24 Noyabr 2024

Bazar, 04:35

ÇƏMƏNLİKDƏ SƏHƏR YEMƏYİ

Tezliklə ictimai istirahətin bu növü Bakı sakinləri üçün mümkün olacaq

Müəllif:

05.08.2014

Bu gün Bakıda "piknik" keçirmək üçün yer, demək olar ki, yoxdur. Amma yaxın gələcəkdə yaşıl ot üzərində istirahət etmək, nahar yemək istəyənlərin artıq bunun üçün regionlara getməsinə ehtiyac qalmayacaq. Bakının regional inkişafına dair Dövlət Proqramına uyğun olaraq, paytaxtğımızda da Berlin, Nyu-York və digər inkişaf etmiş şəhərlərdəki kimi "piknik" üçün yerlər ayrılacaq. Bəziləri sual verə bilər ki, nəyə görə "piknik"i, məsələn, Dənizkənarı bulvarda təşkil etmək olmaz? Problem Abşeronın "qazon" iqlimində və quraqlıqdadır. Dənizkənarı bulvarın idarə rəisinin müavini Nazim Məcidovun sözlərinə görə, iqlim şəraitinə görə Azərbaycanda yaşıllaşdırma işlərini aparmaq və yaşıllığı qoruyub-saxlamaq (xüsusən də söhbət qazonlardan gedir) çox çətindir. "Bu, böyük fiziki əmək tələb edir. Ona görə də Bakının yaşıllıqlara ehtiyacı olduğundan, bulvar əməkdaşları və mühafizə personalı istirahətə gələnlərə otun üzərində oturmaca və "piknik" təşkil etməyə icazə vermirlər", - deyə N.Məcidov vurğulayır. 

 

Harada  istirahət edəcəyik?

Elə isə "piknik" zonaları harada təşkil olunacaq? Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Cahangir Qocayev bildirir ki, paytaxt rəhbərliyi neftlə çirklənmiş, əvvəllər neft quyularının olduğu ərazilərdə yaşıllıq zonaları salmağı planlaşdırırlar. Bu ərazilər tamamilə yaşıllaşdırılacaq, burada gözəl landşaft yaradılacaq. Bir sözlə, bu ərazilərin abadlaşdırılması, orada yaşayan insanların həyat şəraitinin yaxşılaşdırılması bu gün qarşıda duran əsas məsələlərdən biridir. S.Qocayevin sözlərinə görə, bulvarın, Milli Parkın və ya şəhərdəki bağların ərazisindən "piknik" üçün istifadə etmək düzgün deyil. Odur ki, paytaxt  rəhbərliyi təbiətdə istirahət üçün xüsusi yerlər ayıracaq.  Bunun üçün şəhərətrafı sahələrdən istifadə etmək lazımdır, amma boş ərazi, demək olar ki, yoxdur.  Əvvəllər Bakıxanov qəsəbəsində bir mağara var idi - oranı "Stepan Razin mağarası" adlandırırdılar.  İnsanlar istirahət uçün oraya və hazırkı "Delfin" otelinin ərazisinə gedirdilər. İndi bu ərazilər başqa məqsədlər üçün istifadə edilir. 

Yalnız çimərliklərdə deyil, zeytun sovxozunun ərazisində, hava limanına gedən yolun yaxınlığında da "piknik"lər təşkil edilirdi. İndi buralardakı saysız-hesabsız tikililər buna imkan vermir.  S.Qocayyevin sözlərinə görə, şəhərətrafı ərazilərdə yaşayan əhalini köçürmək və orada meşə salmaq da olar, amma texniki baxımdan bunu etmək çox çətindir. Odur ki, neft mədənlərində hasilatın azalmasından sonra bu ərazilər yaşıl istirahət zonasına çevriləcək. 

Memar Rasim Babakişiyevin sözlərinə görə, bu cür yerlərin hazırlaması əla olardı. Çünki "belə ərazilərdə xüsusilə aztəminatls ailələr yaxşı istirahət edə bilərlər". Amma bununla belə, R.Babakişiyev Azərbaycanda insanların bu cür istirahətə hazır olduğuna şübhə edir. Çünki çoxları sonradan tökdükləri zir-zibili təmizləmirlər və bunu hər yerdə - xüsusən də çimərliklərdə görmək olar. 

"Yadımdadır ki, Gəncədə Göygöl qoruq zonasında "piknik"  üçün şərait yaradılmışdı. Amma cəmi bir neçə həftədən sonra ora bağlandı, çünki insanlar ərazini zibilləyir və sonradan təmizləmirdilər. Odur ki, belə ərazilərdə istirahət edənlər təmizliyə riayət etməlidirlər", - deyə memar söyləyir. 

Onun sözlərinə görə, "piknik"  üçün belə ərazilər ayrılsa, orada təmizlik işlərilə məşğul olan xüsusi personal da işləyə bilərdi.

S.Qocayev da deyir ki, istirahət edənlər əraziləri zibilləməməli və özlərindən sonra təmizliyi təmin etməlidir.  Bununla yanaşı, ərazilərdə mədəni istirahət qaydalarını pozanları cərimələyəcək gözətçilər də olacaq.    

 

Bəs, onlarda vəziyyət necədir?

Məlum olduğu kimi, inkişaf etmiş ölkələrdə park istirahət zonalarında "piknik" təşkil etmək qadağan deyil. Məsələn, Nyu-Yorkun mərkəzi parkında insanlar özləri ilə yemək də götürüb ot və çəmənliklərdə istirahət edirlər. Ümumiyyətlə, amerikalılar "piknik"lər təşkil etməyi sevirlər: balaca şəhərlərdə, hətta uşaq meydançalarının yanında da xüsusi qrillər qoyulur. Nyu Yorkun mərkəzi parkında isə "Qoyun otlağı" (Sheep Meadow) və ya "Böyük çəmənlik" (Great Lawn) yazılan ərazidə əla istirahət etmək olar. Yeri gəlmişən, "Qoyun otlağı"nda bəzən musiqi konsertləri də təşkil edilir. Yəni, burada "çörək və mənzərə"ni də uyğunlaşdırmaq olur. 

Qazonları hər hansı qadağalar olmadan da qorumaq olur. Üzərində oturmaq, uzanmaq, qaçmaq mümkün olan xüsusi ot növləri var. Və, Avropa şəhərlərinin parklarında artıq çoxdan "idman qazonları"ndan istifadə olunur: bu qazonlar adilərindən ağırlığa dözümlülüyü və uzun illər istismar müddəti ilə seçilir.  Bir çox meqapolis şəhərlərdə - London, Paris, Madrid, Hannover - sakinlər və turistlər istədikləri yerdə otluqda gəzə bilərlər. Bakının rəhbərliyi də bu cür idman qazonlarına diqqət yetirsələr, pis olmazdı.

İstənilən halda, tezliklə Bakıda ailəvi şəkildə çəmənlikdə istirahət üçün yerlər artacaq və buna yalnız sevinmək olar.


MƏSLƏHƏT GÖR:

734