərq və Qərb musiqisinin harmonik mərkəzinə çevrilməkdədir. Dahi Azərbaycan və xarici bəstəkarların mahnılarının Qəbələ səhnəsində eyni təmtəraqla səslənməsi, gənc və dünyaca məşhur musiqçilərin eyni səhnədə çıxış etmələri bunun bariz göstəricisidir. Bu musiqi bayramında Xəyyam Mirzəzadənin, Volfqanq Amadeya Mosartın, Qara Qarayevin və digər məşhur azərbaycanlı və avropalı bəstəkarların əsərləri səsləndirilib.

Festival çərçivəsində məşhur rusiyalı pianoçu, BMT yanında Beynəlxalq İncəsənət Akademiyasının fəxri akademiki, ABŞ-ın Culyard Musiqi Məktəbinin professoru Oksana Yablonskaya, Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbərlərindən biri, dünyaca məşhur violonçel ustası, "Novaya Rossiya" Dövlət Simfonik Orkestrinin dirijoru Dmitri Yablonski də çıxış ediblər. Müxtəlif nüfuzlu beynəlxalq festivalların iştirakçıları, nəhəng müsabiqələrin qalibləri olmuş gənc istedadlı pianoçu Aslan Aslanovun, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsi, prezident təqaüdçüsü Kənan Mayılovun, Violonçel ifaçısı Murad İbrahimovun çıxışları isə gurultulu alqışlarla qarşılanıb.

Festivalda musiqi həfəskarlarına Yohannesburq Filarmonik Orkestrinin konserti də təqdim olunub. Konsertə dirijorluğu Azərbaycanın xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Yalçın Adıgözəlov edib. Bundan başqa, festivalda tanınmış Azərbaycan və Avropa bəstəkarları Bax, C.Bize, Y.Levitas, F.Əmirov və digərlərinin əsərləri də səsləndirilib.

Musiqi bayramında Rusiya, Türkiyə, CAR, ABŞ, Kanada, Fransa, Avstriya, İsrail, Ukrayna və Koreyadan dünyaca məşhur dirijorlar, musiqiçilər və kollektivlər iştirak ediblər. Tamaşaçılar qarşısına həmçinin Yohannesburq Filarmonik Orkestri, İsrailin "Brass kvinteti", Ukraynanın "Kiyevli solistlər" Milli Kamera Orkestri, Vyana Akademik Orkestrinin solistləri, Təl-Əviv baleti, Dmitri Yablonski, Yulian Rahlin, Qil Şohat, Tatyana Şafran, Çen Zimbalista, Janna Qandelman, Mira Avad və digərləri çıxıblar. Konsertlərdə Rauf Abdullayev, Murad Adıgözəlzadə, Yalçın Adıgözəlov, Yeganə Axundova, Əli Əsgərov, əməkdar incəsənət xadimi Fəxrəddin Kərimov, Nərgiz Əliyarova, Gülşən Ənnağıyeva, əməkdar artistlər Gülnaz İsmayılova, Fəridə Məmmədova, Səbinə Əsədova, Sahib Paşazadə, laureatlar Yusif Eyvazov, Azər Rzazadə, Kamran Ömərli kimi Azərbaycan musiqiçiləri, istedadlı gənc solistlər və muğam ifaçıları çıxış ediblər.



MƏSLƏHƏT GÖR:

675